Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1066/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı, nümayəndəsi X6, cavabdehin nümayəndəsi X7 və 3-cü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (3-cü şəxs X8) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(112)-6846/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayə Komissiyasına (X8 3-cü şəxs qismində cəlb olunmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayə Komissiyasının 24 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti cavabdeh qismində göstərilməklə, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 224 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etmişdir. Məhkəmənin 30 noyabr 2020-ci il tarixli qərardadına əsasən cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayə Komissiyası əsas cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti ilə əvəz edilərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(112)-6846/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin icraata götürülməsi barədə qərar qəbul edilməsini, əks təqdirdə şikayəti işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbinə əsasən məhkəmə öz qərarını qanunverciliyin maddi və prosessual baxımından əsaslandırılmalıdır. Lakin Məhkəmə qəbul etdiyi qərarı maddi və prosessual axımından əsaslandıra bilmədiyinə görə ümumiyyətcə Azərbaycan Respublikasının qanunlar toplusunda mövcud olmayan maddi hüquq normasına istinad edərək öz qərarını maddi hüquq baxımından əsaslandırmağa çalışmışdır. Həmçinin onun iddiası cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə və 3-cü şəxs qismində X5 qarşı sərəncamın ləğv edilməsinə dair olmuşdur. Cavabdeh olaraq qeyd edilmiş Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayə Komissiyası inzibati orqan olaraq əlavə edilmiş və həmin inzibati orqan tərəfindən qəbul edilmiş sərəncamın ləğv edilməsi tələb edilmişdir. Məhkəmənin qəbul etdiyi qərardad Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinin normalarını kobudcasına pozmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 2(010)-2156/2019 saylı qətnaməsi qismən təmin edilmiş, X11 fəailiyyət qabiliyyəti olmayan hesab edilmişdir. Həmin qətnamədə X4 qardaşı X9 qəyyumu təyin edilməsi qeyd edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (15.1-15.3-cü maddələr). Hazırkı işin hallarından görünür ki, iddia tələbinin əsasını Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 224 saylı, 30 dekabr 2019-cu il tarixli sərəncamının ləğv edilməsi təşkil edir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 2019-cu il tarixli, 224 saylı sərəncamından görünür ki, RİH yanında Qəyyumluq və Himayə Komissiyasının 25.12.2019-cu il tarixli iclasının qərarını nəzərə alaraq “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 4.6.9-cu bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321-ci maddəsinə və Suraxanı Rayon Məhkəməsinin 17.10.2019- cu il tarixli, 2(010)-2156/2019 saylı qətnaməsinə istinad edərək, X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş qardaşı X11 üzərində qəyyum təyin edilmişdir. (X9 mülkiyyət hüququ saxlanılmaq şərti ilə). Həmin sərəncam əsasında müəyyən edilmişdir ki, X1 Rayon Məhkəməsinin 17.10.2019-cu il tarixli, 2(010)-2156/2019 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 25.12.2019-cu il tarixdə keçirilmiş iclasında toplanmış materiallar araşdırılmış, vətəndaş X4 əxlaqi və şəxsi keyfiyyətləri, qəyyumluq vəzifələrini yerinə yetirmək qabiliyyəti, qəyyuma ehtiyacı olan şəxslə mövcud qohumluq münasibətləri nəzərə alınmış, ona qəyyumun hüquq və vəzifələri barədə məlumat verilməklə yekun qərar qəbul edilmişdir. Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 25 dekabr 2019-cu il tarixli iclas Protokolundan Çıxarışdan görünür ki, rayon İcra Hakimiyyəti başçısının müavini, RİH yanında Qəyyumluq və Himayə Komissiyasının məsul katibi, Rayon Polis İdarəsinin X2 X3 proflaktik İşin təşkili Bölməsinin rəisi, polis polkovnikleytenantı, Rayon Gənclər və İdman İdarəsinin rəisi, DSMF Suraxanı rayon Şöbəsinin Müdiri, 3 saylı Doğum Evinin baş həkimi, RİH yanında Qəyyumluq və Himayə Komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-psixoloqunun iştirakları ilə Komissiya təşkil edilmiş X8 və İddiaçı iclasda iştirak etmiş, nəticədə Suraxanı Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 2(010)-2156/2019 saylı qətnaməsinə istinad olunaraq X4 fəaliyyət qabiliyyətsiz hesab edilmiş X11 üzərində qəyyum təyin edilməsi məqsədəuyğun hesab edilmişdir. Qeyd olunan qətnamə üzrə Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş X11 üzərində ərizəçilərdən hansının qəyyum təyin edilməsi rayon icra hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına həvalə olmuşdur. Mübahisələndirilən sərəncam həmin qətnamənin icrası ilə bağlı verilmişdir. Hazırki iddianın əsasında iddiaçı ilə üçüncü şəxs X8 arasında mövcud olan X11 üzərində qəyyum təyin edilməsi ilə bağlı mübahisə dayanır. Həmin mübahisə mülki xarakterli olmaqla, inzibati icraat qaydasında baxıla bilməz. Beləliklə, müəyyən edilir ki, hazırkı mübahisə xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla mülki mübahisədir və bu mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Birinci instansiyası məhkəməsi də məhz bu əsasla iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(112)-6846/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1066/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1066/2021
29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver