Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1075/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi və birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi və birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4560/2021 saylı 30 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 18 may 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. İ-JQ seriyalı 424349 saylı 21.08.1978-ci il tarixli nikahın bağlanması haqqında şəhadətamədən görünür ki, İddiaçı 01.07.1956-cı il tarixdə X4 ilə nikaha daxil olmuşdur. İİ-JQ seriyalı 428659 saylı 24.11.1993-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının həyat yoldaşı X4 31.08.1993-cü il tarixdə ölmüşdür. 009639 saylı 28.09.2007-ci il tarixli vəsiqədən görünür ki, İddiaçı şəhid ailəsidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 6/19- 1031 saylı 12.12.2016-cı il tarixli arayışından görünür ki, İddiaçı mərhum əri X4 15.04.1973-29.11.1974-cü il tarixlərdə Zəngilan rayon xalq məhkəməsinin dəftərxana katibi, 30.12.1976-12.03.1981-ci il tarixlərdə həmin məhkəmənin məhkəmə icraçısı, 03.06.1981-13.01.1982-ci il tarixlərdə Ali Məhkəmənin məhkəmə nizamlayıcısı, 13.01.1982-18.04.1983-cü il tarixlərdə həmin məhkəmənin məhkəmə iclas katibi, 18.04.1983-12.07.1983-cü il tarixlərdə Ali Məhkəmənin Rəyasət Heyəti və Plenumunun Katibliyinin məsləhətçisi, 12.07.1983- 29.08.1990-cı il tarixlərdə həmin Katibliyin baş məslətçisi, 29.08.1990-31.08.1993-cü il tarixlərdə isə Qubadlı rayon xalq məhkəməsinin hakimi olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 76/21 saylı 07.07.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin baş məsləhətçisinin vəzifə maaşı 01.12.2013- cü il tarixdən 12.01.2017-ci il tarixədək 815 manat, 12.01.2017ci il tarixdən 01.03.2018-ci il tarixədək 930 manat, 01.03.2018-ci il tarixdən 01.09.2019-cu il tarixədək 1025 manat, 01.09.2019-cu il tarixdən bu günə kimi 1540 manat təşkil edir. 1981-1990-cı illər ərzində əmək haqqı cədvəlləri üzrə ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətinin icrasına görə ödəniş barədə heç bir məlumat tapılmamışdır. İddiaçı dövlət qulluqçusunun ailə üzvü kimi ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddaçıya ünvanlanmış 25.12.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş sənədlərdə qeyd olunan onun mərhum həyat yoldaşı X2 vaxtilə işlədiyi vəzifələr onun vəfat etdiyi 24 noyabr 1993-cü il tarixində qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifələri hesab edilmirdi. Bu səbəbdən də ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. “Dövlət qulluğu haqqında” Qanun 01.09.2001-ci il tarixdən qüvvəyə minmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməklə, onun mərhum həyat yoldaşı şəhid X1 (03.07.2016-cı il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna əsasən) dövlət qulluqçusu kimi əmək stajı və hazırkı orta aylıq əmək haqqı nəzərə alınmaqla, 03.07.2016-cı il tarixdən başlayaraq aradakı yaranmış fərqin birdəfəlik ödənilməklə ona ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X4 ilə 21 avqust 1978-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həyat yoldaşı uzun müddət dövlət qulluqçusu və hakim kimi məhkəmə orqanlarında çalışmışdır. Belə ki, o, 15.04.1973-29.11.1974-cü il tarixlərdə Zəngilan rayon Xalq Məhkəməsinin dəftərxana katibi, 30.12.1976-12.03.1981-ci il tarixlərdə həmin məhkəmənin məhkəmə icraçısı, 03.06.1981-13.01.1982-ci il tarixlərdə Ali Məhkəmənin məhkəmə nizamlayıcısı, 13.01.1982-18.04.1983-cü il tarixlərdə həmin məhkəmənin məhkəmə iclas katibi, 18.04.1983-12.07.1983-cü il tarixlərdə Ali Məhkəmənin Reyasət Heyəti və Plenumunun Katibliyinin məsləhətçisi, 12.07.1983-29.08.1990-cı il tarixlərdə həmin katibliyin baş məsləhətçisi, 29.08.1990-31.08.1993-cü il tarixlərdə isə Qubadlı Rayon Xalq Məhkəməsinin hakimi olmuşdur. X4 24.11.1993-cü il tarixdə birinci Qarabağ döyüşlərində şəhid olmuş və Şəhidlər Xiyabanında dəfn edilmişdir. xx.xx.1956-cı il tarixdə doğulduğu üçün onun ailə başçısını itirməyə görə pensiya hüququ yaranmışdır. Özü isə 03.07.2016-cı il tarixdən yaşa görə əmək pensiyasına çıxmışdır. Eyni zamanda həmin tarixdən ailə başçısını itirməyə görə pensiya hüququ da yaranmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının mərhum əri Sərdar Hüseynovun vaxtilə işlədiyi vəzifələr onun vəfat etdiyi 24 noyabr 1993-cü il tarixdə qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifələri hesab edilmirdi. Buna görə də iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin oluna bilməz. İddiaçının mərhum ərinin dövlət qulluqçusu statusuna malik olduğu fərz edilsə belə, onun “Dövlət qulluğu haqqında” qanunun qəbulundan əvvəl vəfat etdiyi, bu səbəbdən də, həmin qanunda nəzərdə tutulmuş təminatları almadığı aşkardır. Bu səbəbdən iddiaçı hazırkı orta aylıq əmək haqqı əsasında pensiya təyin edilməsini tələb edə bilməz. Həmçinin iddiaçı hüququnun yarandığını iddia etdiyi 2016-cı il tarixdən ona pensiya təyin edilməsini də tələb edə bilməz. Belə ki, müvafiq Qaydaların tələblərinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1- dən ödənilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4560/2021 saylı 30 sentyabr 2021-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilərək, İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etdiyi 25.12.2020-ci il tarixdən dövlət qulluqçusu olan ailə başçısı X3 itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın qismən ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmçinin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olmayan maddi hüquq normalarına istinad etməməklə onun hüquqlarını məhdudlaşdırması tamamilə əsassız və qanunsuzdur. Hazırda qüvvədə olan maddi hüquq normalarının qüvvəsinin geriyə şamil edilməsi onun konstitusion hüquqlarının pozulmasına gətirib çıxarır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 01.09.2001-ci il tarixdən qüvvəyə minmiş “Dövlət qulluğu haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qlluqçulara şamil edilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçının mərhum əri Sərdar Hüseynov dövlət qulluqçusu statusuna malik olmadığından iddiaçının müraciətindən imtina edilməsi əsaslı və qanuni olmuşdur. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X10 öz apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini, iddiaçının apellyasiya şikayətinə isə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmamasını xahiş etmişdir. 16.03.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. Elektron məhkəmə sistemi vasitəsilə imzalanmış 17.05.2022-ci il tarixli ərizənin məzmunundan görünür ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 18.05.2022-ci il tarixdə keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə baxışının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı, onun nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 20.04.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil2 öz apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçıya yaşına görə təyin edilmiş əmək pensiyası 03.07.2016-cı il tarixdən ona ailə başçısını itirməyə görə pensiya növü ilə əvəz edilməlidir. Bununla bağlı iddiaçının nümayəndəsi və vəkili öz apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, cavabdeh inzibati orqanın apellyasiya şikayətinə isə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilərək iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı hazırki işdə iddiaçının tələbinə münasibətdə cavabdeh inzibati orqanın həmin tələbə cavab verməsi və gələcəkdə qəbul ediləcək qərarın üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hüquqlarına və qanunla qorunan maraqlarına toxunmayacağı müəyyən edildiyindən məhkəmənin 20.04.2022-ci il tarixli qərardadı ilə sonuncunun hazırki iş üzrə üçüncü şəxs qismində işə cəlb olunmasına xitam verilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 25.12.2020-ci il tarixdir. İş materiallarından həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması müəyyən edilmir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə 23.02.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi, “cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməklə, onun mərhum həyat yoldaşı şəhid X1 (03.07.2016-cı il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna əsasən) dövlət qulluqçusu kimi əmək stajı və hazırkı orta aylıq əmək haqqı nəzərə alınmaqla, 03.07.2016-cı il tarixdən başlayaraq aradakı yaranmış fərq birdəfəlik ödənilməklə ona ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu iddiaçının mərhum həyat yoldaşının işlədiyi vəzifələrin onun vəfat etdiyi 24.11.1993-cü il tarixində qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifələri hesab edilməməsi əsası ilə tələbinin təmin olunmasından imtina etmişdir. Buna görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür, o, 21.08.1978-ci il tarixdə X4 ilə nikaha daxil olmuş, iddiaçının həyat yoldaşı 31.08.1993-cü il tarixdə ölmüşdür. İddiaçının övladlarına 31.08.1993-cü ildə həyat yoldaşının şəhid olması ilə əlaqədar Fondun Binəqədi rayon şöbəsi tərəfindən ailə başçısını itirməyə görə müavinət təyin edilmiş və qızı X8 23 yaşınadək (01.07.2006-ci il tarixədək) həmin müavinəti almışdır. Bundan əlavə İddiaçı Fondun Binəqədi rayon şöbəsi tərəfindən 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 14-cü maddəsi ilə 06.11.2007-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra iddiaçının 08.01.2018-ci il tarixli ərizəsinə əsasən onun əmək pensiyası 01.02.2018ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmışdır. Lakin iddiaçının pensiya işinin materiallarından görünür ki, iddiaçı mərhum ərinin hakim işləməyi ilə bağlı onun əmək pensiyasının yenidən hesablanması ilə bağlı 21.02.2017-ci il tarixdə, ailə başçısını itirməyə görə pensiya təyin olunması ilə bağlı isə 25.12.2020-ci il tarixdə inzibati orqana müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. İddiaçı hesab edir ki, vəfat etmiş ailə başçısını itirməyə görə onun 03.07.2016-cı il tarixdən pensiyaya çıxmaq hüququ yaranmışdır. Onun bu hüququnun yarandığı 03.07.2016-cı il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin olunması ilə bağlı müraciətinə münasibətdə cavabdeh inzibati orqan iddiaçının mərhum həyat yoldaşının işlədiyi vəzifələrin onun vəfat etdiyi 24.11.1993-cü il tarixində qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifələri hesab edilmədiyini bildirmişdir. Əvvəla qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. 01.07.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İşdə olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o xx.xx.1956-cı ildə Zəngilan rayonunda anadan olmuş və onun 60 yaşı 03.07.2016-cı ildə, 62 yaşı 03.07.2018-ci il tarixdə tamam olmuşdur. İddiaçının mərhum əri X4 01.07.1956-cı il tarixdə doğulmuş, 24.11.1993-cü il tarixdə vəfat etmiş, iddiaçının mərhum ərinin vəfat etdiyi tarixə 37 yaşı olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 6/19-1031 saylı 12.12.2016-cı il tarixli arayışına əsasən X1 vəfat etdiyi tarixə ümumilikdə 18 il 27 gün sığorta stajı olmuşdur. Beləliklə, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün ailə başçısının ölüm gününədək minimum 7 il 4 ay iş stajının olması tələb olunur ((37-15)×4÷12= 22×4÷12= 7 il 4 ay). İddiaçının mərhum əri X4 15.04.1973-29.11.1974-cü il tarixlərdə Zəngilan rayon xalq məhkəməsinin dəftərxana katibi, 30.12.1976-12.03.1981-ci il tarixlərdə həmin məhkəmənin məhkəmə icraçısı, 03.06.1981-13.01.1982-ci il tarixlərdə Ali Məhkəmənin məhkəmə nizamlayıcısı, 13.01.1982-18.04.1983-cü il tarixlərdə həmin məhkəmənin məhkəmə iclas katibi, 18.04.1983-12.07.1983-cü il tarixlərdə Ali Məhkəmənin Rəyasət Heyəti və Plenumunun Katibliyinin məsləhətçisi, 12.07.1983-29.08.1990-cı il tarixlərdə həmin Katibliyin baş məslətçisi, 29.08.1990-31.08.1993-cü il tarixlərdə isə Qubadlı rayon xalq məhkəməsinin hakimi olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.1.8-ci maddəsinə əsasən dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla); Həmin Qanunun 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11- 1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Həmin Qanunun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3- cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Sadalananlardan görünür ki, S.Hüseynovun vəfat etdiyi 24.11.1993-cü il tarixədək dövlət orqanlarında qulluq stajı, hakim kimi fəaliyyət göstərdiyi (29.08.1990-31.08.1993) dövr çıxılmaqla, 15 ildən (15 il 26 gün) artıq olmuşdur. Belə olan halda müəyyən olunur ki, həm iddiaçının yaşı, həm də onun vəfat etmiş ərinin malik olduğu sığorta stajı qanunvericiliklə tələb olunan şərtlərə uyğun olaraq iddiaçıya dövlət qulluqçusu olan ailə başçısını itirməyə görə pensiya almaq hüququnu verir. Hazırda iddiaçı ona 60 yaşının tamam olduğu 03.07.2016-cı il tarixdən həmin tarixədək qüvvədə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına istinad edərək dövlət qulluqçusu olan ailə başçısını itirməyə görə pensiya təyin olunmasını xahiş edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 03.07.2016-cı il tarixdə 60 yaşının tamam olduğu və həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun dövlət qulluqçusu olan ailə başçısını itirməyə görə pensiya hüququnun yarandığı barədə düzgün nəticəyə gəlsə də, iddiaçıya 06.11.2007-ci il tarixdən çoxuşaqlı qadın kimi yaşa görə əmək pensiyası təyin edildiyinə, 60 yaşının tamam olduğu 03.07.2016-cı il tarixdə iddiaçının ailə başçısını itirməyə görə pensiyaya çıxmaq hüququ olsa da, onun pensiyasının bir növdən başqa növə keçirilməsi ilə bağlı müraciət etmədiyinə istinad edərək hesab etmişdir ki, iddiaçıya ailə başçısını itirməyə görə pensiya hüququnun yarandığı 03.07.2016-cı il tarixdən deyil, inzibati orqana bu barədə müraciət etdiyi 25.12.2020-ci il tarixdən təyin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının məhz ona ailə başçısını itirməyə görə pensiya təyin olunması ilə bağlı müraciəti inzibati orqana sonradan edilsə də, bu təyinat iddiaçıya müraciət tarixindən asılı olmayaraq hüququnun yarandığı vaxtdan aparılmalı və bu zaman pensiyanın əvvəlki növdə (yaşa görə) təyinatı ilə ailə başçısını itirməyə görə aparılan pensiya təyinatı arasındakı fərq icra icraatı dövründə nəzərə alınmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Lakin nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının qanunla müəyyən edilmiş yaş həddinə çatmasına, onun mərhum ərinin vəfat etdiyi tarixə qanunvericilikdə nəzərdə tutulmuş sığorta stajının olmasına istinad edərək hesab edir ki, iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyasını 03.07.2016-cı il tarixdən etibarən almaq hüququ yaranmışdır. Lakin işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən iddiaçıya ailə başçısını itirməyə görə pensiyanın onun müraciət etdiyi 25.12.2020-ci il tarixdən təyin olunması qənaətinə gəlinmişdir ki, bununla da maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı “iddiaçıya ailə başçısını itirməyə görə pensiyanın inzibati orqana müraciət etdiyi 25.12.2020-ci il tarixdən təyin olunması” hissəsində maddi hüquq normalarının düzgün tətbiq olunmaması səbəbindən ləğv edilməli, həmin hissədə iddia təmin edilərək, iddiaçıya ailə başçısını itirməyə görə pensiyanın onun hüququnun yarandığı 03.07.2016-cı il tarixdən təyin olunması vəzifəsi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qalan hissələrdə rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəldiyi üçün məhkəmə qərarı həmin hissələrdə qanuni və əsaslı olub, dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olub, qərarın iddianın təmin olunduğu hissədə ləğv olunub, iddianın rədd olunması üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4560/2021 saylı 30 sentyabr 2021-ci il tarixli qərarı qismən, iddiaçıya ailə başçısını itirməyə görə pensiyanın müraciət etdiyi 25.12.2020-ci il tarixdən təyin olunması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin olunaraq, iddiaçıya ailə başçısını itirməyə görə pensiya hüququnun yarandığı vaxtdan- 03.07.2016-cı il tarixdən təyin olunması vəzifəsi cavabdehin üzərinə qoyulmalı, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4560/2021 saylı 30 sentyabr 2021-ci il tarixli qərarı qismən, İddiaçı ailə başçısını itirməyə görə pensiyanın müraciət etdiyi 25.12.2020-ci il tarixdən təyin olunması hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilsin. İddiaçı ailə başçısını itirməyə görə pensiyanın hüququnun yarandığı vaxtdan- 03.07.2016-cı il tarixdən təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1075/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1075/2022
18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver