Məhkəmə qərarları › İş №2-1(103)-1068/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1068/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1068/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (3-cü şəxs Neftçala rayon Mərkəzi Xəstəxanası) ikinci dərəcə əlilliyin müəyyən edilməsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11550/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verimiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (3cü şəxs Neftçala rayon Mərkəzi Xəstəxanası) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 28.09.2021ci il tarixdə iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtinanın əsassız hesab edilməsi, təkrar ikinci dərəcəli əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11550/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcəli əlilliyin müəyyən edilməsi” tələbinə dair 2-1(112)- 11550/2021 saylı iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdehin nümayəndəsi apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.2. maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmçinin həmin Məcəllənin 8.1.4-cü maddəsinin tələbinə görə digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İnzibati orqan olan Agentliyin hüquqi ünvanı ünvan 1 alındığından hazırki işə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, işin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsində baxılmalıdır. İddia tələbindən görünür ki, İddiaçı əlillik müayinəsindən keçərək, Neftçala rayon Mərkəzi Xəstəxanasından 88 nömrəli Forma arayışı almaqla cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir və imtina cavabı almışdır. İddiaçı əlillik dərəcəsinin verilməsindən imtinasının əsassız hesab edilməsi və təkrar ikinci dərəcəli əlilliyin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə hazırki məcburetmə tələbi ilə 18 oktyabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati prosessual Məcəlləsinə 01 oktaybr 2021-ci il tarixdə qüvvəyə minmiş yeni dəyişikliklərə əsasən bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Göründüyü kimi, iddiaçı hazırki iddia tələbi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 28.09.2021-ci il tarixdə iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtinanın əsassız olduğunu bildirərək, ona ikinci dərəcəli əlillik dərəcəsinin müəyyən edilməsini xahiş edir. Belə halda cavabdehin yurisdiksiyası respublikanın bütün rayonları daxil olmaqla, birdən çox məhkəmənin yurisdiksiyasına aid olduğundan, hazırki iş aidiyyəti üzrə baxılması üçün iddiaçının yaşayış yeri üzrə məhkəməyə göndərilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Qanun normasından da aydın olduğu kimi şəxsin qeydiyyatda olduğu yer şəxsin yaşayış yeri sayılır. İddia ərizəsinə əlavə edilən sənədlərdən görünür ki, İddiaçı qeydiyyat və yaşayış ünvanı Neftçala rayonunun, Surra kəndidir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14.11.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Neftçala rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin inzibati-iqtisadi kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün işə ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Hazırki iş üzrə Bakı inzibati Məhkəməsinin 2-1(112)-11550/2021 saylı, 23 dekabr 2021ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar