Məhkəmə qərarları › İş №2-1(103)-1075/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1075/2021

09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1075/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin vəkili X1 (Bakı şəhəri 6 saylı Vəkil Bürosu) iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2- 1(112)-6979/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan- Binəqədi şossesi, 6 E ünvanında 0,2973 ha torpaq sahəsində yerləşən 1719,3 kv.m olan, üç mərtəbəli qeyri-yaşayış binasının özəlləşdirilməsi üçün əsas olan müqavilənin etibarsız hesab edilməsi və X3 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli ******* nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsi iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 18 saylı Vəkil bürosu) tərəfindən imzalanmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdam rayonu Azərbaycan Respublikasının işğal altında olan rayonlarından biridir və həmin rayonda yaşayan əhali, həmçinin orada fəaliyyət göstərən idarə və təşkilatlar Bakı və ətraf ərazilərdə yerləşdirilmişlər. Ağdam rayon 149 saylı köçkün tam orta məktəbi də Bakı şəhəri, Binəqədi rayonu. Xırdalan yaşayış sahəsi, Xırdalan -Binəqədi şossesi, 6E ünvanında yerləşən qeyri-yaşayış sahəsində məskunlaşmışdır. Qüvvədə olan qanunvericiliyə əsasən qaçqınların və məcburi köçkünlərin müvəqqəti yaşadıqları ictimai binaların və mənzillərin özəlləşdirilməsinə məhdudiyyət qoyulmasına baxmayaraq xx.xx.2005-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan - Binəqədi şossesi, 6E ünvanında 0,2973 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1719,3 kv.m olan, üç mərtəbəli qeyri-yaşayış binası qeyri-qanuni şəkildə özəlləşdirilərək X3 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh1 özəlləşdirmənin qanunsuz olduğunu bildiyi üçün 149 saylı köçkün tam orta məktəbin rəhbərliyinə müddət müəyyən etmədən həmin binadan əvəzsiz istifadə müqaviləsi bağlamağı təklif etmiş və məktəbin fəaliyyətinə mane olmayacağını bildirmişdir. Bu anlaşmanın nəticəsi olaraq xx xxxxxxxx 2005-ci il tarixdə tərəflər arasında müqavilə bağlanmış və xx xxxxxxxx 2005-ci il tarixdə Bakı şəhəri 48 saylı X2 3M- 58 saylı reyestrlə qeydə alınmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan -Binəqədi şossesi.6E ünvanında 0.2973 ha torpaq sahəsində yerləşən 1719,3 kv.m olan, üç mərtəbəli qeyri-yaşayış binasının 2-ci və 3-cü mərtəbələri, eyni zamanda məktəbin idman meydançası kimi istifadə olunan həyətyanı sahəsi məktəbin istifadəsində qalması, torpaqların işğaldan azad olunanadək və yaxud ünvan 5 ünvanda yeni məktəb binası tikilib məktəbin istifadəsinə verilənədək məktəbin bu binada fəaliyyətini davam etdirəcəyi əsas şərt olaraq qeyd edilmişdir. Həmin müqavilənin 6-cı bəndinə əsasən müqavilədə göstərilən şərtlərin pozulmasına görə məsuliyyət Cavabdeh1 üzərinə düşür. Lakin Cavabdeh1 sonradan üzərinə düşən öhdəliyi icra etməyərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Məhkəməsinin 2(001 )-561 /2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək tərəflər arasında bağlanmış əvəzsiz istifadə müqaviləsinin ləğv edilməsi və Ağdam rayon 149 saylı köçkün tam orta məktəbinin bütün işçiləri və avadanlıqlarının, müəllim və şagirdlərin özlərinə məxsus əşyalarla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan Binəqədi şossesi, 6E ünvanında 0,2973 ha torpaq sahəsində yerləşən 1719,3 kv.m olan, üç mərtəbəli qeyriyaşayış binasından çıxarılması və sahənin Cavabdeh1 qaytarılması qət edilmişdir. Həmin qətnamədən tərəflərindən apellyasiya şikayəti verilmişdir və mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. İşin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə (məhkəmənin yardım etmək vəzifəsi) əsasən, iddia tələbinin və və cavabdehin dəqiqləşdirilməsinin zəruri olduğu, inzibati məhkəmə icraatında Cavabdeh1 aid hissədə və “müqavilənin etibarsız hesab edilməsi” hissəsində iddia tələbinə baxılmasının mümkün olmadığı qeyd edilmiş, iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması 20 gün müddətində təklif olunmuşdur. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-6979/2020 nömrəli qərardadı ilə (hakim M.Hacıbəyova) İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “Cavabdeh1 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 6 E ünvnında 0,2973 ha torpaq sahəsində yerləşən 1719,3 kv.m olan, üç mərtəbəli qeyri-yaşayış binasının özəlləşdirilməsi üçün əsas olan müqavilənin etibarsız hesab edilməsi və X3 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli ******* nömrəli çıxarışın ləğv edilməsi” barədə iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-1406/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti elektron formada imzalanmışdır. İddiaçı və digər cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, xx xxxx 2021-ci il, saat 14:35-də Nəsimi Rayon Məhkəməsində məhkəmə prosesinin olmasını nəzərə alaraq obyektiv səbəblərdən məhkəmə prosesində iştirakının mümkün olmadığını və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili ərizəyə digər məhkəmə iclasının olması barədə hər hansı sənəd-sübut əlavə etmədiyindən onun hazırkı iş üzrə məhkəmə iclasında iştirak etməməsi üzrlü səbəb kimi hesab oluna bilməz. Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin vəkili məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayəti onu verən şəxsə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-1406/2020 saylı qərardadından apellyasiya şikayəti verildiyi və həmin qərardadın ləğv edilməsinin xahiş olunduğu müəyyən edilir. Eyni zamanda həmin apellyasiya şikayətinin mətni yəni, apellyasiya şikayətinin əsasları hazırkı inzibati işin halları ilə əlaqəli deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindəki xətalar formal xəta olmadığından apellyasiya məhkəməsi tərəfindən iddiaçıya formal xətaların aradan qaldırılması ilə bağlı təklif edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayətində barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəbdən iddiaçının apellyasiya şikayəti mümkün sayılmamalı, apellyasiya şikayətinin qəbulundan imtina edilərək, şikayət onu verən şəxsə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-6979/2020 nömrəli qərardadından İddiaçı apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Apellyasiya şikayəti onu verən şəxsə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar