Məhkəmə qərarları › İş №2-1(103)-1072/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1072/2022

13.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1072/2022 13.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil3 və üçüncü şəxs "xxxx" MTK-nın vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs "xxxx" MTK) “Sərəncamın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(112)-2752/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 10-13 may 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs "xxxx" MTK) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2018ci il tarixli 185 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 11.1 kv.m, yardımçı sahəsi 2.4 kv.m, ümumi sahəsi 13.5 kv.m sahədən ibarət 1 otaqlı mənzil DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Bu yaxınlarda o, bilmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ona qarşı "mülkiyyət hüquqlarına xitam verilməklə mənzildən çıxarılma tələbinə dair" iddia ilə müraciət edərək, məhkəmədən Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 185 nömrəli sərəncamı ilə onlara çoxmərtəbəli bina tikintisi üçün ayrılmış sahədə yerləşən əmlakın onun adına olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə məhəlləsi 53 ünvanında yerləşən 1 saylı mənzilin sökülərək, əvəzinə həmin ünvanda inşa olunacaq binadan hüquqmüəyyənedici sənədlərdəki ümumi sahənin üzərinə 30% artıq sahənin təmirli və ayda 350 manat kirayə haqqı verilməsi şərtilə onun həmin mənzilə dair mülkiyyət hüququna xitam verilməklə mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, hüquqlarının müdafiə edilməsi üçün o, özünə vəkil tutmaq məcburiyyətində qalmışdır. Tikintinin aparılması üçün əsas olmuş sənədlərin alınması üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə vəkil sorğusu ilə müraciət edilmiş, oradan üçüncü şəxs "xxxx" MTK-nın adına verilmiş tikintiyə icazənin surəti təqdim edilsə də, həmin sənədin verilməsi üçün əsaslardan biri olmuş Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 185 nömrəli sərəncamının surəti təqdim edilməmişdir. Bu səbəbdən xx.xx.2020-ci il tarixdə cavabdehə "xxxx" MTK-ya tikinti işlərinin aparılması üçün əsas olmuş Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 185 nömrəli sərəncamının surətinin verilməsi üçün vəkil sorğusu ilə müraciət edilsə də, cavabdeh qurum xx.xx.2020-ci il tarixli 7-3344/17 saylı cavab məktubu ilə sərəncamın surətini verməkdən imtina etmiş və yalnız məhkəmə sorğusu əsasında sərəncamın verilə biləcəyini bildirmişdir. Amma istənilən halda, "xxxx" MTK-ya tikinti işlərinin aparılması üçün torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 185 nömrəli sərəncamı onun Konstitusiyada nəzərdə tutulmuş hüquqlarını pozur və həmin sərəncam verilərkən, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. O, cavabdeh tərəfindən qəbul ediləcək inzibati aktdan xəbərsiz olmuş və mübahisələndirilən inzibati aktdan yalnız üçüncü şəxs "xxxx" MTK ona qarşı məhkəmədə iddia qaldıraraq, həmin sərəncamın adını hallandırarkən xəbər tutsa da, hazıradək həmin sərəncamı əldə edə bilməmiş və məzmunundan məlumatsızdır. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 185 nömrəli sərəncamı qanunsuz və əsassız olduğundan və ona münasibətdə uzun illər ərzində istifadəsində olan evindən və torpaq sahəsindən məhrum edən əlverişsiz inzibati akt olduğundan, ləğv edilməlidir. ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 11.1 kv.m, yardımçı sahəsi 2.4 kv.m, ümumi sahəsi 13.5 kv.m sahədən ibarət 1 otaqlı mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdehin və üçüncü şəxsin maddi maraqları mülkiyyətçi kimi onun mülkiyyət hüququnun xitamına səbəb ola bilməz. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Mülkiyyət, konstitusiya quruluşunun əsaslarını təşkil edən dəyərlərdən biridir və hüquqi dövlətdə mülkiyyət hüququ onun növündən asılı olmayaraq bir-birindən üstün olmadan qorunmalıdır. Mübahisələndirilən sərəncam qanunvericiliyin tələblərinin pozulması ilə qəbul olunduğundan, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnən əlverişsiz inzibati akt olduğundan ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(112)-2752/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: P.Hüseynov) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci 2 tarixli 185 nömrəli Sərəncamı iddiaçının konstitusiyada nəzərdə tutulmuş hüquqlarını pozur və həmin sərəncam verilərkən, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə, Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəyə görə isə, Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati orqan olan Bakı şəhər İcra Hakimiyyəti inzibati aktların qəbul edilməsi ilə bağı öz fəaliyyətində “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunu rəhbər tutmalı idi. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edib bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Göründüyü kimi, cavabdehin və üçüncü şəxsin maddi maraqları mülkiyyətçi kimi İddiaçı mülkiyyət hüququnun xitamına səbəb ola bilməz. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyərlərini İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Cavabdehin qəbul etdiyi inzibati akt nəticəsində “İbrahim-Q" MTK maddi maraqları naminə iddiaçının mülkiyyət hüququnun sərbəst həyata keçirilməsinə birbaşa maneə yaratmaqla, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat verilən mülkiyyətdən maneəsiz istifadə hüquqların pozur. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil3 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı üçüncü şəxs "xxxx" MTK-nın vəkili Vəkil2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 185 nömrəli sərəncamının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və müəyyən etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 185 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, 441-ci məhəllə, Ə.Hüseynzadə və M.Muxtarov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MTK-ya icazə verilməsi qərara alınmışdır. Mübahisələndirilən sərəncamda yalnız yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MTK-ya icazə verilməsi nəzərdə tutulur, daha sonra isə şəhərsalma əsaslandırılmasının hazırlanması və razılaşdırılması, ərazinin və obyektin memarlıq planlaşdırmasının həllinin razılaşdırılması və işçi layihəsinin təqdim edilməsi, tikinti layihəsinin təqdim edilməsi və digər işlərin görülməsi "xxxx" MTK-ya tapşırılır, eyni zamanda göstərişlərin yalnız layihələndirmə üçün əsas olması qeyd olunur. Göründüyü kimi, mübahisələndirilən sərəncamın qəbul edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməsi halı müəyyən edilmədi. Qeyd olunan sərəncamın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzilə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan daşınmaz əmlakın texniki pasportunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanına dair DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu ildə texniki pasport tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 185 nömrəli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2018-ci il tarixli, 01 saylı müraciətini və vət. X1 notarial qaydada təsdiq olunmuş razılıq ərizəsini nəzərə alaraq, Yasamal rayonu, 441-ci məhəllə, Ə.Hüseynzadə və M.Muxtarov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilməsi qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi olan 112.7 kv.m olan qeyri-yaşayış sahəsinə xüsusi mülkiyyət hüquq (tam) X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi olan 149.0 kv.m olan qeyri-yaşayış sahəsinə xüsusi mülkiyyət hüquq (tam) X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin məktuba əlavə edilmiş X1 notarial qaydada təsdiq olunmuş ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 112.7 kv.m və 149 kv.m olan qeyri yaşayış sahəsinin yerləşdiyi ərazidə "xxxx" MTK tərəfindən sökülüb yerində tikili tikilməsinə heç bir etirazı yoxdur, razıdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 185 nömrəli xx.xx.2018-ci il tarixli sərəncamının 1.1-ci bəndinə əsasən ərazidə yerləşən tikililərin sökülməsi və vəsaitin ödənilməsi "xxxx" MTK tərəfindən həll edilməli məsələ olduğundan, ərazidəki daşınmaz əmlak istifadəçiləri (mülkiyyətçiləri) ilə münasibətlərin tənzimlənməsi həmin MTK tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı hazırda tikintiyə icazənin verilməsi barədə cavabdeh inzibati orqanın qəbul etdiyi sərəncamların ləğvinə dair qərarını mübahisələndirir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci və 67.2-ci maddələrinə əsasən isə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası iddiaçının mövcud iddia tələbinin əsasları ilə bağlı qeyd edir ki, iddiaçı hazırki iddianın predmeti olan mübahisəli sərəncamın qanunsuz və əsassız olmasını, "xxxx" MTK-ya tikinti işlərinin aparılması üçün torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 185 nömrəli sərəncamı onun Konstitusiyada nəzərdə tutulmuş hüquqlarını pozur və həmin sərəncam verilərkən, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinin tələblərinin pozulması ilə qəbul edilməsi ilə əsaslandırır. İddiaçının iddia tələbinin bu əsasları ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 185 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, 441-ci məhəllə, Ə.Hüseynzadə və M.Muxtarov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binasının tikintisinin layihələndirilməsi üçün “İbrahim*Q” MTK-ya icazə verilməsi qərara alınmışdır. Mübahisələndirilən sərəncamdan göründüyü kimi yalnız yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MTK-ya icazə verilməsi nəzərdə tutulur, daha sonra isə şəhərsalma əsaslandırılmasının hazırlanması və razılaşdırılması, ərazinin və obyektin memarlıq planlaşdırmasının həllinin razılaşdırılması və işçi layihəsinin təqdim edilməsi, tikinti layihəsinin təqdim edilməsi və digər işlərin görülməsi "xxxx" MTK-ya tapşırılır, eyni zamanda göstərişlərin yalnız layihələndirmə üçün əsas olması qeyd olunur. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanunazidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunvericilik). İş üzrə mübahisəli sərəncamların – inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, həmin aktlarda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 36.3, 58-ci və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuş, inzibati orqan mübahisəli sərəncamların qəbulu zamanı maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qəbul olunmuş sərəncam iddiaçının hüquq və qanuni maraqlarını pozan və mübahisələndirmək hüququ verən əlverişsiz inzibati akt hesab olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(112)-2752/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar