Məhkəmə qərarları › İş №2-1(103)-1069/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1069/2022

07.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1069/2022 07.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs: ƏƏSMN) “avtomobil növbəsinə götürülməsi üçün göstərişin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1627/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı iddia ərizəsi, sonradan isə iddianın dəqiqləşdirilməsi barədə ərizəsini təqdim edərək güzəştli avtomobil növbəsinə götürülməsi üçün tibbi göstəriş verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə İddiaçı xx.xx.1993-cü ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Döyüş zonasında xidməti vəzifəsini yerinə yetirərkən xx.xx.1994-cü il tarixdə düşmən mərmisindən ağır yaralanaraq, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə qədər Neyro-Cərrahiyyə Xəstəxanasında müayinə və müalicə zamanı ona boyun, baş və bud nahiyəsindən travması, orta ağır dərəcəsi diaqnozu qoyulmuşdur. Hərbi hərbi xidməti vəzifələrini yerinə yetirərkən aldığı travma Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-həkim komissiyası tərəfindən 204 saylı xx.xx.2008-ci il tarixli şəhadətləndirmə ilə “hərbi travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” kimi həmin Komissiyanın 179 saylı xx.xx.2008-ci il tarixli protokolu əsasında ona ƏƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 2-ci qrup Qarabağ əlili kimi qiymətləndirilmiş və TSEK-də sonuncu müayinə dair məlumat vərəqəsində xəstəliyinin hərbi xidmət dövründə alınması ilə əlaqədar ona İİ qrup əlillik təyin edilmişdir. TSEK-ə “onlayn” sistemdə xxxxxxx0005 nömrəli göndəriş olunmuş, lakin cavabdeh onun avtomobil və motorlu araba ilə təmin edilməsinə dair tibbi göstəriş meyarından imtina vermişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, göndərişdə əsas diaqnoz kimi qeyd edilmiş “S74.0 oturaq sinirinin bud-çanaq oynağı və bud səviyyəsində funksiyasının pozulması” avtomobilə tibbi göstərişin təyininə əsas vermir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1627/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd olunmuşdur. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı qərar və özləri tərəfindən tədbiq edilən Təlimatın əsas götürülməsi qanunsuz hesab edilir. Məhkəmə Nazirlər Kabinetinin həmin qərarına hüquqi qiymət verməmiş, prosessual pozuntulara yol vermişdir. Birinci Qarabağ müharibəsində xəsarət almış əlil kimi onun hüququ pozularaq, inzibati orqanın xeyrinə qərəzli şəkildə qərar qəbul edilir. Ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi konstitsion təminat verilir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar iddiaçı məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirak olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi G.Məmmədova iddiaçının apellyasiya şikayəti ilə razılaşqyaraq, onun xəstələyinin avtomobil növbəsinə götürülməsi üçün göstəriş verilməsinə əsas vermədiyini bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçıya ünvanladığı 10 avqust 2020-ci il tarixli məktubunda avtomobilə tibbi göstəriş verilməsindən imtina edərkən aşağıdakıları bildirmişdir: -“Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar”, “20 yanvar hadisələri ilə əlaqədar” səbəbindən əlilliyi olan şəxslər, həmçinin, müharibə əlili və onlara bərabər tutulan əlillər tibbi göstəriş olduğu halda minik avtomobili ilə təmin olunurlar. Səhiyyə müəssisəsinin xx.xx.2016-cı il tarixli 4401003AAADA saylı göndərişində qeyd edilmiş əsas diaqnoz və onun ağırlaşmaları - Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənnin 5.2.3 bölməsinə müvafiq olaraq avtomobilə tibbi-göstərişin təyininə əsas vermir.” Həmin imtinadan narazı qalan iddiaçı xx.xx.2000-ci il tarixində öhdəliyin icrası haqqında iddia tələbi ilə məhkəməyə müraciət edərək güzəştli avtomobil növbəsinə götürülməsi üçün tibbi göstəriş verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etmişdir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 204 nömrəli, xx.xx.2008-ci il tarixli qərarının surətinə əsasən müəyyən olunur ki, iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarixdə xəsarət almış, xx.xx.1994-xx.xx.1994 tarixlərində Bakı şəhər “Neyrocərrahiyyə Xəstəxanası”nda müayinə və müalicəsi zamanı onun yaralanma diaqnozu: «Sağ boyun nahiyyəsinin, sağ dirsək oynağı nahiyyəsinin və sol budun orta 1/3nin çoxsaylı infeksiyalaşmış kor qəlpə yaraları, oynaqların və oturaq sinirinin funksiyalarının hissəvi pozulmaları ilə» (Xətai RHK-nın xx.xx.2008-ci il tarixli 928 nömrəli göndərişi, xx.xx.2008-ci il tarixli 158 nömrəli arayışı, neyrocərrahlıq xəstəxanasından verilmiş xx.xx.2008-ci il tarixli çıxarış epikrizi ilə təsdiq edilir.) müəyyən olunmuş, həmin diaqnoz əsasında hərbi-həkim komissiysı tərəfindən onun aldığı travma“Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir. Eyni zamanda işə əlavə olunmuş 2 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli xxxxxxx0005 nömrəli müayinə olunan şəxs haqqında məlumatına əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2016-cı il tarixdə təkrar müayinədən keçmiş və ona xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbi ilə 2-ci qrup əlillik dərəcəsi verilmişdir. TSEK-in diaqnozu aşağıdakı kimi olmuşdur: Boyunun sağ yarısının, sağ dirsək oynağının, sol budun yuxarı 1/3-nin çoxsaylı qəlpə yaralanmasından s/v. Oturaq siniri və oynaqların funksiyasının hissəvi pozulması. Sol baldırın limfostazı. Eyni zamanda, iş materialları üzrə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC Sosial inkişaf idarəsinin 1 saylı poliklinikasının 4401003AAADA nömrəli göndərişi üzrə aparılmış müayinədən görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdə TSEK-də müayinə olunmuş və ona minik avtomobili üçün tibbi göstəriş verilməmişdir. Beləliklə də, tədqiq olunan sübutlarla müəyyən edilən hallardan göründüyü kimi, TSEK tərəfindən iddiaçıda aşkar olunan xəstəliyin diaqnozu: “Boyunun sağ yarısının, sağ dirsək oynağının, sol budun yuxarı 1/3-nin çoxsaylı qəlpə yaralanmasından s/v. Oturaq siniri və oynaqların funksiyasının hissəvi pozulması. Sol baldırın limfostazı.” təşkil edir. Azərbaycan Republikası Nazirlər Kabinetinin 05 avqust 1993-cü il tarixli 433 saylı qərarı ilə təsdiq edilmiş “Xüsusi nəqliyyat almaq üçün tibbi-göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” Təlimatın 15-ci bəndinə əsasən motorlu araba və avtomobillər tibbi göstəriş olduğu hallarda aşağıda qeyd edilən əlillərə pulsuz verilir: Qarabağın dağlıq hissəsində, onunla və Ermənistanla sərhəd rayonlarında Azərbaycan Respubilkasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərə; -1990-cı ildə Bakı şəhərində və Respubilkanın digər yaşayış məntəqələrində baş vermiş faciəli yanvar hadisələri zamanı əlil olmuş şəxslərə; -Çemobıl AES-də qəzanın nəticələrini aradan qaldırmaqda “iştrak edib əlil olmuş şəxslərə; -İİ dünya müharibəsi əlillərinə və onlara bərabər tutulanlara." «Təlimat»ın qeyd olunan müddalarının təhlili onu deməyə əsas verir ki, “tibbi göstəriş” mövcud olduğu halda, 1-ci Qarabağ müharibəsi əlili olan iddiaçının güzəştli avtomobillə təmin edilməsi mümkündür. Adıçəkilən «Təlimat»ın 2-ci bəndində isə nəzərdə tutulur ki, əlillərin xüsusi nəqliyyat vasitəsi almağa tibbi göstərişləri haqqında tibbi-sosial ekspert komissiyasının (TSEK) rəyi avtomobil və motorlu arabanın növbəyə götürülməsi və verilməsi üçün əsasdır. TSEK qərar çıxararkən həmin nəqliyyat vasitəsinin alınması üçün Respublika Səhiyyə Nazirliyi ilə razılaşdırılmış Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Əlilliyin müəyyən edilməsinin meyarlarına dair Əsasnamə”dən istifadə edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 5.2.3-cü yarımbəndinə əsasən avtomobillər aşağıdakı hallarda verilir: 5.2.3.1. ikinci-B dərəcəli xroniki qan dövranı çatışmazlığ; 5.2.3.2. ikinci dərəcəli ağciyər çatışmazlığı; 5.2.3.3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parez; 5.2.3.4. hemiplegiya, nəzərəçarpan hemiparez; 5.2.3.5. nəzərəçarpan ataksiya, hiperkinetik, amiostatik sindrom; 5.2.3.6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri ikinci dərəcə arterial çatışmazlığı; 5.2.3.7. aşağı ətrafların nəzərəçarpan trofik pozuntuları (hər iki aşağı ətraf və çanaq qurşağı əzələlərinin müxtəlif etiologiyalı atrofiyaları); 5.2.3.8. aşağı ətraf venalarının xəstəlikləri, bir aşağı ətrafda üçüncü və ya hər iki aşağı ətrafda ikinci-üçüncü dərəcə venoz çatışmazlıqları; 5.2.3.9. hər iki aşağı ətrafın fıllik xəstəliyi; 5.2.3.10. hər iki əlin güdülü; 5.2.3.11. hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 5 dərəcəyədək məhdudlaşması); 5.2.3.12. hər iki pəncənin Şarp üzrə güdülü (ayaq darağı sümük başlıqlarının amputasiyası) və ya hər iki aşağı ətrafın yüksək səviyyədə güdülü; 5.2.3.13. baldırın güdülü; 5.2.3.14. bud-çanaq oynaqlarının, ətrafların funksiyasının nəzərəçarpan dərəcədə pozulması ilə müşayiət edilən, anadangəlmə və ya qazanılmış çıxığı; 5.2.3.15. bud-çanaq və ya diz oynağının laxlaması; 5.2.3.16. bud-çanaq oynağının ankilozu və ya kəskin çarpan kontrakturası (hərəkətlərin həcmi 10 dərəcəyədək olduqda); 5.2.3.17. diz oynağının ankilozu və ya funksional əlverişsiz vəziyyətdə (150 dərəcədən az və 170 dərəcədən artıq bucaq altında) kəskin kontrakturası; 5.2.3.18. topuq oynağının kəskin nəzərəçarpankontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti; 5.2.3.19. hər iki bud və ya baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində onların 170 dərəcədən az bucaq altında deformasiyası; 5.2.3.20. bir aşağı ətraf və ya ancaq qurşaq sümüklərinin xroniki osteomieliti (2 ildən artıq gedişli fıstula və ya sekvestrli boşluqların olması ilə); 5.2.3.21. budda yalançı oynaq, yaxud iri sümük qüsuru olması (sümüyün çevrəsinin yarısından artığı dağılmaqla) budun və ya baldırın hər iki sümüyünün yalançı oynağı və ya sümük qüsuru, yaxud qamış sümüyünün incik sümüyündə 170 dərəcədən kiçik bucaq altında deformasiya olmaqla yalançı oynağı və ya sümük qüsuru; 5.2.3.22. bud-çanaq oynağının endoprotezi; 5.2.3.23. hər iki diz oynaqlarının endoprotez; 5.2.3.24. bir aşağı ətrafın 10 sm qısa olması; 5.2.3.25. baldırda 20 kv.sm pəncənin üst səthində 10 kv.sm və pəncənin alt səthində ən azı 2 kv.sm ölçülü uzun müddət (6 aydan artıq) sağalmayan xora, yaxud travmadan sonrakı trofik pozuntular; 5.2.3.26. onurğanın ayaq üstə dayanmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyası, onurğa funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşayiət olunan üçüncü-dördüncü dərəcəli əyilmələri; 5.2.3.27. ankilozlaşdıranspondiloartrit (Bexterev xəstəliyi) bud-çanaq oynaqlarının nəzərəçarpankontrakturası ilə; 5.2.3.28. müharibə əlillərinin hər iki gözünün görmə itiliyi 0.04-dən aşağı və ya görmə sahəsi 10 dərəcədən aşağı olduqda; 5.2.3.29. proqramlı hemodializ. Göründüyü kimi, qeyd olunan müddəalar sırasında iddiaçının “Boyunun sağ yarısının, sağ dirsək oynağının, sol budun yuxarı 1/3-nin çoxsaylı qəlpə yaralanmasından s/v. Oturaq siniri və oynaqların funksiyasının hissəvi pozulması. Sol baldırın limfostazı.” diaqnozunu ehtiva edən xəstəlik növü yoxdur, yəni, onun xəstəliyi - avtomobilə tibbigöstəriş verilməsinə əsas verən xəstəliklər və ya travmalar siyahısında nəzərdə tutulmamişdir. Beləliklə də qanunvericilik bütün əlillər avtomobil növbəsinə götürülməsini nəzərədə tutmur və yalnız Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş qeyd edilən «Əsasnamə»sində nəzərdə tutulmuş xəstəliklər mövcud olduğu hallarda tibbi göstəriş verilən əlillərə pulsuz avtomobil verilir. İddiaçının xəstəliyi isə, qeyd edildiyi kimi, qeyd olunan Əsasnamədə sadalanan xəstəliklər sırasında mövcud deyil. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Republikası Nazirlər Kabinetinn qüvvədən düşmüş, əvvəlki 99 saylı 29.1997-ci il tarixli Qərarı ilə də təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin - “«Əlillərə texniki və digjər reabilitasiya vasitələri verilməsinə dair göstərişlrə” adlı 3-cü fəslində, hətta həmin qərardan da əvvəl mövcud olan normativ hüquq aktlarda da hazırda qüvvədə olan 413 saylı Qərarında sadalanan xəstəliklər - avtomobilə tibbi-göstəriş verilməsinə əsas verən xəstəliklər kimi nəzərdə tutulmuşdur (Sonuncu 99 saylı 1997-xci il tarixli Qərarla Azərbaycan Republikası Nazirlər Kabinetinin eyni məzmunlu 678 saylı xx.xx.1992-ci il tarixli Qərarı da qüvvədən düşmüşdür). Qeyd olunanlar birmənalı olaraq onu deməyə əsas verir ki, güzəştli avtomobil növbəsinə götürülməsi məqsədilə cavabdeh tərəfindən iddiaçıya müvafiq tibbi göstəriş verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə olan halda cavabdeh Agentliyin üzərinə iddiaçının tələb etdiyi vəzifənin qoyulması istisna edilir və bu onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İPM-in 34.1-ci maddəsində ifadə olunan mənası da məhz ondan ibarətdir ki, iddiaçı o halda, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı inzibati orqandan inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsini tələb edə bilər ki, bu öhdəlik inzibati orqanın qanunla üzərinə düşən vəzifəsindən irəli gəlsin, lakin bu vəzifəsini yerinə yetirməsin, nəticədə iddiaçının hüquqları pozulmuş olsun. Beləliklə də, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə qərarı işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmuşdur. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin ona münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 və 433 saylı qərarlarının tətbiq edilməsinin qanunsuz oluduğunu vurğulamaqla birinci instansiya məhkəməsinin qərarı ilə onun iddia tələbinin rədd edilməsini əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1627/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1627/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar