Məhkəmə qərarları › İş №2-1(103)-1073/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1073/2024

06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1073/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12371/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçı barədə çıxarılmış xx.xx.2023-cü il tarixli, **********096500 nömrəli və xx.xx.2023-cü il tarixli, **********007600 nömrəli qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra – iddiaçı) vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN-lə fəaliyyət göstərən, əsas fəaliyyəti hazır metal konstruksiyalarının quraşdırılması və tikilməsi olan hüquqi şəxsdir. İddiaçı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlayaraq "xxxx" MMC-dən (VÖEN: **********) 11 elektron qaimə-faktura əsasında 882,23 ton metal list almışdır. Dövlət Vergi Xidmətinin xx.xx.2023cü il tarixli qərarı ilə "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra – cavabdeh) tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 7.04.2023cü il tarixli, **********096500 nömrəli qərarına əsasən 2022-ci il dövr üçün kameral yoxlama nəticəsində əlavə hesablanmış mənfəət vergisi məbləği 349.285,76 manat təşkil etmişdir. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2.06.2023-cü il tarixli, **********007600 nömrəli qərarına əsasən, 2023-cü ilin mart ayı üçün 314.357,19 manat əlavə dəyər vergisi hesablanmışdır. Dövlət Vergi Xidmətinin “inzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçının 7.04.2023-cü il tarixli qərardan verdiyi xx.xx.2023-cü il tarixli şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən cavabdehə hesablanmış kameral vergi məbləğinin silinməsinə dair xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə müraciət edilməsinə baxmayaraq, inzibati orqan tərəfindən heç bir tədbir görülməmiş, vergi məbləğləri azaldılmamışdır. Kameral barədə xəbərdarlıq məktubu müəssisə tərəfindən alınarkən vaxtında müvafiq tələb olunan sənədlərin vergi orqanına göndərilməsinə baxmayaraq, hesablamalar qanunsuz olaraq iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-dən 882,23 ton çəkidə dəmir list almışdır. Müəssisəyə hesablanmış mənfəət vergisi və ƏDV-nin əsasında iddiaçının əməliyyat aparıldığı tarixdən sonra, yəni xx.xx.2023-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilməsi olmuşdur. Əlbəttə ki, iddiaçı tərəfindən "xxxx" MMC ilə əməliyyatlar aparılarkən, yəni onlar tərəfindən elektron qaimə-faktura təqdim edilərkən və müvafiq mallar alınarkən "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə iddiaçının məlumatı olmamışdır. Həmçinin, həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. Vergi orqanına ünvanlanmış müraciətlər əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 22 iyun 2023-cü il tarixli JVb **********459800 saylı inzibati şikayətin təmin edilməməsi haqqında qərar çıxarılmışdır. Qərarda da şikayətin təmin edilməməsinin əsasları kimi aparılmış əməliyyatların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olmaması göstərilmişdir. Halbuki, "xxxx" MMC ilə əməliyyat aparılarkən "xxxx" MMC riskli vergi ödəyicisi siyahısında olmamışdır, həmçinin qərarda da göstərilir ki, "xxxx" MMC-də iddiaçı aldığı malların yalnız bir hissəsi mövcud olmamışdır. Bu özü göstərir ki, "xxxx" MMC real mal təqdim edən şirkətdir. Qərarın digər hissələrində də "xxxx" MMC-nin anbarının kiçik sahəsi olması və onların vergi orqanının araşdırmasında iştirak etməməsi əsas götürülmüşdür. 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarda isə vergi ödəyicisinin hansı hallarda riskli vergi ödəyicisi hesab edilməsi meyarları müəyyən edilmişdir. Bu nöqteyi nəzərdən vergi orqanının iddiaçıya münasibətdə mənfəət vergisi və ƏDV hesablamasının aparılmasını ədalətsiz və qanunsuzdur. ƏDV hesablanması barədə qərardan isə müraciətlərinin heç birinə cavab verilməmişdir. Vergi orqanının qəbul etdiyi qərarı qanunsuz və əsassız hesab edirlər. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı 2022-ci il ərzində əldə edilmiş elektron qaimə-fakturalar üzrə 1.746.428,8 manat məbləğində əmtəəsiz əməliyyatlar müəyyən edilmiş və qeyd olunan məbləğ 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Eyni zamanda, vergi ödəyicisi tərəfindən xx.xx.2020- xx.xx.2023-cü illər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində "xxxx" MMC-dən əldə edilərək əvəzləşdirilmiş elektron qaimə-fakturaların vergi orqanının uçot baza məlumatlara əsasən riskli (və ya əmtəəsiz) olması müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşmalarla əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” mənfəət vergisi bəyannaməsi üçün xx.xx.2023-cü il tarixli **********671400 nömrəli, əlavə dəyər vergisi bəyannaməsi üçün xx.xx.2023-cü il tarixli **********034400 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə vergi orqanına təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 349.285,76 manat vergi məbləği hesablanaraq 7.04.2023-cü il tarixli **********096500 nömrəli, 2023-ü ilin mart ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 314.357,19 manat vergi məbləği hesablanaraq xx.xx.2023cü il tarixli **********007600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********867900 nömrəli) inzibati şikayətlə Dövlət Vergi Xidmətinə müraciət etmiş, 2022-ci il üçün hesablanmış 2.349.285,76 manat mənfəət vergisinin azaldılmasını xahiş etmişdir. İddiaçının müvafiq şikayəti araşdırılaraq xx.xx.2023-cü il tarixli **********459800 nömrəli “İnzibati şikayətin təmin edilməməsi” barədə qərar qəbul edilmiş, müvafiq qərara əsasən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********096500 nömrəli Qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə 2022-ci il üçün hesablama metodu ilə təqdim edilən mənfəət vergisi bəyannaməsində 6008982,86 manat ümumi gəlirlər (çıxılmalardan sonra), 5860610,68 manat ümumi gəlirdən çıxılan xərc (o cümlədən, 7 817,00 manat əmək haqqı, 1710,66 manat sosial sığorta haqları, 5 569 024,96 manat xammal və materiallar, 9 430,15 manat bank xidməti üzrə xərclər, 272 627,91 manat bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər) göstərilərək, 148 372,18 manat vergiyə cəlb edilən mənfəət olmaqla 29 674,44 manat mənfəət vergisi bəyan edilmişdir. Kameral vergi yoxlaması zamanı 2022-ci ilin mənfəət vergisi bəyannaməsində “Xərclər” bölməsinin “Xammal və materiallar” sətrində qeyd olunan 5 569 024,96 manat məbləğin 1746428,8 manat məbləğində olan hissəsi riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərindən əldə edilən elektron qaiməfakturalar üzrə riskli əməliyyat olduğu üçün gəlirlərin əldə edilməsi ilə bağlı xərc olaraq nəzərə alınmamış və 349285,76 manat mənfəət vergisi hesablanmışdır. Cəmiyyətin müraciəti ilə əlaqədar xx.xx.2023-cü il tarixli **********937600 nömrəli “Araşdırmada iştirak etmək haqqında” məktub göndərilərək Cəmiyyətin rəhbəri (və ya səlahiyyətli nümayəndəsi) xx.xx.2022-ci il tarixdə saat 15:00-da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmiş, məktubun xx.xx.2023-cü il tarixdə oxunmasına baxmayaraq, Cəmiyyətin rəhbəri (və ya səlahiyyətli nümayəndəsi) araşdırmada iştirak etməmiş, qeyd olunan hal aktla rəsmiləşdirilmişdir. Cəmiyyət tərəfindən 2022-ci il ərzində 6008982,84 manat (ƏDVsiz) məbləğində elektron qaimə-faktura təqdim etdiyi, 5841652,87 manat (ƏDV-siz) məbləğində elektron qaimə-faktura əldə etdiyi, idxal-ixrac əməliyyatları aparılmadığı, elektron alış aktı əsasında mallar alınmadığı müəyyən edilmişdir. Elektron qaiməfakturaların araşdırılması zamanı Cəmiyyət tərəfindən 19 (on doqquz) sayda vergi ödəyicisinə icra edilmiş işlərə (bərpa, təmir-bərpa, təmir, yenidənqurma) görə elektron qaimə-fakturalar təqdim edildiyi, 32 (otuz iki) sayda vergi ödəyicisindən ehtiyat hissələri, tikinti materialları, taxta, işçi geyim dəstləri, borular, dəmir listlər, o cümlədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 1990000,05 manat (ƏDV-siz) dəyərində 882,23 ton çəkidə dəmir list aldığı müəyyən edildi. Araşdırma zamanı iddiaçı tərəfindən xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə elektron qaiməfakturalar əsasında aldığı 1990000,05 manat (ƏDV-siz) dəyərində dəmir list materialının 1746428,8 manat hissəsinin "xxxx" MMC tərəfindən təsdiqedici sənədlərlə (elektron qaimə-faktura, yük gömrük bəyannaməsi, elektron alış aktı) alınmadığı (və ya aldığı miqdardan çox satdığı) müəyyən edilmişdir. Eyni zamanda, vergi orqanı tərəfindən aparılan araşdırma zamanı "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr aralığında 13931327,27 manat dəyərində metal boru, dəmir list, şveller və sair alınmasına baxmayaraq, təqdim etdiyi malların dəyərinin 6279749,84 manat olduğu, adına qeydiyyatda olan 50,0 kv.m təsərrüfat subyektində keçirilmiş vergi nəzarəti tədbiri zamanı həmin ərazinin həyətyanı sahə olduğu, mal qalığının olmadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən aparılmış əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2023-cü il tarixli **********749400 nömrəli qərar qəbul edilmişdir. Aparılmış əməliyyatların dəqiqləşdirilməsi və müvafiq zəruri sənədlərin təqdim edilməsi məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2023-cü il tarixli, **********938300 nömrəli “Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə” müvafiq məktub göndərilərək Cəmiyyətin rəhbəri (və ya səlahiyyətli nümayəndəsi) xx.xx.2022-ci il tarixdə saat 15:00-da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilməsinə baxmayaraq, Cəmiyyətin rəhbəri (və ya səlahiyyətli nümayəndəsi) inzibati araşdırmada iştirak etməmiş və tələb edilən müvafiq təsdiqedici sənədlər inzibati araşdırmaya təqdim edilməmişdir. Qeyd olunan hal aktla rəsmiləşdirilmişdir. Beləliklə, inzibati araşdırma zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin elektron qaimə-faktura əsasında aldığı dəmir list materialının miqdarından çox satdığının müəyyən edildiyini, araşdırma zərurəti ilə əlaqədar araşdırmaya dəvət olunmasına, təsdiqedici sənədlərin tələb edilməsinə baxmayaraq, "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsinin araşdırmada iştrakının təmin olunmadığını, tələb olunan sənədlərin təqdim edilmədiyini, araşdırma zamanı qeyd edilən vergi ödəyicisi tərəfindən Cəmiyyətə təqdim edilmiş həmin elektron qaimə-fakturanın riskli əməliyyat olduğunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək həmin "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edildiyini, araşdırılan qarşılıqlı əməliyyatların vergi üstünlüyü əldə etmək məqsədi vergidən yayınma sxemi olmasını şərtləndirdiyini, bununla da vergi ödəyicisinin şikayətinin təmin edilməsinə əsas verən faktiki və hüquqi hallar barədə təsdiqedici sənədlərin inzibati araşdırma dövründə müəyyən edilmədiyini nəzərə alaraq, Cəmiyyətin inzibati şikayəti təmin edilməmiş və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********096500 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, vergi ödəyicisi xx.xx.2023-cü il tarixli **********007600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla bağlı xx.xx.2023-cü il tarixli **********588800 nömrəli məktub ilə Lokal Gəlirlər Baş idarəsinə müraciət etmiş və müraciəti xx.xx.2023-cü il tarixli **********440500 nömrəli məktub ilə cavablandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12371/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barədə çıxarılmış 7.04.2023-cü il tarixli, **********096500 nömrəli və 2.06.2023-cü il tarixli, **********007600 nömrəli qərarların ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12371/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti iddiaya etirazla oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarında qeyd olunur: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəl Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əmliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişdə əks olunur. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaiməfakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Bildirilir ki, məhkəmənin qeyd olunan dəlili formal olmaqla yanaşı yanlış məntiqə əsaslanan dəlildir. Ona görə ki, vergi orqanında aparılan araşdırmalar zamanı yuxarıda adları qeyd olunan vergi ödəyicisinin məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması müəyyən edilmiş, bu səbəbdən də həmin vergi ödəyiciləri riskli vergi ödəyici siyahısına daxil edilmiş, bu barədə müvafiq qərarlar qəbul edilmişdir. Bu barədə sübutlar məhkəməyə təqdim edilməsinə baxmayaraq, sübutların qiymətləndirilməsi zamanı nəzərə alınmamışdır. Daha sonra məhkəmə qeyd edir ki, iddiaçı qanunvericiliyə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə-fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə "xxxx" MMC-nin riskli vergi ödəyicisi olmayan müəssisə kimi aparmışdır. İddiaçı həmin müəssisənin riskli vergi ödəyicisi olubolmamasını yoxlamaq imkanına malik olmuş (əməliyyat aparılarkən elektron xəbərdarlığın verilməməsi və riskli vergi ödəyicilərinin reyestrinə daxil edilməməsi), müəssisənin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Əməliyyatların müəssisənin riskli vergi ödəyicisi olmasından öncə aparılması işin mübahisəsiz halıdır. Birinci instansiya məntiqi olaraq müəyyən etməli idi ki, həmin qərarların qəbul edilməsi müəssisələr arasında həyata keçirilmiş riskli hesab edilmiş əməliyyatlardan sonra baş verməli olan hadisədir. Yəni, vergi ödəyiciləri arasında ilk olaraq vergi tutulan əməliyyatlar aparılmalı, onlar arasında aparılan əməliyyatlar riskli hesab edilməli və bundan sonra bu əsasda vergi orqanı tərəfindən həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə qərarlar qəbul edilməlidir. Qeyd edilən hal üzrə iddiaçı və digər müəssisə arasında aparılmış alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən qanunvericiliyə əsasən riskli əməliyyat kimi dəyərləndirilmiş və bundan sonra qərarlar qəbul edilmişdir. Bundan əlavə, riskli vergi ödəyicisi hesab olunma ilə bağlı vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Bununla bağlı iddiaçı "xxxx" MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddiası üzrə qəbul edilmiş Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1212/2023 nömrəli qərarında məhkəmə kollegiyasının sözügedən məsələ ilə bağlı hüquqi mövqeyi qeyd etməyi zəruridir. "X3 Company" MMC-də keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********096500 və xx.xx.2023-cü il tarixli **********007600 nömrəli qərarlarla hesablanmış əlavə vergi məbləği Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Məhkəmə mübahisənin düzgün həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, iddia tələbi üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçının "xxxx" MMC ilə (11 elektron qaimə-faktura) apardığı əməliyyatlar cavabdeh tərəfindən riskli hesab olunmuş, elektron qaimə-fakturalar üzrə ƏDV məbləğlərinin vergi ödəyicisi tərəfindən əvəzləşdirilməsi qəbul edilməmiş və vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilərək, hazırda mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 7.04.2023-cü il tarixli, **********096500 nömrəli və 2.06.2023-cü il tarixli, **********007600 nömrəli qərarlar qəbul edilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci tarxli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-dən 882 ton dəmir list almışdır. Cavabdeh iddiaçı tərəfindən xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə elektron qaimə-fakturalar əsasında aldığı 1990000,05 manat (ƏDV-siz) dəyərində dəmir list materialının 1746428,8 manat hissəsinin "xxxx" MMC tərəfindən təsdiqedici sənədlərlə (elektron qaimə-faktura, yük gömrük bəyannaməsi, elektron alış aktı) alınmadığı (və ya aldığı miqdardan çox satdığı) bildirərək "xxxx" MMC-ni riskli vergi ödəyicisi hesab etmişdir. Vergi Məcəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinə əməl edilməsinə nəzarət olunması və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif yoxlama tədbirləri həyata keçirmək səlahiyyəti vermişdir. Həmin səlahiyyətlər kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarətini əhatə edir. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən (13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir). Yəni, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilə bilməsi üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: (bənd) 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. (bənd) 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Birinci instansiya məhkəməsinin düzgün olaraq qeyd etdiyi kimi iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə-fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Cavabdeh inzibati orqanın apelyasiya şikayətinin dəlili kimi qeyd etdiyi “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin elektron qaimə-faktura əsasında aldığı dəmir list materialının miqdarından çox satdığının müəyyən edildiyini, araşdırma zərurəti ilə əlaqədar araşdırmaya dəvət olunmasına, təsdiqedici sənədlərin tələb edilməsinə baxmayaraq, "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsinin araşdırmada iştrakının təmin olunmadığını, tələb olunan sənədlərin təqdim edilmədiyini, araşdırma zamanı qeyd edilən vergi ödəyicisi tərəfindən Cəmiyyətə təqdim edilmiş həmin elektron qaimə-fakturanın riskli əməliyyat olduğunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək həmin "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edildiyini, araşdırılan qarşılıqlı əməliyyatların vergi üstünlüyü əldə etmək məqsədinin vergidən yayınma sxemi olmasını şərtləndirdiyini, bununla da vergi ödəyicisinin şikayətinin təmin edilməsinə əsas verən faktiki və hüquqi hallar barədə təsdiqedici sənədlərin inzibati araşdırma dövründə müəyyən edilməməsinə” münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əməliyyat apardığı müəssisənin iddiaçıya satdığı malların onların aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. Belə ki, həmin mallar iddiaçıya təqdim edilmiş və o, öz növbəsində malların dəyərini həmin şirkətlərə ödəmiş və aparılmış əməliyyatlar üzrə ƏDV əvəzləşdirilmələri tərəfindən yerinə yetirilmişdir. Beləliklə də, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə-fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə riskli vergi ödəyicisi olmayan müəssisə ilə aparmışdır. İddiaçının əməliyyat apardığı müəssisənin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri olmadığından (bu halı yoxlamaq vergi orqanının səlahiyyətlərinə aid edilmişdir) cavabdehin bununla bağlı dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında haqlı olaraq qeyd etmişdir ki, iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaiməfakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə-fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergilərin sosial siğorta və işsizlik sığortası haqlarının hesablanması barədə 7.04.2023-cü il tarixli, **********096500 nömrəli və 2.06.2023-cü il tarixli, **********007600 nömrəli qərarların ləğv edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12371/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar