Məhkəmə qərarları › İş №2-1(103)-1067/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1067/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1067/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı arxiv arayışının verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7162/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək elan olunan atəşkəsə qədər və təxris olunduğu xx.xx.1996-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 825, N və N saylı hərbi hissələrdə bütün xidmətlərini hərbi hissələrdə tələb olunan əmrlər əsasında araşdırılmalarının nəticəsi barədə qərar qəbul edilməsi və qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək elan olunan atəşkəsə qədər və təxris olunduğu xx.xx.1996-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan 825, N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi barəsində qərardan irəli gələn ehtiyata buraxılmağı haqqında arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, onun hərbi biletində xx.xx.1994-cü il tarixə qədər cəbhə bölgəsində döyüş əməliyyatları aparan 825, N və N saylı hərbi hissələrdə xidmət etdiyini təsdiq edən qeydlər vardır. Qanunda da göstərilmişdir ki, hərbi biletdə aparılan qeydlər veteran vəsiqəsinin verilməsi üçün əsasdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən ona göndərilən arxiv arayışında göstərilənlərlə də təsdiq olunur ki, hərbi xidməti barəsində arxivdə məlumatın olmaması onun təqsiri ucbatından olmamışdır. Əgər hərbi hissə həmin vaxtı əhatə edən sənədləri arxivə göndərməyibsə onun təqsiri nədir? Bəlkə də döyüşlərin qızğın vaxtlarında əmrlərinin olduğu qərargah yanıb? Məhkəmə kollegiyası apellyasiya şikayətini Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət əsaslıdır. İlk olaraq, İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsinin qərardadının əsaslarına görə, “... iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulması, yəni cavabdeh arxivində iddiaçının 825, N və N saylı hərbi hissələrdə iştirakı barədə sənədlər (nizami hissə əmrlər, aktlar, arayışlar) olduğu halda sənədlərin və müvafiq arayışın verilməməsi barədə məlumatı məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır.” Məhkəmə kollegiyası qərardadın əsasları ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasının əsası kimi istinad etdiyi hallar mübahisənin mahiyyəti ilə bağlıdır. Odur ki, həmin hallara mahiyyəti üzrə hüquqi qiymət verilməli idi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayəti ilə razılaşır. Hazırkı inzibati mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli (İPM-in 87.6-cı maddəsi), iş həmin məhkəməyə göndərilməlidir. İPM-in 90.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Məhkəmə kollegiyası bildirir ki, işin hazırkı mərhələsində iddiaçının tələbi (apellyasiya şikayəti) təmin olunduğu, cavabdehin isə heç bir, o cümlədən təmin olunmayan tələbi olmadığı və qərardad ona münasibətdə hər hansı əlverişsiz hüquqi nəticə meydana gətirmədiyi üçün, tərəflərin kassasiya şikayəti vermək hüquqları qanunla istisna olunur. Göstərilənlərə əsasən və İPM-in 68 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7162/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, iş həmin məhkəməyə göndərilsin. İddiaçı apellyasiya şikayəti təmin edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar