Məhkəmə qərarları › İş №2-1(103)-1065/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1065/2021

19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1065/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Abbasov Mirzəli Əbdül oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddiaçının Ukrayna Respublikasının Ukrayna Gömrük işi və Maliyyə Universitetinin “Mühasibat və uçot” ixtisası üzrə qiyabı şöbəsini bitirməyinə dair 30 iyun 2016-cı il tarixdə verilmiş “B16” seriyalı 213952 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 25.11.2020-ci il tarixli, 2-1(112)-7104/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddiaçının Ukrayna Respublikasının Ukrayna Gömrük işi və Maliyyə Universitetinin “Mühasibat və uçot” ixtisası üzrə qiyabı şöbəsini bitirməyinə dair 30 iyun 2016-cı il tarixdə verilmiş “B16” seriyalı 213952 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 25.11.2020-ci il tarixli, 2-1(112)-7104/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim M.Hacıbəyova). Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı apelyasiya şikayətində göstərmişdir ki, məhkəmənin onun 13.10.2020-ci il tarixində məhkəməyə iddia ərizəsi ilə birinci dəfə müraciət edilməsi qənaətinə gəlməsi əsassızdır. Belə ki, cavabdeh tərəfindən imtina cavabı aldıqdan sonra qanunla nəzərdə tutulmuş müddətdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin müxtəlif səbəblərə görə iddia ərizəsinə baxılması uzadılmışdır. 13.10.2020-ci il tarixində verdiyi iddia ərizəsində geri qaytarılması barədə ərizə versə də, nə səbəbdənsə həmin ərizəyə hüquqi qiymət verilmədən iddiasına baxılmışdır. İddiaçı Bakı İnzibati Məhkəməsinin 25.11.2020-ci il tarixli, 2-1(112)-7104/2020 saylı qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, işdə olan AR Təhsil Nazirliyinin Akkreditasiya və Nostifikasiya İdarəsinin İddiacıya ünvanlandığı 24.02.2017-ci il tarixli, 547/ANİ saylı məktubda onun xarici ali təhsil ixtisasın AR ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə AR Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə daxil olmuş 17.10.2016-cı il tarixli müraciətinə baxılması, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən İddiaçı aldığı ixtisasın mənimsənilməsi üçün tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edildiyi və adına verilmiş B16 213952 nömrəli, 30.06.2016-cı il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməməsi barədə bildirilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehin 24.02.2017-cu il tarixli məktubunu aldıqdan sonra arzuladığı aktın qəbul edilməsindən ona imtina edilməsi barədə məlumatlı idi. Lakin iddia ərizəsi ilə məhkəməyə 13.10.2020-ci ildə, daha sonra 11 noyabr 2020-ci il tarixdə müraciət etmişdir. Bununla da İddiaçı tərəfindən iddia ərizəsində göstərilmiş iddia (məcburetmə haqqında iddia) üçün qanunvericilikdə müəyyən edilmiş müddət buraxılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı iddia ərizəsindən göründüyü kimi iddianın predmeti iddiaçıya məxsus diplomunun Azərbaycan Respublikasında tanınması barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbindən ibarətdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Həmin Məcəllənin 33-cü maddəsində göstərilmişdir: ”33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 33.3. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. 33.4. Bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır". Həmin Məcəllənin 38.2–ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qərardadın ləğv edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25.11.2020-ci il tarixli, 2-1(112)-7104/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Mirzəli Abbasov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar