Məhkəmə qərarları › İş №2-1(103)-1070/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1070/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1070/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı “3-cü şəxslərin ünvandan qeydiyyatdan çıxarılmaları” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X17 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X7 və X9 ibarət tərkibdə, X15-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (həyat yoldaşı) X8 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı “3-cü şəxslərin ünvandan qeydiyyatdan çıxarılmaları” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6436/2022 saylı 11 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 5əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: RX seriyalı, ******* reyestr nömrəli, xx.xx.2013-cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 23, mənzil 4 tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Həmçinin MH seriyalı, ******* reyestr nömrəli, xx.xx.2009-cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 0.08987 ha torpaq sahəsində yerləşən 23 nömrəli, 4 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində, 72.8 kv.m ümumi, 54.6 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 4 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 992 nömrəli reyestr kitabının 89125 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri 26 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilən AN-İ seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqavilənin məzmunundan görünür ki, X18 (satıcı) ünvan 6 ünvanda yerləşən 3 otaqlı mənzili İddiaçı (alıcının) mülkiyyətinə verilmişdir. xx.xx.2009-cu il tarixli Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 23 nömrəli evin, 4-cü mənzilinin əvvəlki icarədarının vəfat etməsi səbəbindən həmin mənzil vətəndaş X3 adına dəyişdirilmişdir. İddiaçı mülkiyyətində olan evdə qeydiyyatda olan 3-cü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqana müraciət edilmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Nərimanov rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 078-24327 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad edilərək, məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək “3-cü şəxslər X11, X12, X13 və X4 Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 23 nömrəli evin, 4 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 23 saylı evin 4 saylı mənzilii xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. X11, X10, X13 və X14 xüsusi mülkiyyətində olan mənzildə pasport qeydiyyatdında olsalar da, onların iddiaçıya məxsus mənzilə hər hansı bir aidiyyatları yoxdur. Adıçəkilən şəxslərin onun xüsusi mülkiyyətində olan mənzildə pasport qeydiyatında olmaları əmlak üzərində mülkiyyət hüquqlarını həyata keçirməyə məhdudiyyətlər yaradır ki, bu da Konstitusiya ilə qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6436/2022 saylı 11 noyabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı onunla əsaslandırılır ki, hər iki mənzil naturada fərqli yerlərdə olsalar da, ünvanları eynidir. Həmin ünvanların dəyişdirilməsi ilə tələbi üzrə aidiyyəti inzibati orqana müraciət edilməklə mübahisəli vəziyyətin aradan qaldırılması mümkündür. İndiki halda hər iki ünvanın eyni olması, onun və 3-cü şəxsin eyni ünvan üzrə mülkiyyət hüquqlarının qeyd alınması nəzərə alındıqda sonuncunun qeydiyyatdan çıxarılması müvafiq qanunvericiliyə əsasən mümkün deyil. Belə ki, naturada fərqli yerlərdə yerləşməyinə baxmayaraq qeydiyyat məsələləri ünvan üzrə həyata keçirildiyindən, müvafiq ünvanda yerləşən yaşayış sahəsi üzərində 3cü şəxslərin də iddiaçı kimi mülkiyyət hüquqları qeydə alındığından və həmin hüquqdan irəli gələn yaşayış, istifadə və digər hüquqları mövcud olduğundan sonuncuların qeyd edilən ünvan üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Qeyd edir ki, iş materiallarında olan MH seriyalı, ******* reyestr nömrəli, xx.xx.2009-cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 0.08987 ha torpaq sahəsində yerləşən 23 nömrəli, 4 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində, 72.8 kv.m ümumi, 54.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 4 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 992 nömrəli reyestr kitabının 89125 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lakin onun qaldırdığı iddia tələbi isə xx.xx.1960-cı il təvəllüdlü X3, xx.xx.1987-ci il təvəllüdlü X1, xx.xx.1945-ci il təvəllüdlü X5 və xx.xx.1981-ci il təvəllüdlü X4 xüsusi mülkiyətində olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi yerləşən 23 saylı evin 2-ci mərtəbəsində ümumi sahəsi 57.19 kv.m olmaqla 3 otaqdan ibarət 4 saylı mənzilindən pasport qeydiyyatından çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsidir. Mülkiyyətində olan mənzili Bakı şəhəri 26 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilən AN-İ seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqavilənə əsasən əldə etmişdir. Həmin vaxt alğı-satqı müqaviləsi bağlanan zaman hazırki iş üzrə 3-cü şəxslərin razılığı alınmamışdır. Hesab edir ki, mənzillər eyni ünvan kimi qeydiyyatdan keçmiş olsaydı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanan zaman hazırki iş üzrə üçüncü şəxslərin razılıqlarının alınması zərurəti yaranardı. Xüsusilə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə yaranmış anlaşılmazlığın müəyyən olunması üçün aidiyyəti qurumdan bununla bağlı hər hansı bir sənəd və ya arayış almamışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubun məzmunundan görünür ki, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat olan məhkəmə bildirişi onun göndərilməsi barədə poçt zərfinin üzərindəki qeydə əsasən «bu ünvanda yaşamır» səbəbindən geri qaytarıldığı üçün 3-cü şəxslər məhkəmə iclası barədə məlumatlandırıla bilməmiş və ona görə də məhkəmə iclasında iştirakını təmin edə bilməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Nərimanov rayon Polis İdarəsinin nümayəndəsinin və 3cü şəxslər X3, X6, X5 və X4 iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi (həyat yoldaşı) X16 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı tələbi, “3-cü şəxslər X11, X12, X13 və X4 Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 23 nömrəli evin, 4 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları” barədədir. Qeyd olunan tələblə bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Qanunvericiliyin tələblərindən aydın olur ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarından müəyyən edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara, yəni mənzildən qeydiyyatdan çıxarılma barədə iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Hazırkı işin faktiki hallarından isə müəyyən edilir ki, ünvan 8nvanı üzrə 2 mənzil qeydiyyata alınmışdır ki, onlardan biri 3-cü şəxslərə aid olan mənzildir. Həmçinin işin araşdırılan hallarından müəyyən edilir ki, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 23-ün 4 saylı mənzili İddiaçı adına xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında, X3 adına isə Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli Sərəncamı əsasında dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu qaydalar Azərbaycan Respublikasında ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsini tənzimləyir. Həmin Qayadaların 1.2-ci bəndinə əsasən ünvan reyestri vahiddir və Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir. Həmin Qayadaların 1.4-cü bəndinə əsasən ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. Həmin Qayadaların 1.5-ci bəndinə əsasən ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən həyata keçirilir. Həmin Qayadaların 2.4-cüi bəndinə əsasən ünvan reyestrində saxlanılan məlumatlara aşağıdakı hallarda dəyişiklik və (və ya) əlavələr edilir: daşınmaz əmlak obyektinin yerləşdiyi ərazi vahidinin və nəqliyyat infrastrukturu obyektinin qanunvericiliklə müəyyən edilmiş qaydada adı dəyişdirildikdə, habelə müvafiq nəqliyyat infrastrukturu obyektinə yeni ad verildikdə və ya onun adı dəyişdirildikdə (bu halda ünvan nömrələri dəyişilmir); texniki səhvlər aradan qaldırıldıqda; ünvanın statusu dəyişdikdə; məhkəmənin qərarı olduqda. Həmin Qayadaların 3.7-ci bəndinə əsasən daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmazdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd edimişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli məktubla ünvan 8nvanına dair arxiv qovluğunda saxlanılan sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin mübahisəli mənzilə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməsinə dair sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, eyni ünvan göstəricilərinə malik 2 ədəd mənzil aşkar edilmişdir. Belə ki, ünvan 8nvanı X2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Dövlət reyestrində qeydiyyata alınmış digər eyni ünvan göstəricilərinə malik ünvan 8nvanı isə İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İddiaçı məxsus ünvan 8nvanının dövlət reyestrində hazırda yüklü olması barədə hər hansı məlumat aşkar edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi 3-cü şəxslər onun mülkiyyətində olan mənzildə deyil, eyni ünvan üzrə başqasının adına mülkiyyət hüquqları qeydə alınmış başqa mənzildə qeydiyyatda olan şəxslər olduğundan bu hal, iddiaçının tələbinin təmin olunmasını hazırki vəziyyətdə istisna edir. Odur ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6436/2022 saylı 11 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçıya izah olunur ki, həm o, həm də 3-cü şəxs mülkiyyətində olan faktiki olaraq ayrı-ayrı yerlərdə yerləşən lakin bir ünvanda qeydiyyatdan keçmiş mənzillərin ünvanlarını dəyişdirə bilər, 3-cü şəxs tərəfindən ünvanı dəyişdirildiyi halda yenə də iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalarsa, bu halda iddiaçının həmin şəxsin (şəxslərin) qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqana, ondan imtina aldığı halda isə inzibati məhkəməyə müraciət etmək hüququ var. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6436/2022 saylı 11 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar