Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1069/2023 04.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X21 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X10 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqlarının ölmüş şəxsə məxsus olmasının qeydiyyata alınaraq dövlət reyestrindən arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-346/2022 saylı, 14 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X25 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 6/387 nömrəli qərarı ilə X16 ayrılmış Bakı şəhəri Binəqədi rayonu Goradil ərazisindəki 0,12 ha torpaq sahəsində yerləşən 323 v nömrəli bağın yerləşdiyi torpaq sahəsinə X13 adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Bakı şəhər X14 İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli, 6/387 saylı qərarına əsasən iddiaçının mərhum atası X16 ayrılmış və X5 və istismarı Birliyinin Goradil bağlar sahəsindəki 194 №-li kooperativi tərəfindən verilmiş б/с №-li orderə əsasən istifadəsinə verilmiş 0.12 ha sahəsi olan 323 v nömrəli bağ sahəsinin mərhum atasına mülkiyyət hüququ üzrə məxsus olmasının qeydiyyata alınaraq dövlət reyestrindən arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər X19 İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli, 6/387 saylı qərarına əsasən iddiaçının atası X16 Goradil qəsəbəsində torpaq yeri ayrılmışdır. Bunun əsasında Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X5 və İstismarı Birliyi 197 №-li kooperativdən B/S №li order verilərək Goradil bağlar sahəsindən 0,12 ha torpaq sahəsi olan 323V №-li bağ sahəsi ayrılmışdır. İddiaçı cavabdehə müraciət edərək bağ sahəsinə atasının adına çıxarış verilməsini xahiş etmiş, lakin cavabdehin xx.xx.2020-ci il tarixli, **********66 nömrəli məktubu ilə iddiaçıya imtina verilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, 323 “V” saylı bağ sahəsi, ilkin olaraq 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013cü il tarixli, 2-1(81)-1279/2013 saylı qərarı əsasında, X13 adına xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və sonradan 1 saylı İnzibatiiqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-2613/19 saylı qərarı əsasında, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir. Həmçinin, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsinə əsasən 323 “V” saylı bağ sahəsinin yerinə uyğun gəlmir. Bu barədə vətəndaşa **********66 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-346/2022 saylı, 14 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya yazılı etiraza uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, İdarənin elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir və qeyd olunan ərazi digər nömrəli bağ sahələrinin ərazisinə uyğun gəlir. Bundan əlavə torpaq sahəsinin bir hissəsi digər fiziki şəxs tərəfindən hasarlanmış, digər hissəsi isə iddiaçı tərəfindən şərti olaraq göstərilmişdir. Həmçinin, İddiaçı “323v” kimi iddia etdiyi bağ sahəsinin bir hissəsinə (digər fiziki şəxs tərəfindən hasarlanmış sahəyə) X4 “321L” saylı bağ sahəsi kimi müraciət etmişdir. X1 iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı Ali Məhkəmənin icraatında 2-1(102)-2030/2022 saylı inzibati iş üzrə icraat davam edir. Bundan başqa, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1279/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarı əsasında 323v saylı bağ sahəsinə X13 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair aparılmış qeydiyyat 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2613/2019 saylı xx.xx.2019cu il tarixli qərarı ilə ləğv edilmişdir. Tərəflərin izahatları: Məhkəmənin iş üzrə 23 fevral 2023-cü il tarixli qərardadı ilə X4 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, məhkəmənin 27 aprel 2023-cü il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində status ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, ona uyğun izahat verərək, təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi öz izahatında bildirdi ki, apellyasiya şikayətində İddiaçı “323v” kimi iddia etdiyi bağ sahəsinin bir hissəsinə (digər fiziki şəxs tərəfindən hasarlanmış sahəyə) X4 “321L” saylı bağ sahəsi kimi müraciət etdiyinin qeyd etsə də, X3 iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı Ali Məhkəmənin icraatında 2-1(102)-2030/2022 saylı inzibati iş üzrə araşdırma aparan zaman məlum olmuşdur ki, “323v” və “321L” saylı bağ sahələri fərqli ünvanlarda yerləşir. Hətta iddiaçı X3 iddiası təmin olunmuş və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla Səlahəddin Hacıyevin Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən “321L” saylı bağ sahəsinə üzərində mülkiyyət hüquqları qeydə alınmışdır. Həmin şəxsə torpaq sahəsinin plan və ölçüsü təqdim edilmiş, çıxarış veıilmişdir. Artıq həmin şəxsin hazırki iş üzrə qəbul ediləcək qərarla maraqlarına toxunm məqamı yoxdur. Həmin şəxsin 3-cü şəxs qismində statusunun ləğv edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Bundan əlavə cavabdehin nümayəndəsi X9 sözügedən əraziyə müraciətinin olması səbəbindən onun 3-cü şəxs qismində cəlb edilməsi ilə bağlı şifahi vəsatət verərək, həmin şəxsin ərizəsini və ona qoşulmuş sənədləri təqdim etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil Babalı oğlu verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdi. Əlavə olaraq izahatında bildirmişdir ki, vaxtilə iddiaçının atasının sözügedən bağ sahəsinə dair tələbi təmin olunmuş olsa da, sonradan 3-cü şəxslərin inzbati işə qoşulması nəticəsində məhkəmə qərarı ləğv edilmiş, daha sonra iddia düzgün cavabdehə müracəti edilməməsi əsası ilə mümkün sayılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia tələbi öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı subyektiv hüquqa malikdir. Belə ki, iddiaçı bağ sahəsinin mərhum atasına mülkiyyət hüququ üzrə məxsus olmasının qeydiyyata alınaraq dövlət reyestrindən arayışın verilməsini tələb edir. Cavabdeh orqana müraciət etmiş cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. İddianın mahiyyətcə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin etirazının əsası və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır. - 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. - 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. «İnzibati icraat haqqında» Qanunun: - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası iş materiallarında olan aşağıdakı sübutları qeyd edir: - Bakı şəhər X14 İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli, 6/387 saylı qərarına əsasən iddiaçının atası X16 194 №-li kooperativi nəzdində Goradil qəsəbəsində bağ sahəsi ayrılmışdır. - Bakı şəhəri 27 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X13 vərəsəsi oğlu İddiaçıdur. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)1279/2013 saylı xx.xx.2014- cü il tarixli qərardadından görünür ki, iddiaçı X24 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (sonradan-Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X25 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 6/387 saylı qərarı ilə X16 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu Goradil ərazisindəki 0.12 ha torpaq sahəsində yerləşən 323v nömrəli bağın yerləşdiyi torpaq sahəsinin onun adına sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırılması və müvafiq (plan-sxem) cizginin verilməsi vəzifəsinin Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə xx.xx.2013-cü il tarixli qərarla iddianı təmin etmişdir. Məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün cavabdeh Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2013-cü il tarixli qərarı icra olunmuşdur. X2 və X22 məhkəmənin xx.xx.2013- cü il tarixli qərarından iş üzrə maraqlarına toxunan şəxs qismində apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin adıçəkilən qərarı dəyişdirilmədən saxlanılmışdır. X8 və X11 ərizəsi qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarının icrasına dönüş edilmişdir. Bakı şəhər XDS İK-nın xx.xx.1991-ci il tarixli 6/387 saylı qərarı ilə X17 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi ərazisindəki 0.12 ha torpaq sahəsində yerləşən 323 v nömrəli bağ sahəsinə dair Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə və xx.xx.2013-cü il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin planı” ləğv edilmişdir. - Azərbaycan Respublikası SSR Bakı şəhər İcraiyyə komitəsinin X5 və istismarı Birliyinin Goradil bağlar sahəsindəki 194 №-li kooperativi tərəfindən verilmiş б/с №-li orderdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi ərazisindəki 0.12 ha torpaq sahəsində yerləşən 323 v nömrəli bağ sahəsi X17 ayrılmışdır. - Cavabdehin **********45 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2613/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarına əsasən X13 adına Bakı şəhəri, Binəqədi rayonu, Göradil ərazisindəki 0.12 ha torpaq sahəsində yerləşən 323v nömrəli bağ sahəsinə dair ********** nömrə ilə xx.xx.2013cü il tarixdə aparılmış qeydiyyat ləğv edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/2368 nömrəli ekspert rəyində göstərilmişdir ki, baxış zamanı iddiaçı tərəfindən tədqim olunan bağ sahəsinin yerinin, təqdim olunan bağların bölgü sxeminə əsasən 323 v saylı bağ sahəsinin yerinə uyğun gəldiyi müəyyən edildi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən X26 və Ekspertiza Mərkəzi MMC-nin mütəxəssisi Şahid öz izahatında bildirdi ki, iddiaçının nümayəndəsinin iştirakı ilə naturada mübahisələndirilən torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınmış və Bakı şəhəri X25 İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli, 6/387 saylı qərarına əsasən Bakı şəhər İcraiyyə Komitəsinin X5 və İstismarı Birliyinin 194 №-li BTKnın nəzdində 0,12 ha torpaq sahəsi olan b/s nömrəli orderlə ayrılmış 323v №-li bağ sahəsinin faktiki yeri və koordinatları iş üzrə mübahisələndirilən torpaq sahəsinə uyğun gəlmədiyi, 323v №-li bağ sahəsinin ərazisinin Goradil bağ torpaq sahələrinin sxeminə əsasən mübahisəli ərazidən 65 metr kənara yerləşdiyi müəyyən edilmişdir. Bundan sonra iddiaçıya iddia etdiyi 323 v saylı bağ sahəsinin dəqiq yeri aydın olmuşdur. 323V saylı bağ sahəsinin yerləşmə yeri və döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmişdir.Hətta Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/2368 nömrəli ekspert rəyindən də görünür ki, onun verdiyi mütəxəssis rəyindən və ona əlavə edilmiş yerləşmə cizgisindən sonra baxış zamanı iddiaçı tərəfindən təqdim olunan bağ sahəsinin yerinin, təqdim olunan bağların bölgü sxeminə əsasən 323 v saylı bağ sahəsinin yerinə uyğun gəldiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Apellyasiya şikayətinin torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi və qeyd olunan ərazinin digər nömrəli bağ sahələrinin ərazisinə uyğun gəlməsi dəlili ilə bağlı qeyd edilməlidir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/2368 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat zamanı Bakı şəhər X25 İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli, 6/387 saylı qərarına əsasən Bakı şəhər İcraiyyə Komitəsinin X5 və İstismarı Birliyinin 194 №-li BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan b/s №li orderlə ayrılmış 323v №-li bağ sahəsinin, daha sonra ləğv edilmiş xx.xx.2013-cü il tarixli AA052874 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatlar ilə üst-üstə düşmədiyi və aralarında 65 metr məsafənin olduğu müəyyən olunmuşdur. Həmçinin, baxış zamanı iddiaçı tərəfindən təqdim olunan bağların bölgü sxemi ilə yerində təqdim olunan torpaq sahəsi müqayisə olunan zaman, torpaq sahələrinin yerləşmə vəziyyəti, qonşu torpaq sahələri ilə və yol ilə əhatə olunması, eyni zamanda torpaq sahəsinin cənub hissəsində (yol ilə üzbəüz yerləşən bağ sahəsi) yerləşən bağ sahəsinin konfiqurasiyası baxımından iddaçı tərəfindən təqdim olunan bağ sahəsinin (yuxarıda koordinatları qeyd olunan) 323 v saylı bağ sahəsinin yerinə uyğun gəldiyi müəyyən olundu. Göründüyü kimi, 323 v saylı bağ sahəsinin yerləşmə yeri və döngə nöqtələrinin koordinatları mütəxəssis rəyi ilə müəyyən edilmiş və ekspert rəyi ilə də qeyd olunan bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etmədiyi müəyyən olunmuşdur. Hətta sxematik xəritə ilə uyğunsuzluq olsa belə məhkəmə kollegiyasının qənaəti belədir ki, sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi iddiaçının mərhum atasının iradəsindən asılı hal deyil, iddiaçı buna görə məsuliyyət daşımır. Cavabdeh qeyd olunan uyğunsuzluqla əlaqədar sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu bəndində nəzərdə tutulduğu kimi vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Həmçinin, Məhkəmə kollegiyası qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi “bağ sahəsinin digər bağ sahəsinə uyğunluğu (bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi)” göstərilsə də, bu istiqamətdə cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1415/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-cu il tarixli qərarı). Apellyasiya şikayətinin növbəti dəlili-3-cü şəxs X3 torpaq sahəsinə müraciəti ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə apellyasiya araşdırması zamanı müəyyən edildi ki, artıq həmin şəxsin (X4) mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı iddia tələbi üzrə məhkəmənin yekun aktı icra edilmiş və həmin şəxsə iddiaçının iddia etdiyi torpaq sahəsindən aralı yerləşən ərazidə hüquqları qeydiyyata alınaraq, çıxarış və torpaq sahəsinin plan-cizgisi verilmişdir. Bu səbəbdən də cavabdehin səlahiyyətli nümayəndəsinin də razılığı ilə X3 3-cü şəxs statusu ləğv edilmişdir. Apellyasiya şikayətinin digər bir dəlili ondan ibarətdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1279/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarı əsasında 323v saylı bağ sahəsinə X13 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair aparılmış qeydiyyat 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2613/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə ləğv edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılmış hallarından bəlli olduğu kimi vaxtilə iddiaçının atasının “323v nömrəli bağın yerləşdiyi torpaq sahəsinin onun adına sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırlması və müvafiq (plan-sxem) cizginin verilməsi” tələbi üzrə məhkəmənin yekun qərarı çıxmış, qərar icra edilmiş, daha sonra 3-cü şəxslərin cəlb edilməsi nəticəsində həmin məhkəmə qərarı ləğv edilmiş, iddia tələbi isə ilkin olaraq düzgün cavabdehə müraciət edilməməsi əsası ilə mümkün sayılmamışdır. Həmin məhkəmə qərarının icrasına dönüş edilmişdir. Göründüyü kimi, sözügedən məhkəmə aktının mövcudluğu hazırki iddia tələbi üzrə işə baxılmasına maneə ola bilməz. Bundan başqa apellyasiya şikayətində qeyd edilməsə də, apellyasiya araşdırması zamanı cavabdeh inzibati orqanın səlahiyyətli nümayəndəsi X6 sözügedən torpaq sahəsinə müraciətinin olması ilə bağlı dəlili irəli sürərək, müraciətə əlavə edilmiş sənədləri təqdim etmişdir. Sözügedən sənədlərdən də göründüyü kimi müraciət edənin istinad etdiyi hüquqmüəyyənedici sənədlər torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Binəqədi bələdiyyəsinin qərarı və icarə müqaviləsidir. Hazırki mübahisələndirilən torpaq sahəsinin isə məhz bağlar massivi olması mütəxəssis və ekspert rəyləri ilə təsdiqini tapmış, hətta inzibati orqan da həmin sahənin bağlar massivi olmasının mübahisəsiz olduğu bildirmiş, sadəcə sxematik xəritədə uyğunsuzluq olması, başqa bağ sahəsinin ərazisinə uyğun gəlməsi kimi dəlillər irəli sürmüşdür. Yekun olaraq məhkəmə kollegiyası qeyd edilən dəlili də əsassız hesab etmiş, hətta həmin müraciət edən şəxsin 3-cü şəxs qismində cəlbinə lüzum olmadığı qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası inzibati orqanın qeyd edilən dəlili apellyasiya baxışı zamanı sonuncu məhkəmə iclaslarında irəli sürməsini də məhkəmə icraatının lüzumsuz uzadılması kimi qiymətləndirir. Hətta məhkəmə iclasında dindirilmiş mütəxəssis qismində iştirak edən şəxs Şahid Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, sözügedən bələdiyyə torpaqları sözügedən ərazidən 25 km aralıda yerləşir. Ekspert rəyləri ilə mübahisəli bağ sahəsinin yerləşdiyi ərazinin Goradil bağ massivinə aid edildiyi aydın olduğundan, məhkəmə kollegiyası prosessual qənaət prinsipi baxımından bələdiyyə sənədi əsasında ayrılmış torpaq sahəsi ilə bağlı ətraflı araşdırmaya lüzum görmür. Beləliklə, müvafiq ünvanda olan bağ sahəsinin hüquqmüəyyənedici sənədlər əsasında iddiaçının mərhum atasına məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, sözügedən bağ sahəsinin (323v saylı bağ) başqa şəxsin adına qeydiyyatdan keçməsi müəyyən edilmədiyindən hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2ci maddəsinin tətbiqi mümkündür. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Əlbəttə ki, vərəsə anlayışın və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun tənzimlənməsi prinsipi Mülki Məcəllənin müddəalarında əks olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. - 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. - 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-346/2022 saylı, 14 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1069/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1069/2023
04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver