Məhkəmə qərarları › İş №2-1(103)-1067/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1067/2022

29.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1067/2022 29.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırki: Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(112)-3851/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 26-29 aprel 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqanın **********8 nömrəli 04 dekabr 2020-ci il tarixli imtinasının qanunsuz və əsassız sayılmasını, onun xx.xx.1982-ci ildən xx.xx.1983-cü il tarixədək Masallı rayon “Pravda” sovxozunun avto-traktor parkında işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini və ötən illərin pensiya məbləğinin hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus MT-1 № ******* nömrəli xx.xx.1983-cü il tarixli əmək kitabçasının məlumatlarına əsasən o, xx.xx.1982-ci il tarixdə “Pravda” sovxozuna fəhlə qəbul edilməklə Avto-traktor parkında çilingər təyin edilmiş, xx.xx.1983-cii il tarixində həmin işdən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Həmin normanın tələbi nəzərə alındıqda, onun 1982-ci il 24 iyul tarixdən 1992-ci il 1 yanvar tarixədək işlədiyi dövr sığorta stajına daxil edilməlidir. Bu zaman onun hansı əmək haqqını almağı əhəmiyyətə malik deyildir və bu dövrə münasibətdə cavabdehin bildirdiyi dəlilin hüquqi əsası yoxdur. Cavabdehin mübahisələndirdiyi iş dövrü ona məxsus əmək kitabçasının məlumatlarına əsasən təsdiq edilir. İddiaçı xx.xx.1962-ci ildə anadan olmuş, 1979 - 1980-ci illərdə əyani olaraq 113 №-li Lənkəran kənd texniki peşə məktəbini bitirmiş (1 il), xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək hərbi xidmətdə olmuş (2 il, 17 gün), xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək “Pravda” sovxozunda fəhlə-çilingər (10 ay, 8 gün), X8 Donanması üzrə: xx.xx.1983-cü ildən xx.xx.1983-cii ilədək “Qlavmomeft”gəmisində şagird matros (1 ay, 6 gün), xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək həmin gəmidə 2-ci dərəcəli matros (4 ay, 9 gün), xx.xx.1984-cii ildən xx.xx.1989-cıı ilədək “Nefteqaz” gəmisində 1-ci dərəcəli matros (5 il, 3 ay, 2 gün), xx.xx.1989-cıı ildən xx.xx.2003-cü ilədək “Quraxçay” gəmisində kranmeystr köməkçisi (13 il, 10 ay, 9 gün), xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilədək “Kunarçay” gəmisində kranmeystr (2 il,1 ay, 7 gün), xx.xx.2005-ci ildən xx.xx.2007-ci ilədək “A.Kərimov” gəmisində kranmeystr köməkçisi (2 il, 3 ay, 12 gün), xx.xx.2007-ci ildən xx.xx.2012-ci ilədək “A.Kərimov” gəmisində kranmeystr (5 il, 1 ay, 27 gün) vəzifələrində işləmişdir. xx.xx.2012-ci ildən hal hazıradək “Kurançay” gəmisində kranmeystr vəzifəsində işləyir. Göründüyü kimi onun xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 26 il, 3 ay, 10 gün təşkil edir. Həmin stajın yarıdan çoxu, yəni 22 il, 4 ay, 14 günü ona 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. xx.xx.2017-ci il tarixinədək isə onun ümumi iş stajı 37 il, 9 ay, 9 gün təşkil edir. Həmin 37 il, 9 ay, 9 gün əmək stajın yarıdan çoxu, yəni 33 il, 10 ay, 14 günü ona 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Belə ki, xx.xx.1983-cü ildən halhazıradək X8 Donanmasında işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş vəzifələrə uyğundur və əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. İddiaçı sonda iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan yəni xx.xx.2019-cu ildən güzəştli şərlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(112)-3851/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir.(hakim: F.Mədətli) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1983-cü il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1982-xx.xx.1983cü il tarixləri arasındakı dövr ərzində Masallı rayon “Pravda” soxvozunda işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən qeyd olunan əmək stajını və həmin dövr üçün müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin dəqiqləşdirilməsi ilə bağlı xx.xx.2020-ci il tarixində aidiyyəti üzrə sorğu verilmişdir. xx.xx.2020-ci il tarixdə daxil olmuş müvafiq cavabda xx.xx.1982-ci il tarixdə iddiaçının “Pravda” sovxozunun avtotraktor parkında çilingər təyin edilməyi və xx.xx.1983-cü il tarixdə həmin işdən azad edilməyini təsdiq edən hər hansı sənəd aşkar olunmadığı və adıçəkilən sovxozun əmək haqqı sənədləri Masallı rayon Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Bu fakt Masallı rayon Arxivi tərəfindən müvafiq aktla təsdiqlənmişdir. Bu səbəbdən də xx.xx.1982-xx.xx.1983-cü il tarixləri arasındakı dövrü əmək stajına daxil etmək mümkün olmadığından İddiaçı ümumi iş stajın 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (24 il 4 ay 14 gün) təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X6 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona 57 yaşdan yəni xx.xx.2019-cu ildən güzəştli şərlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iş stajı, orduda xidmət illəri və təhsil illəri cəmləndikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək 26 il 04 ay 19 gün ümumi iş stajı mövcuddur. İddiaçının güzəştli iş stajı ilə bağlı isə qeyd olunmalıdır ki, iddiaçının xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək “Pravda sovxozunda fəhlə çilingər, xx.xx.1983-cü il tarixdən xx.xx.2006-cı tarixədək X4 işlədiyi şagird matros, matros və kranmeystr peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-xü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda (21.2) “Dəniz və çay donanması” bölməsinin “b” bəndində zərərli iş kimi nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının qanunla tələb olunan müddətdə (23 il 02 ay 23 gün) güzəştli iş stajı olduğundan cavabdehin imtinası əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. İş materiallarında olan HЗ-4280256 nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək Sovet ordusu sıralarında xidmət etmişdir. İş materiallarında olan Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin attestatın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə Azərbaycan SSR Lənkəran 113 nömrəli kənd texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1980-ci ildə elektrik montyor peşəli heyvandarlıq mexanizator peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. İş materiallarında olan iddiaçıya məxsus İT-İ-0862669 nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək “Pravda” sovxozunda fəhlə çilingər vəzifəsində işləmiş, xx.xx.1983-cü ildə “Başdənizneft” kran gəmisinə matros köməkçisi qəbul edilmiş, xx.xx.1983-cü ildə 2-ci sinif matros keçirilmiş, xx.xx.1984-cü ildə 1-ci sinif matros keçirilmiş, xx.xx.1989-cü ildə Qiraxçay kran gəmisinə kran ustası köməkçisi keçirilmiş, xx.xx.2005-ci ildə A.Kərimov” gəmisinə kranmeystr köməkçisi keçirilmiş, xx.xx.2007-ci ildə Taman gəmisinə kranköməkçisi keçirilmiş, 01.08.207-ci ildə “A.Kərimov” gəmisinə kranmeystr vəzifəsinə keçirilmiş, xx.xx.2012-ci ildə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2012-ci ildən halhazıradək “Kurançay” gəmisində kranmeystr vəzifəsində işləyir. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Masallı rayon Dövlət Arxivinin 19 mart 2020-ci il tarixli A-132 nömrəli arxiv arayışından görünür ki, X1 xx.xx.1982-ci il tarixli 187/3 saylı sabiq “Pravda” üzümçülük sovxozuna, fəhlə qəbul edilməklə avtomobil-traktor parkına çilingər təyin olunmuş, xx.xx.1983-cü il tarixli 114-2 saylı əmrlə ərizəsinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan "xxxx" QSC X5 EN01/02- 579 nömrəli 20 avqust 2019-cu il tarixli arxiv arayışına əsasən iddiaçı həqiqətən xx.xx.1983-cü ildə X8 Donanmasının k/s “Qlavmorneft” gəmisinə şagird matros peşəsinə (xx.xx.1983-cü il tarixli 184-k nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.1983-cü ildə həmin gəmiyə 2-ci dərəcəli matros (xx.xx.1983-cü il tarixli 216-k nömrəli əmr), xx.xx.1984-cü ildə t/x “Nefteqaz” gəmisinə 1-ci dərəcəli matros (xx.xx.1984-cü il tarixli 23-k nömrəli əmr), xx.xx.1989-cu ildə k/s“Quraxçay” gəmisinə kranmeystr köməkçisi vəzifəsinə (xx.xx.1989-cu il tarixli 101 -k nömrəli əmr) keçirilmişdir. xx.xx.2003-cü ildə "Kunarçay" gəmisinə kranmeystr (xx.xx.2003-cü il tarixli 57-k nömrəli əmr), xx.xx.2005-ci ildə “A.Kərimov” gəmisinə kranmeystr köməkçisi (xx.xx.2005-ci il tarixli 93-k nömrəli əmr), xx.xx.2007-ci ildə “A.Kərimov” gəmisinə kranmeystr vəzifəsinə (xx.xx.2007-ci il tarixli 170-k nömrəli əmr) keçirilmişdir. xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) (xx.xx.2012-ci il tarixli 1114-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2012-ci ildə “Kunarçay” gəmisinə kranmeystr vəzifəsinə (xx.xx.2012-ci il tarixli 704- k nömrəli əmr) işə qəbul edilmişdir. Hal-hazırda “Kunarçay” gəmisində kranmeyst vəzifəsində çalışır. Yuxarıda adı çəkilən gəmilər daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu peşələr "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən "Xəzərdənizneftdonanma" idarəsi xx.xx.2007-ci ildən X8 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və X8 Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi “ Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. İş materiallarında olan "xxxx" QSC X5 EN01/02-796 nömrəli 30 dekabr 2019-cu il tarixli arxiv arayışına əsasən iddiaçı xx.xx.1983-cü ildən X8 Donanmasının "Qlavmorneft", “Nefteqaz-26”, “Çıraxçay), "Kunarçay”, “A. Kərimov” gəmilərində üzən heyət tərkibində matros, kranmeystr peşəsində işləmişdir. Bu gəmilər daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Hal-hazırda “Kunarçay” gəmisində kranmeystr vəzifəsində əmək fəaliyyətini davam etdirir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli **********8 №li “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan görünür ki, iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimixx.xx.1983-cü il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında 24 07.1982-01 06 1983cü il tarixləri arasındakı dövr ərzində Masallı rayon “Pravda" sovxozunda işlədiyi qeyd olunduğu, Mərkəzi Filial tərəfindən qeyd olunan əmək stajın və həmin dövr üçün müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin dəqiqləşdirilməsi ilə bağlı xx.xx.2020-ci il tarixində aidiyyəti üzrə sorğu verildiyi, xx.xx.2020ci il tarixində daxil olmuş müvafiq cavabda xx.xx.1982-ci ıl tarixində “Pravda” sovxozunun avtotraktor parkında çilingər təyin edildiyi və xx.xx.1983-cü il tarixində həmin işdən azad edilməsini təsdiq edən hər hansı sənəd aşkar olunmadığı və adıçəkilən sovxozun əmək haqqı sənədləri Masallı rayon Dövlət Arxivinə təhvil verilmədiyi, bu səbəbdən də xx.xx.1982-01 06.1983-cü il tarixləri arasındakı dövrü əmək stajına daxil etmək mümkün olmadığından iddiaçının ümumi iş stajının 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (24 il 4 ay 14 gün) təşkil etdiyi, qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 57 yaşı xx.xx.2019-cu tarixdə tamam olmuşdur və o, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək Sovet ordusu sıralarında xidmət etmiş (2 il 16 gün), xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci tarixədək Azərbaycan SSR Lənkəran 113 nömrəli kənd texniki peşə məktəbində təhsil almış (8 ay 12 gün), əmək kitabçasına əsasən iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək “Pravda” sovxozunda fəhlə çilingər vəzifəsində işləmiş (10 ay 7 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cü il tarixədək “Başdənizneft” kran gəmisində matros köməkçisi, matros vəsifəsində (5 il 8 ay 16 gün), xx.xx.1989-cü il tarixdən xx.xx.2012-ci il tarixədək Qiraxçay kran gəmisində kran ustası köməkçisi, A.Kərimov” gəmisində kranmeystr köməkçisi, Taman gəmisində kran-köməkçisi vəzifəsində (xx.xx.2006-cı il tarixədək 16 il 7 ay 28 gün), xx.xx.2012-ci ildən hal-hazıradək “Kurançay” gəmisində kranmeystr vəzifəsində işləyir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmət müddəti və təhsil dövrü nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 25 il 11 ay 19 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin apelyasiya baxışı zamanı məhkəmənin sorğusuna əsasən iş materiallarına əlavə edilmiş "xxxx" QSC X5 TQ 01/02-283 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı xx.xx.1983-cü ildən X8 Donanmasının “Qlavmorneft”, “Nefteqaz-26”, “Çıraxçay”, “Kunarçay”, ’’Ulluçay”, “A.Kərimov", “Atlet-24”, "Şirvan-3”, “S.Vəzirov”, “R.Hacıyev”, “SPK-47/25” gəmilərində üzən heyət tərkibində matros, kranmeystr (ağır yüklərin qaldırılması, yükvurma və yükboşaltma əməliyyatları, həmçinin üzücü kran vasitəsi ilə qəza xilasedici işlərin yerinə yetirilməsi) və kranmeystr köməkçisi peşəsində işləmişdir. Hal-hazırda “Ulduz” gəmisində kranmeystr vəzifəsində əmək fəaliyyətini davam etdirir. Onun tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir. Bu gəmilər daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr (peşələr) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (Üzən heyət - kod: ********) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına aid edilir. Əmək şəraitinə görə (xx.xx.2006-cı il tarixinədək) güzəştli şərtlərlə əmək stajı: 22 il 04 ay 15 gün təşkil edir, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçı xx.xx.2006-cı il tarixədək 22 il 4 ay 15 gün güzəştli iş stajına malik olmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Cavabdehin apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının xx.xx.1982xx.xx.1983-cü il tarixləri arasındakı dövr ərzində Masallı rayon “Pravda” soxvozunda işlədiyi dövr üçün müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilibödənilməməsinin dəqiqləşdirilməsi ilə bağlı xx.xx.2020-ci il tarixində aidiyyəti üzrə sorğu verilmiş, xx.xx.2020-ci il tarixdə daxil olmuş müvafiq cavabda xx.xx.1982-ci il tarixdə iddiaçının “Pravda” sovxozunun avtotraktor parkında çilingər təyin edilməyi və xx.xx.1983cü il tarixdə həmin işdən azad edilməyini təsdiq edən hər hansı sənəd aşkar olunmadığı və adıçəkilən sovxozun əmək haqqı sənədləri Masallı rayon Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, göstərilən dövrlər “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrə aid əmək fəaliyyətini əhatə edir və müvafiq olaraq həmin dövrlərdəki əmək fəaliyyətinin pensiya hüququ verən sosial sığorta stajına hesablanıb-hesablanmaması məsələsinə də məhz həmin Qanunun müddəalarından çıxış etməklə qiymət verilməlidir. Belə ki, həmin dövrdə əmək haqqının alınmaması və ya alınsa belə həmin əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimləmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 01 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının xx.xx.1982-xx.xx.1983-cü il tarixləri arasındakı dövr ərzində Masallı rayon “Pravda” soxvozunda işlədiyi dövr pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməlidir. Bu zaman həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.1.1-ci bəndinə əsasən isə Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə nəzərə alınmalıdır ki, mübahisəli məsələ 01 yanvar 2006-cı il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla və iddiaçının işlədiyi müəssisə tərəfindən təsdiqlənir. Qanunvericiliyin yuxarıda istinad olunan müddəaları isə sözügedən dövrün iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməli olduğunu təsbit edir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(112)-3851/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar