Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1066/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “fərq məbləğinin ödənilməsi” iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2-1(112)-7213/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək “1-ci” məharət dərəcəsi ilə “usta” məharət dərəcəsi arasında olan vəzifə maaşının 10%-i miqdarında fərqin xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən cavabdeh tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyası vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə kompensasiyadan və “1-ci” məharət dərəcəsinə görə vəzifə maaşının 25%-i miqdarında əlavədən ibarət olmuşdur. xx.xx.2021-ci ildə AR Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən cavabdehə barəsində yeni tərtib olunmuş məlumat vərəqi göndərilmişdir. Yeni məlumat vərəqində iddiaçının 1-ci məharət dərəcəsi dəyişdirilərək “usta” məharət dərəcəsi kimi göstərilmişdir. “Usta” məharət dərəcəsinə görə isə əlavə vəzifə maaşının 35%- ni təşkil edir. Yeni məlumat vərəqinə əsasən xx.xx.2021-ci il tarixdən iddiaçıya “usta” məharət dərəcəsi nəzərə alınmaqla əmək pensiyası ödənilməyə başlanılmışdır. Bu zaman iddiaçıya “usta” məharət dərəcəsinə görə vəzifə maaşının 35 %i miqdarında olan əlavə ilə “1-ci” məharət dərəcəsinə görə vəzifə maaşının 25 %-i miqdarında olan 10 %-lik fərq yalnız əvvəlki 3 illik müddət üçün (xx.xx.2018-xx.xx.2021-ci il) üçün ödənilmişdir. Ödəniş 15 dekabr 2022-ci il tarixdə başa çatmışdır. İddiaçı hesab edir ki, “1-ci” məharət dərəcəsi ilə “usta” məharət dərəcəsi arasında vəzifə maaşının 10 %-i miqdarında olan fərq ona pensiya təyin olunduğu xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün hesablanaraq ödənilməlidir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda bildirilmişdir ki, iddiaçı R.Ə. Məhərrəmov Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filiala müraciət edərək, ona ödənilməli olan 19 aprel 2014-cü il tarixdən 01 may 2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin hesablanaraq birdəfəlik ödənilməsini xahiş etmişdir. Mərkəzi filial tərəfindən ona Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 25 yanvar 2021-ci İl tarixli MN-01425 nömrəli yeni məlumat vərəqinə əsasən “usta” məharət dərəcəsinə görə İddiaçı əmək pensiyası yenidən hesablanaraq 2701,60 manat məbləğində müəyyən edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablandığı barədə məlumat verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-cİ maddəsinə əsasən əmək pensiyaları ona almaq hüququ yarandığı gündən, lakin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair qərardadına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə" müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında göstərilir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin inzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüquq 2017-ci il 1 iyul tarixinədək yaranmış lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə tətbiq edilməsi istisna edilməmiş, 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırması öhdəliyi məhkəməni üzərinə qoyulmuşdur. Belə ki, iddiaçı R.Ə. Məhərrəmova Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 28 aprel 2014-cü il tarixli məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 19 aprel 2014-cü il tarixdən Mərkəzi Filial tərəfindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, iddiaçı R.Ə. Məhərrəmova 19 aprel 2014-cü il tarixdən 01 may 2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin birdəfəlik ödənilməsi qanuna müvafiq hesab edilmir. Bakı İnzibati məhkəməsinin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2-1(112)-7213/2023 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, İddiaçı pensiya hüququ 2014-cü il tarixdə yarandığından, hazırkı mübahisə cavabdehin şikayətdə iddia etdiyi kimi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbləri əsasında deyil, iddiaçının pensiya hüququnun yarandığı zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında həll edilməlidir. “Hərbi qulluqçuların, pensiya təminatı haqqında" Qanunun 49-cu maddəsinə əsasən keçmiş müddət üçün pensiyaların ödənməsi pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Digər tərəfdən iddiaçının pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxs hesab edilə bilməz, belə ki, onun ilkin pensiya təyinatı məhz 1 iyul 2017-ci il tarixinədək (xx.xx.2014-cü il tarixdən) təyin olunmuşdur və hazırkı mübahisə pensiyanın təyini ilə bağlı deyil, yenidən hesablanması ilə bağlıdır. Odur ki, normanın qeyd edilən şəkildə tətbiqi iddiaçının vəziyyətinə uyğun deyil. Qərardan narazı qalan cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1066/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7213/2023 saylı, xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyinin inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardadı ləğv edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2-1(112)-7213/2023 nömrəli qərarından verdiyi apellyasiya mümkün sayılmamış, apellyasiya şikayətinin qəbul olunmasından imtina edilmişdir. Cavabdehin apellyasiya şikayəti iddia tələbinə etirazla eyni məzmunda əsaslandırılaraq qeyd edilmişdir ki, İddiaçı Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 28 aprel 2014-cü il tarixli məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 19 aprel 2014-cü il tarixdən Mərkəzi Filial tərəfindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, iddiaçı R.Ə. Məhərrəmova 19 aprel 2014-cü il tarixdən 01 may 2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin birdəfəlik ödənilməsi qanuna müvafiq hesab edilmir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalatının tətbiqində səhvə yol verildiyindən qərar ləğv edilib, iddia rədd edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 38. Sosial təminat hüququ İ.Hər kəsin sosial təminat hüququ vardır. ... İİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında" Qanun: Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1ci maddəsinə uyğun ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (xx.xx.2017-ci ilə qədər olan redaksiya). Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (xx.xx.2017-ci ildən qüvvəyə minmiş redaksiya). Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı sübutları nəzərdən keçirir: İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ilə bağlı təqdim olunmuş MN-01425 nömrəli məlumat vərəqəsində qeyd olunur ki, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndi (xəstəliyə görə) xx.xx.2014-cü il tarixdə tərxis olunmuş, təminat xərcliyi 2701,60 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun HQXRŞİD şöbəsi tərəfindən açılmış pensiyaçının uçot vərəqəsinə əsasən İddiaçı xx.xx.2014-cü il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Rspublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(81)-4303/2015 saylı Qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə qarşı “pensiyanın yenidən hesablanması” barədə iddia tələbi təmin edilmişdir. İddiaçı təyin olunmuş pensiyanın yenidən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatında “idarə rəisi” vəzifəsinin vəzifə maaşı əsas götürülməklə xx.xx.2014cü il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə həvalə edilmişdir. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 25 yanvar 2021-ci İl tarixli MN-01425 nömrəli yeni məlumat vərəqinə əsasən “usta” məharət dərəcəsinə görə İddiaçı əmək pensiyası yenidən hesablanaraq 2701,60 manat məbləğində müəyyən edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablandığı barədə məlumat verilmişdir. Həmçinin, işdən görünür ki, İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 5261,40 manat pensiya məbləği xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla onun müvafiq kart hesabına köçürülüb. “Əmək pensiyaları haqqında” Qanunun 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyasının tərkibində 270,16 manat maddi yardım ödənilir. Apellyasiya şikayətinin dəlilinə münasibət: Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iddianın qanuni əsası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-2-ci maddəsi təşkil edir. Belə ki, həmin normaya əsasən bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Buna baxmayaraq, iddiaçının iddia tələbində, həmçinin, birinci instansiya məhkəməsinin qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hazırki mübahisə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında həll edilməlidir. Belə ki, həmin Qanunun 49-cu maddəsinə görə, pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Məhkəmə kollegiyası mövqeyi ilə bağlı diqqətə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “Konstitusiya Məhkəməsinin Plenumu onu da göstərməyi vacib hesab edir ki, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir.” Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarında göstərilir ki, N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “Burada xüsusilə qeyd olunmalıdır ki, Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da, məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva edir. Həmin Qanuna 30 noyabr 2018-ci il tarixində yeni məzmunda əlavə edilmiş 32.1- 2-ci maddə isə inzibati orqana 2019-cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir. Qeyd edilən Konstitusiya Məhkəməsinin qərarındakı hüquqi mövqeyə əsasən 2019-cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması “Əmək pensiyaları haqqında” Qanuna 30 noyabr 2018-ci il tarixdə yeni məzmunda əlavə edilmiş 32.1-2-ci maddəsinin tələbləri çərçivəsində həyata keçirilir. Göründüyü kimi, hazırki mübahisənin həlli məqsədilə iddiaçının hərbi qulluqçu kimi pensiyasının yenidən hesablanması ilə bağlı ilkin müraciət tarixləri nəzərdən keçirilməlidir. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi iddiaçının 2019-cu il yanvarın 1dən sonra, yəni ilk dəfə 2021-ci ildə inzibati orqana müraciət etməsini nəzərə almamışdır. Apellyasiya icraatı zamanı işin obyektiv araşdırılması məqsədilə xx.xx.1963-cü il təvəllüdlü İddiaçı yeni məlumat vərəqinin göndərilməsi ilə bağlı bütün inzibati icraat materiallarının (ilkin müraciət tarixi və s.) məhkəməyə təqdim edilməsi üçün AR Müdafiə Nazirliyinə sorğu ünvanlanmış, AR Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-25-19/2- 1653/2024 nömrəli məktubu ilə İddiaçı AR Müdafiə Nazirliyi xətti ilə daha öncə təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasına əsas verən sənədlərin təsdiq olunmuş kserosurətləri məhkəməyə göndərilmişdir. Həmin sənədlərə əlavə edilmiş, İddiaçı Müdafiə Nazirinə ünvanladığı ərizədən görünür ki, İddiaçı 21 dekabr 2013-cü il tarixdən “usta” məharət dərəcəsinin qanunsuz olaraq alındığına, 23 dekabr 2020-ci il tarixdən məharət dərəcəsinin bərpa edilməsinə istinad edərək Nazirliyin Maliyyə idarəsi tərəfindən Sosial Müdafiə Fonduna məlumat vərəqəsinin göndərilməsinə müvafiq göstəriş verilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı işin obyektiv araşdırılması məqsədilə AR Müdafiə Nazirliyinə sorğu ünvanlanaraq xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 2014-2015-ci illər üzrə “Usta” məharət dərəcəsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciətlərinin olub-olmaması, əgər varsa həmin müraciətlərin, həmçinin həmin müraciətlərə cavab verilmişdirsə cavab məktublarının surətinin (İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin rəisi tərəfindən müraciətlərinə cavab verildiyini bildirmişdir) məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin baş idarələrində raportların və ərizələrin saxlanma müddətləri beş il olduğunu nəzərə alsaq, vətəndaş İddiaçı 2014-2015ci illərdə “Usta” məharət dərəcəsi ilə bağlı müraciətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının xx.xx.2021-ci il tarixli müraciətindən sonra 25 yanvar 2021-ci il tarixli MN-01425 nömrəli yeni məlumat vərəqəsi iddiaçıya pensiya təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir. Beləliklə, apellyasiya məhkəməsinin hüquqi mövqeyinə görə iddiaçı 2019-cu il yanvarın 1-dən sonra (ilk dəfə 2021-ci ildə) müvafiq inzibati orqana müraciət etdiyindən, apellyasiya baxışı zamanı əvvəllər müraciətinin olduğunu bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədiyindən, eyni zamanda apellyasiya icraatı zamanı verilmiş sorğularla onun əvvəlki illər üzrə mübahisəli məsələ ilə bağlı müraciətlərinin olubolmamasını müəyyən etmək mümkün olmadığından və onun 01 yanvar 2019-cu il tarixədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəbi belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını əks etdirən hal kimi qiymətləndirilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddiaçıya münasibətdə pensiya fərqinin hesablanaraq ödənilməsi “Əmək pensiyaları haqqında” Qanuna 30 noyabr 2018-ci il tarixdə yeni məzmunda əlavə edilmiş 32.1-2-ci maddəsinin tələbləri çərçivəsində həyata keçirilməlidir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi yuxarıda göstərilən qaydada olmuşdur (2-1 (102)-396/2024 saylı xx.xx.2024-cü il tarixli qərar). Məhkəmə kollegiyası həmçinin iddiaçı tərəfindən təqdim edilmiş oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarına əsasən onu da nəzərə çatdırır ki, həmin məhkəmə qərarlarından da aydın olduğu kimi, müvafiq olaraq iddiaçıların hər bir iş üzrə ilkin müraciət tarixləri müəyyən edilmiş və həmin işlər üzrə yenidən hesablama ilə bağlı ilkin müraciətlər 01 yanvar 2019-cu ildən əvvələ aid olmuşdur. Odur ki, istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alınaraq qeyd olunmalıdır ki, İddiaçı hərbi qulluqçu kimi əlilliyə görə təyin edilmiş pensiyası keçmiş üç il müddət üçün yenidən hesablanmış, lakin digər dövlərin ödənilməsi qanunvericiliklə nəzərdə tutulmadığı üçün cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qərarın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2-1(112)-7213/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “fərq məbləğinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1066/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1066/2024
25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver