Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1074/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, İddiaçı və onun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəkili X1 iştirakı ilə məlumat vərəqəsinin yenidən tərtib edilməsi və göndərilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2466/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona təyin edilmiş pensiyanın düzgün hesablanması üçün orta aylıq əmək haqqı məbləği düzgün hesablanaraq (yəni, müalicə pulu, məzuniyyət pulu, pul mükafatları məbləği, Qarabağda iştiraka görə 55 manat haqq, o cümlədən, baş təhqiqatçı vəzifəsinin bu günə olan vəzifə maaşına uyğun məvacibin baza hissəsinin üzərinə gəlib yenidən hesablanması, o cümlədən, 2013-cü ildən bu günə nəzərə alınmamış artımların da nəzərə alınması) məlumat vərəqəsinin yenidən tərtib edilməsi və həmin məlumat vərəqəsinin əmək pensiyasının düzgün məbləğdə təyin edilməsi məqsədilə DSMF-yə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, bir müddət öncə iddiaçı təyin olunmuş pensiya məbləğinin hesablanma qaydası və məbləğinin düzgünlüyünün müəyyənləşdirilməsi məqsədilə DSMF-yə rəsmi müraciət etmişdir. Həmin qurumdan məsələ ilə bağlı xx.xx.2017-ci il tarixli 03/89/01-316 saylı arayışla cavab verilmişdir. Arayışdan bəlli olur ki, ona qulluq etdiyi baş təhqiqatçı maaşı 327 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə 50% əlavə 228,50 manat, məharət dərəcəsinə görə 35% əlavə 114,45 manat və ərzaq payı əvəzinə pul kompensasiyası 64 manat olmaqla, təminat xərcliyi 863,95 manat təşkil edir və 40 il xidmətinə görə təminat xərcliyini 100% həcmdə, yəni 863,95 manat almaq hüququna malikdir. Lakin ona hesablanmış pensiyanın məbləği düzgün deyil, bununla da onun sosial təminat hüququ ciddi şəkildə pozulur. Belə ki, onun barəsində tərtib edilən məlumat vərəqəsində qanunla qeyd edilməsi nəzərdə tutulan bir sıra əlavələr edilməmişdir. Ona görə də yeni məlumat vərəqəsi tərtib edilməlidir. Digər bir məqam isə, pensiya təyinatı üçün orta aylıq əmək haqqının düzgün formalaşması ilə birbaşa əlaqədardır. Belə ki, “Pensiyaların hesablanması üçün orta aylıq əmək haqqının müəyyən edilməsi” Qaydasına görə orta aylıq əmək haqqı 12 ay ərzindəki və ya ... gəlirə görə hesablanmalıdır. Yəni 12 ay ərzində onun aldığı gəlir tam həcmdə nəzərə alınmadığından, orta aylıq əmək haqqı məbləği düzgün formalaşdırılmayıb. Orta aylıq əmək haqqı məbləği isə məlumat vərəqəsinin 14-cü bəndi üzrə pul təminatı - təminat xərcliyi məbləğinin düzgün hesablanmaması ilə nəticələnmişdir. Belə ki, orta əmək haqqına 2 aylıq müəlicə pulu, 2 əmək haqqı qədər məzuniyyət müavinəti, aldığı 4 aylıq pul mükafatları məbləği, qulluq dövründə müharibə iştirakçısı kimi ona ödənilən 32 manat (hazırda 55 manat) haqq nəzərə alınmamışdır. Bundan başqa, 2013-cü ildən sonra baş təhqiqatçının vəzifə maaşında olan artım da ona tətbiq edilməmiş və yekun etibarı ilə onun hüququ pozulmuşdur. Onun məlumat vərəqəsində qanunla nəzərdə tutulan digər əlavələr və artımlar nədənsə nəzərə alınmamışdır. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” AR Qanununun 14-cü maddəsində qeyd edilir ki, 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etməyə görə (xidmət illərinə görə) pensiyanın minimum məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən minimum əmək haqqının 150% məbləğində təyin edilir. Halbuki, ona 100%-lə verilir. Həmin Qanunun 15-ci maddəsində xidmət illərinə görə pensiyaya əlavələr nəzərdə tutulur və müharibə iştirakçılarının bu cür əlavə almağa hüququnun olması da əks olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçı barəsində onun orta aylıq əmək haqqı müalicə pulu, məzuniyyət pulu, mükafatların məbləği, tutduğu vəzifəyə uyğun xidmətdən buraxıldığı günə vəzifə maaşı və sonrakı artımlar nəzərə alınaraq təminat xərcliyinin yenidən hesablanması, təminat xərcliyi barədə yeni məlumat vərəqəsinin tərtib edilməsi və aidiyyəti orqana göndərilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarının iddianın rədd olunan hissədə əsaslarına görə, “Müharibə veteranı olması ilə bağlı ona ödənilən pul vəsaitinə gəldikdə isə, məhkəmə qeyd edir ki, həmin məbləğ ona DİO tərəfindən ödənilmədiyindən, iş yerindən verilən “təminat xərcliyi barədə məlumat vərəqəsi”ndə bu məbləğlərin əks olunması zəruri deyil.” Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, iddianın qismən təmin olunan hissədə ləğv edilib, iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı Nərimanov RPİ 17-ci polis bölməsinin baş təhqiqatçısı vəzifəsindən polis mayoru rütbəsi ilə yaşa görə xx.xx.2013-cü il tarixdən daxili işlər orqanlarından xaric edilmişdir. Pensiya təyini üçün xidmət müddəti təqvimi hesablama ilə 35 il 25 gün, imtiyazlı hesablama ilə 40 il 5 ay 25 gün təşkil etmişdir. “Əmək pensiyaları haqqında” AR Qanununa əsasən pensiya almaq hüququ olan 40 il xidmət illəri nəzərə alınaraq, müvafiq təminat xərcliyinin 100 faizi hesabı ilə iddiaçıya pensiya təyin edilmişdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə (təminat xərcliyi - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələrdən ibarət olan məbləğdir) əsasən hazırda polis əməkdaşlarına pensiya əməkdaşın xidmətdən buraxıldığı günə aldığı təminat xərcliyindən hesablanır. Bunu nəzərə alaraq, xidmət etdiyi sonuncu baş təhqiqatçı vəzifəsinin təminat xərcliyi pensiya hesablanmasında əsas götürülmüşdür. İddia ərizəsində qeyd etdiyi müalicə pulu, məzuniyyət pulu, pul mükafatları məbləğinin pensiya təminatını əks etdirən məlumat vərəqinə əlavə edilməsi qanunla nəzərdə tutulmamışdır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçı və onun vəkili birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsaslıdır. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qərarın qismən ləğv edilərək, iddianın qalan hissədə də rədd olunması xahiş edildiyi və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyi (qərar onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qərarının əsaslılığı yalnız onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) yoxlanılmalıdır. Odur ki, hazırkı apellyasiya araşdırmasının predmetini iddianın təmin olunan hissəsi təşkil edir. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya təminat xərcliyinin 100 faizi hesabı ilə pensiya təyin edilməsi işin mübahisəsiz halıdır. “Əmək pensiyaları haqqında” Qanunun 20.15-ci maddəsinə əsasən, bu maddədə göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləği müvafiq təminat xərcliyindən artıq ola bilməz. Göründüyü kimi, əmək pensiyasının məbləğinin təminat xərcliyindən artıq ola bilməməsi, yəni əmək pensiyasının məbləğinin təminat xərcliyinin 100 faizindən çox ollmamalı olması qanunvericinin imperativ göstərişidir. Odur ki, iddia “Əmək pensiyaları haqqında” Qanunun 20.15-ci maddəsi anlamında əsassızdır. İddianın müalicə pulu, məzuniyyət pulu, pul mükafatlarının baş təhqiqatçı vəzifəsinin bu günə olan vəzifə maaşına uyğun məvacibin baza hissəsinin üzərinə gəlib yenidən hesablanmalı olması barədə əsası da doğru deyil. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsinə görə, hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4-cü maddəsinə əsasən, xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5-ci maddəsinə görə, təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; 3.3-cü maddəsinə əsasən, bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” xx.xx.2006-cı il tarixli 499 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 1.0.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti nəzərdə tutulur; 2.4-cü bəndinə görə, həmin Qanunun 1.0.4-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. Fərman 2007-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci maddəsinə görə, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları”nın (bundan sonra - Qaydalar): 1-ci bəndinə əsasən, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X4 təqdim olunması qaydalarını müəyyən edir; 2-ci bəndinə görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır; 3-cü bəndinə əsasən, bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X4 təqdim edilir; 4-cü bəndinə görə, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X4 təqdim olunur. “Əmək pensiyaları haqqında” AR Qanununun və Qaydaların təhlili göstərir ki, bu qanunvericik aktları hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyinin onların xidmətdən buraxıldığı günə aldıqları pul təminatından xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən) hesablanmasını imperativ qaydada tələb edir və iddiaçının məlumat vərəqi də məhz bu şəkildə tərtib olunmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində və Qaydaların 2-ci bəndində nəzərdə tutulduğu kimi xx.xx.2013-cü il tarixli məlumat vərəqi tərtib edilərkən aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası və vəzifə maaşından hesablanan digər əlavə kimi məharət dərəcəsi də nəzərə alınmışdır. Başqa sözlə, müalicə pulu, məzuniyyət pulu və pul mükafatları vəzifə maaşından hesablanan digər əlavələr olmadığından, hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə məlumat vərəqi tərtib edilərkən nəzərə alına bilməz. Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 88-ci (Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir) və 97-ci (Daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir) maddələrindən də məlum olur ki, sözügedən ödənişlər əməkhaqqı üzərindən hesablanır. İddia ərizəsində “Hərbi qulluqçuların pensiya təminatı haqqında” AR Qanununa istinad da qanunsuzdur. Çünki: 1) adıçəkilən Qanun, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsi və tətbiqi ilə əlaqədar qüvvədən düşmüşdür ki, bundan sonra da Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir; 2) iddiaçı 2013-cü ildə əmək pensiyasına çıxdığı vaxt “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun artıq qüvvədə olmadığından, sonuncuya tətbiq oluna bilməzdi. Belə ki, qeyd edilən Qanun qüvvədə olan dövrdə iddiaçı ilə cavabdeh arasında pensiya hüquq münasibətləri yox, əmək hüquq münasibətləri mövcud idi. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.” Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin iddiaçıya yeni məlumat vərəqinin verilməsindən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinası mahiyyətcə qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Lakin şikayət olunan qərardan görünür ki, birinci instansiya məhkəməsi işin bu qərarla müzakirə edilən hallarına düzgün hüquqi qiymət verməmiş, iddianın təmin olunan hissəsində hüququn tətbiqində səhvə yol verərək, nəticədə düzgün olmayan qərar qəbul etmişdir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunan hissəsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın yoxlanılan hissədə ləğvinə əsas verir. Bununla bağlı olaraq, qərar yoxlanılan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qərar qəbul olunmalı və eyni hissədə iddia əsassız olduğu üçün rədd edilməli, şikayət təmin edilməlidir (İPM-87.6). qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2466/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı yoxlanılan - “İddiaçı barəsində onun orta aylıq əmək haqqı müalicə pulu, məzuniyyət pulu, mükafatların məbləği, tutduğu vəzifəyə uyğun xidmətdən buraxıldığı günə vəzifə maaşı və sonrakı artımlar nəzərə alınaraq təminat xərcliyinin yenidən hesablanması, təminat xərcliyi barədə yeni məlumat vərəqəsinin tərtib edilməsi və aidiyyəti orqana göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulsun.” - hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qərar qəbul edilsin və eyni hissədə iddia təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1074/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1074/2020
20.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver