Məhkəmə qərarları › İş №2-1(103)-1073/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1073/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1073/2023 01.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X1 və X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4193/2022 saylı 26 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 31 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx xxxx 1961-ci il təvəllüdlüdür. Bakı şəhəri 54 saylı Texniki Peşə Məktəbi tərəfindən 4321 saylı 5 iyun 1979-cu il tarixli attestatın surətindən görünür ki, İddiaçı 1 sentyabr 1978-ci il tarixdən 5 iyun 1979-cu il tarixədək həmin peşə məktəbində elektrik montyoru peşəsi üzrə təhsil almış və təhsilini başa vurmuşdur. NZ seriyalı ******* saylı xx.xx.1980-cı il tarixli hərbi biletin surətindən görünür ki, İddiaçı 1980 – 1982-ci illərdə hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək elektrik montyoru, 8 dekabr 1979-cu il tarixdən xx.xx.1980-ci ilədək fəhlə, 9 avqust 1982-ci il tarixdən Bakı Baş Tikinti İdarəsinin 1 saylı Evtikmə Kombinatında quraşdırma sahəsində 2-ci dərəcə fəhlə kimi işə başlamış, 1 mart 1983-cü il tarixdən 1 sentyabr 1983-cü il tarixədək dəmir beton konstruksiyaları üzrə 2-ci dərəcəli quraşdırıcı, 1 sentyabr 1983-cü il tarixdən 1 oktyabr 1984-cü il tarixədək dəmir beton konstruksiyaları üzrə 3-cü dərəcəli quraşdırıcı, 1 oktyabr 1984-cü il tarixdən 1 avqust 1987-ci il tarixədək dəmir beton konstruksiyaları üzrə 4-cü dərəcəli quraşdırıcı, 1 sentyabr 1987-ci il tarixdən 1 avqust 1988-ci il tarixədək dəmir beton konstruksiyaları üzrə 3-cü dərəcəli quraşdırıcı, 1 avqust 1988-ci il tarixdən 1 fevral 1993-cü il tarixədək dəmir beton quraşdırıcıları üzrə 4-cü dərəcəli quraşdırıcı, 1 fevral 1993- cü il tarixdən 27 dekabr 2004cü il tarixədək dəmir beton konstruksiyaları üzrə 2-ci dərəcəli yükləyici, 1 avqust 2005-ci il tarixdən 1 fevral 2007-ci il tarixədək X11 Sovxozunun Binə sexində 2-ci dərəcəli bağ fəhləsi işləmişdir. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********5 saylı xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Onun fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya 39675.79,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19875.59 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin qeyd olunan məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, əmək kitabçasında onun işə daxil olma və işdən azad olma barədə əmrlərinin tarix və nömrələri barədə müvafiq qeydlər aparılmış və həmin qeydlər müəssisənin səlahiyyətli şəxslərinin imzaları və təşkilatın möhürləri ilə təsdiq edilmişdir. 1 saylı Bakı Evtikmə Kombinatı 1 yanvar 2005-ci il tarixdən "xxxx" ASCyə çevrilmişdir. "xxxx" ASC-nin iddiaçının iş stajının təsdiqi barədə verdiyi açıqlama arayışında həmin məlumatlar öz təsdiqini tapmışdır. İddiaçının işlədiyi quraşdırıcı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 saylı siyahının 2290000a – 14612 indeksi üzrə qeyd edilmişdir. Həmin sənədlərdən məlum olur ki, onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çox olmuş və həmin müddətin 21 il 8 ay 27 gününü o, güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Lakin cavabdeh ona münasibətdə «Əmək pensiyaları haqqında» Qanunun müddəalarını tətbiq etməməli idi. Göründüyü kimi, o, müraciət etdiyi vaxt kifayət qədər ümumi iş stajına və güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına malik olsa da, cavabdeh tərəfindən onun pensiya hüququ pozulmuşdur. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən verilmiş iddia ərizəsinə dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.18-ci maddəsinə əsasən sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşması imkanına malikdirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4193/2022 saylı 26 iyul 2022-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilərək, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin 1 iyul 2018-ci il tarixdən sonrakı dövrə aid hissəsinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndələri X2 və X8 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hazırki iş üzrə məhkəmə qərarının elan edilməsi Azərbaycan Respublikası İPM-nin 75.1-ci maddəsinə əsasən 01 iyun 2023-cü il tarixə təxirə salınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdə apellyasiya şikayətinin cavabdeh qurum tərəfindən verildiyini nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını iddianın təmin edildiyi hissədə yoxlayır. Belə ki, iddianın təmin edilmədiyi hissədə iddiaçı apellyasiya şikayəti verməmişdir. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı xx xxxx 1961-ci il tarixdə doğulmuş, 2006-cı ilin yanvar ayının 1-dək 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən “dəmir-beton konstruksiyaları üzrə quraşdırıcı” peşəsində çalışmış, həmçinin o, 2006-cı ilin 1 yanvar tarixədək hərbi xidmət və təhsil illəri də daxil olmaqla 25 ildən artıq sığorta stajını toplamışdır. Bununla bağlı o, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun ümumi pensiya kapitalının kifayət qədər olmaması əsası ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi qismən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 1 yanvar 2006-cı il tarixədək 25 ildən artıq ümumi staja, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə 12 il 6 aydan artıq staja malik olmasına istinad edərək iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına istinad edərək onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğunu bildirdiyi üçün əvvəlcə onun həqiqətən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü yoxlanılmalıdır. Belə olan halda Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq olunmalı olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması məsələsi yoxlanılmalıdır. Əvvəla qeyd olunmalıdır ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olduğu üçün onun 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. Bununla yanaşı, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsil barədə sənədi (attestatı), əmək kitabçasını və müvafiq güzəştli arayışı təqdim etmişdir. İddiaçıya məxsus attestatın və hərbi biletin surətlərindən görünür ki, o, müvafiq olaraq 1 sentyabr 1978-ci il tarixdən 5 iyun 1979-cu il tarixədək peşə məktəbində elektrik montyoru peşəsi üzrə təhsil almış, 1980 – 1982-ci illərdə hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin“ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. İddiaçının ümumi iş stajı onun təhsil aldığı 1 sentyabr 1978-ci il tarixdən 5 iyun 1979-cu il tarixədək (9 ay 4 gün), 1980 – 1982-ci illərdə (2 il) hərbi xidmətdə olduğu müddət və əmək kitabçasına əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək elektrik montyoru, 8 dekabr 1979-cu il tarixdən xx.xx.1980-ci ilədək fəhlə, 9 avqust 1982-ci il tarixdən 1 mart 1983-cü il tarixədək və xx.xx.1983-cü il tarixdən 1 sentyabr 1983-cü il tarixədək, 1 sentyabr 1983-cü il tarixdən 1 oktyabr 1984-cü il tarixədək dəmir beton konstruksiyaları üzrə 3-cü dərəcəli quraşdırıcı, 1 oktyabr 1984-cü il tarixdən 1 avqust 1987-ci il tarixədək dəmir beton konstruksiyaları üzrə 4-cü dərəcəli quraşdırıcı, 1 sentyabr 1987-ci il tarixdən 1 avqust 1988-ci il tarixədək dəmir beton konstruksiyaları üzrə 3-cü dərəcəli quraşdırıcı, 1 avqust 1988-ci il tarixdən 1 fevral 1993-cü il tarixədək dəmir beton quraşdırıcıları üzrə 4-cü dərəcəli quraşdırıcı, 1 fevral 1993- cü il tarixdən 27 dekabr 2004cü il tarixədək dəmir beton konstruksiyaları üzrə 2-ci dərəcəli yükləyici, 1 avqust 2005-ci il tarixdən 1 fevral 2007-ci il tarixədək (xx.xx.2006-cı il tarixədək) fəhlə işlədiyi dövrlər də nəzərə alınmaqla ümumilikdə iş stajı 25 ildən çox təşkil edir. Buna görə də iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi- 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmışdır. Bununla yanaşı, Kollegiya iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini tələb etdiyi üçün bu tələbin təmin olunması məqsədilə Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini də yoxlayır və aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İşdə olan "xxxx" ASC-nin 01/02 saylı 20 aprel 2021-ci il tarixli aydınlaşdırıcı arayışından görünür ki, İddiaçı “Bakı Baş Tikinti İdarəsi”nin 1 saylı Evtikmə Kombinatında 09 avqust 1982-ci il tarixdən quraşdırma sahəsinə 2-ci dərəcəli fəhlə kimi işə qəbul edilmiş (əmr № 599, xx.xx.1982-ci il), 01 mart 1983-cü il tarixdən quraşdırma sahəsində dəmirbeton konstruksiyaları üzrə 2-ci dərəcəli quraşdırıcı vəzifəsinə (əmr № 164, xx.xx.1983-cü il), 01 sentyabr 1983-cü il tarixdən quraşdırma sahəsində dəmir-beton konstruksiyaları üzrə 3-cü dərəcəli quraşdırıcı vəzifəsinə (əmr № 490, xx.xx.1983-cü il), 01 oktyabr 1984cü il tarixdən quraşdırma sahəsində dəmir-beton konsruksiyaları üzrə 4-cü dərəcəli quraşdırıcı vəzifəsinə (əmr № 760, xx.xx.1984-cü il), 01 iyul 1987-cı il tarixdən quraşdırma sahəsində dəmir-beton konsruksiyaları üzrə 4-cü dərəcəli quraşdırıcı vəzifəsinə (əmr № 375, xx.xx.1987-ci il), 01 sentyabr 1987-cı il tarixdən quraşdırma sahəsində dəmir-beton konstruksiya lari üzrə 3-cü dərəcəli quraşdırıcı vəzifəsinə (əmr № 548, xx.xx.1987-ci il), 01 avqust 1988-cı il tarixdən quraşdırma sahəsində dəmir-beton konstruksiyaları üzrə 4-cü dərəcəli quraşdırıcı (əmr № 545, xx.xx.1988-ci il), 01 fevral 1993-cü il tarixdən isə quraşdırma sahəsində dəmir beton konstruksiyaları üzrə 2-ci dərəcəli yükləyici vəzifəsinə keçirilmişdir (əmr № 73, xx.xx.1993-cü il), 27 dekabr 2004-cü il tarixdən öz xahişi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işdən azad edilmişdir (əmr № 51/k, xx.xx.2004-cü il). Göstərilən dövrdə İddiaçı quraşdırma sahəsində dəmir-beton konstruksiyaları üzrə quraşdırıcı işləməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 saylı güzəştli siyahının 2290000a – 14612 indeksi üzrə öz əksini tapmışdır. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün kolllegiya tərəfindən İddiaçı “BBTİ”nin 1 saylı Evtikmə Kombinatında xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixə qədər işlədiyi “quraşdırma sahəsində dəmir beton konstruksiyaları üzrə yükləyici” peşəsinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında hansı kod altında olan peşəyə uyğun gəlməsi barədə məhkəməyə məlumat verilməsi, həmçinin həmin peşənin vəzifə təlimatı üzrə gördüyü işlər barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi ilə bağlı "xxxx" ASC-yə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı BBTİ-nin 1 saylı Evtikmə kombinatında xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixə qədər “quraşdırma sahəsində dəmir- beton konstruksiyaları üzrə yükləyici” vəzifəsində işlədiyi dövrdə “quraşdırma sahəsində dəmir-beton konstruksiyaları üzrə quraşdırıcı” vəzifəsinin və “yükləyici” vəzifəsinin işini görmüşdür. Dəmir-beton konstruksiyaların quraşdırılması - bir sıra sadə proseslərdən ibarət mürəkkəb prosesdir: strukturu və ardıcıllığı montaj ediləcək konstruksiyaların növündən asılıdır, birgə layihədə və quraşdırma üsullarında istifadə olunur. Əsas vəzifə öhdəliyi - beton arakəsmələrin quraşdırılması, elementlərin quraşdırma üçün hazırlanması; genişləndirilmiş montaj; asqı elementləri, onların quraşdırılması, yerinə qaldırılması və köçürülməsi; elementlərin quraşdırılması, müvəqqəti bərkidilməsi, düzgün və yekun bərkidilməsi (qovşaqların qaynaqlanması və möhürlənməsi) beton arakəsmələrin qaldırıcıya yüklənməsi olmuşdur. İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixə qədər işlədiyi “quraşdırma sahəsində dəmir-beton konstruksiyaları üzrə yükləyici” vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısf'nda 2290000a- 14612 indeksi üzrə nəzərdə tutulan “quraşdırıcı” vəzifəsinə uyğun gəlir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 nömrəli Siyahı”ları təsdiq edilmişdir. 2 nömrəli Siyahının “XXVİİ”. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar” (kod: 2290000a—14612) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi nəzərə alınmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün ikinci şərt- 12 il 6 aydan az olmayan xüsusi stajı da tam olaraq tamamlanmışdır. Bununla yanaşı, hazırki işdə olan iddiaçıya ünvanlanmış imtina məktubundan, iddiaya dair etirazdan və apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiya kapitalının kifayət qədər olması da mübahisələndirilir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün tələb olunan ümumi və güzəştli stajı xx.xx.2006-cı il tarixədək toplandığı üçün həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə ona bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb qanuna xx.xx.2017-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq da həmin tələb xx.xx.2017-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edilə bilər. İddiaçı isə xx.xx.2017-ci ilədək, yəni xx.xx.2006cı il tarixədək ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan ümumi və xüsusi staja malik olmuşdur. Beləliklə, Qanun dəyişənədək iddiaçı artıq güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün hüquq əldə etmişdir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. Beləliklə, cavabdeh orqan iddiaçının yuxarıda qeyd olunan ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ verən vəzifələrdə işlədiyi dövrün güzəştli iş stajına hesablanmasını istisna edəcək şərtin mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında məhkəmənin gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il qərarında göstərilmişdir ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Odur ki, birinci instansiya məhkəməsi iddiaçıya 57 yaşının tamam olduğu tarixdən (yəni xx.xx.2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin iddiaçının cavabdeh orqana xx.xx.2021-ci il tarixdə müraciət etdiyini nəzərə alaraq bu tarixdən 3 il əvvəlki dövr də nəzərə alınmaqla, 1 iyul 2018-ci il tarixdən sonrakı dövrə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının mübahisələndirilən hissədə ləğv edilib, həmin hissədə iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4193/2023 saylı 26 iyul 2022-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4193/2022 saylı 26 iyul 2022-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar