Məhkəmə qərarları › İş №2-1(103)-1072/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1072/2025

25.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1072/2025 25.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8721/2024 nömrəli, 09 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə Qəbələ rayonunda anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1978-ci ildə açılmış əmək kitabçasına əsasən xx.xx.1978-ci ildə başlamışdır. xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə qədər ordu sıralarında xidmətdə olmuş və xx.xx.1983-cü ildən yenidən əmək fəaliyyətinə 446 №-li Tikinti İdarəsində davam etmişdir. xx.xx.1996-cı ildə köçürmə yolu ilə 445 №-li Tikinti İdarəsinə keçdikdən sonra xx.xx.2006-cı ilə qədər həmin idarədə işləmişdir. Əmək kitabçasına əsasən onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çoxdur ki, onun da 12 il 6 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarına əsasən güzəştli peşə hesab olunan dəmir və dəmir-beton konstruksiyalarının quraşdırıcısı peşəsində işləmişdir. xx.xx.2018-ci ildə iddiaçının 57 yaşı tamam olmuşdur. Buna görə də “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna uyğun olaraq iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin də imtinasında qeyd etdiyi kimi, iddiaçının işlədiyi idarənin fəaliyyəti 20 ildən artıqdır ki, dayandığı üçün həmin dövrə aid stajı barədə məlumatları əldə edə bilmir. Bu isə cavabdehin ona pensiya təyinat edilməsindən imtina etməsinə əsas verməməlidir. Çünki Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin iş stajını təsdiq edən əsas sənəd onun əmək kitabçasıdır ki, onun da əmək kitabçasında işləməyi barədə bütün qeydlər vardır. Sənədlərin saxlanılıb-saxlanılmaması isə vətəndaşa aid məsələ deyildir. Cavabdeh tərəf heç bir əsas olmadan qüvvədə olan Qanunun tələbinə əməl etmir və iddiaçının konstitusiya ilə təsbit olunan və dövlət tərəfindən qorunan pensiya təminatı hüququ kobud şəkildə pozulur. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-8721/2024 nömrəli, 09 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 57 yaşı tamam olduğu xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bildirir ki, xx.xx.1983-cü ildə əmək fəaiyyətinə başlayıb və həmin tarixdən zərəli peşədə işləyib. Bu səbəbdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməkdən imtina edilmişdir. Bundan narazı qalan iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 9 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 9 sentyabr 2024-cü il tarixli qərarı məhkəmənin işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmaması nəticəsində qəbul edildiyindən, qanuni və əsaslı deyildir. Buna görə də, həmin qərar ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının ümumi iş stajının 25 ildən az (6 il 8 ay 25 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il tarixləri arasındakı dövrlər xx.xx.2006-cı il tarixdən sonra 2 il 3 ay)) təşkil etdiyi, güzəştli iş stajının isə olmadığı bildirilmişdir. Göstərilən səbəblərdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini qanunvericiliklə mümkün hesab edilməmişdir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 6391,18 manat təşkil edir. Cavabdeh tərəfindən mübahisələndirilən dövrlər iddiaçının əmək kitabçasında qeyd edilsə də, iddiaçının həmin dövrlərdə əmək haqqı aldığı təsdiq edən sənədlərin olmaması, həmçinin adına məcburi dövlət sosial sığorta haqlarının köçürülməsi barədə məlumatların aşkar edilməməsi səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Cavabdeh tərəfindən qarşılıqlı yoxlama zamanı müəssisədə iddiaçıya aid sənədlərin olmadığı müəyyən edilmişdir. Belə ki, bu hal müəssisə tərəfindən təqdim edilən xx.xx.2019-cu il tarixli 02-K nömrəli arayışın mötəbərliyinə əsaslı şübhələr doğurur. Arayışın hansı sənədlər əsasında tərtib edilməsi müəyyən deyil. Zərərli əmək şəraitində işçinin işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Məhkəmənin mövqeyinə görə cavabdeh inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən iddiaçının xeyrinə olan faktiki halları araşdırmamış, nəticədə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməməsi barədə yanlış qənaətə gəlmişdir. Qərarın əsaslandırma hissəsində məhkəmənın gəldiyi gənaətə görə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası iddiaçının 60 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixdən təyin edilməlidir. Bundan əlavə məhkəmə araşdırma nəticəsində "xxxx" ASC-nin 445 nömrəli Tikinti İdarəsi barədə əldə edilmiş məlumata əsasən, iddiaçının işlədiyi müəssisə xx.xx.1997-ci ildə vergi uçotuna alınmış, xx.xx.2014-cü ildən xx.xx.2019-cu ilədək fəaliyyəti dayandırılmışdır. İddiaçının cavabdehə təqdim etdiyi xx.xx.1978-ci il tarixli əmək kitabçasının surətində və "xxxx" ASC-nin ona dair xx.xx.2019-cu il tarixli 02-K nömrəli arayışında xx.xx.1984-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının 445 sayılı Tikinti İdarəsində quraşdırıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar həmin dövr üzrə iddiaçının iş stajına dair məlumatların dəqiqləşdirilməsi üçün cavabdehin əməkdaşları tərəfindən yerində araşdırma aparılmışdır. Araşdırma zamanı 445 №-li tikinti idarəsində iddiaçının işlədiyinə dair müəssisənin arxivində hər hansı bir sənəd aşkarlanmadığı müəyyən edilib. Bu fakt "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Bundan başqa, məhkəmə qərarın əsaslandırma hissəsində 60 yaş göstərilsə də, nəticə hissəsində 57 yaşdan təyinat aparılmalı olduğu göstərilmişdir. Əlavə olaraq, iddiaçının xx.xx.1984-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində işlədiyini idda etdiyi müəssisənin xx.xx.1997-ci il tarixdə vergi uçotuna alınması iş materialları və məhkəmə araşdırmasının nəticəsi olan sorğularla öz təsdiqi tapır. Belə olan halda, müəssisənin xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınması və müəssisənin arxivində hər hansı bir sənəd aşkarlanmaması, iddiaçının sözügedən müəssisədə müvafiq dövrlərdə əmək fəaliyyətini təsdiq etdiyini iddia etdiyi əmək kitabçasının və əmək kitabçasındakı qeydlər əsasında yazılan güzəştli arayışın mötəbərliyinə dair şübhə yaradaraq, iddiaçının həmin dövrlərdə işləməməsinə və əmək haqqı almamasına gətirib çıxarır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur, 57 yaşı xx.xx.2018-ci ildə tamam olmuşdur. İş materiallarında olan NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur: xx.xx.1978-ci il tarixli əmək kitabçanızın surətində və "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli 02-K nömrəli arayışında xx.xx.1984-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində 445 sayılı Tikinti İdarəsində quraşdırıcı vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Bununla əlaqədar həmin dövr üzrə iş stajınıza dair məlumatların dəqiqləşdirilməsi üçün Mərkəzi Filialın əməkdaşları tərəfindən yerində araşdırma aparılıb. Araşdırma zamanı 445 №-li tikinti idarəsində işlədiyinizə dair müəssisənin arxivində hər hansı bir sənəd aşkarlanmadığı müəyyən edilib. Bu fakt "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Buna görə də həmin dövrün iş stajınıza daxil edilməsi mümkün deyil. Göstərilən səbəbdən də Sizin ümumi iş stajınız 25 ildən az (6 il 8 ay 25 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il tarixləri arasındakı dövrlər xx.xx.2006-cı il tarixindən sonra 2 il 3 ay)) təşkil edir, güzəştli iş stajınız isə yoxdur. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı Əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə Ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya Kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 6391,18 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan "xxxx" ASC 445 saylı Tikinti İdarəsi tərəfindən verilmiş 02-K nömrəli xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X3 həqiqətən xx.xx.1984-cü ildən (əmr № 138-1, xx.xx.1984) xx.xx.1996-cı ilədək (Əmr № 65-k, xx.xx.1996) 446 №-li Tikinti İdarəsində, xx.xx.1996-cı ildən (əmr № 209/ş, xx.xx.1996) xx.xx.2000-ci ilədək (əmr № 138, xx.xx.2000) 445 saylı Tikinti İdasəsində polad, dəmir və dəmir-beton konstruksiyaları üzrə quraşdırıcı işləmişdir. Quraşdırıcı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin, vəzifələrin istehsalatların Siyahı”sına daxildir (İİ Siyahı XXVİİ bölmə, a) yarımbəndi, Kod 2290000a-14612. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri). SSRİ Nəqliyyattikinti Nazirinin xx.xx.1988-ci il tarixli 120-OR saylı əmrinə əsasən “Azərnəqliyyattikinti” tresti "xxxx" Layihə Sənaye Tikinti Birliyi (LSTB) adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 614 saylı xx.xx.1993-cü il tarixli fərmanına əsasən "xxxx" LSTB-si "xxxx" Dövlət Şirkətinə (DŞ) çevrilmişdir. "xxxx" Dövlət Şirkətinin 271 №-li xx.xx.1996-cı il tarixli əmrinə əsasən 446 №-li tikinti idarəsi ləğv edilmiş və hüquqi varislik 445 №-li tikinti idarəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 851 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə "xxxx" Dövlət Şirkəti "xxxx" X7 Cəmiyyətinə çevrilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, vergi ödəyicilərinin dövlət reyestrində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 445 Saylı Tikinti İdarəsinin xx.xx.1997-ci il tarixdə 9 rəqəmli (1********) VÖEN alaraq vergi uçotuna alınması, xx.xx.2005-ci il tarixdə inventarlaşmadan keçərək yeni ********** nömrəli VÖEN alması barədə məlumat mövcuddur. 445 Saylı Tikinti İdarəsinin xx.xx.2001-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 2.1-ci bəndinə əsasən 445 Saylı Tikinti İdarəsi, Azərbaycan Respublikası Prezidentinin 851 nömrəli 16 iyul 1998-ci il tarixli sərəncamı ilə yaradılmış "xxxx" X7 Cəmiyyətinin say tərkibinə daxil olan struktur bölmədir. Dövlət Vergi Xidmətinin uçot məlumat bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 445 Saylı Tikinti İdarəsinin xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək və xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək fəaliyyətinin dayandırılması barədə məlumat mövcuddur. Eyni zamanda, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət və hesabatların qəbulu 2019-cu il 01 yanvar tarixindən etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Bu səbəbdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə məlumatlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin informasiya sistemində mövcud olmadığı üçün aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fonduna müraciət edilməsi tövsiyə olunur. xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 445 Saylı Tikinti İdarəsinin məcburi dövlət sosial sığorta ödənişi olmamışdır. Vergi ödəyicisinin vergi uçotuna alındığı tarixdən xx.xx.2024-cü il tarixədək vergilər üzrə ödənişi 29712,4 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında və iş yerinə dair arayışda xx.xx.1984-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində onun "xxxx" ASC-nin 445 sayılı Tikinti İdarəsində quraşdırıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Araşdırma zamanı 445 №-li tikinti idarəsində iddiaçının işlədiyinə dair müəssisənin arxivində hər hansı bir sənəd aşkarlanmadığı müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının həmin dövrlər ərzində işləyib-işləmədiyini müəyyən etmək mümkün olmadığı üçün həmin dövrləri ümumi iş stajına daxil etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, sənədlərin arxivdə saxlanılmasına iddiaçı məsuliyyət daşımır. Sənədlərin saxlanılmasına iş yeri və arxiv idarələri məsuliyyət daşıyırlar. İddiaçının əmək kitabçasında qeydlərdə hər hansı müdaxilə və qeyrimüəyyənlik yoxdur. İddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Həmçinin iddiaçının həmin dövrdə işlədiyi müəssisənin mövcudluğu hər hansı şübhə doğurmur. Qeyd edildiyi kimi, müəssisənin arxiv sənədlərinin saxlanılmamasına, eləcə də aidiyyəti üzrə təhvil verilməməsinə görə iddiaçı cavabdehlik daşımır. İş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının həmin illərdə sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair cavabdehin dəlili əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin dövrlər də iddiaçının ümumi stajına daxil edilməlidir. İş materiallarına əlavə edilmiş əmək kitabçası və digər sənədlərdən görünür ki, hərbi xidmət dövrü daxil olmaqla iddiaçının ümumi iş stajı xx.xx.2006-cı ilədək 25 ildən artıqdır (xx.xx.1978-xx.xx.1980, xx.xx.1980-xx.xx.1982 (hərbi xidmət), xx.xx.1983-xx.xx.2000, xx.xx.2001-xx.xx.2006 - cəmi 27 il 01 ay). Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövr ərzində "xxxx" ASC-nin 445 sayılı Tikinti İdarəsində quraşdırıcı vəzifəsində işləmişdir (cəmi 16 il 16 gün). Həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri, 2290000a-14612 - polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar. Həmin sahə və peşənin qeyd olunan siyahıya uyğunluğu işəgötürənin arayışı ilə də təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 16 il 16 gün). Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövrlər güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 57 yaşından (xx.xx.2018-ci ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, xx.xx.2006-cı ilədək qüvvədə olan qanunvericilik normalarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalının olması tələbi müəyyən edilməmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8721/2024 nömrəli, 09 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar