Məhkəmə qərarları › İş №2-1(103)-1075/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1075/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1075/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı "əmrin ləğv edilməsi və iddiaçının işə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3505/2022 saylı, 01 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı barəsində olan ədliyyə orqanlarından xaric edilməsi barədə №568/K nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin qanunsuz hesab edilməsi və iddiaçının işə bərpa olunması barədə müvafiq əmrin qəbul edilməsi, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2012-ci il tarixindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qulluğa qəbul edilmişdir. İddiaçı ədliyyə orqanlarında qulluq keçməsinə №568/K nömrəli, xx.xx.2021- ci il tarxili Əmrə əsasən Azərbaycan Respublikasının "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanununun 40.1.11-ci maddəsinə əsasən ədliyyə orqanlarından xaric edilməsi ilə xitam verilmişdir. Qeyd olunmalıdır ki, №568/K nömrəli, xx.xx.2021-ci il tarixili əmr barədə məlumat Əmək Kitabçasından götürülmüş və surəti işçiyə təqdim edilməmişdir. Aşağıda qeyd olunmuş səbəblərdən və müvafiq qanunvericiliyin tələblərindən çıxış edərək iddia edilir ki İddiaçı ədliyyə orqanlarından xaric edilməsi qanunsuzdur və bu barədə verilmiş əmr etibarsız hesab edilməli və iddiaçı iş yerinə bərpa edilməlidir. İddiaçının adından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət olunaraq, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində saxlanılan şəxsi işinin materiallarının, xüsusilə əmək müqaviləsinin, ona edilmiş əlavə və dəyişikliklərin (əgər varsa), əmək müqaviləsinin xitam olunması barədə əmrin, barəsində aparılmış intizam tənbehi icraatına dair sənədlərin, araşdırmanın nəticələrinin, əlaqəli raport və ya xidməti məruzələrin, işçinin izahatlarının surətinin təqdim olunamasını xahiş olunmuşdur. Qeyd olunan müraciətin məqsədi iddiaçının ədliyyə orqanlarından xaric olunmasının iddiaçıya məlum olmayan əsaslarının və məsələyə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin hüquqi mövqeyinin müəyyənləşdirilməsi, hər hansı bir yanlışlığın olub-olmaması eləcə də məsələnin məhkəməyədək həll olunması istəyi olmuşdur. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xx.xx.2021-ci il tarixli № 17/3-18679B268 nömrəli məktubu ilə bildirilmişdir ki, iddiaçı barəsində xx.xx.2020-ci il tarixində "töhmət", xx.xx.2020-ci il tarixində isə "tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq" intizam məsuliyyəti tətbiq olunmuşdur. Məktubda həmçinin iddia olunur ki, iddiaçı üzürlü səbəb olmadan işə çıxmamaqla Qanunun və "Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları"nı pozmaqda davam etdirmişdir və sanki bunun nəticəsində xx.xx.2021-ci il tarixdən ədliyyə orqanlarından xaric edilmişdir. Qeyd olunan məktubla da iddiaçı barədə ədliyyə orqanlarından xaric edilməsi barədə əmr və bu intizam məsuliyyəti ilə əlaqəli Azərbaycan Respublikasının "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanununun 31.1-ci maddəsinə uyğun olaraq aparılmış araşdırma barədə hər hansı bir məlumat, əgər alınıbsa iddiaçının izahatı və ya sənədlərin surəti təqdim edilməmişdir. Ümumiyyətlə isə İddiaçı iddia edir ki, belə bir araşdırma aparılmadan, onun izahatı alınmadan onun barəsində ədliyyə orqanlarından xaric edilməsi barədə qərar qəbul edilmişdir. Əslində isə müvafiq araşdırma və izahat işləri aparılsa idi müəyyən edilərdi ki, Nəsimi rayonu 3 saylı Qadın Məsləhətxanasından verilmiş xx.xx.2021-ci il tarixli "Əmək qabiliyyətinin olmaması vərəqəsi"-ndə aparılmış qeydlərdən müəyyən olunur ki, İddiaçı xroniki salpingooforitin kəskinləşməsi diaqnozu ilə müalicə almış və xx.xx.2021- xx.xx.2021, xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-xx.xx.2021 tarixləri üçün işdən azad edilmiş və işə başlamalı olduğu tarix kimi isə xx.xx.2021-ci il tarixi göstərilmişdir. Qeyd etmək lazımdır ki, iddiaçının ədliyyə orqanlarından xaric edilməsi ilə bağlı verilmiş lakin iddiaçıya təqdim olunmamış №568/K nömrəli Əmrin tarixi kimi xx.xx.2021-ci il tarixi qeyd olunmuşdur. Qanunun 40.4-cü maddəsində qeyd olunur ki, ədliyyə orqanlarının işçisi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində ədliyyə orqanının rəhbərinin təşəbbüsü ilə onun qulluq keçməsinə xitam verilə bilməz. Faktiki olaraq isə iddiaçı "Əmək qabiliyyətinin olmaması vərəqəsi"-nə əsasən işdən azad olunduğu vaxtda müvafiq əmrə əsasən o ədliyyə orqanlarından xaric edilmişdir. Göründüyü kimi, Qanunun 31.1-ci və 40.4-cü maddələrinin tələbləri pozularaq araşdırma aparılmadan, iddiaçıdan yazılı izahat alınmadan, onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə ədliyyə orqanının rəhbərinin təşəbbüsü ilə onun qulluq keçməsinə xitam verilmişdir. İddiaçı barəsində xx.xx.2020-ci il tarixində "töhmət", xx.xx.2020-ci il tarixində isə "tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq" intizam məsuliyyəti tədbirləri barəsində isə qeyd olunmalıdır ki, İddiaçı xx.xx.2020-ci ildə səhhəti ilə bağlı olaraq öz xahişi ilə tutduğu vəzifədən azad olunması üçün müraciət etmiş, lakin üstündən 6 gün keçdikdən sonra barəsində "töhmət" intizam məsuliyyəti tədbiri görülmüşdür. X5 təqdim olumuş xx.xx.2020-ci il tarixli Epikriz-ə əsasən xx.xx.2020-ci il tarixində iddiaçı ambulator müalicə üçün evə yazılmışdır. Lakin cəmi 2 gün sonra barəsində "tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq" intizam məsuliyyəti tədbiri görülmüşdür. Göründüyü kimi İddiaçı barəsində görülmüş əvvəlki tədbirlər də əslində qərəzli olmuşdur. Eyni zamanda, Qanunun 32.5.-ci maddəsinə əsasən intizam tənbehinin tətbiqinə əsas yaradan eyni bir əmələ görə yalnız bir intizam tənbehi verilə bilər. Xidməti vəzifələrinin nümunəvi icrasına, uzunmüddətli qüsursuz fəaliyyətinə və digər xidmətlərinə görə ədliyyə orqanları işçisinə həvəsləndirmə tədbirləri olduqda ədliyyə orqanlarının işçisinə verilmiş intizam tənbehi vaxtından əvvəl götürülə bilər. İddiaçı isə xidməti dövründə 8 dəfə mükafatlandırılmışdır. Təəssüf ki, cavabdeh tərəfindən iddiaçı barəsində 2020-ci ildə görülmüş, əslində isə əsassız olan intizam məsuliyyəti tədbirləri xatırlanmış, lakin daha ciddi məsuliyyət tədbirinin (ədliyyə orqanlarından xaric etmə) görülməsi üçün sonradan hansı halın baş verdiyi qeyd olunmamış, bununla bağlı müvafiq araşdırma aparılmamış, iddiaçının izahatı alınmamış və əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə ədliyyə orqanlarından xaric edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Eyni zamanda, Qanunun 9-cu maddəsinə əsasən ədliyyə orqanları işçilərinin əsas hüquqlarından biri də müvafiq orqanlarda və məhkəmədə öz qanuni hüquqlarını və mənafeyini müdafiə etməkdir, 32.10-ci maddəsinə əsasən isə ədliyyə orqanlarının işçisi intizam tənbehi tətbiq edilməsi barədə əmrdən qanunvericilikdə müəyyən edilmiş qaydada yuxarı orqanın rəhbərinə və ya məhkəməyə şikayət verə bilər. Həmin Qanunun 41.02-ci maddəsinə əsasən ədliyyə orqanları işçisinin xüsusi rütbəsinin, vəzifəyə və ədliyyə orqanlarına bərpa edilməsinin əsaslararından biri də məhkəmə qərarıdır. Bakı İnzibati Məhkəməsinin e-2-(112)-3505/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi rayonu 3 saylı Qadın Məsləhətxanası iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı daha sonra ərizə təqdim edərək, iddia ərizəsində dəqiqləşmə apararaq, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 568/K nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbini dəqiqləşdirməsi barədə ərizəsi Bakı İnzibati Məhkəməsinin e- 2-1(112)-3505/2022 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3505/2022 nömrəli xx.xx.2021-ci il tarixli qərardadına əsasən iş üzrə Bakı şəhəri Nəsimi rayonu 3 saylı Qadın Məsləhətxanasının 3-cü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3505/2022 saylı, 01 noyabr 2022-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2012-ci il tarixindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qulluğa qəbul edilmişdir. İddiaçı ədliyyə orqanlarında qulluq keçməsinə № 568/K nömrəli, xx.xx.2021-ci il tarixli Əmrə əsasən Azərbaycan Respublikasının “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanununun 40.1.11-ci maddəsinə əsasən ədliyyə orqanlarından xaric edilməsi ilə xitam verilmişdir. Qeyd olunmalıdır ki, № 568/K nömrəli, xx.xx.2021-ci il tarixli əmr barədə məlumat Əmək Kitabçasından götürülmüş və surəti işçiyə təqdim edilməmişdir. Nəsimi rayonu 3 saylı Qadın Məsləhətxanasından verilmiş xx.xx.2021-ci il tarixli “Əmək qabiliyyətinin olmaması vərəqəsi”-ndə aparılmış qeydlərdən müəyyən olunur ki, iddiaçı xroniki salpingooforitin kəskinləşməsi diaqnozu ilə müalicə almış və xx.xx.2021 – xx.xx.2021, xx.xx.2021xx.xx.2021, xx.xx.2021-xx.xx.2021 tarixləri üçün işdən azad edilmiş və işə başlamalı olduğu tarix kimi isə xx.xx.2021-ci il tarixi göstərilmişdir. Qeyd etmək lazımdır ki, iddiaçının ədliyyə orqanlarından xaric edilməsi ilə bağlı verilmiş lakin iddiaçıya təqdim olunmamış №568/K nömrəli Əmrin tarixi kimi xx.xx.2021-ci il tarixi qeyd olunmuşdur. Beləliklə, iddiaçının əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə ədliyyə orqanının rəhbərinin təşəbbüsü ilə onun qulluq keçməsinə qanunsuz olaraq xitam verilmişdir. Məhkəmə tərəfindən “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 31.5-ci maddəsi tətbiq olunarkən kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntunun nədən ibarət olması araşdırılmamış, ümumiyyətlə müvafiq əmrin verildiyi tarixdə işçinin əmək qabiliyyətli olmaması nəzərə alınmamışdır. Məhkəmə hüququn tətbiq olunmasında səhv buraxaraq faktiki olaraq iddiaçının “Əmək qabiliyyətinin olmaması vərəqəsi”-nə əsasən işdən azad olunduğu vaxtda müvafiq əmrə əsasən o, ədliyyə orqanlarından xaric edilməsini qanuna uyğun hesab etmişdir. Göründüyü kimi, Qanunun 31.1-ci və 40.4-cü maddələrinin tələbləri pozularaq araşdırma aparılmadan, iddiaçıdan yazılı izahat alınmadan, onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə ədliyyə orqanının rəhbərinin təşəbbüsü ilə onun qulluq keçməsinə xitam verilmişdir və birinci instansiya məhkəməsi tərəfindən məsələyə düzgün hüquqi qiymət verilməmişdir. Müvafiq hal üzrə işçi barəsində hər hansı bir araşdırma aparılmışdırsa, onun bu barədə məlumatı olmamış, işçinin izahatı alınmamış və barəsində verilmiş əmrin surətinin işçiyə elan olunması və ya təqdim olunmasına dair sübutlar mövcud olmamışdır. Tərəflərin iştirakı: İcraat zamanı iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, iddia ərizəsində qeyd olunan əmrin ləğv edilməsi, iddiaçının işə bərpa olunması və buraxılmış müddət üçün əmək haqqının kompensasiya olaraq ödənilməsi barədə vəzifənin cavabdehin üzərinə qoyulmasına dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Sonuncu məhkəmə iclasında ərizə icraata qəbul edildi. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və dəqiqləşdirilmiş iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(103)-1075/2023 saylı xx.xx.2023-ü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi rayonu 3 saylı Qadın Məsləhətxanası iş üzrə adicəlbetmə qaydasında 3-cü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən üçüncü şəxs 3 saylı Qadın Məsləhətxanasının nümayəndəsi Elşən Daşdəmirov xx.xx.2019-xx.xx.2021-ci il dövrünü əhatə edən “Əmək qabiliyyətini itirmə vərəqələrinin qeydiyyat kitabı”nın, “Həkim-məsləhət komissiyasının rəylərinin yardımın qeydiyyat kitabı”nın və “X1 jurnalı”nın əsillərini təqdim edərək (müvafiq hissələrinin surətləri iş materiallarına əlavə edilmişdir) bildirmişdir ki, iddiaçı 2020-ci ildən qadın məsləhətxanasında qeydiyyatdan keçmişdir, mütəmadi olaraq müayinə və müalicələrdə olmuşdur. İddiaçıya xx.xx.2021-ci il tarixində xəstəlik vərəqi 3 gün müddətinə verilmiş, daha sonra həkim məsləhət komissiyasının rəyi ilə müddətlər 6 gün, 10 gün, 13 gün olmaqla uzadılmışdır. Qeyd edilən bütün məlumatlar qeydiyyat jurnallarında qeydə alınmışdır. İddiaçının barəsində işdən çıxarılma əmri verilən dövrdə (xx.xx.2021-ci il tarixində) xəstəlik vərəqələrindən də göründüyü kimi iddiaçı xəstə olmuş və müalicə almışdır. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(103)-1075/2023 saylı xx.xx.2023-ü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi rayonu 3 saylı Qadın Məsləhətxanasının 3-cü şəxs statusu ləğv edilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mübahisələndirilən əmr 09 avqust 2021-ci il tarixli olmaqla, cavabdeh tərəfindən sözügedən əmrin iddiaçıya təqdim edilməsi ilə bağlı məhkəmə araşdırmaları zamanı sübutlar təqdim edilməmiş, iddia ərizəsi iddiaçının nümayəndəsi və vəkilinin elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə xx.xx.2021-ci il tarixdə məhkəməyə ünvanlanmışdır. Cavabdeh etirazın dəlillərində qeyd etmişdir ki, iddiaçıya əmək kitabçası 30 avqust 2021-ci ildə təqdim edilmiş, iddiaçı isə iddia ərizəsini 30 günlük müddəti ötürməklə xx.xx.2021-ci ildə məhkəməyə təqdim etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 59-cu maddəsinə əsasən yazılı inzibati aktın əsas rekvizitlərindən biri də həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan haqqında məlumatdır. Eləcə də həmin qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İş materiallarından görünür ki, iddiaçıya qəbzə imza etdirilməklə əmək kitabçası təqdim edilsə də, ona mübahisələndirilən əmrə qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin iddia verə biləcəyi orqan haqqında yazılı məlumat təqdim edilməmişdir. Birinci instansiya məhkəməsində iş üzrə araşdırma zamanı iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia verilməsi üçün tələb olunan müddətin bərpası barədə ərizə təqdim edilərək, iddiaçıya əmrin təqdim və ya rəsmi elan edilmədiyini, sadəcə əmək kitabçasının təqdim edildiyini və bundan sonra müvafiq xəstəliyi ilə əlaqədar iddiaçının ölkə xaricində əməliyyat keçirdiyini buna dair sübutları təqdim edərək bildirmiş və ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iclas protokolu ilə iş üzrə prosessual müddət ötürülmədiyindən iddiaçının müddətin bərpası barədə ərizəsinə münasibət bildirilməmişdir. Odur ki, məhkəmə kollegiyası da yuxarıda sadlanan qanunvericilik normalarını diqqətə alaraq hesab edir ki, mübahisələndirilən əmrin iddiaçıya rəsmən təqdim və ya elan edilməsinə dair sübutlar təqdim edilmədiyindən, hüquqi müdafiə vasitələri barədə rəsmi məlumat verilmədiyindən, qanunvericiliklə müəyyən edilmiş müddət (iddiaçıya münasibətdə 6 aylıq müddət) ötürməmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə kollegiyası mübahisələndirilən əmrin qanuniliyi ilə bağlı aşağıdakı qanunvericilik normalarına diqqəti çəkir: “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1. Bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir. - 3.2. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. - 10.0. Ədliyyə orqanları işçiləri vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 10.0.1. qanunvericiliyi və müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi normativ hüquqi aktları həyata keçirməli; 10.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 10.0.3. başqa ədliyyə işçilərinin işini çətinləşdirən, yaxud ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 10.0.4. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 10.0.5. lazım gəldikdə, öz ixtisası hüdudunda ədliyyə orqanının rəhbərinin göstərişi ilə əlavə iş görməli; 10.0.6. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən işdən çıxdıqdan və ya pensiyaya getdikdən sonra da saxlamalı; 10.0.7. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 10.0.8. qulluq etdiyi ədliyyə orqanının rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə xarakterli məlumatları təqdim etməli; 10.0.9. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə işləməli və ya başqa vəzifələri icra etməli; 10.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 10.0.11. etik davranış və intizam qaydalarına əməl etməlidirlər. - 22.1. Ədliyyə orqanlarının işçisi bu Qanunda nəzərdə tutulmuş hallardan başqa, vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıla, ədliyyə orqanlarından xaric edilə bilməz və onun qulluq keçməsinə xitam verilə bilməz. Qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, ədliyyə orqanları işçisinin qanuni fəaliyyətinə məhdudiyyət qoyulması, təsir və müdaxilə edilməsi yolverilməzdir. -24.1. Ədliyyə orqanlarının işçilərinə və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb xidməti tərəfindən həyata keçirilir. -31.1. Ədliyyə orqanlarının işçisi bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 31.1.1. irad tutma; 31.1.2. töhmət; 31.1.3. şiddətli töhmət; 31.1.4. tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 31.1.5. aşağı vəzifəyə keçirmə; 31.1.6. xüsusi rütbənin bir pillə aşağı salınması; 31.1.7. vəzifədən azad etmə (bu halda ədliyyə orqanlarının işçisi müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində şəxsin ədliyyə orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, ədliyyə orqanlarında işə təyin edilir); 31.1.8. ədliyyə orqanlarından xaric etmə; 31.1.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə ədliyyə orqanlarından xaric etmə. - 32. Bu Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda ədliyyə orqanının rəhbəri tərəfindən araşdırma aparılır, işçidən yazılı izahat alınır. Zərurət olduqda ədliyyə orqanının rəhbəri xidməti yoxlama təyin edir. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşçinin izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiq edilməsinə mane olmur. - 36.8. Xəstəliyə görə məzuniyyət penitensiar xidmətin əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının tibbi-həkim komissiyasının rəyi əsasında verilir. Xəstəliyə görə məzuniyyət tibb müəssisələrində stasionar müalicədə olmayan əməkdaşlara verilir. Həmin məzuniyyətin müddəti dörd aydan artıq olmamaqla xəstəlikdən asılı olaraq müəyyən edilir. Xəstəliyə və müalicəyə görə fasiləsiz məzuniyyət üçün müəyyən edilən müddət qurtardıqdan sonra penitensiar xidmətin əməkdaşı qulluğa yararlılığının yoxlanılması məqsədilə tibbi-həkim komissiyasının müayinəsindən keçməlidir. Xəstəliyə görə məzuniyyət əsas məzuniyyətə hesablanmır. - 40.1. Aşağıdakı əsaslar olduqda ədliyyə orqanları işçisinin qulluq keçməsinə xitam verilir: 40.1.1. öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdikdə; 40.1.2. attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun olmadıqda; 40.1.3. qanunvericilik və yerli özünüidarəetmə orqanlarına seçildikdə, hakim təyin edildikdə; 40.1.4. təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar; 40.1.5. uzunmüddətli (dörd aydan artıq) xəstəliklə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda; 40.1.6. bu Qanunun 15.4-cü maddəsində nəzərdə tutulmuş halda; 40.1.7. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edildikdə; 40.1.8. bu Qanunda ədliyyə orqanlarının vəzifələrə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar olduqda; 40.1.9. bu Qanunun 4.6-cı maddəsində göstərilən hal aşkar edildikdə; 40.1.10. qulluqda olmanın son yaş həddinə çatdıqda; 40.1.11. ədliyyə orqanlarından xaric edildikdə; 40.1.12. qanunla nəzərdə tutulmuş digər hallarda. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.5-ci bəndinə əsasən həmin Qanunun 24.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsi haqqında Əsasnamə” Azərbaycan Respublikası Ədliyyə Nazirinin xx.xx.2007-ci il tarixli 39-T №-li əmri ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsi haqqında Azərbaycan Respublikası ədliyyə nazirinin xx.xx.2007-ci il tarixli 39-T №-li əmri ilə təsdiq edilmiş Əsasnaməsinin: - 3. Baş idarə fəaliyyətini dövlət orqanları, Penitensiar xidmət və Nazirliyin sisteminə daxil olan digər qurumlarla əlaqəli həyata keçirir. - 6. Baş idarənin fəaliyyət istiqamətləri aşağıdakılardır: 6.1. ədliyyə orqanlarının işçilərinə və onların ailə üzvlərinə, Nazirliyin Penitensiar xidmətində müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara, ədliyyə pensiyaçılarına tibb xidmətinin göstərilməsini təmin edir; - 7. Baş idarə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 7.1. Nazirliyin sistemində tibb xidmətini təşkil etmək; 7.2. Ədliyyə orqanlarının işçilərinin və onların ailə üzvlərinin, Nazirliyin Penitensiar xidmətində müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların, ədliyyə pensiyaçılarının sağlamlığının mühafizəsi istiqamətində kompleks profilaktika, müayinə, müalicə, maarifləndirmə, bərpa-sağlamlaşdırıcı və digər tibbi tədbirləri həyata keçirmək; Azərbaycan Respublikası ədliyyə nazirinin 29 noyabr 2007-ci il tarixli 41-T nömrəli əmri ilə təsdiq edilmiş Ədliyyə orqanları işçilərinin etik davranış Qaydalarının: - 4.1. Ədliyyə işçisinin xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Ədliyyə işçisinin xidməti davranışı bu Qaydalarla müəyyən edilmiş etik davranış normalarına və prinsiplərinə əsaslanmalıdır. Ədliyyə işçisinin xidməti davranışı bu Qaydalara və digər normativ hüquqi və normativ xarakterli aktlara uyğun olaraq tənzimlənir. Ədliyyə işçisi icra və əmək intizamına əməl etməli, iş vaxtını kənar işlərə sərf etməməli, üzrsüz səbəbdən işdən yayınmamalıdır. - 4.2. Ədliyyə işçisi birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur. - 5.4-3. Ədliyyə işçisi iş yerində olmadığı hallarda iş yeri ilə əlaqə saxlanılmasından üzrsüz səbəbdən yayınmamalıdır. - 7.3. Etik davranış qaydalarına əməl edilməsi ilə bağlı aşağıdakılar həyata keçirilir: etik davranış qaydalarını pozan ədliyyə işçilərinin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülməlidir; - 7.4. Etik davranış qaydalarının pozulması ədliyyə işçisinin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. - 7.5. Ədliyyə işçisinin intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarı ilə “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimatın: -1-ci bəndinə əsasən sığorta haqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur. Sığorta haqları ödəyən şəxslərə müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi haqqında digər şəhadətnamə və arayışın verilməsi bu təlimatda göstərilmiş xüsusi hallardan başqa qadağan olunur. - 4-cü bəndinə əsasən xəstəlik, məişət zədəsi və ya şikəstlik nəticəsində əmək qabiliyyətini itirdikdə xəstəlik vərəqələri həmin gündən onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən verilir. Keçmiş tarixlə xəstəlik vərəqələrinin verilməsi qadağandır. - 7-ci bəndinə əsasən isə həkimlər hər dəfə 3 gündən artıq olmayaraq, ümumiyyətlə həmin xəstəlik və ya şikəstlik üzrə 6 gündən artıq olmayaraq xəstəlik vərəqəsi vermək hüququna malikdirlər. - 8-ci bəndinə əsasən əmək qabiliyyətinin itirilməsi başlandıqdan sonra xəstəlik vərəqəsinin 6 gün və daha çox artırılması, müalicə həkimi tərəfindən yalnız baş həkimin və ya həmin tibb müəssisəsində təşkil olunmuş həkim- məsləhət komissiyasının təsdiqindən sonra mümkündür. - 9-cu bəndinə əsasən xəstəlik vərəqəsini 6 gündən çox artırmağa ixtiyar verilmiş şəxslərin hamısına xəstəni şəxsən müayinə etdikdən və tibbi müayinələrin nəticəsini öyrəndikdən sonra xəstəlik vərəqəsini artırmağa icazə verilə bilər. Xəstəlik uzun çəkdikdə bu müayinələr azı hər 10 gündən bir keçirilməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qulluğa qəbul edilmiş, onun ədliyyə orqanlarında qulluq keçməsinə 568/K nömrəli, xx.xx.2021-ci il tarixli Əmrə əsasən Azərbaycan Respublikasının “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanununun 40.1.11-ci maddəsinə əsasən ədliyyə orqanlarından xaric edilməsi ilə xitam verilmişdir. İddiaçı hazırki tələbində qeyd olunan əmri mübahisələndirərək, əmrin ləğv edilməsini, işə bərpa edilməsini və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ona qarşı rəhbərlik tərəfindən qərəzli münasibət göstərildiyini qeyd etsə də, təqdim edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçı davamiyyət və intizam qaydalarını pozduğuna görə ona ilk öncə “Töhmət” intizam tənbehi tətbiq edilmiş və iddiaçı yenidən davamiyyət və intizam qaydalarını pozaraq xidmətə çıxmamış, bu barədə iş yerinə məlumat verməmiş, bununla əlaqədar xidməti davamiyyət qaydalarını mütəmadi olaraq pozmaqla kobud nöqsanlara yol verdiyinə və verilmiş intizam tənbehindən düzgün nəticə çıxarmadığına görə ona “tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilmişdir. Belə ki, iddiaçı ona olunmuş xəbərdarlığa baxmayaraq qanunvericiliyin tələblərini pozmağa davam etmiş, barəsində tətbiq edilmiş intizam tənbehlərindən, tutulan iradlardan düzgün nəticə çıxarmamış, heç bir üzürlü səbəb olmadan xidməti üzrə işə çıxmaması əsası ilə iddiaçının ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Eyni zamanda iddiaçının əmək qabiliyyətinin olmamasını təsdiq edən vərəqə Bakı şəhəri Nəsimi rayonu 3 saylı Qadın Məsləhətxanası tərəfindən verilmişdir. Ədliyyə Nazirliyinin Tibb baş İdarəsi tərəfindən iddiaçının əmək qabiliyyətinin olmamasını təsdiq edən hər hansı sənəd və ya məlumatın olması iş materialları ilə müəyyən olunmur. Həmçinin, iddiaçının əmək qabiliyyətinin itirməsinə dair vərəqə xx.xx.2021- xx.xx.2021 (3 gün), xx.xx.2021-xx.xx.2021 (6 gün), xx.xx.2021-xx.xx.2021 (10 gün), xx.xx.2021-xx.xx.2021 (13 gün) müddətinə verilmişdir ki, bu da qanunvericiliyin və təlimatın qeyd olunan tələblərinin pozulmasına səbəb olmuşdur. Beləliklə, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, əmrin qəbul edilməsi çərçivəsində həyata keçirilmiş araşdırma barədə iddiaçıya məlumat verilməmiş, onun izahatı alınmamış və mübahisələndirilən əmrlə ədliyyə orqanının rəhbərinin təşəbbüsü ilə onun qulluq keçməsinə xitam verilmişdir. Müvafiq hall üzrə araşdırma aparılması barədə iddiaçının məlumatı olmamış, izahatı alınmamış və barəsində verilmiş əmrin surəti işçiyə təqdim olunmamışdır. Halbuki “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.3-cü maddəsinə əsasən Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda ədliyyə orqanının rəhbəri tərəfindən araşdırma aparılır, işçidən yazılı izahat alınır. Həmçinin Qanunun 32.9-cu maddəsinə əsasən intizam tənbehinin verilməsi əmrlə rəsmiləşdirilir və ədliyyə orqanları işçisinin şəxsi işinə əlavə olunur (penitensiar və tibb xidmətlərinin əməkdaşları üçün intizam tənbehinin tətbiqi barədə qeydlər onların şəxsi işlərinin xidməti vərəqələrinə yazılır). Verilmiş əmr üç gün ərzində işçiyə elan olunur və əmrin surəti imza etdirilməklə ona təqdim edilir. Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi izahatında qeyd etmişdir ki, iddiaçıya ondan izahat alınması üçün sadəcə telefonla məlumat verilmiş, tərəflərin arasında rəsmi yazışma olmamışdır, cavabdehin nümayəndəsi bu halı onlarda rəsmi məktub göndərilməsi ilə bağlı praktikanın olmaması ilə əsaslandırmışdır, kollegiya hesab edir ki, telefonla məlumat vermə əmrin qəbul edilməsi çərçivəsində həyata keçirilmiş araşdırma barədə iddiaçıya rəsmi məlumat verilməsi kimi qiymətləndirilə bilməz. Həmçinin, cavabdehin nümayəndəsi ümumiyyətlə iddiaçı ilə telefonla əlaqə saxlanılaraq ona məlumat verilməsini belə şifahi formada bildirmiş, buna dair heç bir sübut təqdim etməmişdir. Halbuki, müvafiq olaraq sübutetmə yükü inzibati orqan daşıyır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 40.4-cü maddəsində qeyd olunur ki, ədliyyə orqanlarının işçisi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə (bu Qanunun 40.1.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla), habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində ədliyyə orqanının rəhbərinin təşəbbüsü ilə onun qulluq keçməsinə xitam verilə bilməz. Həmin Qanunun 40.1-ci maddəsinə əsasən aşağıdakı əsaslar olduqda ədliyyə orqanları işçisinin qulluq keçməsinə xitam verilir: 40.1.5. uzunmüddətli (dörd aydan artıq) xəstəliklə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda; İş materiallarında olan Nəsimi rayonu 3 saylı Qadın Məsləhətxanasından verilmiş xx.xx.2021-ci il tarixli “Əmək qabiliyyətinin olmaması vərəqəsi”-ndə aparılmış qeydlərdən müəyyən olunur ki, iddiaçı xroniki salpingooforitin kəskinləşməsi diaqnozu ilə müalicə almış və xx.xx.2021 – xx.xx.2021, xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-xx.xx.2021 tarixləri üçün işdən azad edilmiş və işə başlamalı olduğu tarix kimi xx.xx.2021- ci il tarix qeyd edilmişdir. Beləliklə, iddiaçının əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə ədliyyə orqanının rəhbərinin təşəbbüsü ilə onun qulluq keçməsinə qanunsuz olaraq xitam verilmiş, müvafiq əmrin verildiyi tarixdə işçinin əmək qabiliyyətli olmaması nəzərə alınmamışdır. Həmçinin, iş üzrə araşdırma zamanı Qanunun 40.1.5-ci maddəsində qeyd edilən əsas yəni uzunmüddətli (dörd aydan artıq) xəstəliklə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyrimümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyinin mövcudluğu aşkar edilməmişdir. Məhkəmə hüququn tətbiq olunmasında səhvə yol verərək faktiki olaraq iddiaçının “Əmək qabiliyyətinin olmaması vərəqəsi”-nə əsasən işdən azad olunduğu vaxtda müvafiq əmrə əsasən onun ədliyyə orqanlarından xaric edilməsini qanuna uyğun hesab etmişdir. Göründüyü kimi, Qanunun 31.1-ci və 40.4-cü maddələrinin tələbləri pozularaq araşdırma aparılmadan, iddiaçıdan yazılı izahat alınmadan, onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə ədliyyə orqanının rəhbərinin təşəbbüsü ilə onun qulluq keçməsinə xitam verilmişdir və birinci instansiyası məhkəməsi tərəfindən məsələyə düzgün hüquqi qiymət verilməmişdir. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən Ədliyyə Nazirliyinin Tibb baş İdarəsi tərəfindən iddiaçının əmək qabiliyyətinin olmamasını təsdiq edən hər hansı sənəd və ya məlumatın iş materialları ilə müəyyən olunmaması, həmçinin iddiaçının əmək qabiliyyətini itirməsinə dair vərəqənin qanunvericiliyin və təlimatın qeyd olunan tələblərinin pozulmasına səbəb olması nəticəsinə gəlinməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, ədliyyə orqanları işçilərinə və onların ailə üzvlərinə, penitensiar xidmətdə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara, ədliyyə pensiyaçılarına tibb xidmətinin göstərilməsi İdarənin vəzifəsidir, lakin qanun adı çəkilən şəxslərin üzərinə bu tibb müəssisəsində müalicə almaq vəzifəsi qoymur. İdarənin öhdəliyi adı çəkilən şəxslər üçün sadəcə əlavə hüquq yaradır. İdarənin əsasnaməsində həmçinin səlahiyyətləri arasında başqa bir tibb müəssisəsindən alınan vərəqələri, sənədləri və s. təsdiq etmək səlahiyyəti və ya bu müəssisədə müalicə almaq hüququ olan şəxslərin bu kimi sənədləri təsdiq etdirmək kimi öhdəliyi mövcud deyildir. Həmçinin Ədliyyə oqranlarında qulluq keçmə haqqında Qanunun 36.8-ci maddəsində qeyd olunmuş - “Xəstəliyə görə məzuniyyət tibb müəssisələrində stasionar müalicədə olmayan əməkdaşlara verilir.” norması ilə də müəyyən edilir ki, qanunvericilik qeyd olunan normada “tibb müəssisələrində” ifadəsi işlətməklə əməkdaşların digər tibb müəssisələrində də müalicə ala bilmə imkanını qəbul etmişdir. Həmçinin, apellyasiya baxışı zamanı ətraflı araşdırma aparan məhkəmə kollegiyası müvafiq tibb müəssisəsinin səlahiyyətli nümayəndəsini dinləmiş, təqdim olunan jurnallara baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iddiaçı barəsində xəstəlik vəərəqələrinin açılmasında qanun pozuntusuna yol verilməmişdir. Belə ki, jurnallara baxış zamanı da müvafiq ardıcıllığa riayət edildiyi, iddiaçı barəsində xəstəlik vərəqəsinin açılmasından sonra hər dəfə müddət uzadılan zamanı həkim-məsləhət komissiyasının rəyinin (möhürünün) mövcud olduğu aydın olunmuşdur. Yuxarıda qeyd edilənlərə məcmu halda hüquqi qiymət verərək, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən əmrin verildiyi dövrdə (xx.xx.2021-ci il taridə) iddiaçının əmək qabiliyyətini müvəqqəti itirdiyi və bununla əlaqədar olaraq müvafiq əmək qabiliyyətinin olmaması vərəqələrinin mövcudluğu, mötəbərliliyi iş üzrə araşdırma zamanı öz təsdiqini tapmışdır. Cavabdeh əmrin qanuniliyini sübuta yetirə bilməmişdir. Məhz cavabdeh inzibati orqan tərəfindən Ədliyyə orqanlarında qulluq keçmə haqqında Qanunun 40.4-cü maddəsinin birbaşa pozuntusu müəyyən edildiyindən məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, cavabdehin 568/K nömrəli, xx.xx.2021ci il tarixli əmri qanunsuzdur və ləğv edilməlidir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3505/2022 saylı, 01 noyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin № 568/K nömrəli, xx.xx.2021-ci il tarixli əmri əmri ləğv edilsin, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsinin qeydiyyat bölməsinin böyük inspektoru vəzifəsinə bərpa olunsun və İddiaçı məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar