Məhkəmə qərarları › İş №2-1(103)-1068/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1068/2021

10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1068/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Hüseyn sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X4, X5 və X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “nikahın pozulması haqqında akt qeydinin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2-1112)-2880/2020 saylı qərarından X5 və X7 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı – Cavabdeh tərəfindən tərtib edilmiş 24.02.2005-ci il tarixli, 63 nömrəli nikahın pozulması haqqında akt qeydinin etibarsız sayılaraq ləğv edilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2-1112)-2880/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan X5 və X7 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X5 və X7 apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və həmin qərara dair apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, hazırda qərar iş üzrə tərəf olmayan, həmçinin üçüncü şəxs qismində iş üzrə icraata cəlb olunmamış X5 və X7 tərəfindən mübahisələndirilmiş, lakin sonuncu belə bir səlahiyyətə malik olmasına dair sübut təqdim etməmişdir. AR İnzibati-Prosessual Məcəlləsinin 81-ci maddəsinin 1-ci və 2-ci bəndinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qeyd olunan normaların tələbinə əsasən məhkəmə qərarlarından yalnız iştirak edən tərəflər və məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər şikayət vermək hüququna malik olmaqla onu mübahisələndirə bilərlər. Hazırkı halda isə hazırkı iş üzrə şikayət vermiş şəxslər nə iş üzrə tərəf olmuş, nə də məhkəmə tərəfindən üçüncü şəxs qismində cəlb edilmişlər. İnzibati Prosessual Məcəllədə qanuni qüvvəyə minmiş məhkəmə qərarından işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayət vermək hüququ nəzərdə tutulmamışdır. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Həmçinin Plenum qeyd etmişdir ki, məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına və orada əks olunmuş hüquqi mövqeyə görə məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qəbul edilmiş qərarın onun maraqlarına toxunduğunu güman edən şəxsin icraata qoşulması həmin məhkəməyə ərizə verməklə üçüncü şəxs qismində icraata cəlb edilmə qaydasında həll olunmalıdır. Bu mənada şikayət vermiş şəxslər X5 və X3 üçüncü şəxs qismində işə cəlb edilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmək hüquqları izah edilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə icraatının iştirakçısı olmayan və icraata cəlb olunmayan şəxslər tərəfindən şikayət verilməsi qanunvericilikdə nəzərdə tutulmadığından şikayət mümkün sayılmamalı və аpellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2-1112)-2880/2020 saylı qərarından X5 və X7 tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar