Məhkəmə qərarları › İş №2-1(103)-1067/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1067/2023

03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1067/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə X6 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X5 3-cü şəxs) “bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2106/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən, 0.25 hektar ərazisi olan 807/744 saylı bağ sahəsinə dair kadastr məlumatlarında və sxematik xəritədə olan uyğunsuzluğun aradan qaldırılması, həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış, plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Bakı şəhər icra Hakimiyyəti Başçısının Aparatının X1 və İstismarı Birliyi ilə bağlanmış 13 aprel 2006-ci il tarixli, 15361 nömrəli müqaviləyə əsasən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən, faktiki ərazisi 0.22 hektar olan 807/744 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Azərbaycan Respublikası Bakı şəhər icra Hakimiyyəti Başçısının Aparatının X1 və İstismarı Birliyi arasında bağlanmış 13 aprel 2006-ci il tarixli, 15361 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 807/744 nömrəli bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı həmin bağ sahəsindən uzun illərdir ki, mübahisəsiz istifadə edir. Bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin cavabdehin xx.xx.2021-ci il tarixli **********77 nömrəli imtina barədə bildirişində qeyd olunmuşdur ki, elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, ümumi sahədə hasarlanma işləri bölgüyə uyğun aparılmamışdır, bağ sahəsinin bir hissəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşür. Qeyd olunan səbəblərdən cavabdeh tərəfindən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddiaçı uzun illərdir ki, həmin bağ sahəsindən istifadə edir və qonşusu ilə arasında heç bir mübahisə yoxdur. İddiaçı faktiki olaraq istifadəsində olan torpaq sahəsinin kadastr koordinatlarının faktiki ölçülər üzrə qeyd edilərək, sxematik xəritədə olan uyğunsuzluğun aradan qaldırılmasını və faktiki olaraq sahiblik etdiyi mövcud torpaq sahəsinə dair hüquqların dövlət reyestrindən çıxarışın verilməsini xahiş edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2106/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Bakı şəhər icra Hakimiyyəti Başçısının Aparatının X1 və İstismarı Birliyi ilə bağlanmış 13 aprel 2006-ci il tarixli, 15361 nömrəli müqaviləyə əsasən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən, faktiki ərazisi 0.22 hektar olan 807/744 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, İdarənin elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən bağ sahəsi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq mövcuddur. Belə ki, ümumi sahədə hasarlanma işləri bölgüyə uyğun aparılmamışdır. Həmçinin, bağ sahəsinin 313 k.m hissəsi X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşür. Bundan əlavə, bağ sahəsi iddiaçının istifadəsində deyil. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında apelyasiya şikayətini müdafiə edərək, Bakı İnzibati Məhkəməsinin mübahisələndirdikləri qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf isə apelyasiya şikayətinin əsassız olduğunu, bu səbəbdən də təmin edilmədən qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, 3-cü şəxs məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə Azərbaycan Respublikası Bakı şəhər icra Hakimiyyəti Başçısının Aparatının X1 və İstismarı Birliyi arasında bağlanmış 13 aprel 2006-ci il tarixli, 15361 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 807/744 nömrəli bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı qeyd edilən bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etsədə, cavabdeh tərəfindən imtina edilmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Tətbiq edilən hüquq : «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Mülki Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; … 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; … 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Məhkəmə qeyd edir ki, sadalanan normaların təhlili göstərir ki, qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Yuxarıda qeyd olunan normalardan da görünür ki, Azərbaycan Respublikası Bakı şəhər icra Hakimiyyəti Başçısının Aparatının X1 və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış 13 aprel 2006-ci il tarixli, 15361 nömrəli müqavilə əsasında iddiaçının istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivində yerləşən, 807/744 nömrəli bağ sahəsinə dair iddiaçının mülkiyyət hüquqları yaranmış və bu hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsasdır. Cavabdeh apelyasiya şikayətində göstərmişdir ki, idarənin elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən bağ sahəsi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq mövcuddur. Ümumi sahədə hasarlanma işləri bölgüyə uyğun aparılmamışdır. Həmçinin, bağ sahəsinin 313 k.m hissəsi X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşür. Bundan əlavə, bağ sahəsi iddiaçının istifadəsində deyil. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir : İş materiallarında olan birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı əsasında keçirilmiş 10/1914 nömrəli ekspert rəyindən görünür ki, 807/744 nömrəli bağ sahəsinin faktiki təqdim olunan yeri X3 məxsus bağ sahəsinin faktiki hasara alınmış ərazisi ilə üst-üstə düşmür. Lakin AR ƏMDK yarımda DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən hüquqları qeydə alınmış X2 adına qeydiyyata alınmış 0,118629 ha torpaq sahəsinin xx.xx.2012-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar ilə X2 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olduğundan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsinin 0,03 ha hissəsi iddiaçının təqdim etdiyi 807/744 nömrəli bağ sahəsinin faktiki yeri ilə üst-üstə düşür. Həmçinin iş materiallarından görünür ki, ekspert rəyi tərəflərə məlum olduqdan sonra iddiaçı dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən, faktiki ərazisi 0.22 hektar olan 807/744 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizəsi icraata qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı dəqiqləşmə ərizəsi ilə istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən, 0.25 hektar ərazisi olan 807/744 saylı bağ sahəsinin iş üzrə məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilən X2 xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən 0,03 ha hissəsindən imtina etmiş, bununlada uyğunsuzluq aradan qalxmışdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin icraatı zamanı iddiaçı iddia tələbini dəqiqləşdirdiyindən və mübahisə predmeti olan torpaq sahəsi eyni olduğundan iddia tələbinin mümkünlüyü üçün cavabdehə inzibati icraat qaydasında yenidən müraciət etməsinə ehtiyac olmamışdır. Bundan başqa “İdarənin elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən bağ sahəsi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluğun” mövcud olması ilə bağlı cavabdehin dəlilinə münasibətdə qeyd edilməlidir ki, uyğunsuzluğun nədən ibarət olması ilə bağlı cavabdeh tərəfindən məhkəmə araşdırması zamanı hər hansı sübut təqdim olunmamışdır. Həmçinin Kollegiya qeyd edir ki, hər hansı uyğunsuzluq varsa belə bunun aradan qaldırılması cavabdehin vəzifəsidir. Son olaraq cavabdeh apelyasiya şikayətində bağ sahəsinin iddiaçının istifadəsində olmadığını qeyd etsə də, məhkəmə kollegiyası cavabdehin bu dəlilinində də heç bir hüquqi əsası olmadığından əsassız hesab edərək formal mülahizələrdən ibarət olduğunu qeyd edir. Qeyd edilənləri nəzərə alan Kollegiya hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmış “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar mövcud olmadığından, əksinə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsində göstərilən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsaslar müəyyən olunduğundan iddia tələbinin təmin edilməsilə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İnzibati İcraat Haqqında Qanunun ; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2106/2022 saylı, 14 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar