Məhkəmə qərarları › İş №2-1(103)-1072/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1072/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1072/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “məzuniyyət pulunun, əmək haqqının ödənilməsi və s” iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli e-2-1(112)-2947/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 iyul 1985-ci il tarixdən 2006-cı ilə kimi Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidməti ərzində məzuniyyət pulu, 31 iyul 1985-ci il tarixdən 08 may 2019-cu il tarixədək olan dövr üçün iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqının, xx.xx.2000-ci il tarixdən 2011-ci ilə kimi müalicə olunması ilə əlaqədar ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində ödənilməli olan pul müavinətinin, 35 il ərzində polis orqanlarında qüsursuz xidmət göstərməsinə görə mükafatın iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1960-cu il tarixdə Azərbaycan Respublikasında doğulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 31 iyul 1985-ci il tarixli 676 saylı əmri ilə xidmətə qəbul edilmiş, 25 noyabr 2019-cu il tarixli Ə3706 saylı əmrlə daxili işlər orqanından təqaüdə çıxmışdır. Dəfələrlə Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, İ Qarabağ Müharibəsi veteranıdır. 15 fevral 1993-cü il tarixdən 25 noyabr 2019-cu il tarixədək Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis bölməsində məsul növbətçi vəzifəsində xidmətdə olmuşdur. İddiaçının xidmət illəri təqvim hesablanmasına görə 34 il 03 ay 26 gün; imtiyazlı hesablanma ilə 41 il 03 ay 26 gün müəyyən edilmişdir. O, xidmət müddəti ərzində “Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında Xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsində nəzərdə tutulan əsas məzuniyyət hüququndan istifadə etməmişdir. Lakin 31 iyul 1985-ci il tarixdən 2006-cı il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət müddəti ərzində istifadə edilməmiş əsas məzuniyyətə görə pul kompensasiyası “Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında Xidmətkeçmə haqqında Əsasnamə”nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq hesablanmamışdır və iddiaçıya ödənilməmişdir. Halbuki, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”nın 1 saylı əlavəsinin 13-cü bəndinə əsasən, Daxili işlər orqanlarının əməkdaşı müvafiq iş ilində (iş illərində) əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla hesablanaraq ödənilir. 2012-ci il tarixdən 2019-cu il tarixədək dövrdə iddiaçının 45 gün məzuniyyət almaq hüququ olduğu halda ona cəmi 30 gün məzuniyyət verilmişdir. Lakin həmin dövrdə o, tərəfindən istifadə olunmamış məzuniyyət günləri üçün ona kompensasiya hesablanmamışdır və ödənilməmişdir. 31 iyul 1985-ci il tarixdən 08 may 2019-cu il tarixədək olan dövrdə iş vaxtından artıq vaxtda mütəmadi olaraq işə cəlb olunmuşdur və daimi 33-cü polis bölməsində növbətçi kimi işləmişdir. İddiaçı ilə birlikdə polis bölməsində növbətçi kimi iki nəfər çalışmışdır və beləliklə, iddiaçı hər iki gündən bir 24 saatlıq növbədə olmuşdur. Halbuki, bir sutka ərzində növbədə olan polis işçisinə 3 sutka istirahət verilməli idi. Bu minvalla hər ay iddiaçı 3 sutka normadan artıq işə cəlb olunmuşdur. Bu əsasla 31 iyul 1985-ci il tarixdən 08 may 2019-cu il tarixədək olan dövrdə o, iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqıma əlavə hesablanmamış və ona ödənilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli 73 nömrəli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”nın 1 saylı əlavəsinin 9-cu bəndinə əsasən, daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. Lakin ona 31 iyul 1985-ci il tarixdən 01 yanvar 2011-ci il tarixədək həmin müavinətlər hesablanmamışdır və verilməmişdir. Bundan başqa, onun 35 il ərzində polis orqanında qüsursuz xidmət göstərməsinə baxmayaraq, ona mükafat ödənilməmişdir. Qeyd edilənlərlə əlaqədar o, ərizə ilə 09 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmiş, lakin hazırki günədək onun müraciəti nazirlik tərəfindən cavablandırılmamışdır. 2020-ci ildə də o, eyni məzmunlu ərizə ilə cavabdehə müraciət etmiş, həmin müraciətə 0xx/xx-53528-4220 saylı xx.xx.2020-ci il tarixli məktubla DİN-in Baş Kadrlar İdarəsinin Rəis müavini Rüfət Həsənov cavab vermişdir. Qeyd edilən məktubda yazılmışdır ki, “Bildiririk ki, Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 2004-cü il tarixli 185 nömrəli qərarına əsasən daxili işlər orqanları əməkdaşlarına məzuniyyətə çıxarkən və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə aylıq əmək haqqı məbləğində müavinəti verilir. Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, 048-380-1220 nömrəli məktubuna əsasən yuxarıda qeyd olunan qərarın qüvvəyə mindiyi 2004-cü ildən sizə məzuniyyət, 2011-ci ildən isə təqdim etdiyiniz sənədlərə əsasən xəstəlik müavinətləri ödənilmişdir. Həmçinin nəzərinizə çatdırırıq ki, məzuniyyət günlərinin sayından asılı olmayaraq polis əməkdaşlarına məzuniyyətə çıxarkən yuxarıda qeyd olunan Qərarla müəyyən olunmuş qaydada məzuniyyət müavinəti ödənilir. İş vaxtından əlavə saatlarda xidmətə cəlb edilməyi ilə əlaqədar bildirir ki, bu barədə müvafiq əmr və əlavə iş saatlarında işləməyini təsdiq edən sənədlər olmadığından həmin iş saatlarında işlədiyinə görə ona əlavə ödənişin verilməsi mümkün deyildir.” Cavabdehin həmin məktubunda əks olunan cavabı əsassız imtina kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh ümumi qaydalar haqqında ona məlumat verir, lakin konkret olaraq ona hansı tarixlərdə nə qədər müavinət, kompensasiya ödənilməsi haqqında məlumatları bildirmir. Onun artıq iş saatlarında işə cəlb edilməsi onun işlədiyi dövrdə 33-cü polis bölməsində dörd növbətçi əvəzinə üç növbətçinin növbə ilə çalışması faktı təsdiq edir. Cavabdehin guya bu barədə Onda sənədlərin olmaması barədə bəhanəsi əsassızdır. Bundan başqa, müalicə məqsədilə polis işçisinə ödənilən müavinət üçün polis işçisi tərəfindən sənədlərin təqdim edilməsi öhdəliyi qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdeh əsassız olaraq qeyd edir ki, guya yalnız təqdim edilən sənədlər əsasında həmin müavinəti guya ödəyib. Lakin, yenə də hansı tarixlərdə, hansı dövrlər üçün qeyd edilən müavinəti ödəməsi barədə konkret məlumatları iddiaçıya təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2947/2022 nömrəli, 28 noyabr 2022-ci il tarixli qərarı ilə iddia “01 yanvar 2011-ci il tarixdən 08 may 2019-cu il tarixədək olan dövr üçün iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqının ödənilməsi” hissəsində rədd edilmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2947/2022 nömrəli, 28 noyabr 2022-ci il tarixli qərardadı ilə (hakim G.A.Sevdimalıyeva) iddia “xx.xx.1985-ci il tarixdən 2006-cı ilə kimi Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidməti ərzində məzuniyyət pulu, xx.xx.1985-ci il tarixdən 01 yanvar 2011-ci il tarixədək olan dövr üçün iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqının, xx.xx.2000-ci il tarixdən 2011-ci ilə kimi müalicə olunması ilə əlaqədar ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində ödənilməli olan pul müavinətinin, 35 il ərzində polis orqanlarında qüsursuz xidmət göstərməsinə görə mükafatın ödənilməsi” hissələrində mümkün sayılmamışdır. Hazırda iddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2947/2022 nömrəli, 28 noyabr 2022-ci il tarixli qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 31 iyul 1985-ci il tarixdən 08 may 2019-cu il tarixədək olan dövrdə iddiaçı iş vaxtından artıq vaxtda mütəmadi olaraq işə cəlb olunmuşdur və daimi 33-cü polis bölməsində növbətçi kimi işləmişdir. İddiaçı ilə birlikdə polis bölməsində növbətçi kimi iki nəfər çalışmışdır və beləliklə iddiaçı hər iki gündən bir 24 saatlık növbədə olmuşdur. Halbuki, bir sutka ərzində növbədə olan polis işçisinə 3 sutka istirahət verilməli idi. Bu minvalla hər ay iddiaçı 3 sutka normadan artıq işə cəlb olunmuşdur. Bu əsasla 31 iyul 1985-ci il tarixdən 08 may 2019-cu il tarixədək olan dövrdə iddiaçı iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqıma əlavə hesablanmamış və ona ödənilməmişdir. İddiaçı 2020-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir. Həmin müraciətə xx.xx.2020-ci il tarixli 0xx/xx-53528-4220 nömrəli məktubla DİN-in Baş Kadrlar İdarəsininRəis müavini Rüfət Həsənov cavab vermişdir. Qeyd edilən məktubda yazılmışdır ki, İş vaxtından əlavə saatlarda xidmətə cəlb edilməyinizlə əlaqədar bildiririk ki, bu barədə müvafiq əmr və əlavə iş saatlarında işləməyinizi təsdiq edən sənədlər olmadığından həmin iş saatlarında işlədiyinizə görə sizə əlavə ödənişin verilməsi mümkün deyildir.” Cavabdehin həmin məktubda əks olunan cavabı əsassız imtina kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh ümumi qaydalar haqqında iddiaçıya məlumat verir, lakin konkret olaraq iddiaçıya hansı tarixlərdə nə qədər müavinət, kompensasiya ödənilməsi haqqında məlumatları bildirmir. İddiaçının artıq iş saatlarında işə cəlb edilməsi onun işlədiyi dövrdə 33-cü polis bölməsində dörd növbətçi əvəzinə üç növbətçinin növbə ilə çalışması faktı təsdiq edir. Cavabdehin guya bu barədə onda sənədlərin olmaması barədə bəhanəsi əsassızdır. Cavabdeh haqlı olduğunu sübut etmək üçün qeyd edilən dövrdə 33-cü polis bölməsində dörd nəfər növbətçinin işləməsi haqqında sənədləri (əmrləri) məhkəməyə təqdim etməli idi. Cavabdeh bu cür subutları təqdim etmədiyi təqdirdə iddiaçının irəli sürdüyü dəlil sübut olunmuş kimi qiymətləndirilməli idi. İddiaçı 15 fevral 1993-cü il tarixdən 25 noyabr 2019-cu il tarixədək Bakı şəhəri, Suraxanırayon Polis İdarəsinin 33-cü Polis bölməsində məsul növbətçi vəzifəsində xidmətdə olmuşdur. İddiaçının xidmət illəri təqvim hesablanmasına görə 34 (otuz dörd) il, 03 (üç) ay, 26 (iyirmi altı) gün; imtiyazlı hesablanma ilə 41 (qırx bir) il, 03 (üç) ay, 26 (iyirmi altı) gün müəyyən edilmişdir. İddiaçı xidmət müddəti ərzində “Azərbaycan Respublikası Daxili İşlər OrqanlarındaXidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsində nəzərdə tutulan əsas məzuniyyət hüququndan istifadə etməmişdir. Lakin 31 iyul 1985-ci il tarixdən 2006-cı il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət müddəti ərzində istifadə edilməmiş əsas məzuniyyətə görə pul kompensasiyası“Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında Xidmətkeçmə haqqında Əsasnamə”nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq hesablanmamışdır və iddiaçıya ödənilməmişdir. Bundan başqa, 2012-ci il tarixdən 2019-cu il tarixədək dövrdə iddiaçının 45 gün məzuniyyət almaq hüququ olduğu halda ona cəmi 30 gün məzuniyyət verilmişdir. Lakin həmin dövrdə iddiaçı tərəfindən istifadə olunmamış məzuniyyət günləri üçün ona kompensasiya hesablanmamışdır və ödənilməmişdir. Cavabdeh iddiaçıya verdiyi məzuniyyətlər haqqında əmrləri məhkəməyə təqdim etməmişdir. Məzuniyyətin qanunvericiliyin tələblərinə uyğun müddətdə iddiaçıya təqdim edildiyini heç bir mötəbər sübutla əsaslandırmamışdır. Bu səbəbdən iddiaçının bu dəlili də məhkəmə tərəfindən sübut olunmuş kimi qəbul edilməli idi. Lakin iddiaçıya 31 iyul 1985-ci il tarixdən 01 yanvar 2011-ci il tarixədək həmin müavinətlər hesablanmamışdır və verilməmişdir. Bundan başqa, İddiaçı 35 il ərzində polis orqanında qüsursuz xidmət göstərməsinə baxmayaraq, iddiaçıya mükafat ödənilməmişdir. Cavabdeh iddiaçının irəli sürdüyü dəlillər haqqında sübutlarını məhkəməyə təqdim etməli idi. Cavabdeh sübut etməliydi ki, o iddiaçını normadan artıq işə cəlb etməyib, 33-cü polis bölməsində dörd nəfər növbətçi işləyib, iddiaçıyz məzuniyyətləri qanunvericilikdə müəyyən olunmuş müddətlərə vermişdir, muavinətləri ödəmişdir. Lakin, cavabdeh bu faktları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Kollegiya ilk növbədə qeyd edir ki, iddia tələbi İddiaçı 31 iyul 1985-ci il tarixdən 2006cı ilə kimi Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidməti ərzində məzuniyyət pulu, 31 iyul 1985-ci il tarixdən 01 yanvar 2011-ci il tarixədək olan dövr üçün iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqının, xx.xx.2000-ci il tarixdən 2011-ci ilə kimi müalicə olunması ilə əlaqədar ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində ödənilməli olan pul müavinətinin, 35 il ərzində polis orqanlarında qüsursuz xidmət göstərməsinə görə mükafatın iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi hissəsində mümkün sayılmamış, iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilərək baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1315/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qərardadı ilə (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və V.Ə.Baxışova) qərardaddan verilən apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmış, eyni zamanda AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1824/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1315/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi İddiaçı 01 yanvar 2011-ci il tarixdən 08 may 2019-cu il tarixədək olan dövr üçün iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqının ödənilməsi hissəsində mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulmuş iddianı (kompensasiyanın ödənilməsi) qaldırmışdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia tələbi İddiaçı 01 yanvar 2011-ci il tarixdən 08 may 2019-cu il tarixədək olan dövr üçün iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqının ödənilməsi hissəsində mümkün olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarından görünür ki, İddiaçı xx.xx.1960-cı ildə anadan olmuş, xx.xx.1985-ci ildən xx.xx.2019-cu il tarixədək daxili işlər orqanlarında xidmət etmiş, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 5-ci bəndinə əsasən (xidmətdə olmanın son yaş həddinə çatdığına görə) xidmətdən xaric olunmuşdur. İddiaçı iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə görə əmək haqqının ödənilməsi ilə bağlı öncə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilərək bildirilmişdir ki, bu barədə müvafiq əmr və əlavə iş saatlarında işləməyini təsdiq edən sənədlər olmadığından həmin iş saatlarında işlədiyinə görə ona əlavə ödənişin verilməsi mümkün deyildir. Kollegiya cavabdeh inzibati orqanın imtinasını, eyni zamanda birinci instansiya məhkəməsinin həmin hissədə iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 35-ci maddəsinin İ hissəsinə əsasən, polis əməkdaşının əmək haqqı onun vəzifəsi, xüsusi rütbəsi, xidmət illəri nəzərə alınmaqla müəyyənləşdirilən əsas maaşdan, habelə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməyə görə qanunvericiliyə müvafiq surətdə müəyyənləşdirilən əlavə haqqlardan ibarətdir. Polis əməkdaşına xidmət şəraitinə görə əlavə haqqlar, birdəfəlik müavinətlər və başqa ödənişlər verilir. AR Əmək Məcəlləsindən 95-ci maddəsinə əsasən iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. Məhkəmə sorğuları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 02 yanvar 2001-ci il tarixli 1 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının operativ növbətçi hissələrinin işinin təşkilinə dair Təlimat”ın 2.2-ci bəndinə əsasən növbətçi hissələrin gündəlik naryadının xidməti 3 növbəli və ya 4 növbəli olmaqla 24 saat müddətinə təşkil edilir (3 növbəli işdə ümumilikdə - 6 saat, 4 növbəli işdə ümumilikdə 4 saat). Növbədən sonra növbətçi hissənin ştatda olan əməkdaşlarına 3 növbəli rejimdə 48 saat, 4 növbəli rejimdə 72 saat istirahət verilir. Kollegiya qeyd edir ki, növbətçi hissələrin gündəlik naryadının xidmətinin xüsusiyyəti məhz növbəli rejimdə işləməkdir. Odur ki, növbətçi hissənin ştatda olan əməkdaşlarına xidmətin həmin xüsusiyyətindən irəli gələrək istirahət və fasilə verilir. Odur ki, iddiaçı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin məsul növbətçisi kimi xidmətinin xüsusiyyətindən irəli gələrək vəzifələrini icra etmişdir. Kollegiya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 02 yanvar 2001-ci il tarixli 1 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının operativ növbətçi hissələrinin işinin təşkilinə dair Təlimat”a əsasən qeyd edir ki, iş vaxtı rejimi və onu müəyyən edən qaydalar iş vaxtı müddətinə uyğundur. İş vaxtından əlavə saatlarda iddiaçının xidmətə cəlb edilməsi barədə əmr və əlavə iş saatlarında işləməyəni təsdiq edən sənədlər müəyyən edilməmişdir. Həmçinin Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçının qeyd edilən müddətdə iş vaxtından əlavə saatlarda işə cəlb edilməsi ilə bağlı haqqın ödənilməsi və ya ən azından qeyd edilən halın (olduğu təqdirdə) əmrlə rəsmiləşdirilməsinə dair müraciət etməsi müəyyən olunmur. Yuxarıda göstərilənlərə əsasən, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli e-2-1(112)-2947/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar