Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1065/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “təyin olunmuş pensiyanın qanunsuz dayandırılmasının ləğv edilməsi və pensiya təminatının dayandırıldığı vaxtdan bərpa olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “təyin olunmuş pensiyanın qanunsuz dayandırılmasının ləğv edilməsi və pensiya təminatının dayandırıldığı vaxtdan bərpa olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7530/2021 saylı 02 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 mart 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət qulluqçusu kimi ona təyin olunmuş pensiyanın qanunsuz dayandırılmasının ləğv edilməsi və pensiya təminatının dayandırıldığı vaxtdan bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 01.09.2005-ci ildən dövlət qulluqçusu kimi pensiya təyin edilmiş, həmin pensiyanı dekabr ayı da daxil olmaqla 2020-ci ilə qədər almışdır. Lakin ondan sonra pensiyanın ödənilməsi dayandırılmış və o da bununla bağlı cavabdehə müraciət etmişdir. Həmin müraciətlərinə verilən 02.04.2021-ci il tarixli cavabdan məlum olmuşdur ki, ona dövlət qulluğu pensiyasının verilməsi dayandırılmışdır. O, hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Belə ki, o, 1962-ci ildən 17.08.2009-cu ilə qədər yaşa görə pensiya təminatını öz əməyi ilə əldə etmişdir. Ona təyin edilmiş pensiyanın dayandırılması haqqında səlahiyyətli orqanın hər hansı bir qərarı mövcud deyildir. Belə bir qərar olmadığı halda ona verilən pensiyanın ödənişi dayandırıla bilməzdi. Odur ki, cavabdehin şəxsi mülahizəsi əsasında pensiyanı dayandırması qanunsuz hesab edilməlidir. Cavabdehin məktubunda ona əlilliyə görə əmək pensiyasının 259.78 manat məbləğində təyin edilməsi göstərilsə də, onun pensiya kartına heç bir məbləğ mədaxil edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7530/2021 saylı 02 dekabr 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı 01.09.2005-ci ildə təyin olunmuş pensiyanın dayandırılmasının qanunsuz hesab edilməsi və pensiya təminatının dayandırıldığı vaxtdan bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi tam əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08 fevral 2019-cu il tarixli **********2 saylı əmri ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi və Bakı şəhəri İdarəsi haqqında əsasnamələri təsdiq edilmişdir. “Əmək pensiyaları haqqında" Qanunun 3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər”. İddiaçıya Dövlət Sosial X6 rayon şöbəsi tərəfindən 01.09.2005-ci il tarixdən İİ qrup əlilliyə görə sabiq dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. 01.01.2021-ci ildən iddiaçıya pensiya ödənişinin aparılması dayandırılmışdır, bu barədə Mərkəzi Filial tərəfindən **********9 nömrəli 19.01.2021- ci il tarixli qərar qəbul edilmişdir. Mərkəzi Filialın 18.02.2021-ci il tarixli “Əmək pensiyasının təyin edilməsi haqqında" qərarına əsasən iddiaçıya 01.01.2021-ci ildən İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.11,1-ci, 20.11.2-ci maddələrinin 01 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyalarına əsasən dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. “Dövlət qulluğu haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyası təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nın 1-ci bəndinə əsasən aparılmışdır. Həmin Siyahının 1.15-ci yarımbəndində Azərbaycan SSRİ dövlət komitələrinin aparatında mövcud olmuş vəzifələr “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmış və həmin yarımbənddə iddiaçının işlədiyi Ayaqqabı Tikilişi və Təmiri Fabriki bazası əsasında yaradılmış “Ayaqqabı” İstehsalat Birliyi və həmin qurumda (müəsisədə) mövcud olmuş vəzifələrin uyğunlaşdırılması aparılmamışdır. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarıın ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddiaçıya aid pensiya işinin materiallarından müəyyən olunur ki, İddiaçı 01.09.2005-ci il tarixdə dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir. Cavabdeh inzibati oqanın “Əmək pensiyasının dayandırılması haqqında” **********9 saylı 19.01.2021-ci il tarixli qərarına əsasən iddiaçıya 27.06.2006-cı il tarixdə təyin edilmiş yaşa görə pensiya dayandırılmışdır. Sonradan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinin 18.02.2021-ci il tarixli qərarı ilə iddiaçıya 01.09.2005-ci il tarixdən İİ qrup əlilliyə görə müddətsiz pensiya təyin edilmiş və həmin tarixdən 31.12.2020-ci il tarixədək şəxsə artıq ödənilmə edildiyi aşkarlanmışdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçıya 01.09.2005-ci il tarixdən dövlət qulluqçusu kimi təyin edilmiş pensiyanın 19.01.2021-ci il tarixdən müvafiq qərar əsasında dayandırılması qanunsuz sayılıb, onun həmin növdə pensiyasının bərpa olunması ilə bağlı məhkəmə qərarı qəbul olunsa belə, həmin məhkəmə qərarının icrası şəxs barəsində bu iş üzrə inzibati orqan kimi çıxış etməyən başqa inzibati orqan tərəfindən qəbul edilmiş 18.02.2021-ci il tarixli qərara əsasən mümkün olmayacaqdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, adı çəkilən və hazırda DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı adlandırılan orqan tərəfindən iddiaçıya İİ qrup əlilliyə görə pensiyanın təyin olunması barədə 18.02.2021-ci il tarixli qərar qəbul olunmuşdur. Hazırda həmin qərar ləğv edilməyib, etibarsız sayılmayıb və qüvvədə olduğu üçün bu hal iddiaçının ona dövlət qulluqçusu kimi təyin edilmiş pensiyasının bərpa olunması barədə qəbul ediləcək məhkəmə qərarının icrasını mümkünsüz edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş materiallarına əlavə olunmuş iddiaçıya aid pensiya işinin materiallarını diqqətlə öyrənib iddiaçının hüquqi marağının nədən ibarət olduğunu nəzərə almalı və iddiaçıya qoyduğu iddia tələbinin daha uğurlu iddia növü ilə əvəz olunmasını təklif etməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bununla bağlı apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi, yəni iddiaçının hüquqi marağının onun hüquqlarını pozan inzibati aktın ləğvindən ibarət olduğunu nəzərə alaraq iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qəbul etdiyi 18.02.2021-ci il tarixli qərarın mübahisələndirilməsi ilə bağlı iddia tələbi qoyması üçün hüquqi yardım edilmiş, lakin iddiaçı tərəfindən bu barədə müvafiq ərizənin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Lakin hazırki işdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağını müəyyən etmədən, onun daha uğurlu iddia növündən istifadə etmək imkanının olduğunu ona bildirmədən, eləcə də tələbin ona cavab verməli olan cavabdehə qarşı yönəldilib-yönəldilmədiyini aydınlaşdırmadan, cavabdehin əsl cavabdehlə əvəz olunması ilə bağlı iddiaçıya hüquqi yardım göstərməklə bağlı xidməti vəzifəsini sonadək yerinə yetirə bilməmiş, verilmiş tələbə mahiyyəti üzrə baxaraq onu təmin etmiş və nəticədə zəruri araşdırmanı sonadək aparmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmin Qanunun 4-cü maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur. İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsi iddiaçının məhkəmədə qaldırdığı iddia ilə hüquqi marağının əhatə olunubolunmadığını yoxlamalı, ona istədiyi məqsədə çatmaq üçün daha uğurlu iddia tələbini qoymaq üçün tələbini dəqiqləşdirməyi, bundan sonra cavabdehin əsl cavabdehlə əvəz edilməsi, yəni cavabdeh qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının deyil, iddiaçının arzusu ilə mübahisələndiriləcək 18.02.2021-ci il tarixli inzibati aktı qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qoyulması ilə bağlı hüquqi yardımı etməli və yalnız bu barədə hüquqi yardım göstərdikdən sonra işə baxıb müvafiq qərar qəbul edə bilər. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 02.12.2021-ci il tarixli qərar Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci bəndinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7530/2021 saylı 02 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1065/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1065/2022
30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver