Məhkəmə qərarları › İş №2-1(103)-1074/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1074/2021

27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1074/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızından və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X11, İddiaçının nümayəndəsi və vəkili X8 ("Kəngərli və partnyorları" Vəkil Bürosu), Cavabdehin nümayəndəsi X2 iştirakları ilə , İddiaçı (xx.xx.1967-ci il tarixində Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin koordinatlarının və sərhədlərinin müəyyən edilməsi ” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)- 1240/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Qurban qızı 15.03.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Binəqədi Bələdiyyəsi göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyəti başçısının 10.12.1997-ci il tarixli, 1364 nömrəli sərəncamı ilə ona ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvələn bağ massivi ərazisində yerləşən sahəsi 0,12 ha olan 1486 nömrəli bağ sahəsinin koordinatlarının və sərhədlərinin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 10.12.1997ci il tarixli, 1364 nömrəli sərəncamı ilə ona ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvələn bağ massivi ərazisində yerləşən sahəsi 0,12 ha olan 1486 nömrəli bağ sahəsinin koordinatlarının müəyyən edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh imtina cavabı vermişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-1595/2019 saylı, 03.10.2019-cu il tarixli qərardadı ilə (hakim Z.Tağıyev) iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə tapşırılmışdır. 04.02.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məktubu ilə ekspert Elmar Səidovun ekspertiza aparmaqdan imtina etməsi haqqında məlumatı məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1240/2020 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı Qurban qızına Bakı şəhəri İcra hakimiyyəti başçısının 10.12.1997-ci il tarixli, 1364 nömrəli sərəncamı ilə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvələn bağ massivi ərazisində yerləşən sahəsi 0,12 ha olan 1486 nömrəli bağ sahəsinin koordinatlarının və sərhədlərinin müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 06.01.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1240/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sxematik xəritəyə əsasən göstərilən 1486 saylı bağ sahəsinin ərazisi daşınmaz əmlakın dövlət reyestrində 1476 saylı bağ nömrəsi ilə digər şəxsin (X6) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda onun mülkiyyətindədir.Bundan əlavə qonşu bağ sahələrinin naturada hasarlama işləri bağların bölgü sxeminə uyğun olaraq aparılmamışdır.Məhkəmə tərəfindən müvafiq ünvanda ekspertiza təyin edilməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Nağıyeva Bəhriyyə Qurban qızı Azərbaycan vətəndaşıdır, ünvan 2 ünvanda qeydiyyatdadır. - Bakı şəhəri İcra Hakimiyyəti Aparatının X5 və İstismarı X1 adına verilmiş 33 nömrəli orderə əsasən Bakı şəhər İcra Hakimiyyətinin 10.12.1997-ci il tarixli, 1364 nömrəli qərarına əsasən həmin vətəndaşa Şüvələn bağlar sahəsində 51 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1487 nömrəli bağ ayrılmışdır. - Bakı şəhəri İcra Hakimiyyəti başçısının 10.12.1997-ci il tarixli, 1364 nömrəli sərəncamından çıxarışa əsasən X4 Şüvələn 51 nömrəli BTK-də 1486 nömrəli bağ sahəsi ayrılmışdır. - Cavabdehin İddiaçı ünvanlanmış 14.02.2019-cu il tarixli, **********90 nömrəli imtina məktubunda bildirilmişdir ki, göstərilən əraziyə mütəxəssis tərəfindən texniki baxış keçirilmiş və məlum olmuşdur ki, qonşu baş sahələrinin naturada hasarlanma işləri plan üzrə (bağların bölgü sxeminə uyğun olaraq) aparılmadığından sözügedən bağ sahəsinin koordinatlarını və sərhədlərini təyin etmək mümkün olmamışdır. Məhkəmə Kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarından göründüyü kimi məhkəmə tərəfindən 2-1(82)-1595/2019 saylı, 03.10.2019-cu il tarixli qərardad ilə (hakim Z.Tağıyev) iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə tapşırılmış, 04.02.2020-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qərardad icra olunmadan qaytarılmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən işin obyektiv araşdırılması üçün vacib olan məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, qərardad icra edilməmiş, ekspertiza aparılmamışdır. Eyni zamanda cavabdehin apellyasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, sxematik xəritəyə əsasən göstərilən 1486 saylı bağ sahəsinin ərazisi daşınmaz əmlakın dövlət reyestrində 1476 saylı bağ nömrəsi ilə digər şəxsin (X6) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia ərizəsində üçüncü şəxs kimi Bakı şəhəri Binəqədi Bələdiyyəsini göstərməsi birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və münasibət bildirilməmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya məhkəməsi işin xüsusi hüquqi əhəmiyyətə malik hallarına düzgün qiymət vermədən iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, işin yenidən birinci instansiya icraatı zamanı yuxarıda qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalı, iş üzrə təyin edilmiş ekspertiza qərardadı icra olunaraq, ekspert rəyinin məhkəməyə təqdim edilməsi təmin edilməlidir. Azərbaycan Respublikası İPM-nin 87.7-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2- 1(112)-1240/2020 nömrəli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87,90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1240/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri İcra Hakimiyyəti başçısının 10.12.1997-ci il tarixli, 1364 nömrəli sərəncamı ilə ona ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvələn bağ massivi ərazisində yerləşən sahəsi 0,12 ha olan 1486 nömrəli bağ sahəsinin koordinatlarının və sərhədlərinin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar