Məhkəmə qərarları › İş №2-1(103)-1064/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1064/2024

20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1064/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9904/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 03 aprel 2023-cü il tarixli, **********700100 saylı qərarının ləğv edilməsi və xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müvafiq portal üzərindən elektron ərizə ilə müraciət edilərək, nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması xahiş olunmuşdur. Lakin onun ilkin müraciətinə cavab olaraq, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən əlavə sənədlərin təqdim olunması barədə müvafiq portal vasitəsilə məktub elektron ünvanına daxil olmuşdur. Belə ki, sözügedən cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, mənzilin alıcısı qismində onun adı qeyd olunmasına baxmayaraq, mənzilin alınması üçün müəyyən edilmiş məbləğ X4 tərəfindən müvafiq banka ödənilmiş və bununla əlaqədar onun X1 ödənişin həyata keçirilməsi ilə əlaqədar verilmiş etibarnamənin təqdim edilməsi zəruridir. Daha sonra, o, xx.xx.2023-cü il tarixdə növbəti müraciətini Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müvafiq portal vasitəsilə elektron qaydada göndərmiş və müraciətində qeyd etmişdir ki, X4 onun doğma anasıdır və əlavə dəyər vergisinin ona qaytarılmasına Şahnaz İsmayılovanın etirazı yoxdur, o cümlədən, qeyd olunanları təsdiqləyəcək şəxsiyyət vəsiqələrinin, doğum haqqında şəhadətnaməsinin, nikah haqqında şəhadətnamənin surətləri və Şahnaz İsmayılova tərəfindən sözügedən əlavə dəyər vergisi məbləğinin onun qızı olan ona ödənilməsinə etirazının olmaması barədə notarial qaydada verilmiş ərizə həmin məktuba əlavə edilmişdir. Lakin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 03 aprel 2023-cü il tarixli **********700100 saylı qərar qəbul edərək, yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina etmişdir. Həmin qərar 05 aprel tarixində elektron portala yerləşdirilmişdir. Hazırda isə, sonuncu qərarın ləğv edilməsi və yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 03 aprel 2023-cü il tarixli, **********700100 saylı qərarı qanunsuzdur. Belə ki, cavabdehə təqdim edilmiş bütün sənədlərdən müəyyən olunur ki, mənzilin alqı-satqısına əsasən, bütün sənədlər qaydasında olmuş və əlavə dəyər vergisi qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilmişdir. Lakin, cavabdeh formal mülahizələrə əsaslanaraq, ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılmasından imtina etmişdir. Cavabdeh inzibati orqan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə yazılı etirazda göstərilmişdir ki, alıcı İddiaçı tərəfindən xx.xx.2023 və xx.xx.2023-cü il tarixli elektron ərizələrə 30 nömrəli müqavilə, ödəniş sənədi və digər sənədlər əlavə edilmişdir. Sənədlərdə çatışmazlıqlarla bağlı xx.xx.2023-cü il tarixli **********733700 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Lakin, alıcı İddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində etibarnamə təqdim edilməmişdir. Bildirişdə qeyd olunan çatışmazlıqlar müəyyən edilmiş müddətdə alıcı tərəfindən aradan qaldırılmadığından “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasının 6.1.2-ci bəndinə əsasən alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edilməlidir. Qaydalara əsasən bank sənədində ödənişi aparan alıcının soyadı, adı və atasının adının olması ilə bağlı tələb mövcuddur. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı xx.xx.2021-ci il tarixli ödəniş sənədində ödənişin alıcı tərəfindən aparılmadığı (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu) müəyyən edilmişdir. Qeyd olunan sənədin cavabdeh orqana iddiaçı tərəfindən təqdim olunmadığını məhz iddiaçı öz iddia ərizəsində təsdiq edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9904/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 03 aprel 2023-cü il tarixli, **********700100 saylı qərarı və birinci instansiya məhkəməsinin qərarı qanunsuzdur, ona görə ki, cavabdehə və məhkəməyə təqdim edilmiş bütün sənədlərdən müəyyən olunur ki, mənzilin alqı-satqısına əsasən, bütün sənədlər qaydasında olmuş və əlavə dəyər vergisi qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilmişdir. Lakin, cavabdeh formal mülahizələrə əsaslanaraq, ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılmasından imtina edərək, bir növ, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”ında nəzərdə tutulmuş bəzi müddəlardan suiistifadə etmişdir. Qeyd olunan işin faktiki hallarından və sadalanan normalardan müəyyən olunur ki, cavabdeh orqan tərəfindən ƏDV-nin verilməsindən imtina edilməsi formal mülahizələrə əsaslanır və cavabdeh orqan tərəfindən qəbul edilmiş 03 aprel 2023-cü il tarixli, **********700100 saylı qərarı tam qanunsuzdur, həmin qərar ləğv edilməli və xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə yeni qərar çıxarılmalıdır, ona görə ki, məhkəmə mübahisəli qərarı qəbul edərkən, qeyd olunan normalardan irəli gələn tələbləri nəzərə almamış və bu normalara tətbiq etməmişdir. Sözügedən Fərmana əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi ilə bağlı təbliğat işinin aparılmasını təmin edilməsinin, fiziki şəxs olan istehlakçılar tərəfindən ödənilmiş əlavə dəyər vergisinin, Qaydanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan əlavə dəyər vergisi üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasını təmin edilməsinin, hətta, alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya digər səbəblərlə əlaqədar alıcının dəyişməsi zamanı (yeni alıcı tərəfindən əvvəlki alıcının ödədiyi məbləğ nəzərə alınmaqla qalıq məbləğin ödənilməsi davam etdirildiyi halda) satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı elektron qaimə-fakturalarda yeni alıcının adına dəqiqləşdirmə aparılmasının nəzərdə tutulması təsadüfi deyildir. Məhz bu Fərman və qaydalar, o cümlədən, AR Vergi Məcəlləsinin 165.6-cı və digər müvafiq normaları dövlət büdcəsinə daxil olan ƏDV-nin geri qaytarılmasını və bundan formal tələblərə görə imtina edilməsini nəzərdə tutmur. Həmçinin, qeyd etmək olunmalıdır ki, “bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir” müddəasının da sözügedən qaydalarda öz əksini tapması məqsədsiz deyildir. Belə ki, hazırki qaydada ƏDV-nin iddiaçıya geri qaytarılması barədə heç bir risk mövcud deyildir, ona görə ki, iddiaçının adından onun doğma anası Şahnaz İsmayılova mənzilin alınması ilə əlaqədar nağdsız ödənişi həyata keçirmiş və hazırda, Şahnaz İsmayılovanın ƏDV-nin İddiaçı qaytarılmasına heç bir etirazı yoxdur. Həmçinin, iddiaçı Yeganə X2 adından yuxarıda qeyd olunan hərəkətləri etməyi nəzərdə tutan notarial qaydada təsdiq edilmiş etibarnamə vermişdir. Yəni ki, belə olan halda, ƏDV-nin qaytarılması ilə bağlı hər hansı risk mövcud olmadığından (əgər, yuxarıda qeyd olunanların əksi olsa idi, Şahnaz İsmayılova və İddiaçı arasında ƏDV-nin onlardan hansına qaytarılmalı olması barədə mübahisə olsa idi) cavabdeh tərəfindən ƏDV-nin qaytarılmasından imtina edilməsi yalnız və yalnız formal mülahizələrə əsaslanır və bir növ qanunvericilikdə nəzərdə tutulmuş yuxarıda qeyd olunan normaların məqsədinə zidd hərəkət olmaqla, hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən apelyasiya şikayətinə etiraz təqdim edilərək apelyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9904/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; İ-PC seriyalı, 292662 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X6 xx.xx.1984-cü ildə doğulmuş, atası qrafasında X7, anası qrafasında isə X8 qeyd olunmuşdur. Satıcı "xxxx" Mənzil Tikinti Kooperativi ilə “Alıcı” İddiaçı arasında bağlanmış 30 №-li xx.xx.2021-ci il tarixli “Alqı-satqı” müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki; “Satıcı” Bakı şəhəri, Nəsimi rayonu, 756-cı məhəllə C.Hacıbəyli, N.Şahbazov (keçmiş Dağıstan küçəsi), Kaveroçkin və M.Qaşqay küçələrinin kəsişməsindəki tikilən çoxmənzilli yeni yaşayış binasının, 6 saylı binanın 8-ci mərtəbəsində 3 otaqdan ibarət, ümumi sahəsi 125 kv.metr olan 311 saylı mənzili (bundan sonra Mənzil adlandırılacaq) “Alıcı”ya satmağı, “Alıcı” isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı Mənzilin dəyərini (qiymətini) “Satıcı”ya ödəməyi öhdəsinə götürür (bənd 1.1). “Alıcı Mənzilin dəyərini müqavilə imzalandığı andan 165000 (bir yüz altmış beş min) manat avans olaraq ödəyir, qalıq 20000 (iyirmi min) manat təşkil edir. Qalan məbləği xx.xx.2021-ci il tarixdən etibarən 36 ay müddətində ödəməyi öhdəsinə götürür (bənd 2.2). "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş CCRTOB**********032511 №-li qəbzin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X4 (“Ödəyən”) xx.xx.2023-cü il tarixdə "xxxx" Mənzil-Tikinti Kooperativinə (xx.xx.2021-ci il tarixli 30 №-li müqaviləyə əsasən İddiaçı 311 saylı mənzilin qismən ödənişi (ödənişin təyinatı)) 165000.00 (bir yüz altmış beş min) manat ödəmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 1186 №-li xx.xx.2023-cü il tarixli maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətində qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 756-cı məhəllə, C.Hacıbəyli, N.Şahbazov (keçmiş Dağıstan küçəsi), Kaveroçkin və M.Qaşqay küçələrinin kəsişməsi ünvanında tikilən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Qeyd olunan ünvanda 6 saylı binanın 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 119 kv. m. (mənzilin daxilində yerləşən arakəsmələrin altındakı sahə ilə birlikdə 125 kv.m) olan 311 saylı mənzilin pay haqqı vətəndaş İddiaçı tərəfindən 18 fevral 2023-cü il tarixdə 16600 (on altı min altı yüz) manat məbləğində ödənilmişdir. Kooperativə mənzilə görə qalıq borcu yoxdur. 1187 №-li, xx.xx.2023-cü il tarixli “Maliyyə arayışı”nın notarial qaydada təsdiq olunmuş surətində qeyd olunmuşdur ki, İddiaçı "xxxx" MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, 756-cı məhəllə, C.Hacıbəyli, N.Şahbazov (keçmiş Dağıstan küçəsi), Kaveroçkin və M.Qaşqay küçələrinin kəsişməsi ünvanında tikilən yaşayış binasının 6 saylı binasında 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 119 kv.m olan (mənzilin daxilində yerləşən arakəsmələrin altındakı sahə ilə birlikdə 125 kv.m) 311 saylı mənzilin sahibidir. Kooperativə mənzilə görə qalıq borcu yoxdur. "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə 18 fevral 2023-cü il tarixli 114 saylı protokoldan çıxarışdan müəyyən olunur ki, vətəndaş İddiaçı "xxxx" MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, 756-cı məhəllə, C.Hacıbəyli, N.Şahbazov (keçmiş Dağıstan küçəsi), Kaveroçkin və M.Qaşqay küçələrinin kəsişməsi ünvanında tikilən yaşayış binasının 6 saylı binanın 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 119 kv.m olan (mənzilin daxilində yerləşən arakəsmələrin altındakı sahə ilə birlikdə 125 kv.m) mənzilə payçı kimi qəbul edilməsi qərara alınmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **********700100 №-li, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********545900 və **********7484300 nömrəli) və xx.xx.2023-cü il tarixli (AVİS qeydiyyatı; xx.xx.2023-cü il tarixli **********857700 nömrəli) “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı elektron ərizəsinə baxılaraq və sənədlərdə çatışmazlıqlarla bağlı xx.xx.2023-cü il tarixli **********733700 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilsə də, alıcı İddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində etibarnamə təqdim edilmədiyindən, İddiaçı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi mübahisələndiirlən qərarı qəbul edərkən belə nəticəyə gəlmişdir ki, cavabdehin qəbul etdiyi inzibati akt “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə uyğun olaraq əsaslandırılmış, inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı baş verməmişdir. İddiaçının isə öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğundan cavabdeh “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi” barədə qərarı qəbul edən zamanı obyektiv həqiqəti əks etdirdirən halların nəzərə alındığını sübuta yetirmiş, bununla da qanuni inzibati akt qəbul etmişdir. Halbuki, iş materiallarında olan İddiaçı tərəfindən Şahnaz İsmayılovaya (anasına) notarial qaydada verilmiş AR-İİİ 073827 nömrəli, xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən “həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, mənim bütün əmlakımı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, miras qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssissələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən, BOKT-da və onların filiallarında, bütün Banklarda və onların filiallarında bütün növ bank əməliyyatları aparmağı, adıma hesab açmağı, hesab bağlamağı, adıma olan hesablar üzərində sərəncam verməyi, mədaxil, məxaric, köçürmə və s. əməliyyatlar daxil olmaqla, pul məbləğləri almağı/qoymağı, bank kartlarını və onlara aid olan PİN kodları götürməyi və ya dəyişməyi, sifariş etməyi, bütün hesablardan çıxarışları və hesablar haqqında arayışları tələb etməyi və almağı, digər arayışlar və sənədləri almağı, toplamağı, təhvil verməyi, mənim adımdan sənədləşmə işlərini aparmağı, kommunal və digər xərcləri ödəməyi, mənə çatası pul məbləğini almağı, poçtdan və teleqrafdan bütün əsaslar üzrə mənə çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında hesab açmağı, bağlamağı, hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda mənim adımdan bütün növ ərizə verməyi, işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etibar edirəm”. Bundan əlavə, iş materiallarında olan iddiaçının anası Şahnaz İsmayılovanın notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, xx.xx.2021-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 756-cı məhəllə, C.Hacıbəyli, N.Şahbazov (keçmiş Dağıstan küçəsi), Kaveroçkin və M.Qaşqay küçələrinin kəsişməsi ünvanında tikilən yaşayış binasının 6 saylı binanın 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 125 kv.m olan 311 saylı mənzili qızı İddiaçı almışdır. Lakin, mənzilin alınması üçün lazım olan müvafiq məbləğ onun (Şahnaz İsmayılova) tərəfindən bank vasitəsilə ödənilmişdir. Hazırda, sözügedən mənzilin alınması alınması ilə əlaqədar ödənilmiş pul məbləğinin əlavə dəyər vergisinin qızı İddiaçı müvafiq bank hesabına köçürülməsinə etiraz etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; -357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tələbin təmin edilməsindən imtina edərkən və birinci instansiya məhkəməsi mübahisələndirilən qərarı qəbul edərkən etibarnamə olmamasına istinad edərək işin hallarını hərtərəfli araşdırmamış və yanlış nəticəyə gəlmişdilər. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na əsasən; “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir (1.1-ci bənd); Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir (1.2-ci bənd); ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir (1.3-ci bənd); Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür (1.4-ci bənd); Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı yaşayış və ya qeyri-yaşayış sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan yaşayış və ya qeyri-yaşayış sahəsi əsas götürülür (1.5-ci bənd); Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır (1.6-ci bənd). Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir (4.1-ci bənd). 4.2. Elektron qaimə-fakturada aşağıdakı məlumatlar göstərilir: (4.2.1. elektron qaiməfakturanın seriyası, nömrəsi və tarixi; satıcının tam adı VÖEN-i və təsərrüfat subyektinin (obyektinin) ünvanı (4.2.2), alıcının soyadı, adı və atasının adı (4.2.3); alıcının şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verildiyi yer (4.2.4); alıcının vətəndaşı olduğu ölkənin adı (vətəndaşlığı olmayan şəxsin daimi yaşadığı ölkənin adı) (4.2.5); obyektin tikintisinə icazə sənədinin rekvizitləri (4.2.6); tikinti obyektinin istismarına icazə sənədinin (olduğu halda) rekvizitləri (4.2.7); yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi barədə sənədin rekvizitləri (4.2.8); binanın təqdim edilmiş tərkib hissəsinin növü (yaşayış və qeyri-yaşayış sahəsi (4.2.9 ); tərkib hissəsi təqdim edilmiş binanın ünvanı (4.2.10); yaşayış və qeyriyaşayış sahələrinin yerləşdiyi mərtəbə və mənzilin nömrəsi (4.2.11); binanın təqdim edilmiş tərkib hissəsinin yaşayış və qeyri-yaşayış sahələri olmasını göstərməklə, hər birinin sahəsi (kvadratmetrlə) (4.2.12); təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin 1 (bir) kvadratmetrinin satış qiyməti, ƏDV-siz (manatla) (4.2.13) binanın təqdim edilmiş tərkib hissəsinin dəyəri, ƏDV-siz (manatla) ( 4.2.14); vergi tutulan əməliyyatlardan hesablanmış ƏDV (manatla) (4.2.15); cəmi məbləğ (manatla) (4.2.16); yekun (4.2.17); qaytarılacaq ƏDV-nin məbləği (manatla) (4.2.18.); satıcının səlahiyyətli şəxsinin imzası, adı, soyadı və vəzifəsi (4.2.19); alıcının imzası, adı və soyadı (4.2.20); satıcının bank hesabının nömrəsi (4.2.21). Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir (5.1): 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:

1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;

2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;

3. ödənişin təyinatı. Alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi (5.1.2):ödənişi aparan alıcının soyadı, adı və atasının adı (1);ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi (2); ödənişin təyinatı (3). Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir (5.2): elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi (5.2.1);ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş) (5.2.2) ; Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir (5.3); Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur ( 5.4); Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir (5.5); Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər (5.6). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır (6.1): ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə (6.1.1.); bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə (6.1.2.). 6.2. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Azərbaycan Respublikası İPM-nin: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göründüyü kimi cavabdeh inzibati orqanın alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı xx.xx.2021-ci il tarixli ödəniş sənədində ödənişin alıcı tərəfindən aparılmadığı əsası ilə iddiaçıya əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında qərarı əsassızdır. Belə ki, ödəniş iddiaçının anası tərəfindən həyata keçirilmiş və sonradan həmin şəxs ərizə ilə müraciət edərək mənzilin qızı (iddiaçı) tərəfindən alındığını və əlavə dəyər vergisinin qızına qaytarılmasına razı olduğunu bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, iddiaçının verdiyi apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməli, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **********700100 №-li, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmalıdır.

Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9904/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **********700100 №-li, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar