Məhkəmə qərarları › İş №2-1(103)-1074/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1074/2023

21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1074/2023 21.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının dayandırılması barədə cavabdehin qərarının ləğv edilməsi, iddiaçıya təyin olunan dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və dayandırıldığı vaxtdan ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2393/2022 saylı, 29 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 iyun 2009-cu il tarixdən 14 iyul 2015-ci il tarixədək olan dövrün iddiaçının sığorta stajına ikiqat ölçüdə hesablanmaqla ona təyin olunan dayandırılmış güzəştli şərtlərə görə əmək pensiyasının bərpa edilməsi və pensiyanın dayandırıldığı 31 dekabr 2020-ci il tarixdən etibarən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf məhləməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «əmək pensiyasının dayandırılması barədə cavabdehin 18 fevral 2021-ci il tarixli **********9 nömrəli qərarının ləğv edilməsi, iddiaçıya təyin olunan dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və dayandırıldığı vaxtdan ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 17 oktyabr 1980-ci il tarixli, 161 nömrəli əmrlə Bakı şəhəri Nərimanov Rayon 7 saylı Uşaq Polikilinkasında sanitar vəzifəsinə təyin olunmuşdur. 1 dekabr 1982-ci il tarixdə hazırlıq kurslarına qəbulla bağlı olaraq, öz xahişi ilə 165 nömrəli əmrlə işdən azad edilmişdir. 1983 – 1989-cu illərdə Azərbaycan Tibb İnstitutunda sanitariya həkimi ixtisası üzrə ali təhsil almışdır. Belə ki, 29 noyabr 1982-ci il tarixli, 320 nömrəli əmrlə həmin İnstitutun gündüz hazırlıq şöbəsinə dinləyici kimi qəbul edilmiş, 29 iyul 1983-cü il tarixli, 191 nömrəli əmrlə hazırlıq şöbəsindən köçürmə yolu ilə sanitar və gigiyena şöbəsinə 1-ci kurs tələbəsi kimi qəbul olmuş, 31 avqust 1989-cu il tarixdə 285 nömrəli əmrlə İnstitutu bitirməsi ilə əlaqədar çıxarılmışdır. Bundan sonra, 4 avqust 1989-cu il tarixdə 117 nömrəli əmrlə “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Elmi-Praktiki və Təhsil Birliyində epidemoloji şöbənin həkim intern vəzifəsinə qəbul olmuş, internaturanın bitirilməsi ilə əlaqədar 22 iyun 1990-cı il tarixdə 51-0 saylı əmrlə vəzifəsindən azad edilmişdir. Daha sonra, Xaçmaz Sanitar və Epidemioloji Stansiyasında 1 avqust 1990-cı il tarixdə 83 nömrəli əmrlə həkim bakterioloq vəzifəsinə təyin olunmuş, 2 avqust 1991-ci il tarixdə 70 nömrəli əmrlə tutduğu vəzifədən azad edilmişdir. 1 avqust 1991-ci il tarixdə 84-K nömrəli əmrlə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Elmi-Praktiki və Təhsil Birliyində virusoloji laboratoriyaya həkimvirusoloq vəzifəsinə qəbul olmuş, 23 iyul 1992-ci il tarixdə 143 nömrəli əmrlə Milli X1 İnstitutunda əmək fəlaiyyətinə davam etmişdir. 27 iyun 1994-cü il tarixdə 51/5 saylı əmrlə həmin İnstitutda köçürmə yolu ilə yeni dəstənin tərkibinə həkim-virusoloq vəzifəsi üzrə qəbul olmuş, 29 aprel 2019-cu il tarixdən ona 94/k saylı əmrlə müvəqqəti olaraq laboratoriyanın həkim-virusoloquna laborator müdiri vəzifəsi həvalə edilmişdir. 4 iyun 2004-cü il tarixdən 31/k saylı əmrlə laboratoriyanın birləşməsi ilə əlaqədar qrup rəhbəri vəzifəsinə, daha sonra 14 mart 2007-cı il tarixdə 12/2 saylı əmrlə qrup rəhbəri vəzifəsində elmi işçi vəzifəsinə, 21 iyun 2007-ci il tarixdə 28/k saylı əmrlə baş elmi işçi vəzifəsinə keçirilmişdir. 2 iyul 2009-cu il tarixdə 21/k saylı əmrlə isə öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur. 17 iyun 2009-cu il tarixdə 057 saylı əmrlə Respublika X4 həkim immunoloji laboratoriyaya həkim-immunoloq vəzifəsinə təyin olunmuş, 2 sentyabr 2013-cü il tarixdə isə, 217 saylı əmrlə immunoloji laboratoriyaya həkim immunoloq vəzifəsinə keçirilmişdir. Həmin vaxtdan indiyədək sonuncu iş yeri üzrə əmək fəaliyyətini davam etdirir. Ona 14 iyul 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin vaxtdan etibarən qanuni əsaslarla güzəştli şərtlərə görə yaşa görə əmək pensiyası almışdır. Lakin ona 5 mart 2021-ci il tarixdə ********** saylı məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında bildiriş təqdim olunmuşdur. Həmin bildirişlə 14 iyul 2015-ci il tarixdən aldığı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına görə dövlət tərəfindən ona ödənilmiş 12.935,69 manat məbləğində ödənişin büdcəyə qaytarılması da tələb olunmuşdur. Halbuki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada DSMF-yə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, bundan sonra çalışdığı müəssisə və vəzifə araşdırılmış, 17 iyun 2009-cu il tarixdən 14 iyul 2015-ci il tarixədək Səhiyyə Nazirliyinin Respublika X4 “həkimimmunoloq” vəzifəsi üzrə əmək fəaliyyəti nəzərə alınaraq qanunvericiliyə uyğun şəkildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı 2015-ci ildə sözügedən pensiya növünün təyin olunması üçün müraciət etmişdir. Belə ki, qanunvericiliklə müəyyən olunmuş qaydada, yəni «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci ıl tarixli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinə uyğun olaraq 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini gözəştli şərtlərlə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli, şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin, «Əmək pensiyaları haqqında» Qanunun 24-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına cüzam və taun əleyhinə müəssisələrdəki iş müddəti ikiqat ölçüdə hesablanmaqla güzəştli şərtlərə daxil edilir. Göstərilən müddəadan da aydın olduğu kimi, ona güzəştli şərtlərə görə əmək pensiyası təyin edilərkən 52 yaşı tamam olmuş, ümumi stajı və güzəştli şərtlərə görə nəzərdə tutulmuş əmək fəaliyyəti ona sözügedən pensiya növünün təyin edilməsi üçün əsas verir. Cavabdeh pensiya ödənişinin dayandırılması haqqında 5 mart 2021-ci il tarixli, **********2 saylı məktubunda ona təyin olunmuş güzəştli şərtlərə görə əmək pensiyasının dayandırılması əsasları göstərməyə çalışsa da, həmin məsələnin izahı mümkün olmamışdır. Belə ki, həmin məktubda qanun bütün təfsilatı ilə göstərilmiş, bir daha cavabdehin məktubu ilə iddiaçıya güzəştli şərtlərə görə əmək pensiyası növünün təyin ediməsinin qanuniliyi sübuta yetirilmişdir. Həmin məktubla cavabdeh özü birbaşa onun sözügedən pensiya növünü almaq hüququnu etiraf etmişdir. Cavabdeh tərəfindən göndərilmiş məktubun dördüncü abzasında «Əmək pensiyaları haqqında» Qanunun 24-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına cüzam və taun əleyhinə müəssisələrdəki iş müddəti ikiqat ölçüdə hesablanmaqla güzəştli şərtlərə daxil edilməsi norması qeyd olunaraq belə bir normanın tətbiq edilməli olduğunu zəruri hesab edilsə də, altıncı abzasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın “Səhiyyə və sosial təminat idarələri” bölməsinin tauna qarşı idarələrdə məşğul olan işçilərin vəzifələrinin nəzərdə tutulması bildirilsə də, hansı səbəbdənsə növbəti abzasda onun güzəştli iş stajının guya 10 ildən az (6 il 27 gün) olduğu qənaətinə gəlmişlər. İddiaçı qeyd olunanlara müvafiq olaraq qanuni surətdə əldə etdiyi güzəştli şərtlərə görə əmək pensiyası almaq hüququndan cavabdehin qanunsuz hərəkətləri nəticəsində istifadə edə bilmir. Odur ki, onun pozulmuş hüquqları məhkəmə qaydasında bərpa edilməlidir. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, İddiaçı iddiası tam əsassız hesab edilir və qanunazidd olduğuna görə rədd edilməlidir. İddiaçı 19 avqust 2021-ci il tarixdə ərizə ilə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və həmin müraciətlə bağlı Mərkəzi Filial tərəfindən inzibati icraat tədbirləri aparılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.8.3-cu maddəsinə uyğun olaraq dayandırılır. İddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıya görə 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Qanunun 24-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına cüzam və taun əleyhinə müəssisələrdəki iş müddəti - ikiqat ölçüdə hesablanmaqla güzəştli şərtlərlə daxil edilir. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın səhiyyə və sosial təminat idarələri bölməsinin (19) tauna qarşı idarələrdə məşğul olan işçilərin vəzifələri nəzərdə tutulmuşdur. Araşdırma zamanı ona vaxtilə əmək pensiyası təyin edilərkən təqdim etdiyi sənədlərdə qeyd olunanlara əsasən 17 iyun 2009cu il tarixdən 14 iyul 2015-ci il tarixədək olan dövr ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika X4 həkim-immunoloq vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının güzəştli iş stajı 10 ildən az (6 il 27 gün) təşkil edir. Göstərilən uyğunsuzluqlara baxmayaraq, ona 14 iyul 2015-ci il tarixdən DSMF Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən 14 iyul 2015-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək olan dövr ərzində ümumilikdə 12.935,69 manat artıq pul vəsaitinin DSMF Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş 16.052,06 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə onun əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmiş və əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Yuxarıda qeyd edilənlərlə bağlı Mərkəzi Filial tərəfindən 5 mart 2021-ci il tarixli, **********2 nömrəli məktubla ona məlumat verilmişdir. İddiaçı tərəfindən sözügedən yazılı razılıq Mərkəzi Filiala təqdim olunmadığından, Mərkəzi Filial tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada tərtib olunmuş “Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərar iddiaçının ünvanına həmçinin, “Pul tələbinin icraya yönəldilməsi haqqında” qərar aidiyyəti üzrə Xətai rayon İcra şöbəsinə göndərilmişdir. «İnzibati icraat haqqında» Qanunun 82.3-cü maddəsinə əsasən tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsi üçün nəzərdə tutulmuş şərtlərə əməl edilmiş, yəni, borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati akt qəbul edilərək ona rəsmi olaraq ünvanlanmış, pul tələblərinin ödənilməsi üçün müəyyən olunmuş icra müddəti bitmiş, Mərkəzi Filial tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclu ödəməni həyata keçirməmişdir. Qanunvericiliyin müddəalarından görünür ki, şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən də həll oluna bilər. Bunun üçün inzibati orqan göstərilən məbləğin cavabdehdən tutulmasına dair qərar qəbul etməlidir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar «İnzibati icraat haqqında» Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır. «İnzibati icraat haqqında» Qanunun 21.3.6-cı maddəsinə əsasən inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borclu deyildir. Bu qəbildən olan işlərin məhkəmədə baxılması və uzun müddət davam edən məhkəmə proseslərinin və çəkişmələrin davam etməsi həmin artıq ödənilmiş məbləğlərin dövlət büdcəsinə qaytarılmasını yubatdığından artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması məqsədilə «İnzibati icraat haqqında» Qanunun 82.1-ci maddəsinin və «İcra haqqında» Qanunun 6.1.8-ci maddəsinin tələblərinə uyğun olaraq eyni məzmunlu icra sənədi verməklə artıq ödənilmiş pensiya məbləğini qaytarmaq üçün tədbirlər görməsi daha məqbuldur. Bundan əlavə, «İnzibati icraat haqqında» Qanunun 81.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. Eləcə də, həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Göründüyü kimi, Mərkəzi Filial artıq ödənilmiş pul məbləğinin tələb edilməsi barədə inzibati qərar qəbul etməklə öz diskresion səlahiyyətlərindən istifadə etmişdir. Eyni zamanda, «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. «Əmək pensiyaları haqqında» Qanunun 1 yanvar 2006cı il tarixdə, «İnzibati icraat haqqında» Qanunun isə 1 yanvar 2011-ci ildə qüvvəyə mindiyi nəzərə alınaraq, Mərkəzi Filial tərəfindən həmin Qanunun tələblərinə uyğun qaydada tərtib olunmuş inzibati qərarın qanunauyğunluğunun iddiaçı tərəfindən mübahisələndirilməsi əsassızdır. Həmin Qanunun 81.5-ci maddəsinin tələbinə əsasən inzibati orqanın inzibati aktın icrası ilə bağlı qanuni tələbləri bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2393/2022 saylı, 29 avqust 2022-ci il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda iddia ərizəsinə verilən etirazın məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2393/2022 nömrəli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən 14 iyul 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona təyin edilmiş pensiya üzrə ödəniş cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 31 dekabr 2020-ci il tarixdə dayandırılmışdır. İddiaçı məsələ ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ona ünvanlanmış 5 mart 2021-ci il tarixli, **********2 nömrəli məktubun surətindən görünür ki, araşdırma zamanı ona vaxtilə əmək pensiyası təyin edilərkən təqdim etdiyi sənədlərdə qeyd olunanlara əsasən 17 iyun 2009-cu il tarixdən 14 iyul 2015-ci il tarixədək olan dövr ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika X4 həkim-immunoloq vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının güzəştli iş stajı 10 ildən az (6 il 27 gün) təşkil edir. Göstərilən uyğunsuzluqlara baxmayaraq, ona 14 iyul 2015-ci il tarixdən DSMF Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən 14 iyul 2015-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək olan dövr ərzində ümumilikdə 12.935,69 manat artıq pul vəsaitinin DSMF Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə onun əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmiş və əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2015-ci il tarixdən təyin edilmiş pensiyanın dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırki işdə pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiya barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi- iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktın icrasının dayandırılmış, bu barədə iddiaçıya yalnız onun müraciətindən sonra məktubla məlumat verməklə kifayətlənərək, artıq ödənildiyini iddia etdiyi pul vəsaitinin geri qaytarılmasını tələb etmiş, bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (həmin Qanununun 67.2-ci maddəsi). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyəcək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyanın bərpa edilməsini tələb etməkdə haqlı olduğu üçün cavabdehin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.8.3-cü maddəsinə əsasən pensiyanın dayandırılması ilə bağlı qərarının qanunsuz olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2393/2022 saylı, 29 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar