Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1065/2025 06.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “iddianın mümkünlük şərti; iddia müddəti”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), X7 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi X5 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13572/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 02 may 2018-ci il tarixli, 100/339 ş və xx.xx.2018-ci il tarixli, 100/1115ş nömrəli əmrlərin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və ödənilməmiş əmək haqqıların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 02 may 2018-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəis vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 02 may 2018-ci il tarixli, 100/339 ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinin tələbləri əsasında o, tutduğu vəzifədən azad edilərək Komitənin sərəncamına götürülmüşdür. Daha sonra isə xx.xx.2018-ci il tarixli əmri ilə onun yuxarıda adıçəkilən Əsasnamənin 120-ci maddəsinin 4-cü bəndi əsasında təşkilatı ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmaması əmr edilmişdir. Cavabdeh iddiaçını tutduğu vəzifədən azad edərkən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə istinad etmişdir. Həmin maddəsində göstərilmişdir ki, gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati - ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə olduğu müddət daxil edilmir. Gömrük orqanının vəzifəli şəxsinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı əməkhaqqı saxlanılır. Doğrudur ki, iddiaçı barəsində ilkin olaraq təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi və üç ay müddətində həmin orqanın sərəncamında saxlanılması əmr edilmişdir. Lakin daha sonra heç bir əsas olmadan, müddət bitikdən sonra (3 ay) onun hər hansı vakant vəzifəyə bərpası həyata keçirilməmişdir. Hesab olunur ki, cavabdeh hər hansı əsas olmadan, qərəzli şəkildə ilk növbədə iddiaçını vəzifədən azad edərək üç ay müddətində sərəncamda saxlamış, daha sonra isə vakant vəzifənin olmaması səbəbi ilə keçirilməni həyata keçirilməmişdir. Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddədə təsbit olunan 13 halda xitam verilə bilən hallardan biri kimi 4-cü bəndə istinad olunaraq, gömrük orqanlarının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi, yəni bu bəndin dispozisiya şərtlərinə əməl olunması üçün: vəzifəli şəxsin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilməlidir; bu əsasla xitam verilmə, bir halda, vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması ilə bağlı olmalı; digər halda isə, vəzifəli şəxs ona təklif olunan hər hansı belə vəzifəyə keçirilməkdən imtina etməlidir. Lakin, cavabdeh sözügedən normanın dispozisiya şərtlərindən hər hansı birinə əməl etməmiş, iddiaçıya hər hansı alternativ vəzifə təklif etməmiş, digər vakant vəzifəyə keçirilməsinin mümkünsüzlüyünü əsaslandırmamışdır. Dövlət qulluğu, o cümlədən dövlət qulluğunun xüsusi növü olan gömrük orqanlarında xidmət Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının vəzifə səlahiyyətlərinin yerinə yetirməsi ilə bağlı xüsusi fəaliyyət sahəsi sayılır və qanunvericiliklə müəyyən olunmuş xüsusi rejimə tabedir. Bununla əlaqədar olaraq qanunvericilikdə dövlət qulluqçularına münasibətdə dövlət qulluğunun spesifik xüsusiyyətlərindən irəli gələn tələblər və məhdudiyyətlər müəyyən edilmişdir. Dövlət qulluqçuları fəaliyyətləri dövründə həmin tələblərə əməl etməyə və onlara uyğun davranmağa, o cümlədən qulluq keçdiyi dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməyə, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərdən çəkinməyə, etik davranış qaydalarına əməl etməyə borcludur. Hesab olunur ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə tətbiq olunmuş yanaşma düzgün olmamış, cavabdeh iddiaçı ilə digər əməkdaşlar arasında olan üstünlük istiqamətində hər hansı tədbir görməmiş, ümumiyyətlə yuxarıda adıçəkilən Əsasnamənin tələbləri baxımından ona alternativ vəzifə təklif etməmişdir. Göründüyü kimi cavabdehin qəbul etdiyi əmr əsassız olmuşdur. Əmr əsassız olduğundan, onun yaratdığı hüquqi nəticələr aradan qaldırılması, o işə bərpa olunmalı və ona ödənilməmiş əmək haqqıları ödənilməlidir.
3. İddiaçının prosessual müddətin bərpa olunmasına dair ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin baş müstəntiqi Sənan Veysovun 10 avqust 2018-ci il tarixli qərarı ilə iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3, 206.3.2 və 206.3.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. Daha sonra 10 avqust 2018-ci il tarixli qərar ilə iddiaçı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən təqsirləndirilən şəxs guya Azərbaycan Respublikasının vətəndaşları X1, X6, X8, X9, Türkiyə Respublikasının vətəndaşı X14 və qeyriləri ilə cinayət əlaqəsinə girərək vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan olan bir qrup şəxs halında qəsdən tamah niyyəti ilə dəyəri külli miqdar təşkil edən bilə-bilə mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrini Türkiyə Respublikasından qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən düzgün bəyan etməməklə Azərbaycan Respublikasına keçirmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin külli miqdarda dərman vasitələrinin satış məqsədi ilə idxalını və satışını təşkil etmişdir. Daha sonra isə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin baş müstəntiqi Sənan Veysovun 24 may 2024-cü il tarixli qərarı ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200- 1.2.3, 206.3.2 və 206.3.3-cü maddələri ilə cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsi ilə (yəni hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir) 5 il 9 aydan sonra xitam verilmişdir. Göründüyü kimi iddiaçı hazırkı əmri yalnız onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3, 206.3.2 və 206.3.3-cü maddələri ilə başlanılmış cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsi ilə (yəni hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir) 5 il 9 aydan sonra xitam verildikdən sonra mübahisələndirə bilmişdir. Yəni faktiki olaraq buraxılmış bu müddət faktiki olaraq onun təqsiri olmadan həyata keçirilmişdir. Göstərilənlərə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
4. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, xx.xx.2024-cü il tarixli 2-1(112)- 13572/2024 nömrəli iş üzrə icraatınıza daxil olmuş mübahisələndirilmə növündə iddia tələbi ona mahiyyəti üzrə baxmağa əsas verən zəruri prosessual şərtlərin mövcud olmaması səbəbindən mümkünsüzdür. Prosessual müddətin ötürülməməsi üçün zəruri və gözlənilən ehtiyat tədbirləri görməsinə baxmayaraq, onun təqsiri olmadan müddət istənilən şəraitdə ötürülmüşdür. Cinayət işi üzrə icraatın başlanılması iddiaçının qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran hal olaraq qiymətləndirilməməlidir. İddiaçı onun barəsində 10 avqust 2018-ci il tarixində başlanılmış cinayət işi üzrə icraatın nəticəsini gözləyərkən inzibati aktın mübahisələndirilməsi ilə bağlı iddia müddətini ötürməklə yanaşı, icraatın 24 may 2024-cü il tarixində xitam verilməsinə baxmayaraq, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə məhkəməyə ərizənin təqdim edilməsinə əsas olan prosessual müddəti də ötürmüşdür. İddiaçının vəsatət xarakterli ərizəsində İnzibati Prosessual Məcəllənin 24-cü maddəsinə natamam məzmunda istinad edilərək bildirilir ki, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Beləliklə, iddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün üzürlü halların mövcud olması məhkəmə araşdırması zamanı müəyyən olunmur. Məhkəmə iddiaçı barəsində aparılan cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın imzalandığı tarixi (xx.xx.2024-ci il) prosessual müddətlərə əməl olunmasına mane olan halların aradan qalxdığı gün kimi qiymətləndirərsə, iddiaçı tərəfdən faktiki olaraq prosessual müddətin ötürülməsinə səbəb olan təbii fəlakət və ya digər qarşısıalınmaz hadisələrin, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlığın və ya digər mühüm məhdudlaşdırıcı halların və müddətin bərpası barədə ərizənin qanunla müəyyən edilmiş 15 günlük müddət ərzində təqdim edilməməsinin mötəbər sübutlarla əsaslandırılmadığını nəzərə almalıdır. Qeyd olunanlara əsasən iddianın mümkün hesab olunmaması xahiş edilir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13572/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 02 may 2018-ci il tarixli, 100/339 ş və xx.xx.2018-ci il tarixli, 100/1115ş nömrəli əmrləri iddiaçıya təqdim edilməsi tarixi dəqiq müəyyən edilməsə də, iddiaçı qeyd edilən tarixdən xidmətini davam etdirmir, xidmətinə həmin tarixdən xitam verildiyi ona bəllidir, belə ki, iddiaçının sözügedən əmrlər qəbul edildikdən sonra, növbəti iş günü ərzində müvafiq olaraq öz öhdəliklərini icra etməməsi, xidməti vəzifələrinin icrasına buraxılmaması və s. onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir. Həmçinin məhkəmə iclasında iştirak edən iddiaçı özü təsdiq etmişdir ki, mübahisələndirilən əmrlər barədə 2018-ci il tarixdə məlumatlı idi. Qeyd olunanlara əsasən iddiaçı hazırkı iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır.
7. Belə ki, iddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğunu onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsi tərəfindən iddiaçı barəsində 10 avqust 2018-ci il tarixdə cinayət işinin başlanılması barədə qərar qəbul edilmiş, 24 may 2024-cü il tarixli qərarı ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3, 206.3.2 və 206.3.3-cü maddələri ilə cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsi ilə xitam verilmişdir. Yalnız bu zaman, yəni əmrlərin qəbul olunduğu vaxtdan başlanılmış cinayət işinə 5 il 9 aydan sonra xitam verildikdən sonra mübahisələndirmə imkanı əldə etmişdir. Bundan sonra hüquqlarının bərpası üçün məhkəməyə müraciət edərək sözügedən ictimai münasibəti mübahisələndirmişdir.
8. Göründüyü kimi, iddiaçı onun barəsində 10 avqust 2018-ci il tarixində başlanılmış cinayət işi üzrə icraatın nəticəsinin gözləməsini prosessual müddətin buraxılmasına səbəb kimi üzrlü olmasını əsas gətirmişdir. Lakin 24 may 2024-cü il tarixli qərarı ilə iddiaçı barəsində cinayət işinin icraatına xitam verilməsinə baxmayaraq, iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, faktiki olaraq buraxılmış prosessual müddətin bərpa edilməsi barədə məhkəməyə ərizənin təqdim edilməsinə əsas olan prosessual müddəti də ötürmüşdür.
9. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13572/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, cavabdeh hər hansı əsas olmadan, qərəzli şəkildə ilk növbədə iddiaçını vəzifədən azad edərək üç ay müddətində sərəncamda saxlamış, daha sonra isə vakant vəzifənin olmaması səbəbi ilə keçirilməni həyata keçirməmişdir. Halbuki iddiaçıya işdən çıxarılmağı barədə heç bir xəbərdarlıq edilməmiş , ona heç bir vəzifə təkif edilməmiş, o barəsində olan cinayət işininin istintaqı ilə əlaqədar vəzifəsindən kənarlaşdırılmışdır. Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddədə təsbit olunan 13 halda xitam verilə bilən hallardan biri kimi 4-cü bəndə istinad olunaraq, gömrük orqanlarının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi, yəni bu bəndin dispozisiya şərtlərinə əməl olunması üçün: vəzifəli şəxsin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilməlidir; bu əsasla xitam verilmə, bir halda, vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması ilə bağlı olmalı; digər halda isə, vəzifəli şəxs ona təklif olunan hər hansı belə vəzifəyə keçirilməkdən imtina etməlidir. Lakin, cavabdeh sözügedən normanın dispozisiya şərtlərindən hər hansı birinə əməl etməmiş, iddiaçıya hər hansı alternativ vəzifə təklif etməmiş, digər vakant vəzifəyə keçirilməsinin mümkünsüzlüyünü isə əsaslandırmamışdır. Dövlət qulluğu, o cümlədən dövlət qulluğunun xüsusi növü olan gömrük orqanlarında xidmət Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının vəzifə səlahiyyətlərinin yerinə yetirməsi ilə bağlı xüsusi fəaliyyət sahəsi sayılır və qanunvericiliklə müəyyən olunmuş xüsusi rejimə tabedir. Bununla əlaqədar olaraq qanunvericilikdə dövlət qulluqçularına münasibətdə dövlət qulluğunun spesifik xüsusiyyətlərindən irəli gələn tələblər və məhdudiyyətlər müəyyən edilmişdir. Dövlət qulluqçuları fəaliyyətləri dövründə həmin tələblərə əməl etməyə və onlara uyğun davranmağa, o cümlədən qulluq keçdiyi dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməyə, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərdən çəkinməyə, etik davranış qaydalarına əməl etməyə borcludur. İddiaya əlavə etdiyimiz sənədlərdən də görünür ki,iddiaçı işlədiyi müddət ərzində dövlətə və dövlətçiliyə qulluq etmiş,gömrük orqanlarının nüfuzunun yuksəldilməsi üçün bütün tədbirləri görmüşdür. Bundan əlavə hüquqlarını müdafiə etdiyim İddiaçı və müdafiçi kimi mən bu günə qədər 24 may 2024-cü il tarixli qərarı əldə edə biməmişik. Baxmayaraq ki, həmin qərar bizə şəxsən rəsmi elan edilməyib və biz o,qərardan xəbərdar olduğumuz andan, yəni 15 iyul 2024-cü il tarixdən dəfələrlə müstəntiqə şifahi qaydada, sonra isə yazılı qaydada Azərbaycan Respublikası Dövlət təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsinin rəisinə və Azərbaycan Respublikasının Baş prokuroruna dəfələrlə müraciət etsəkdə bu günə qədər həmin qərarı əldə edə bilməmişik (Əizələrin surəti əlavə olunur).
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri iddia ərizəsinə yazılı etirazın dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, Hazırkı mübahisə üzrə apellyasiya şikayəti həm iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən, həm də iddia müddətinə dair normalara əməl olunmadığından mümkünlük şərtlərinə uyğun olmayaraq qaldırılmışdır. Belə ki, tərəfimizdən iddia tələbinin məzmununun hüquqi dəyənləndirilməsi aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı yanlış olaraq Hava Nəqliyyatında Baş Gömrük idarəsini cavabdeh kimi göstərməklə qanuna müfaviq cavabdehliyi olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sözü gedən əmrlərini mübahisələndirmiş və apellyasiya şikayətində də bunu qeyd etmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.6.6-cı bəndinə əsasən Komitə aparatının işçilərini, gömrük orqanlarının və tabeliyində olan digər qurumların rəhbərlərini Dövlət Gömrük Komitəsinin sədri müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edir. Mübahisələndirilən inzibati aktlar Hava Nəqliyyatında Baş Gömük İdarəsi tərəfindən qəbul edilmiş hakimiyyət tədbiri olmadığından, iddianın müvafiq inzibati orqana qarşı qaldırılması onun mümkünlük şərtlərinə cavab vermədiyini göstərən aşkar faktdır. Bundan əlavə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İddiaçı xx.xx.2024-cü il tarixində Bakı İnzibati Məhkəmkəsinə təqdim etdiyi iddia ərizəsi ilə birgə digər sənədlər içərisində, onda mövcud olan əmək kitabçasından çıxarış da yer almışdır. Bu da özlüyündə, çıxarışda qeyd edilən tarixlərin sonuncu iş günü olmasını və şəxsə məhkəməyə müraciət etməzdən əvvəl məlum olmasını sübut edir.
d) Prosses iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:
1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1.İnzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2.İnzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı inzibati aktı mübahisələndirməkdə hüquqi marağı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 02 may 2018-ci il tarixli, 100/339ş və xx.xx.2018-ci il tarixli, 100/1115ş nömrəli əmrlərin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və ödənilməmiş əmək haqqların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
21. Hazırkı iddia münahisələndirmə iddia növünə aiddir. Belə ki, iddiaçının hüquqi marağı onun üçün əlverişsiz olan inzibati aktın ləğvidir.
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbləri düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini araşdıraraq qeyd edir ki, yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
27. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
28. Gəlmiş olduğu nəticə ilə bağlı məhkəmə kollegiyası bildirir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.
29. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
30. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmə xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə düzgün hüquqi qiymət vermişdir.
31. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
32. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
33. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir.
34. 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.
35. Hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 02 may 2018-ci il tarixli, 100/339 ş və xx.xx.2018-ci il tarixli, 100/1115ş nömrəli əmrlərin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və ödənilməmiş əmək haqqıların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir.
36. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, iddia 30 gün müddətində qaldırılmalıdır. İşin hallarından müəyyən olunur ki, Cinayət işi üzrə icraatın başlanılması iddiaçının qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran hal olaraq qiymətləndirilməməlidir. İddiaçı onun barəsində 10 avqust 2018-ci il tarixində başlanılmış cinayət işi üzrə icraatın nəticəsini gözləyərkən inzibati aktın mübahisələndirilməsi ilə bağlı iddia müddətini ötürməklə yanaşı, icraatın 24 may 2024-cü il tarixində xitam verilməsinə baxmayaraq, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə məhkəməyə ərizənin təqdim edilməsinə əsas olan prosessual müddəti də ötürmüşdür.
37. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır.
38. Həmin məcəllənin 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
39. Göründüyü kimi iddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün üzürlü halların mövcud olması məhkəmə araşdırması zamanı müəyyən olunmur.
40. Apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 02 may 2018-ci il tarixli, 100/339 ş və xx.xx.2018-ci il tarixli, 100/1115ş nömrəli əmrləri iddiaçıya təqdim edilməsi tarixi dəqiq müəyyən edilməsə də, iddiaçı qeyd edilən tarixdən xidmətini davam etdirmir, xidmətinə həmin tarixdən xitam verildiyi ona bəllidir, belə ki, iddiaçının sözügedən əmrlər qəbul edildikdən sonra, növbəti iş günü ərzində müvafiq olaraq öz öhdəliklərini icra etməməsi, xidməti vəzifələrinin icrasına buraxılmaması və s. onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir. Buna dair analoji mövqe Ali Məhkəmənin 2-1(102)-1915/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-530/2024 nömrəli, xx.xx.2024 nömrəli qərarlarında da öz əksini tapmışdır.
41. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-4630/2024 nömrəli, xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş 3-33/2-000917/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, sabiq gömrük əməkdaşı İddiaçı son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) 2018-ci ilin avqust ayında verilmişdir.
42. Əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən işçinin hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
43. Göründüyü kimi iddiaçı barəsində qəbul edilmiş inzibati aktdan məlumatı olduğu avqust 2018-ci il tarixdən 6 ildən çox müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır.
44. Yuxarıda qeyd olunanlara əsasən kollegiya bildirir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (qanunla təsdiq edilmişdir) 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
45. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
46. Həmçinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.
47. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir.
48. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
49. Məhkəmə kollegiyası qeyd edir ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.
50. Müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.
51. Beləliklə, yuxarıda qeyd edildiyi kimi, iddiaçı qərarın mövcudluğu barədə məlumatlı olmuş, lakin iddia ərizəsi ilə məhkəməyə müddət keçdikdən sonra müraciət etmişdir. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, iddiaçı tərəfindən prosessual müddətin ötürülməsinə dair əsaslar, bununla bağlı hər hansı bir sənəd təqdim edilmədiyindən, iş üzrə prosessual müddətin bərpa edilməsi üçün heç bir qanuni əsas yoxdur. Odur ki, hazırkı mübahisəyə münasibətdə iddia yuxarıda istinad olunan normalara görə və qeyd olunan səbəbdən mümkünlük şərtlərini ödəmir və bu baxımdan mümkün sayılmamalıdır.
52. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir.
53. İstinad edilən qərarda göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur.
54. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkün sayılmamalıdır.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.
56. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1602/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, müddətlə bağlı iddianın mümkünlüyünə dair işində qeyd edilmişdir ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır.
57. Həmçinin, mübahisəyə dair hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı yanlış olaraq Hava Nəqliyyatında Baş Gömrük idarəsini cavabdeh kimi göstərməklə qanuna müfaviq cavabdehliyi olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sözü gedən əmrlərini mübahisələndirmiş və apellyasiya şikayətində də bunu qeyd etmişdir.
58. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.6.6-cı bəndinə əsasən Komitə aparatının işçilərini, gömrük orqanlarının və tabeliyində olan digər qurumların rəhbərlərini Dövlət Gömrük Komitəsinin sədri müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edir.
59. Mübahisələndirilən inzibati aktlar Hava Nəqliyyatında Baş Gömük İdarəsi tərəfindən qəbul edilmiş hakimiyyət tədbiri olmadığından, iddianın müvafiq inzibati orqana qarşı qaldırılması onun mümkünlük şərtlərinə cavab vermədiyini göstərən aşkar faktdır.
60. Göründüyü kimi, iddiaçının hazırkı iddiası üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi həmin iddiaya cavab verməli inzibati orqan deyildir.
61. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
62. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13572/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13572/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, Kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.