Məhkəmə qərarları › İş №2-1(103)-1067/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1067/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1067/2025 06.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X3 ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2327/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********431000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla, 2022-ci il üzrə 21988,93 manat əlavə vergi hesablanmışdır.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********437200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla, 2023-ci il üzrə 910,06 manat əlavə vergi hesablanmışdır.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********001800 nömrəli qərarla, İddiaçı (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9052 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarına və ekspert qarşısında qoyulmuş suallara əsasən bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 üzrə Baş idarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********431000 və **********437200 nömrəli qərarlara əsasən hesablanmış vergi məbləğlərinin vergi qanunvericiliyinə və müvafiq qanunvericiliyin tələblərinə uyğun düzgün hesablanmadığı müəyyən olundu.

a) Birinci instansiya məhkəməsində icraat.

5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə (hazırda Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli **********431000 və **********437200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının və “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********001800 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı bildirir ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və hal-hazırda cavabdeh vergi orqanının qərarlarına əsasən sahibkarlıq fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdır. İddiaçının fəaliyyəti avto ehtiyyat hissələrinin alışı və satışından ibarət olmuşdur. O malları müxtəlif yerlərdən alaraq mağazada e-qaimə və onlayn kassa vasitəsi ilə satmışdır. Gəlirləri barədə vergi orqanına bəyannamələr vermiş və vergiləri ödəmişdir. Bunlara baxmayaraq vergi orqanı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********001800 nömrəli qərarına əsasən onu riskli vergi ödəyicisi hesab etmiş və riskli vergi ödəyicilərinin siyahısına daxil etmişdir. Bundan başqa vergi orqanı iddiaçı barəsində 2022-ci il üçün 20911,73 manat və 2023-cü il üçün 1193,4 manat gəlir vergisi hesablamış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********320700 nömrəli və **********329000 nömrəli qərarları qəbul olunmuşdur. Sonradan vergi ödəyicisi xx.xx.2023-cü il tarixdə 2022-ci və 2023-cü illər üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsini təqdim etmiş, vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə 2022-ci il üçün 21988,93 manat və 2023-cü il üçün 910,06 manat üzrə əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********437200 nömrəli və **********431000 nömrəli qərarlar qəbul olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixli **********320700 və **********329000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi üçün şikayət etmişdir. Şikayətə baxılıb yekunlaşmamasına baxmayaraq xx.xx.2023-cü il tarixli **********431000 və **********437200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar ilə məbləğlər bərpa edilmişdir. Bundan başqa vergi orqanı **********794600 nömrəli məktubla 2023cü ilin 1-ci və 2-ci rübləri üzrə sadələşdirilmiş vergi bəyannamələri təqdim etməyi bildirmiş, iddiaçı tərəfindən bəyannamələr təqdim edilmiş, ancaq buna baxmayaraq vergi orqanı tərəfindən 2023-cü ilin 1-ci rübü üzrə gəlir vergisi hesablanmışdır. Vergi orqanı qərəzli mövqe aparmışdır. Vergi orqanının qərarları əsassız və qanunsuzdur. Çünki vergi orqanı real vəziyyəti araşdırmamış və sahibkarlıq fəaliyyətinə maneə törədən qərarlar vermişdir. İddiaçı malları alarkən sənədlər ala bilməmiş, ancaq həqiqətən də satdığı malları alaraq satmışdır. Vergi orqanı baxış keçirmədən, X5 tədbirləri həyata keçirmədən, xronometraj metodu ilə müşahidə aparmadan, əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmadan iddiaçının fəaliyyətini məhdudlaşdıran qərarlar qəbul etmişdir. Bundan başqa vergi orqanı qərarlar qəbul edərkən bərabərlik prinsipini və işin hallarının obyektiv araşdırılması normasını da pozmuşdur. Çünki vergi orqanı onu digər, yəni əsl riskli vergi ödəyiciləri ilə bərabər tutmuşdur. Əlavə olaraq vergi orqanı icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğu halda araşdırmamış, sübutlar yetərli olmadığı halda öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. xx.xx.2023-cü il tarixli **********320700 və **********329000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının və "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********001800 nömrəli qərarın ləğv edilməsi üçün iddiaçı tərəfindən yuxarı vergi orqanına müraciət edilmişdir. Daha sonra həmin dövrlər üzrə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli **********431000 və **********437200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul edilmişdir. Həmin qərarlardan da şikayət verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********627900 nömrəli qərarı ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********437200 nömrəli və **********431000 nömrəli qərarlar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı tərəfindən "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********001800 nömrəli qərarının ləğv edilməsi üçün yuxarı vergi orqanına müraciət edilməsinə baxmayaraq xx.xx.2023-cü il tarixli **********627900 nömrəli qərarda bununla bağlı heç bir münasibət bildirilməmişdir. Vergi ödəyicisinin xərc sənədləri olmadığı üçün vergilər vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən hesablanmalı idi. Ancaq vergi orqanı vergiləri Vergi Məcəlləsinə zidd olaraq ümumi dövriyyəyə 20% tətbiq etməklə hesablamışdır. Belə hesablama metodu isə Vergi Məcəlləsində yoxdur.

7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddia tələbinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********001800 nömrəli qərarının ləğv edilməsi hissəsi ilə bağlı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Bildirilir ki, iddiaçının mübahisələndirdiyi vergi orqanı tərəfindən qəbul edilmiş "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********001800 nömrəli qərar xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə saat 23:44:13-də vergi ödəyicisi tərəfindən oxunmuşdur. Odur ki, iddia tələbi “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********001800 nömrəli qərarının ləğv edilməsi hissəsində mümkün sayılmamalıdır. Kameral vergi yoxlamasına münasibətdə isə bildirilir ki, iddiaçının riskli vergi ödəyicisi siyahısına daxil edilməsinə baxmayaraq, onun tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2007-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün "ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı” olduğu və vergi orqanında qeydiyyatda alınmış aktiv təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı, fərdi sahibkar tərəfindən təqdim edilmiş 2022-ci ilin gəlir vergisinin bəyannaməsinin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) sətrində göstərilmiş cəmi 132366,0 manat gəlir məbləğinin hesabat dövrü ərzində onlayn kassa aparatı ilə müəyyən edilən (9572,5 manat) və elektron qaiməfaktura əsasında satılmış mallar (işlər, xidmətlər) (130473,0 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 140045,5 manat məbləğdən bəyannamənin 1 №-li Əlavəsinin 1.4.2- ci ("Sair debitor borcları") sətrinin "Hesabat dövrünün sonuna” olan 0,0 manat məbləği ilə "Hesabat dövrünün əvvəlinə” olan 0,0 manat məbləğinin fərqi 0,0 manat məbləğin çıxılması nəticəsində yaranan 7679,5 manat məbləğdən az əks etdirilməsi, 2022-ci ildə təqdim edilmiş malların əldə edilməsi ilə bağlı təsdiqedici sənədlərinin olmamasına baxmayaraq fərdi sahibkar tərəfindən bəyan edilmiş 2022-ci ilin gəlir vergisi bəyannaməsində Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq üzrə 75 faiz güzəşt məbləğinin tətbiq edilməsi, eyni zamanda 2023-cü ildə onlayn kassa aparatı ilə müəyyən edilən (5967,0 manat) dövriyyəsinin olmasına baxmayaraq 2023-cü ilin gəlir vergisi bəyannaməsinin göstəricisiz (boş) təqdim edilməsi kənarlaşmaların yaranmasına səbəb olmuşdur. Bildirilir ki, gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Odur ki, iddiaçı riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəlləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq olunması mümkün deyildir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi orqanı tərəfindən "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********795500 nömrəli, xx.xx.2023- cü il tarixli **********413800 nömrəli və xx.xx.2023-cü il tarixli **********796400 nömrəli uyğunsuzluq məktubları göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktublara əsaslandırılmış cavab verilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üçün 20911,73 manat və 2023-cü il üçün 1193,4 manat gəlir vergisi hesablanmış və "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********320700 nömrəli və **********329000 nömrəli qərarlar qəbul olunmuşdur. Sonradan vergi ödəyicisi xx.xx.2023-cü il tarixdə 2022-ci və 2023cü illər üçün dəqiqləşmiş gəlir vergisi bəyannaməsini təqdim etmiş, vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə 2022-ci il üçün 21988,93 manat və 2023-cü il üçün 910,06 manat üzrə əlavə vergi məbləğ hesablanmış və "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********437200 nömrəli və **********431000 nömrəli qərarlar qəbul olunmuşdur. İddiaçı tərəfindən vergi orqanının xx.xx.2023-cü il tarixli **********437200 nömrəli və **********431000 nömrəli qərarlarından xx.xx.2023-cü il tarixli **********999500 nömrəli inzibati şikayət verilmiş və vergi orqanının xx.xx.2023-cü il tarixli **********627900 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minən redaksiyasına əsasən bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan vergi ödəyicisi sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”-nın 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri gəlirlərinin və xərclərinin vaxtı-vaxtında dəqiq uçotunu aparmağa, həmin Məcəlləyə əsasən tətbiq edilən uçot metodundan asılı olaraq, gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə və bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmasını təmin etməyə borcludurlar.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2327/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş 19 iyul 2023-cü il tarixli **********431000 nömrəli və 19 iyul 2023-cü il tarixli **********437200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə”, xx.xx.2023-cü il tarixli **********001800 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarların ləğv edilməsi barədə qərar qəbul edilmişdir.

9. Cavbadeh orqan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birici instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş, tam və hərtərəfli araşdırma aparılmamışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

12. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını, cavabdehin nümayəndəsi X2 isə apellyasiya şikayətində qeyd olunanlara uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddiasının təmin edilməməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

13. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

14. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82. Riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 58.16. Bu Məcəllənin 58.8-ci maddəsinin məqsədləri üçün malların dəyəri dedikdə həmin malların alış qiyməti, malların alış qiymətini müəyyən etmək mümkün olmadığı halda isə topdansatış bazar qiyməti nəzərdə tutulur. Alışı bu Məcəllə ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən malların təqdim edilməsinə dair tərtib edilmiş elektron qaimə-fakturalarda mallar barədə məlumatlar, o cümlədən malın adı dəqiq göstərilmədikdə, həmin malların alışı ilə bağlı çəkilən xərclərin dəyəri təqdim edilən malların dəyərinin 1,2-yə bölünməsi yolu ilə alınan dəyər kimi müəyyən edilir. (xx.xx.2024-dək qüvvədə olan redaksiya) 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. (xx.xx.2024-dək qüvvədə olan redaksiya) 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. (xx.xx.2024-dək qüvvədə olan redaksiya)

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nin 21 noyabr 2024-cü il tarxinə qədər olan redaksiyasının 2.1-ci bəndinə əsasən aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

16.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ 17.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

18. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) 20.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 13-16-cı bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməlidir.

21. İşin faktiki hallarından göründüyü kimi iddiaçı vergi orqanı tərəfindən qəbul edilmiş 3 inzibati aktı mübahisələndirir. Onlardan biri vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 15 mart 2023-cü il tarixli **********001800 saylı, digərləri isə kameral qaydada hesablanmış və vergi ödəyicisinin 2022 və 2023-cü illəri əhatə edən dövr üzrə gəlir vergisi barədə qəbul edilmiş 19 iyul 2023-cü il tarixli **********431000 və **********437200 saylı qərarlardır.

22. Bakı İnzibati Məhkəməsində iddia tələbinə dair verilmiş etirazda, o cümlədən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2327/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından verilmiş apellyasiya şikayətində cavabdeh təşkilat vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 15 mart 2023-cü il tarixli **********001800 saylı qərar üzrə şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi səbəbindən mahiyyəti üzrə baxılmasına etiraz etmişdir. Belə ki, qeyd olunan qərar elektron kabinetə xx.xx.2023cü ildə göndərilmiş və xx.xx.2023-cü ildə saat 23:44:13-də vergi ödəyicisi tərəfindən oxunmuş və xx.xx.2023-cü ildə mübahisələndirilmişdir.

23. Vergi orqanı tərəfindən yuxarıda istinad olunan arqumentə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicisi hər üç qərarı məhkəmə qaydasında mübahisələndirilməmişdən öncə Vergi Xidmətində mübahisələndirmiş və Vergi Xidmətinin 30 avqust 2023-cü il tarixli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. Bundan 5 gün sonra vergi ödəyicisi qeyd olunan qərarları məhkəmə qaydasında mübahisləndirmişdir. Belə olduğu tədqirdə qərarın mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş 30 günlük prosessual müddət ötürülməmişdir.

24. Digər tərəfdən o da qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vergi orqanının qərarının vergi ödəyicisinin elektron poçt ünvanına göndərdiyi qərarın lazımi qaydada çatdırılması ilə bağlı mövqeyi mövcuddur. Belə ki, “Elektron imza və elektron sənəd haqqında” Qanunun 6.3-cu maddəsinə əsasən dövlət hakimiyyəti və ya yerli özünüidarəetmə orqanlarına fiziki və ya hüquqi şəxsin göndərdiyi məlumat bildirişi onun gücləndirilmiş imzası ilə təsdiqlənməlidi. Həmin Qanunun 27.3.2-cü maddəsinə əsasən elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir. Məhkəmə tərəfindən göndərilən sorğuya cavab olaraq cavabdeh təşkilatın nümayəndəsi məhkəmədə bildirmişdir ki, mübahisə predmeti olan qərar vergi orqanı tərəfindən sadə elektron imza ilə imzalanmışdır. Bu da o nəticəni törədir ki, iddia müddətinin başlanması üçün qanunla nəzərdə tutulmuş hüquqi hadisə baş verməmişdir. 25.Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən qəbul edilmiş 15 mart 2023-cü il tarixli qərarın mübahisələndirilməsi üçün nəzərədə tutulmuş prosessual müddət ötürülməmişdir.

26. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 15 mart 2023-cü il tarixli **********001800 saylı qərara mahiyyəti üzrə baxan məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən qeyd olunan qərar olunan qərar qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.

27. Belə ki, vergi orqanı tərəfindən “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nin 21 noyabr 2024-cü ilə qədər qüvvədə olan redaksiyada nəzərdə tutulmuş 3.1.1-ci bəndinə, yəni vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar etməsinə istinad edərək onun 15 mart 2023-cü il tarixli qərarla riskli vergi ödəyicisi hesab etmişdir. Məhkəmə kollegiyası tərəfindən qeyd olunan qərar tədqiq edilərkən müəyyən edilmişdir ki, qərarın əsaslandırması hissəsi yalnız maddi hüquq normalarına əsaslanmış, yəni mal çeşidlərinin fərqli olmasına dair hər hansı hala istinad edilməmişdir. Məhkəmə vergi orqanının nümayəndəsinin çeşidlərin fərqli olması ilə bağlı gətirdiyi dəlili isə ondan ibarət olmuşdur ki, malların alışı ilə bağlı hər hansı bir sənəd mövcud olmadığından çeşidlərin müəyyən edilməsi mümkün olmamış və bu səbəbdən ceşidlərin fərqli olması ehtimalının daha böyük olması (yəni vergi ödəyicisinin aldığı mallar barədə vergi orqanında məlumat olmadıqda çeşidlərini müəyyən edilməsi mümkün olmur) 15 mart 2023-cü il tarixli qərarın qəbul edilməsinə əsas olmuşdur. Nəzərə alınmalıdır ki, iddia tələbi üzrə mübahisələndirilən 19 iyul 2023-cü il tarixli digər iki qərarın qəbul edilməsinə əsas kimi vergi ödəyicisi tərəfindən xərc sənədlərinin təqdim etməməsi olmuşdur. Başqa sözlə desək 2023-cü ilin mal dövriyyəsi üzrə vergi ödəyicisində malların alış və xərc sənədinin mövcud olmamışdır. Bu isə yuxarıda qeyd olunan Meyarlara 21 noyabr 2024-cü ildən sonra verilmiş yeni redaksiyanın təsiri dairəsinə düşür. Meyarların yeni redaksiyasının 2.1.2-ci bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları təqdim edən şəxs riskli vergi ödəyicisi hesab edilir. Göründüyü kimi yeni redaksiya verilmiş meyarları 2023-cü ildə aparılmış əməliyyatlara tətbiq edilməsi düzgün deyil.

28. Ona görə məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı mal çeşidlərinin fərqli olması ilə bağlı əsaslı dəlillərini məhkəməyə təqdim edə bilmədiyinə görə onun tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 15 mart 2023cü il tarixli **********001800 saylı qərar qanunsuzdur.

29. Vergi ödəyicisinin 2022 və 2023-cü illəri əhatə edən dövr üzrə gəlir vergisi barədə qəbul edilmiş 19 iyul 2023-cü il tarixli **********431000 və **********437200 saylı qərarlarını tədqiq edərək, məhkəmə kollegiyası hesab edir ki, həmin qərarlar üzrə tələb edilən vergi məbləğləri düzgün hesablanmayıb.

30. Belə ki, 2022-ci ilin gəlir vergisi üzrə vergi orqanının qəbul etdiyi 19 iyul 2023-cü il tarixli **********431000 saylı qərarın birinci sətrində vergi ödəyicisinin hesabladığı vergi və sığorta haqlarının 5.381,41 manat, üçüncü sətrində isə kameral vergi yoxlamasının nəticəsi olaraq vergi orqanı tərəfindən müəyyən edilmiş vergi və sığorta haqlarının 27.370,34 manat, yəni vergi ödəyicisinin hesabladığı məbləğdən 21.988,93 manat artıq olması qeyd olunmuşdur.

31. 2023-ci ilin gəlir vergisi üzrə vergi orqanının qəbul etdiyi 19 iyul 2023-cü il tarixli **********437200 saylı qərarın birinci sətrində vergi ödəyicisinin hesabladığı vergi və sığorta haqlarının 283,34 manat, üçüncü sətrində isə kameral vergi yoxlamasının nəticəsi olaraq vergi orqanı tərəfindən müəyyən edilmiş vergi və sığorta haqlarının 1.193,40 manat, yəni vergi ödəyicisinin hesabladığı məbləğdən 910,06 manat artıq olması qeyd olunmuşdur.

32. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisinin 2022-ci il üzrə satış dövriyyəsi 140.045,50 manat, 2023-cü ildə isə 5967 manat olmuşdur.

33. Vergi orqanı tərəfindən qərarların 3-cü sətirlərində qeyd olunan məbləğ satış dövriyyəsindən əldə edilmiş vəsaitin 20% vurmaqla hesablanması edilməsi müəyyən edilmişdir. Qərarların 1-ci sətirlərində qeyd olunan məbləğlər isə mikrosahibkarlar üçün nəzərdə tutulmuş 75% güzəşt məbləğinin dövriyyədən əldə edilmiş vəsaitdən çıxılmaqla hesablandığı müəyyən edilib.

34. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir və mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır (VM-nin 96.1 və 102.1.30-cu maddələri).

35. Vergi ödəyicisinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vəzifəsidir (16.1.3-cü maddə). Hazırkı halda, iddiaçı gəlirlərinin uçotunu aparsa da, gəlirdən çıxılmalı olan xərclərinin uçotunu aparmamışdır. Cavabdeh bu hala istinadən onun gəlirini xalis mənfəət hesab etmişdir. Halbuki, vergi ödəyicisi xərclərinin uçotunu aparmalı olsa da, vergi qanunvericiliyi uçotun aparılmadığı hallarda vergi orqanının hərəkətləri ilə bağlı məsələni də tənzimləmiş və Vergi Məcəlləsinin 67-ci maddəsində bu qayda təsbit etmişdir. Belə ki, Məcəllənin 67.1-ci maddəsinə əsasən, kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə ... mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda ... həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Göründüyü kimi, qanunverici inzibati orqana xərc sənədlərinin olmadığı hallarda verginin hesablanması qaydaları ilə bağlı imkanlar nəzərdə tutmuşdur ki, bu da vergi ödəyicisinin gəlirinin xərclər nəzərə alınmadan xalis mənfəət kimi qəbul olunması halını istisna edir. Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan imkanlardan biri də verginin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (şərti rentabellik norması) hesablanmasıdır (VM-nin 67.14;83.9-cu maddələri). Məhkəmə razılaşır ki, Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan imkanlardan istifadə etmək vergi orqanının hüququdur. Bununla belə qeyd edilməlidir ki, iddiaçı hazırda mübahisələndirmə haqqında iddia qaldırmışdır. Mübahisələndirmə haqqında iddia növündə olan işlərdə isə inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul olunmasını zəruri faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır.

36. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/9052 nömrəli ekspert rəyindən müəyyən edilmişdir ki, Nazirlər Kabinetinin 2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümükn olmadığı hallarda mənfəətin hesablanma qaydalarına” əsasən hər iki tərəfin hesabladığı vergi məbləğinin düzgün olmaması müəyyən edilir.

37. Belə ki, mühasibatlıq ekspertizasının 22 fevarl 2024-cü il tarixli rəyinin 4-cü vərəqindən görünür ki, 2022-ci il üzrə mövcud olmuş 140.045,50 manat satış dövriyyəsi üzrə 4668,18 manat, 2023-cü il üzrə mövcud olmuş 5967.00 manat satış dövriyyəsi üzrə 198,90 manat gəlir vergisi müəyyən olunmuşdur.

38. Qeyd olunan məbləğlər Nazirlər Kabinetinin 55 saylı qərarı ilə təsdiq edilmiş qaydalarda əks edilmiş düstur əsasında (140045,50/6x20%=4668,18 manat; 5967,00/6x20%=198,90 manat) müəyyən edilmişdir.

39. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vergi orqanının 19 iyul 2023-cü il tarixli qərarı əsasında vergi ödəyicisindən tələb etdiyi gəlir vergisi düzgün hesablanmayıb. 40.Ona görədə məhkəmə kollegiyası hesab edir ki, 19 iyul 2023-cü il tarixli qərarların 3-cü sətrində göstərilən məbləğlər mühasibatlıq ekpertizasının müəyyən etdiyi məbləğ hissələri istisna edilməklə digər hissələrdə ləğv edilməlidir.

41. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardı.

42. Qeyd olunan maddənin tərifindən məlum olur ki, kameral vergi yoxlaması zamanı vergi ödəyicisi bəyannamədə vergi məbləğinin düzgün göstərmədiyi (az və ya artıq) tədqirdə vergi orqanı bu barədə ona 5 iş günü müddətində səbəblərini göstərilməklə yenidən hesablanmış qərar göndərməlidir. Başqa sözlə desək artıq hesablanmış vergi məbləğinin vergi ödəyicisinə qaytarılması vergi orqanının üzərinə öhdəlik kimi qoyulmuşdur.

43. Hazırki iddia tələbi üzrə kameral qaydada hesablanmış və mübahisə predmeti olan 19 iyul 2023-cü il tarixli qərarlar ləğv edildiyi təqdirdə vergi ödəyicisi özünün bəyan etdiyi vergi məbləğini ödəmək vəzifəzini daşımır. Başqa sözlə desək 19 iyul 2023-cü il tarixli qərarlar ləğv edildiyi tədqirdə bəyan edilmiş və ya Nazirlər Kabinetinin 55 saylı qərarı təstiq edilmiş qaydalara uyğun olaraq hesablanmış vergi məbləğlərinin vergi ödəyicisindən tələb edilməsi ilə bağlı hər hansı bir inzibati akt mövcud olmur. Sonradan vergi orqanı tərəfindən müddətin keçməsi ilə bağlı yeni vergilərin hesablanması imkan xaricində olur. Nəticədə dövlət büdcəsinə ödənilməli olan vergilər vergi ödəyicisinin əsassız yerə varlanmasına səbəb olur. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, 19 iyul 2023-cü il tarixli qərarların tam şəkildə ləğv edilməsinə zərurət yoxdur.Yəni gələcəkdə dövlət büdcəsinə vergilərin (4668,18 manat və 198,90 manat) ödənilməsinin təmin edilməsi məqsədi ilə vergi xidmətinin 19 iyul 2023-cü il tarixli qərarları Nazirlər Kabinetinin 55 saylı qərarı ilə təstiq edilmiş qaydalara uyğun hesablanmış məbləğlər hissəsində qüvvədə saxlanılmalıdır.

44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qanaətə gəlir ki, 2022-ci ilin gəlir vergisi üzrə vergi orqanının qəbul etdiyi 19 iyul 2023-cü il tarixli **********431000 saylı qərarı (üçüncü sətr) kameral vergi yoxlamasının nəticəsi olaraq vergi orqanı tərəfindən müəyyən edilmiş vergi və sığorta haqlarının 4668,18 manat hissəsi istisna olmaqla, 2023ci ilin gəlir vergisi üzrə vergi orqanının qəbul etdiyi 19 iyul 2023-cü il tarixli **********437200 saylı qərarı (üçüncü sətr) kameral vergi yoxlamasının nəticəsi olaraq vergi orqanı tərəfindən müəyyən edilmiş vergi və sığorta haqlarının 198,90 manat hissəsi istisna olmaqla ləğv edilməlidir.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2327/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı qismən-cavabdehin 19 iyul 2023-cü il tarixli **********431000 saylı qərarının üçüncü sətrində qeyd olunmuş kameral vergi yoxlamasının nəticəsi olaraq vergi orqanı tərəfindən müəyyən edilmiş vergi və sığorta haqlarının 4668,18 gəlir vergisi hesablanması hissəsi, 19 iyul 2023-cü il tarixli **********437200 saylı qərarının üçüncü sətrində qeyd olunmuş kameral vergi yoxlamasının nəticəsi olaraq vergi orqanı tərəfindən müəyyən edilmiş vergi və sığorta haqlarının 198,90 manat gəlir vergisi hissəsi istisna olmaqla digər hissələrdə ləğv edilməli, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 15 mart 2023cü il tarixli **********001800 saylı qərarının ləğv edilməsi hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2327/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı qismən-cavabdehin 19 iyul 2023-cü il tarixli **********431000 saylı qərarının (üçüncü sətr) kameral vergi yoxlamasının nəticəsi olaraq vergi orqanı tərəfindən müəyyən edilmiş vergi və sığorta haqlarından 4668,18 manat gəlir vergisi hesablanması hissəsi, 19 iyul 2023-cü il tarixli **********437200 saylı qərarının (üçüncü sətr) kameral vergi yoxlamasının nəticəsi olaraq vergi orqanı tərəfindən müəyyən edilmiş vergi və sığorta haqlarının 198,90 manat gəlir vergisi hissəsi istisna olmaqla digər hissələrdə ləğv edilsin. İddia Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2327/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edildiyi hissədə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2327/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 15 mart 2023-cü il tarixli **********001800 saylı qərarının ləğv edilməsi hissəsində dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar