Məhkəmə qərarları › İş №2-1(103)-1068/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1068/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1068/2024 15.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və X2 ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1703/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçılar X12, X10 və İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İddiaçı, X12 və X10 barəsində olan “işdən azad edilmə və sərəncama götürülmə” barədə xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçıların öz əvvəlki vəzifələrinə bərpa olunmaları, məcburi iş buraxmaya görə xx.xx.2021-ci il tarixdən işə bərpa olunacaqları günədək əmək haqqlarının hesablanaraq cavabdehdən tutlulub iddiaçılara ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin 1-ci operativ nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsində işləmişdir. xx.xx.2021-ci il tarixdə rəhbərlik tərəfindən fiziki şəxs X3 (VÖEN: **********) məxsus Bakı şəhəri Səbail rayonu, Bibi-Heybət qəsəbəsində yerləşən “Şəfa” restoranı adlı obyektdə xronometraj metodu ilə müşahidə aparılması İddiaçı və X6 və idarənin başqa bir əməkdaşına həvalə edilmişdir. “Şəfa” restoranında aparılan yoxlamada təhkim edilən 3 (üç) nəfər vergi əməkdaşlardan bir nəfəri üç gün yoxlamada iştirak etmiş və məzuniyyətə çıxması ilə əlaqədar xx.xx.2021-cı il tarixdən yoxlamadan çıxarılmışdır. Ramin Nəsirli və Məmməd Əmrahov yuxarıda göstərilən səbəbdən şöbə rəisinə əlavə əməkdaşların yoxlamaya cəlb edilməsi zərurəti yarandığını bildirmiş, şöbə rəisi öz növbəsində bu barədə İdarə rəisinə məlumat verəcəyini bildirmişdir. Belə ki, “Şəfa” restoranın sahəsi 2(iki) ha yaxın, 70 nəfərə yaxın işçi heyyəti, olan, ərazinin müxtəlif istiqamətlərində quraşdırılmış 5(beş) ədəd r-keeper mövcud olan və iş rejimi səhər saat 10:00-dan axşam saat 23:30-dək olmuş, buna görə də həmin yerə əlavə işçilərin cəlb edilməsi zərurəti yaranmışdır. Sonradan şöbə rəisi zəng edərək iş həcminin çox olması və əməkdaşların digər yoxlamalarda olması ilə əlaqədar əlavə əməkdaşların yoxlamaya əlavə edilməsinin mümkün olmayacağını bildirmişdir. Buna baxmayaraq, hər iki əməkdaş, yəni Ramin Nəsirli və Məmməd Əmrahov tərəfindən aparılan müşahidə zamanı göstərilən xidmətlərə görə ödənilən məbləğlərə ciddi nəzarət olunaraq, r-keeperlərlə yoxlayaraq nəzarət kassa aparatına mədaxil edilməsinə nəzarət təmin edilmişdir. xx.xx.2021-ci il tarixdə şöbə rəisi tərəfindən hər iki restoranda yoxlamanın yekunlaşdırılması ilə bağlı göstəriş verilmiş, hər iki qrup tərəfindən yoxlamanın nəticələrinə dair müvafiq aktlar tərtib edilərək rəhbərliyə təqdim edilmişdir. Qeyd edilən yoxlamadan təxminən iki ay sonra Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən həmin restoranlarda yoxlama aparılmış, lakin hər hansı bir mənfi hal aşkar edilməmişdir. Yoxlama aparan əməkdaşlar restoranın əməkdaşlarına menyu sistemi kassasının əsas mənbəyinin harada yerləşməsini aydınlaşdırmış və həmin ünvana getmişlər. Həmin ofisin vergi ödəyicisinə məxsus olduğu bildirilsə də, başqa ünvanda, Nəsimi rayonu Əjdər bəy məscidi ətrafında yerləşmiş (Yoxlama zamanı baza məlumatlarına əsasən vergi ödəyicisinin qeydiyyatda olan obyektləri siyahısında belə bir ünvanda yerləşən təsərrüfat subyekti mövcud deyil) və oradan götürülmüş excel sənədlər əsasında Departamentdə araşdırma başlanılmış, həmçinin həmin Departament tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinə məlumat verilmiş və bundan sonra idarədə qeyd edilən əməkdaşlar tərəfindən xx.xx.2021-cı il tarixdən xx.xx.2021-ci il tarixədək aparılan yoxlama üzrə araşdırma başlanılmışdır. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsi tərəfindən yoxlamada iştirak etmiş 5 əməkdaşın, həmçinin iki nəfər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin rəisi Rəşad Hüseynov və həmin idarənin şöbə rəisi xx.xx.2021-cı il tarixdən - xx.xx.2021-ci il tarixədək aparılan yoxlama üzrə araşdırmanın nəticələri aydınlaşanadək işə buraxılmayacaqları bildirilmiş, lakin bununla bağlı heç bir əməkdaşa hər hansı bir rəsmi sənəd təqdim edilməmişdir. Həmin vaxt Ramin Nəsirli ailə üzvləri covid infeksiyasına yoluxduğundan, karantində olduğu üçün işdə olmamışdır. Beləliklə, xx.xx.2021-ci il tarixdən araşdırma aparılmağa başlanılmış, araşdırmaya əsasən yeddi nəfər əməkdaşın izahatları alınmış, həmin əməkdaşların izahatları isə eyni məzmunda olmuşdur. Beləliklə, xx.xx.2021-ci il tarixdən aparılan araşdırmanın nəticələrini gözləməyən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin rəisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi onun tabeleyində olan Operativ vergi nəzarəti idarəsinin şöbə rəisi ərizə yazaraq işdə ayrılmış, Nazim adlı əməkdaş barəsində ümumiyyətlə hər hansı bir tədbir görülməmiş (həmin əməkdaş hazırda da öz vəzifəsi üzrə fəaliyyətini davam etdirir), Adil adlı əməkdaş isə həmin dövrdə sınaq müddətində olduğundan rəhbərlik tərəfindən bu hadisəyə görə barəsində mənfi xarakteristika verildiyindən, onunla işə götürmə barədə əmək müqaviləsi bağlanılmamışdır. İddiaçı isə cavabdehə müraciət etsə də ona barəsində verilmiş əmr, məlumat və ya hər hansı bir sənəd təqdim edilməmiş, həmçinin şifahi olaraq hər hansı bir məlumat verilməmiş, habelə təhvil-təslim işləri aparılmamışdır. İddiaçı tərəfindən cavabdehə ərizələr ünvanlaraq işə qayıtmasına şərait yaradılması xahiş edilsə də, cavabdeh tərəfindən iddiaçıya yazılı cavab verilərək, araşdırmanın nəticəsinə dair Dövlət Vergi Xidmətinin rəhbərliyi tərəfindən müvafiq qərar qəbul edildikdən sonra ona məlumat veriləcəyi bildirilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı rəhbərlik tərəfindən idarəyə dəvət olunmuş və ona araşdırmanın yekunlaşdığı və onun yuxarıda qeyd edilən məsələ ilə əlaqədar hər hansı bir günahının olmadığı bildirilmiş və ona müxtəlif bölgələrdə yerləşən idarələrdə işləmək təklif edilmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsində işləyə biləcəyinə razı olduğunu bildirmiş, bundan sonra rəhbərlik tərəfindən ona yaxın vaxtlarda əlaqə saxlanılacağı bildirilmişdir. Lakin həmin vaxt idarədə ona barəsində olan “işdən azad edilmə və sərəncama götürülmə” barədə xx.xx.2022-ci il tarixli əmr nə təqdim olunmamış, ümumiyyətlə belə bir əmrin mövcudluğu barədə hər hansı bir məlumat verilməmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı ilə rəhbərlik arasında olan görüşdən sonra yenə də iddiaçı tərəfindən bir neçə dəfə cavabdehə şifahi və yazılı müraciətlər olunsa da, ona hər hansı bir müsbət cavab verilməmişdir. Halbuki, iddiaçı iş fəaliyyəti dövrü ərizində barəsində hər hansı bir intizam tənbeh tədbiri görülməmiş, həmişə nümunəvi davranışları və işə olan məsuliyyətləri ilə fərqlənmiş, lakin cavabdehin hərəkətləri nəticəsində tutduğu vəzifələrindən kənarda qaldığından bu müddət ərzində ona hər hansı bir əmək haqqı ödənilməmişdir. Buna görə də iddiaçı cavabdehə həm yazılı, həm online qaydada müraciət edərək, onun işə buraxılmaması barədə rəsmi sənədin ona təqdim edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə hər iddiaçının poçt ünvanına barəsində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin “işdən azad edilmə və sərəncama götürülmə” barədə xx.xx.2022-ci il tarixli əmri müşaiət məktubu ilə birlikdə göndərilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İddiaçı barəsində olan “işdən azad edilmə və sərəncama götürülmə” barədə xx.xx.2022-ci il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, cavabdeh orqan iddiaçın barəsində qəbul edilmiş “işdən azad edilmə və sərəncama götürülmə” barədə xx.xx.2022-ci il tarixli əmrində, iddiaçıları xx.xx.2021-ci il tarixdən işdən kənarlaşdırılmasına səbəb olan hallara deyil, “X11 Xidmət Haqqında” Əsasnamənin 38-ci bəndinə istinad etmiş, lakin həmin əmrin verilməsinə səbəb olan faktiki və hüquqi əsasları göstərməmiş və həmçinin əsaslandırmamışdır. Halbuki, cavabdeh öz əmrində təşkilati-ştat təbdirlərinin konkret nədən ibarət olmasını, həmin tədbirləri həyata keçirərkən niyə iddiaçıların işdən azad edilməsinə və sərəncama götürülməsinə zərurət yarandığını və digər halları göstərməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-9151/2022 nömrəli qərardadı ilə iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” barədə iddia tələbi üzrə 2-1(112)-9151/2022 nömrəli işdən iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbi üzrə iş yeni nömrə ilə və İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbi üzrə iş yeni nömrə ilə qeydiyyata alınmaqla icraatlar ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10690/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin onun barəsində olan “xidmətə xitam vermə və sərəncamdan çıxarılma” barədə xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunmağı, məcburi iş buraxmaya görə xx.xx.2021-ci il tarixdən işə bərpa olunacağı günədək əmək haqqının hesablanaraq cavabdehdən tutulub ona ödənilməsinin cavabdehə həvalə edilməsi” barədə iddianın dəyişdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh orqan “xidmətə xitam vermə və sərəncamdan çıxarılma” barədə xx.xx.2022-ci il tarixli əmrində, xx.xx.2021-ci il tarixdən işdən kənarlaşdırılmağına səbəb olan hallara deyil, “X11 Xidmət Haqqında” Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə istinad etmiş, lakin həmin əmrin verilməsinə səbəb olan faktiki və hüquqi əsasları göstərməmiş və həmçinin əsaslandırmamışdır. Halbuki, cavabdeh öz əmrində təşkilati-ştat tədbirlərinin konkret nədən ibarət olmasını, həmin tədbirləri həyata keçirərkən niyə məhz işdən azad edilməyinə və sərəncamdan çıxarılmağına zərurət yarandığını və digər halları göstərməmişdir. Bundan əlavə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində işdən kənarlaşdırıldığı müddət ərzində əmək haqqı ödənilməmiş, xx.xx.2021-ci il tarixdən hazırki vaxtadək öz maddi təminatlarından məhrum olmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-1703/2023 nömrəli qərardadı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin barəsində olan “İşdən azad edilmə və sərəncama götürülmə” barədə xx.xx.2022-ci il tarixli və Dövlət Vergi Xidmətinin “Xidmətə xitam verilmə və sərəncamdan çıxrılma barədə” xx.xx.2022-ci il tarixli əmrlərin ləğv edilməsi, cavabdehin üzərinə tutduğu vəzifəyə bərpa olunmağı öhdəliyinin qoyulması,xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək vəzifədən müvəqqəti olaraq kənarlaşdırıldığı müddət ərzində cavabdeh orqan tərəfindən ona ödənilməmiş ödəncin və xx.xx.2021-ci il tarixindən məcburi iş buraxmaya görə işə bərpa olunacağı günədək ödəncin hesablanaraq cavabdehdən tutularaq ödənilməsinin cavabdehə həvalə edilməsi barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1703/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək vəzifədən müvəqqəti olaraq kənarlaşdırıldığı müddət ərzində ödənilməmiş əmək haqqının ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin tam edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə müəyyən olunur ki, vergi orqanının xx.xx.2022-ci il tarixli **********713400 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən "X11 xidmət haqqında Osasnamə"nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən istinad olunmuşdur. Qeyd edilən əmrdə hansı təşkilatiştat tədbirlərinin keçirildiyi bilavasitə göstərilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında təşkilati-ştat tədbirinin vergi orqanının struktur bölmələrində müvafiq ştatların ləğv edilməsi və ya ştat sayının azaldılması ilə bağlı olması kimi əsaslandırsa da təqdim edilmiş 2021-ci il və 2022-ci il üzrə iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturunun, onun Aparatının və strukturuna daxil olan qurumların strukturlarının və ştat cədvəllərinin müqayisəli təhlili zamanı iddiaçının işlədiyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin 1-ci operativ nəzarət şöbəsində ştat sayının cəmi 19, həmin şöbədə baş dövlət vergi müfəttişi ştatının isə 3 vahid saxlanılmaqla ştat vahidlərinin sayında hər hansı dəyişiklik olmadığı müəyyən olunmuşdur. Bundan əlavə mübahisələndirilən əmrin özündə iddiaçının Əsasnanməsi"nin 75-ci maddəsinin 3-cü hissəsinin hansı iki əsasdan birinə - "vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda" və "və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə" əsasına istinad olunmamışdır. Halbuki, qeyd edildiyi kimi Əsasnamənin 75-ci maddəsinin 3-cii hissəsi xidmətə xitam verilmənin ayrı-ayrılıqda iki müxtəlif əsasını göstərmişdir. Həmin maddə ilə xidmətə xitam verilərkən inzibati orqan xitam vermənin əsasını müəyyən etməli və həmin əsası bilavasitə əmrdə qeyd elməli idi. Bununla əlaqədar qeyd edilir ki, Əmək Məcəlləsinin 76-cı maddəsində də bu hal tənzimlənmiş və həmin tənzimləməyə görə işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Tərəflərin izahatları : Məhkəmə Kollegiyası iclasında iştirak edən iddiaçı izahatında apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini, iddianın tam təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apelyasiya instansiya məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Dövlət vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin 1-ci operativ nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. xx.xx.2021-ci il tarixli **********827600 nömrəli əmrlə iddiaçı tutduğu vəzifədən kənarlaşdırılmış, daha sonra xx.xx.2022-ci il tarixli **********101600 nömrəli əmri ilə "X11 xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən işdən azad edilmiş və 3 ay müddətinə Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. Daha sonra Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********713400 nömrəli əmri ilə “X11 xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilərək xx.xx.2022-ci il tarixdən Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarından müəyyən edilir ki: -Vəzifədən müvəqqəti olaraq kənar edilmə haqqında xx.xx.2021-ci il tarixli əmri ilə adları aşağıda qeyd olunan əməkdaşlar "X11 xidmət haqqında Əsasnamə"nin 41-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xidməti araşdırma başa çatana qədər tutduqları vəzifədən müvəqqəti olaraq kənar edilsinlər: -İddiaçı – kiçik vergi xidməti müşaviri - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin 1-ci operativ nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi. -Dövlət Vergi Xidmətinin “İşdən azad edilmə və sərəncama götürülmə barədə” xx.xx.2022-ci il tarixli **********101600 nömrəli əmrindən çıxarışa əsasən kiçik vergi xidməti müşaviri Nəsirli X1 Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin 1-ci operativ nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi 05 yanvar 2022-ci iİ tarixdən "X11 xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən tutduğu vəzifədən azad olunmuş hesab edilmiş və 3 ay müddətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. - İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin X5 Komitəsinin xx.xx.2022-ci il tarixli, 16 nömrəli məktubunda qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 16.02.22-ci il tarixli **********101600 nömrəli əmri ilə İqtisadiyyat Nazirliyi yanında X13 sərəncamına götürülmüş X12, X10 və İddiaçı təklif olunan dövlət qulluğu vəzifələrindən imtina etdikləri barədə daxil olmuş sənədlər tərəfimizdən araşdırılmışdır. Təklifə razı olmayan əməkdaşların "X11 xidmət laqqında Əsasnamə"nin 75-ci maddəsinin 3-cü bəndi ilə xx.xx.2022-ci il tarixdən anlarla bağlanmış əmək müqaviləsinə xitam verilərək Dövlət Vergi Xidmətinin lərəncamından çıxarılmalarına münasibət bildirməyimiz haqqındakı müraciətinizə Dövlət Vergi Xidmətinin X5 Komitəsi Rəyasət Heyətinin clasında baxılmışdır. Dövlət Vergi Xidmətinin X5 Komitəsi X12, X10 və İddiaçı göstərilən maddə ilə onlarla bağlanmış əmək müqaviləsinə xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmasına etiraz etmir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma barədə” xx.xx.2022-ci il tarixli **********713400 əmrinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********101600 nömrəli əmri ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən “X11 xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmış hesab edilmişdir. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “X11 xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə əsasən təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müddət daxil edilmir. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, sərəncama götürülmə və sərəncamda saxlama səlahiyyəti inzibati orqanın diskresion səlahiyyəti olmaqla inzibati orqana öz mülahizəsinə görə qiymətləndirmə aparmaqla işdən azad etdiyi işçini qanunla müəyyən edilmiş müddət daxilində onda olan mümkün vəzifələrdən birinə yerləşdirmə imkanını nəzərdə tutur. Yəni bu müddət ərzində inzibati orqan iddiaçını konkret olaraq əmək funksiyalarının icrasına buraxmır, lakin eyni zamanda onun başqa bir vəzifəyə təyin edilmə imkanlarının olub-olmaması (mövcud vakant vəzifə üçün tələb olunan şərtlər, işçinin ixtisası, təcrübəsi, digər işçi keyfiyyətləri və s.) baxımından özlüyündə qiymətləndirmə aparır. Sərəncama götürülmə diskresion səlahiyyət olmaqla yanaşı sərəncamda olma müddəti bitdikdən sonra müvafiq vakant vəzifə üzrə işçinin yerləşdirilməsində qiymətləndirmə də diskresion səlahiyyət kimi qiymətləndirilməlidir. Bu mənada cavabdehin iddiaçı barəsində qəbul etdiyi və hazırkı iddianın predmetini təşkil edən əmr inzibati orqanın diskresion səlahiyyət əsasında qəbul etdiyi inzibati aktdır. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları nəzərə alındıqda hazırkı iş üzrə diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. İnzibati orqanın diskresion səlahiyyətini aşması, diskresion səlahiyyətindən sui-istifadə, səlahiyyətin məqsədlərinə açıq-aşkar zidd hərəkət etməsi halları inzibati məhkəmə icraatında müəyyən edilməmişdir. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “X11 xidmət haqqında” Əsasnamə:

1. Vergi orqanlarında xidmət - Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirilən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra «vətəndaşlar» adlanacaq) dövlət qulluğunun xüsusi növüdür.

8. Vergi orqanlarına xidmətə qəbul «Dövlət qulluğu haqqında» Qanunla və bu Əsasnaməyə uyğun olaraq aparılır.

75. Vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: 3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin “Xidmətə xitam verilmə və sərəncamdan çıxrılma barədə” xx.xx.2022-ci il tarixli əmri mübahisələndirilən birinci əmrlə (xx.xx.2022-ci il tarixli əmr) başlayan icraatın yekununda qəbul edilmiş inzibati akt kimi də qiymətləndirilməlidir. Belə ki, iddiaçı tutduğu vəzifədən ilkin olaraq təşkilatı ştat tədbirləri ilə əlaqədar xx.xx.2022-ci il tarixli əmrlə azad edilmiş və sərəncama götürülmüşdür. xx.xx.2022-ci il tarixli əmr məhz təşkilatı-ştat tədbirinin keçirilməsi ilə əlaqədar inzibati orqana iddiaçını vəzifədən azad edərək sərəncama götürməsinə əsas vermişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10690/2022 nömrəli qərardadı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmətinə xitam verilmə və sərəncamdan çıxarılma barədə xx.xx.2022-ci il tarixli, **********713400 nömrəli əmrin ləğv edilməsi və işə bərpa olunması tələbi üzrə zəruri araşdırmanın aparılması və bu barədə iddiaçının müraciətinə yenidən baxılması üçün cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinə 2 (iki) aylıq müddət təyin edilmişdir. Qərardadın icrası ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********418900 nömrəli məktubunda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin İddiaçı iddiası üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadının icrası ilə əlaqədar bildiririk ki, İddiaçı xx.xx.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasında qəbul olunmuş, ona 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Operativ vergi nəzarəti tədbirləri şöbəsinin dövlət vergi müfəttişi vəzifəsi təklif olunsa da, o, həmin vəzifədə işləməkdən imtina etmişdir. Beləliklə, cavabdeh inzibati orqan öz təşəbbüsü ilə, habelə birinci instansiya məhkəməsinin aralıq qərardadından sonra da iddiaçıya təşkilatı ştat tədbiri kimi işçini qiymətləndirmə və yerləşdirilməsi ilə bağlı mülahizə (qiymətləndirmə) azadlığına uyğun olaraq alternativ vəzifələr və iş yerləri təklif etmiş, lakin iddiaçı təklif olunan vəzifələrlə razılaşmamışdır. Belə olan halda iddiaçının əmək fəaliyyətinə xitam verilməsinin əsası - qeyd olunan Əsasnamənin 75-ci maddənin 3-cü bəndinə əsasən “təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər halda isə vəzifəli şəxs ona təklif olunan hər hansı belə vəzifəyə keçirilməkdən imtina etməsi ilə” olan dispozisiya şərti ödənilir. Odur ki, cavabdeh inzibati orqanın qanunla ona verilmiş səlahiyyətləri iddiaçıya münasibətdə düzgün həyata keçirdiyi müəyyən edilir. Sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əmrlər qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdur. Eyni zamanda sərəncamdan çıxarılma barədə əmrin ləğvi üçün əsaslar olmadığından həmin tələbdən irəli gələn digər tələblər - işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, cavabdehin apelyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1703/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar