Məhkəmə qərarları › İş №2-1(103)-107/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-107/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-107/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X4 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının təsisçisi X2, qanuni təmsilçisi X5, nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-134/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı X6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən İddiaçınə məxsus qeyriyaşayış obyektinin və onun yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə mənə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 03 oktyabr Sərəncamı ilə təsisçisi olduğu "xxxx" kiçik müəssisəsinə (Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışa əsasən indiki adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) Bakı şəhəri, Binəqədi rayonu, K.Marks prospektindəki (ünvan reyestrindən verilmiş arayışa əsasən indiki adı: Əliyar Əliyev küçəsi 90A) körpünün yaxınlığında oksigen stansiyasının qarşısındakı boş ərazidə 2.900 kv.m torpaq sahəsi avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə daimi istifadə üçün ayrılmış və bu məqsədlə də Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixli 9750 nömrəli İnşaat Pasportu verilmişdir. Həmin qeyri-yaşyış obyektinin Eskiz Layihəsi Lisenziya əsasında fəaliyyət göstərən "xxxx" MMC tərəfindən 2013-cü ildə tərtib edilmiş və tikintiquraşdırma işləri həmin layihəyə uyğun həyata keçirildikdən sonra Qəbul Komissiyasının “Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda" xx.xx.2013-cü il tarixli aktı ilə obyektin istismara qəbul edilməsi qərara alınmışdır. Obyektin yerləşdiyi torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü" (A № 496169) tərtib edilmiş və həmin sənəddə torpaq sahəsinin X14 kitabında xx.xx.2014- cü il tarixdə 37297 nömrə ilə uçota alındığı göstərilmişdir. Həmin ərazi Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib olunmuş M 1:5000 miqyaslı "Bakı şəhər xəritəsindən çıxarış ”da bilavasitə öz əksini tapmışdır. Qeyri-yaşayış obyektinin və onun yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi üçün bütün zəruri, hətta qeyri-zəruri sənədləri təqdim etməklə cavabdehə dəfələrlə müraciət etmişəm. Lakin cavabdehi təmsil edən məsul şəxslər hər dəfə müxtəlif bəhanələr gətirərək obyekt üzərində mülkiyyət hüququnun qeydə alınması üçün gözləmək lazım olduğunu bildirmiş, odur ki, bu minvalla iddiaçı 7 (yeddi) il gözlədiyini qeyd edir, lakin məsələ hələ də öz həllini tapmamışdır. O, cavabdehin qanunsuz hərəkətlərindən hətta yeni rəhbərliyə, şikayətə cavab olaraq ƏMDK yanında DƏDRX-nin rəisi Hikmət Mustafayev tərəfindən ona ünvanlanmış 20 fevral 2020-ci il tarixli **********89 saylı cavab məktubunda müraciətdə qeyd olunan məsələnin icrası istiqamətində müvafiq tədbirlər görüldüyü bildirilsə də heç bir tədbir görülməmiş və daşınmaz əmlak üzərində hüququ qeydə alınmamışdır. Cavabdehin bu qanunsuz hərəkətlərindən iddiaçı, hətta məcbur olub Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinə (Ombudsmana) da şikayət etmiş və həmin şikayəti Ombudsman aparatı tərəfindən 03 aprel 2020-ci il tarixli məktubla DƏDRX-nin rəisinə müvafiq tədbirlərin görülməsi üçün göndərilsə də yenə də məsələ öz həllini tapmamışdır. Bütün bunlara baxmayaraq, daşınmaz əmlak üzərində hüququnun qeydə alınması üçün cavabdehə etdiyi sonuncu, yəni xx.xx.2020-ci il tarixli ərizəyə (qeyd etmişdir ki, həmin ərizə ilə bağlı cavabdehin məsul şəxsi tərəfindən verilmiş “Təsdiqetmə bildirişi "ndə sadalanan 9 adda sənədlərin əsli təqdim edilmiş, lakin imtina cavabı verildikdən sonra həmin sənədləri çətinliklə də olsa geri almışdır.) cavabdehin xx.xx.2020-ci il tarixli **********25 saylı cavab məktubunda tamamilə əsassız və əlaqəsiz motivlərə istinad olunmaqla imtina edilmiş (hansı ki, cavabdehin məsul şəxslərinin özləri tərəfindən iddiaçıya, məsələnin həll edilməsi üçün bir daha müvafiq qaydada müraciət etmək tövsiyə olunmuşdur) habelə göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazənin təqdim edilməlidir. Hansı ki, iddiaçı göstərilən qeyri-yaşayış obyektinin və onun yerləşdiyi torpaq sahəsinin dövlət qeydiyyatına aınması üçün zəruri olan bütün sənədləri, o cümlədən torpaqdan istifadə hüququnu və tikintiyə icazəni təsdiq edən Bakı Şəhər İcra Hakimiyyəti başçısının 03 oktyabr 1995-ci il tarixli, 1301 saylı Sərəncamını, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli 9750 nömrəli İnşaat Pasportunu, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü ”nü, müvafiq Eskiz Layihəsini, Qəbul Komissiyasının “Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda" xx.xx.2013-cü il tarixli aktını və digər sənədləri ərizə ilə birlikdə cavabdehə təqdim etmişdir. Buna baxmayaraq cavabdeh özünün sonuncu imtina məktubunda məsələyə qətiyyən aidiyyəti olmayan səbəblər göstərib “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə əsaslanaraq ərizəmin icrasından imtina etmişdir ki, həmin imtina tamamilə əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında " Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın 6 (altı) əsası göstərilmişdir ki, həmin əsaslar aşağıdakılardır: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Lakin cavabdeh məsələ ilə bağlı yuxarıda göstərilən əsaslardan konkret olaraq hansının mövcud olduğunu göstərməmiş və Qanunun 15-ci maddəsinə bütövlükdə istinad edərək hüququn qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Hansı ki, iddiaçının müraciəti ilə bağlı qanunun yuxarıda göstərilən 15-ci maddəsində sadalanan əsasların heç biri mövcud deyildir. Habelə qeyd etmişdir ki, cavabdehin imtinası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 28 mart 2017-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqe ilə birbaşa ziddiyyət təşkil edir. Belə ki, həmin qərarda bilavasitə göstərilmişdir ki, "Azərbaycan Respublikasında inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaq məqsədilə “İnzibati icraat haqqında" Qanun qəbul edilmişdir. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsasların, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 15-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.” Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdehin üzərinə ünvan 1 ünvandakı torpaq və onun üzərində yerləşən qeyri- yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə mənə müvafiq çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən (İ, İİ və İİİ hissələr) hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 154.1-ci maddəsinə görə qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.2-ci maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara... inzibati məhkəmə icraatı qaydasında baxılır. (Məhkəməyə məlumat üçün onu da bildirmişdir ki, məsələ ilə bağlı cavabdehin yuxarıda göstərilən hərəkəti, yəni təsisçisi olduğu cəmiyyətin qanuni istifadəsində olan torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış obyektinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız imtinası ucbatından o, bünövrəsi 24 (iyirmi dörd) il bundan əvvəl qoyulmuş sözügedən xidmət sahəsini lazımi şəkildə abadlaşdırıb daim inkişaf etməkdə olan, habelə günü-gündən müasirləşən və gözəlləşən paytaxt şəhərimizin görkəminə uyğunlaşdıra bilmir. Digər tərəfdən, torpaq üzərində mülkiyyət hüququnun qeydə alınacağı təqdirdə, o, hələ 2013-cü ildə dövlət büdcəsinə 26.853.31 (iyirmi altı min səkkiz yüz əlli üç manat 31 q.) AZN məbləğində pul keçirməli idi ki, cavabdeh öz qanunsuz imtinası ilə bütün bunlara bilavasitə maneçilik yaratmışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə "xxxx" QSC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra iddiaçı X6 əsl olan İddiaçı MMC ilə əvəz edilmişdir. Sonradan iddiaçı iddia ərizəsində dəqiqləşmə apararaq, Bakı şəhəri Binəqədi rayonu Əliyar Əliyev küçəsi 90 A ünvanında yerləşən qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüquqlarının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbini dəqiqləşdirməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-134/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə "xxxx" QSC üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı X2 ünvan 3 ünvanında yerləşən İddiaçı MMC-nə məxsus qeyri-yaşayış obyektinin və onun yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinə cavab olaraq bildirilmişdir ki, qeyd olunan qeyri yaşayış binasının (daxilində rekonstruksiya işləri aparılmışdır) tikintiyə icazə verilməsinə dair qərarı əlavə olunmamış, istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı müvafiq icra hakimiyyəti orqanları tərəfindən tam təsdiq edilməmiş və layihə isə (surətdir) Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmamışdır. Bundan başqa sərəncamda torpaq sahəsinin ölçüsü göstərilməmiş, etibarnamə təqdim olunmamışdır və əlavə edilmiş kadastr planının elektron baza məlumatı ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü fərqinin olduğu müəyyən edilmişdir. Həmçinin elektron baza məlumatına əsasən qeyri yaşayış binasının və torpaq sahəsinin bir hissəsi dəmir yolunun mühafizə zolağında yerləşir.Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa **********25 saylı xx.xx.2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normalarının 3.5-ci maddəsinə yalnız şəhər və qəsəbələrdə yaşayış tikililəri dəmir yolunun kənar yolunun oxundan eni 100 metrdən az olmayan sanitariya-mühafizə zonası ilə ayrılmalıdır. Dəmir yollarının dərinliyi 4 metrdən az olmayan qazma yataqlarda yerləşdirildiyi və ya səsdən xüsusi mühafizə tədbirləri həyata keçirildiyi zaman sanitariya-mühafizə zonasının eni 50 metrə qədər azaldıla bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8,0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsin barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4-cü maddəsinə Sifarişçi: 47.4.2. tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərin hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 48.3-cü maddəsinə əsasən Layihəçi: 48.3.2. tikinti layihəsinin bu Məcəllənin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını təmin edir və buna görə cavabdehlik daşıyır; 48.3.3. sifarişçinin, müvafiq icra hakimiyyəti orqanının və texniki şərtləri müəyyən edən əlaqədar qurumlarla şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun iradları əsasında layihədə müvafiq dəyişikliklərin aparılmasını təmin edir və dəyişdirilmiş layihəni müəyyənləşdirilmiş qaydada razılaşdırır. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi"nin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi"nin 101.2-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014cü il tarixli, 302 saylı qərərı ilə “Tikinti obyektinin istismarına icazənin vahid forması" təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilb təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 4.11.11.5. və 4.11.12,-ci bəndlərinə yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vəzifələri göstərilsədə, əsasnamənin 4.18.2- ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığındaşəhərində qeyri-yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə haqqında Azərbaycan Respublikasının Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 Fərmanının birinci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mem Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin fərmanın ikinci bəndinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X10 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Eyni zamanda nəzərinizə çatdırmaq istərdik ki, iddiaçı qanunvericilikdə nəzərdə tütulmuş prosessual müddəti ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-134/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Binəqədi rayonu Əliyar Əliyev küçəsi 90 A ünvanında yerləşən qeyriyaşayış obyekti üzərində mülkiyyət hüquqlarının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının təsisçisi, qanuni təmsilçisi, nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “sadalanan qanunvericilik normalarının tələblərinə əsasən mübahisə predmeti olan daşınmaz əmlaka dair müvafiq sərəncamın olması, həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin iddiaçının istifadəsində olması, həmçinin ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nə məxsus qeyri-yaşayış obyektininlayihəsi müvafiq icra hakimiyyətin orqanı tərəfindən razılaşdırılması, tikinti obyektinin istismarına yararlı olmasına dair müvafiq sənədinin olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, cavabdehin gətirdiyi dəlillər əsaslı hesab oluna bilməz və cavabdeh inzibati orqanın imtinası əsasszıdır və iddiaçının hüquqlarını pozulmasına səbəb olan hal kimi qiymətləndirir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, hazırkı işin faktiki hallarından müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 1301 saylı Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, K.Marks prospektindəki körpünün yaxınlığında oksigen stansiyasının qarşısındakı (indiki ünvan ünvan 4i xidmət məntəqəsinin tikintisi məqsədi torpaq sahəsi ayrılmışdır. Daha sonra Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsi tərəfindən sifarişçi məişət xidməti üzrə müstəqil "xxxx" KM-nə Bakı şəhəri Binəqədi rayonu, K.Marks prospektinin 3120-ci məhəlləsində “avtomomobillərə texniki xidmət məntəqəsinin köçürülməsi üçün” torpaq sahəsinin ayrılmasına dair xx.xx.1996-cı il tarixli 9750 nömrəli İnşaat Pasportu verilmişdir İddiaçı hazırda faktiki istifadəsində olan qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsini xahiş edir. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi göstərilmişdir ki; “qeyd olunan qeyri-yaşayış binasının (daxilində rekonstruksiya işləri aparılmışdır) tikintiyə icazə verilməsinə dair qərarı əlavə olunmamış, istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı müvafiq icra hakimiyyəti orqanları tərəfindən tam təsdiq edilməmiş və layihə isə (surətdir) Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmamışdır. Bundan başqa sərəncamda torpaq sahəsinin ölçüsü göstərilməmiş, etibarnamə təqdim olunmamışdır və əlavə edilmiş kadastr planının elektron baza məlumatı ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü fərqinin olduğu müəyyən edilmişdir. Həmçinin elektron baza məlumatına əsasən qeyri yaşayış binasının və torpaq sahəsinin bir hissəsi dəmir yolunun mühafizə zolağında yerləşir.” Daha sonra iddiaçı hazırkı tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddiaçının tələbini əsassız hesab edərək aşağıdakıları qeyd edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: .... 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd edilən qanunvericilik normalarından müəyyən edilir ki, həm Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək), həm də qüvvəyə mindikdən sonra inşa edilmiş qeyri-yaşayış binalarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hüquqmüəyyənedici sənədlərin dairəsi konkret olaraq müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisəli qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilməsi barədə qərarı iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 4.11.11.5-ci və 4.11.12-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuli/yə səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vazifələri göstərilsədə, əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənəd vermək şəhər rayonlarının icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid edilməmişdir. Eyni zamanda həmin Əsasnamənin əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri-yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsi memarlıqplanlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 272 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi barədə” qaydaların 3.6.4-cü bəndinin tələblərinə əsasən qəbul komissiyasının tərkibinə sifarişçinin, podratçının, subpodratçının, layihəçinin, istismarçının, Fövqəladə Hallar Nazirliyi X15 Xidmətinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və tələb olunan hallarda X7 Görülməsi və X9 Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, yerli icra hakimiyyəti (şəhərin tərkibində olan rayonlar üzrə həm şəhər, həm də rayon icra hakimiyyəti) və ya bələdiyyə orqanının, kommunal xidmətləri göstərən təşkilatların (qaz, su, elektrik və kanalizasiya) və tələb olunan hallarda digər müvafiq təşkilatların nümayəndələri daxil edilməlidir. Hazırkı iş üzrə isə qeyri-yaşayış sahəsinin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktının müvafiq icra hakimiyyəti orqanları tərəfindən tam təsdiq edilmədiyi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun həm 8.0.9.2-ci , həm də 8.0.10.1-ci maddələrinin tələbləri tam ödənilməmişdir. Həmçinin qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri kimi torpaq sahəsinin bir hissəsi dəmir yolunun mühafizə zolağında yerləşməsi göstərilmişdir. Göstərilən halın araşdırılması məqsədi ilə işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən tədqiqat obyektinə yerində baxış keçirilmiş və müvafiq mütəxəssis rəyi alınmışdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş mütəxəssis rəyində Bakı şəhəri, Əliyar Əliyev küçəsi 90a ünvanında yerləşən İddiaçı MMC-yə məxsus qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin yaxınlıqdan keçən işlək olmayan dəmiryolu xəttindən 23 metr, ən yaxın işlək dəmir yolu xəttindən 33 metr, ən uzaq məsafədən keçən dəmir yolu xəttindən isə 66,90 metr məsafədə yerləşdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli, 33 №-li Qərarı ilə təsdiqlənmiş dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normalarının 3.5-ci maddəsinə əsasən yalnız şəhər və qəsəbələrdə yaşayış tikililəri dəmir yolunun kənar yolunun oxundan eni 100 metrdən az olmayan sanitariya-mühafizə zonası ilə ayrılmalıdır. Dəmir yollarının dərinliyi 4 metrdən az olmayan qazma yataqlarda yerləşdirildiyi və ya səsdən xüsusi mühafizə tədbirləri həyata keçirildiyi zaman sanitariya-mühafizə zonasının eni 50 metrə qədər azaldıla bilər. Həmçinin işin birinci instansiya icraatı zamanı təqdim edilmiş AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 yanvar 2023-cü il tarixli, 10/7062 nömrəli ekspert rəyində də mübahisə predmeti olan qeyri yaşayış sahəsinin 932 kv.m hissəsinin dəmir yolu xəttinin mühafizə zonasında yerləşdiyi öz əksini tapmışdır. Göründüyü kimi iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarış verilməsini tələb etdiyi Bakı şəhəri Binəqədi rayonu Əliyar Əliyev küçəsi 90 A ünvanındakı qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi dəmiryolu xəttinin mühafizə zolağına düşmüşdür. Belə olan halda cavabdeh inzibati orqan haqlı olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, hazırkı apellyasiya icraatı zamanı işin obyektiv həlli məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 6 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus qeyri-yaşayış obyektinin yerləşdiyi əraziyə bitişik “KİA Motors” Servisinin daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçib-keçməməsi barədə məlumatın, qeydiyyatdan keçdiyi təqdirdə həmin qeydiyyata əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi” xahiş olunmuşdur. Sorğuya cavab olaraq təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 7 ünvanında yerləşən “Kia Motors” Servisin adına dövlət qeydiyyatına alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraatın “bərabərlik” prinsipinə riayət edilmişdir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; Yuxarıda qeyd edlənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əmlaka dair hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğundan və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin tələbləri təmin edilmədiyindən, iddiaçının sözügedən daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas mövcud olmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 134/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-134/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüquqlarının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması » tələbinə dair iddiası təmin edilməsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ekspertiza xərcinin əvəzi olaraq 50 (əlli) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar