Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-107/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (xx.xx.1968-ci il tarixində Ağsu rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmuşdur) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2-1(112)-2089/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 06.12.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona müharibə veteranlarına məqbul olan pul vəsaitlərinin keçmiş dövrlər üçün ödənilməsinin qanunvericiliyə uyğun olaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin müharibə veteranı vəsiqəsini arxiv sənədlərinin axtarışı ilə əlaqədar olaraq ancaq 23.10.2019-cu ildə almışdır. O, müharibə veteranlarına verilən kompensasiyanı almamışdır. 2019-cu il fevral ayından sonra müharibə veteranlarına verilən kompensasiyanın adı “Müharibə veteranlarına verilən prezident təqaüdü” adlandırılmışdır. Daha sonra iddiaçı 13.03.2020-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 23.10.2019-cu il tarixdən əvvəlki 3 ilə, yəni 23.10.2016-cı ildən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2-1(112)-2089/2020 saylı qərarı ilə (hakim A.Oruczadə) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı müharibə veteranlığına görə verilən müavinətin 23.10.2016-cı il tarixdən 01.04.2019-cu il tarixədək hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçı iddia tələbinin rədd olunmuş hissəsindən apellyasiya şikayəti verməmişdir. 09.06.2020-ci il tarixində cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin mülki iş üzrə qəbul etdiyi 23 mart 2020-ci il tarixli, 2-1(112)-2089/2020 saylı qətnaməsinin (mətn üzrə) ləğv edilməsini və ərizənin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 10.08.2020-ci il tarixində cavabdeh tərəfindən ötürülmüş müddətin bərpasına dair ərizə məhkəməyə daxil olmuş, ərizədə Bakı İnzibati Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2-1(112)-2089/2020 saylı qərarından apellyasiya şikayəti vermək müddətinin üzrlü səbəbdən ötürülməsi və müddətin bərpa edilməsinə dair qərardad qəbul edilməsi xahiş olunmuşdur. Eyni zamanda həmin tarixdə apellyasiya şikayətinə əlavə də məhkəməyə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 13.03.2020-ci il tarixli qərarı 20 aprel 2020-ci il tarixində Suraxanı Rayon Şöbəsinə daxil olmuşdur. Apellyasiya şikayəti isə qanunla nəzərdə tutulmuş 30 günlük müddətdən 2 gün gec, 22.05.2020-ci il tarixində verilmişdir. Bildiyimiz kimi, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə» 31 mart 2020-ci il tarixli Qərarı qəbul edilmişdir. Həmin Qərarın icrası məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şöbələrin əməkdaşlarının işə çıxmasına kvota (limit) qoyulmuşdur. Hesab edirlər ki, qərardan şikayət verilmə müddəti karantin dövrünə təsadüf etdiyindən və karantin dövründə şöbələrin işçilərinin sayına kvota qoyulması səbəbilə həmin müddət üzrlü səbəbdən ötürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1377/2020 nömrəli, 27 avqust 2020-ci il tarixli qərardadı ilə (hakimlər-Ü.Mayılov, M.Tağızadə, X.Cəmilova) cavabdehin apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizəsinin təmin edilməsi qərara alınmışdır. Daha sonra hakim Ü.Mayılovun pensiyaya çıxması səbəbi ilə iş hakim E.Nağıyevanın icraatına keçmiş, məhkəmə kollegiyası iclası 22 oktyabr 2020-ci il tarixə təyin edilmişdir. Cavabdeh işin apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş İdarəsi Publik Hüquqi Şəxsi tərəfindən təmsil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 23.10.2019-cu il tarixdə verilmiş 033182 №-li vəsiqəyə əsasən İddiaçı müharibə veteranıdır. İş materiallarında olan AZ-İİ seriyalı, 098255 nömrəli 09.07.2020-ci il tarixində verilmiş ölüm haqqında şəhadətnaməyə əsasən qeyd edilmişdir ki, İddiaçı 21 iyun 2020-ci ildə vəfat etmişdir, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 07-ci ayının 03-cü günündə 454 № ilə qeyd edilməsi, ölümün səbəbi-travmatik ikincili və rəsidivləşən qanaxma, öldüyü yer-Bakı şəhəri, qeyd edilən yer-Suraxanı rayonu Qeydiyyat şöbəsi, imzalayan şəxs-qeydiyyat orqanının vəzifəli şəxsi-İ.Kazımova. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1377/2020 saylı, 22 oktyabr 2020-ci il tarixli qərardadı ilə inzibati iş üzrə icraat İddiaçı hüquq varisi müəyyən edilənədək dayandırılmışdır. Məhkəmə tərəfindən vəfat etmiş iddiaçının hüquq varisinin müəyyən edilməsi məqsədilə onun qeydiyyatda olduğu ünvana bu barədə məhkəmə bildirişi ünvanlansa da, zərf “vəfat edib” qeydi ilə geri qayıtmışdır. İş materiallarında olan iddiaçıya məxsus telefon nömrəsi ilə əlaqə yaradılan zaman özünü qardaşının arvadı kimi təqdim edən şəxs mərhumun həyat yoldaşının olmadığını və məhkəmə iclasında heç kimin iştirak etməyəcəyini bildirilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və hazırkı inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 254.1.1 və 256.0.1-ci maddələrinə müvafiq olaraq işdə tərəf olan şəxs öldükdə, mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərsə, hakim iş üzrə icraatı şəxsin hüquq varisi müəyyən edilənə qədər dayandırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi İddiaçı 21 iyun 2020-ci il tarixdə vəfat etmiş, hazırkı iddia tələbi hüquq varisliyinə yol verildiyindən, məhkəmə tərəfindən 22 oktyabr 2020-ci il tarixli qərardad ilə iş üzrə icraat dayandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən müddət ərzində iddiaçının hüquq varisi müəyyən edilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İPM-in 1.2, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2-1(112)-2089/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “23.10.2019-cu il tarixdən əvvəlki 3 ilə, yəni 23.10.2016-cı ildən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi, 14, 1193cü məhəllə) inzibati kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-107/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-107/2021
14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver