Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1071/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi dövrün sığorta stajı kimi nəzərə alınması və əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10489/2021 saylı 21.12.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizhə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə iddia tələbində yol verilmiş xətanı aradan qaldıraraq iddia ərizəsinin ikinci səhifəsinin “xahiş edirəm” hissəsində “Onun 01.02.1977-ci il tarixindən 08.12.1996-cı il tarixinə kimi keçmiş “Engels” adına kolxozda mexanizatorçu vəzifəsində işlədiyi dövrün pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə iddiaçı xx xxxx 1955-ci il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Tüntül kəndində anadan olmuşdur. 1971-ci ildə Göyçay 106 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və maldar mexanizator peşəsi üzrə ümumi orta təhsil almışdır. 14 noyabr 1974-cü il tarixindən 10 dekabr 1976-cı il tarixinədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1977-ci il tarixindən Qutqaşen (indiki Qəbələ) rayonu, Tüntül kəndindəki “Engels” (A.Hüseynzadə) adına kolxozda elektrik mexanizatorçu vəzifəsinə qəbul olunmuş və “A.Hüseynzadə” (Engels) adına kolxozda 1996-cı ilin axırına kimi fasiləsiz həmin vəzifəsində işləmiş və əmək haqqı almışdır. O, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonunu 04 avqust 2021-ci il tarixli cavab məktubunda imtina edərək bildirmişdir ki, onun təqdim etdiyi əmək kitabçasına, hərbi biletinə və diplomunun surətlərinə əsasən sığorta stajının tələb olunan müddətdən az olduğu, yəni əmək kitabçasında qeyd olunan 01.02.1977-ci il tarixdən 08.12.1996-cı il tarixədək Engels adına kolxozda işləməyi barədə məlumat Qəbələ rayon Tüntül kənd icra nümayəndəliyinin möhürü ilə təsdiq edildiyi üçün həmin dövrlərin sığorta stajı 6 il olmaqla tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 4335,12 manat olmaqla, tələb olunan 28800 manatdan azdır. Əlavə olaraq onun təqdim etdiyi əmək kitabçasında 01.02.1977-ci il tarixdə Engels adına kolxozda işlədiyi barədə məlumat Qəbələ rayon Tüntül kənd icra nümayəndəliyinin möhürü ilə təsdiq edildiyi üçün həmin dövrlər sığorta stajına daxil edilmir. Ona görə də qanunvericiliyin tələbləri baxımından yaşa görə pensiya təyin olunması mümkün hesab edilmir. İddiaçı cavabdehin həmin imtinası ilə razılaşmayaraq hazırkı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (İPM m.33.1). Məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazında cavabdeh imtina məktubuna uyğun əsaslarla iddianın rədd olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10489/2021 saylı 21.12.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş İddiaçı 21.03.2019-cu il tarixdən, 64 yaşından yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin ərarı qanuna zidd və əsassızdır. Belə ki, iddiaçının ümumi iş stajı 6 il 16 gün təşkil edir. Çünki, onun 01.02.1977-ci il tarixdən 08.12.1996-cı il tarixədək Engels adına kolxozda işlədiyini iddia etdiyi dövrlər arxiv arayışı ilə təsdiqləndiyinə və əmək kitabçasında öz əksini tapmadığına görə həmin müddətlər sosial sığorta stajına daxil edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində və işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Miriyeva apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil onunla razılaşmamış, iddiaçının kolxoz stajının sığorta stajı kimi nəzərə alınmamasını əsassız hesab edərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Cavabdeh apellyasiya şikayətində iddiaçının Qutqaşen (indiki Qəbələ) rayonu, Tüntül kəndindəki “Engels” (A.Hüseynzadə) adına kolxozda 01.02.1977-ci il tarixdən 08.12.1996cı il tarixədək kolxoz stajını qüvvədə olan qanunvericiliyi istinadən, sığorta stajına qəbul edilməsini mümkünsüz hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan dəlilləri tamamilə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi isə nəzərdə tutur ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddəninin qeydinə görə kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, qeyd olunan yaş həddinə çatmış və 25 il ümumi və ya fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı mövcud olan şəxsin pensiya hüququ vardır. Qanunun qeyd olunan norması (qeydi) baxımından, iddiaçının iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətinə əsasən (No:0******* Qəbələ RPŞ 06.01.2006) xx.xx.1955-ci il anadan olması nəzərə alınmaqla, ona əmək pensiyası təyin olunması üçün yaş həddi 21.03.1919-cu il tarixində (64 yaş) tamalanır. Həmin tarixə isə onun 25 ildən də çox sığorta stajı toplanır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Lakin, iddiaçının adıçəkilən kolxozda işlədiyi vaxt qüvvədə olmüş, SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaların” 117-ci maddəsinə əsasən arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sənəd hesab edilirdi. Digər tərəfdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş və 26.09.2006-cı il tarixədək qüvvədə qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə aşağıdakıları nəzərdə tuturdu: - əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir (b.1); - iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir(b.3). Göründüyü kimi, cavabdehin əmək kitabçasında öz əksini tapmaması əsası ilə iddiaçının arxiv arayışına əsasən iddiaçının Qutqaşen (Qəbələ) rayonu, Tüntül kəndindəki “Engels” (A.Hüseynzadə) adına kolxozda 01.02.1977-ci il tarixdən 08.12.1996-cı il tarixədək işlədiyi dövrü, sığorta stajı kimi nəzərə alınmaması tamamilə əsassızdır. İşə əlavə olunmuş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ Rayon Dövlət Arxivinin birinci instansiya məhkəməsinə ünvanlanmış 04.10.2021-ci il tarixli 135 nömrəli məktubuna və həmin məktuba əlavə edilmiş arxiv arayışına əsasən isə müəyyən olunur ki, iddiaçının 1977-ci ildən 1996-cı ilədək illlər üzrə iddiaçının 210 minimum a/günündən də qat-qat artıq olan əmək günləri mövcud olmuşdur: - “1977 - 315 a/günü; 1978 - 340 a/günü; 1979 - 360 a/günü; 1980- 340 a/günü, 1981- 359 a/günü; 1982 - 360 a/günü; 1983 - 359 a/günü; 1984 - 363 a/günü; 1985 -359 a/günü, 1986- 319 a/günü; 1987- 362 a/günü; 1988 - 365 a/günü; 1989 - 331 a/günü, 1990- 332 a/günü; 1991-361 a/günü; 1992- 304 a/günü; 1993- 364 a/günü, 1994 - 349 a/günü, 1995- 269 a/günü və 1996 - 345 a/günü.” (SSRİ X2 və ÜKP MK-nın “Kolxozçuların məcburi minimum əmək günlərinin artrılması barədə” 13 aprel 1992-ci il tarixli qərarına əsasən 150 gün (pambıq rayonları üçün), 100 (şimal rayonları üçün), 120 gün ( bütün digər rayonlar üçün), 50 gün 12-16 yaş yeniyetmələr üçün) müəyyən edilmişdir) Beləliklə də arxiv arayışı üzrə iddiaçının 1977-ci ildən 1996-cı ilədək 24 il sığorta stajı müəyyən olunur. Bundan əlavə, onun işə əlavə olunmuş 14 noyabr 1974-cü il tarixində Qutkaşen rayon hərbi komissarllığı tərəfindən verilmiş НЗ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətinə əsasən 14 noyabr 1974-cü il tarixdən 10 dekabr 1976-cı il tarixədək (2 il 26 gün) hərbi xidməti mövcuddur. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsi isə nəzərədə tutur ki, SSRİ-nin ərazisində müddətli hərbi xidmət sığorta stajına daxil edilir. Göründüyü kimi, iddiaçının 24 il kolxoz stajı və 2 il müddətli hərbi xidməti artıq onun 25 ildən çox sığorta stajını yaradır. Belə olan halda, “Əmkə pensiaları haqqında” Qanunun 7-ci maddəsinin tələbi (Qeydi) baxımından, 01.07.2018 - 01.07.2019-cu iliəhatə edən dövrdə pensiya yaş həddi 64 yaş təşkil etdiyi nəzərə alınmaqla, onun 64 yaşının tamam olduğu 21.03.1919-cu il tarixindən yaşa görə əmək pensiyası hüququ yaranır. Həmin Qanunun 32.1-ci maddəsi isə nəzərədə tutur ki, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunması qanunsuz olmuş, onun hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi də nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə iddianın təmin edilməsi işin sübutlarla müəyyən olunan hallarına, maddi və prosessual hüquq normalarına uyğundur. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsnin qərarının qanuna zidd və əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10489/2021 saylı 21.12.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənləri və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94, 99-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10489/2021 saylı 21.12.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1071/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1071/2022
28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver