Məhkəmə qərarları › İş №2-1(103)-1073/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1073/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1073/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi və məruzəsilə, X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağı” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11558/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağı barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1990-cı il təvəllüdlüdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbisosial Ekspert komissiyasında sonuncu müayinəyə dair məlumata əsaslanaraq iddiaçıya H54.4 Monukulyar korluq, VisOD=0.04 (Yüzdə dörd) k/e.VisOS=1.0 (vahid) k/e. Ağırlaşma H20.1 Xroniki iridosiklit, Büllurun ön kapsulunda piqment çöküntüləri, Ağırlaşma H52.2 astiqmatizm, mürəkkəb miopik astiqmatizm. M7.0və 6.0.Yanaşı xəstəliklər xəstəliklər F06.6 Üzvi mənşəli emosional labil (astentik) pozuntu, asteno-nevrotik sindrom diaqnozu qoyularaq gözdən müddətsiz 3-cü dərəcəli əlillik verilmişdir. İddiaçı qeyd edir ki, ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İddiaçının qeydiyyatda olduğu mənzilin sahəsi 40 kv.m yaxındır. Bu mənzildə iddiaçı da daxil olmaqla 21 nəfərə yaxın şəxs qeydiyyatda olmaqla yaşayır. 2021-ci ildə Azərbaycan Respublikasının vətəndaşı X3 ilə rəsmi nikaha daxil olmuşdur. İddiaçının qeydiyyatda olduğu ünvanda yaşamağı çox çətin olduğundan həyat yoldaşı ilə kirayədə qalmağa məcbur olmuşdur. İddiaçı yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində yaşayış yeri üzrə uçota alınmağına köməklik göstərilməsi haqqında ərizə ilə cavabdehə müraciət etsə də, xx.xx.2024-cü il tarixli 5-18/2-K-42- 068/2024 nömrəli məktubla müraciət imtina edilmişdir. İmtina səbəbi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları müvafıq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilməməsidir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı Cavabdehnə qarşı gözdən əlil kimi mənzil növbəsinə qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq İddiaçı tələbi əsassız olduğundan ərizəsi İcra Hakimiyyəti tərəfindən təmin edilməmişdir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunun 31.1-ci maddəsində əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunur ki, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləməsi məsələləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinrti 3 ay müddətində Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunan qaydaları Azərbayan Respublikasının Prezidenti ilə razılaşdırılaraq təsdiq edilməlidir. Lakin həmin qaydalar Nazirlər Kabineti tərəfindən müəyyən edilməmişdir. Qeyd edilənlərdən görünür ki, Nazirlər Kabineti qeyd olunan qaydaları müəyyən etmədiyindən əlilliyi olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qanunla tənzimlənmir. Bu baxımdan onların mənzil növbəsinə götürülməsi əsassızdır. Odur ki, qeyd olunanları nəzərə alaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11558/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Cavabdeh orqan apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası İddiaçı izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 2-1(112)-11558/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qərar ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11558/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qərarında qeyd olunur: dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması hazırda müəyyən edilməmiş olması iddiaçının fərdi vəziyyətinə uyğun olaraq qanunla müəyyən edilən yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilməsi hüququnun təmin edilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə qeyd edir ki, dövlət hər bir vətəndaşın rifahının yüksəldilməsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Cavabdeh qurumun imtina üçün müvafiq əsası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Belə ki, dövlət hər bir vətəndaşın rifahının yüksəldilməsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Odur ki, iddiaçının fərdi vəziyyəti nəzərə alınmaqla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün qanuni gözləntisi var və hazırda uçot normasının olmaması onun yaşayış sahəsinə ehtiyacı olmayan şəxs hesab edilməsi üçün əsas ola bilməz. Məhkəmə kolleqiyası Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli qərarında qeyd olunmuş dövlətin hər bir vətəndaşın rifahının yüksəldilməsi və layiqli həyat səviyyəsi qayğısına qalması ilə bağlı konstitusion normalarla razılaşmasına baxmayaraq qaydaları müəyyən edilməyən uçota alınması ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarına əlavə edilmiş əlillik haqqında arayışdan, o cümlədən iddia ərizəsində olan qeyddən məlum olur ki, İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs olmasından əlavə eyni zamanda gözdən əlilliyi olan şəxsdir. Yaşayış sahəsinə ehtiyacı olan şəxslərin qeydə alınması qaydası müəyyən edilməsə də, digər kateqoriyadan olan şəsxlərə mənzil verilməsi qaydası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 492-S saylı 16 avqust 2021-ci il tarixli sərəncamı mövcuddur. Həmin Sərəncam Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin mənzilməişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədardır. Yəni, həmin Sərəncama əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsi qeyd olunan kateqoriyadan olan şəxsləri növbəlilik əsasında mənzillə təmin edir. Başqa sözlə desək Sərəncamda göstərilmiş bu kateqoriyadan olan şəxslərdən başqa digər kateqoriyadan olan şəxslərin mənzillə təmin edilməsi qaydası hələki Nazirlər Kabineti tərəfindən müəyyən edilməyib. Hazırki, iddia tələbi üzrə iddiaçı olan İddiaçı uçota alınmasında məqsədi onun dövlət hesabına mənzillə təmin edilməsindən ibarətdir. Bu isə ona dəlalət edir ki, hətta İddiaçı Cavabdeh tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi qeydiyyata alınsa belə, onun mənzillə təmin edilməsi mümkün olmayacaq. Bu isə hazırki, iddia tələbinin İddiaçı hüquqi marağına zidd olmasına dəlalət edir. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsi qismində araşdırma aparmaq səlahiyyətinə malik olmasına baxmayaraq, iddiaçının lazımi qaydada Cavabdehnə pretenziya qaydasında müraciət etməməsi səbəbindən hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilərək, inzibati iş yeni araşdırma üçün həmin məhkəməyə göndərilməlidir. Yeni araşdırma zamanı iddiaçıya hüquqi yardım edilərək, gözdən əlil kimi uçota alınması ilə bağlı pretenziya qaydasına riayət olunması, inzibati orqan tərəfindən pretenziyaya cavab olaraq imtina verildiyi tədqirdə iddia tələbinə dəqiqləşdirmə verilməsi qaydası izah olunmalı və nəticəsindən asılı olaraq mübahisəyə mahiyyəti üzrə baxılıb-baxılmaması məsələsi öz həllini tapmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etsə də, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam araşdırmamış və düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən də apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11558/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilsin və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar