Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1075/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2915/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə (hazırda-«Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı») qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “onun ümumi əmək və təhsil stajına uyğun olaraq yığılmış 37 il 11 ay iş stajına əsasən əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin xx.xx.2001-ci il tarixdən hazırkı tarixədək hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə” edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…37 ildən artıq əmək stajı var, lakin neçə illər stajını cavabdehlər səhvən 35 il 10 ay göstərmişlər. Çoxsaylı şikayətlərdən sonra cavabdehlər bu səhvi düzəltmişlər. Əmək stajını 35 il 11 ay göstərdikləri üçün ona pensiya ödənişi tam verilməmiş, çatmayan məbləğin (5400 manat) ən azı son 3 ilin pulunu (1080 manat) almaq istəyir. Bundan başqa, əmək stajı artdığı üçün pensiyası da artmalı və əlavə 20 manat olmalıdır. Cavadehlər əmək stajını az göstərmiş və gizlətmişlər. Buna görə də ona verilməli olan 3 ilin pulunu (5400 manat) almağını, əmək stajı illərinin artmasına əsasən də pensiyasının da əlavə 20 manat artırılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Pensiyası 2021-ci il tarixdə 262 manatdan 293 manata artmışdır, çünki ölkədə ümumi hamıda 2021-ci ilin yanvar ayında pensiya artmışdır. Cavabdeh də qeyd edir ki, pensiya stajını 35 il 10 aydan 37 il 11 aya çoxaltmışlar, halbuki bunu elə əvvəldən 37 il 11 ay göstərmək lazım idi. Stajı 2 il 1 ay az göstərilib ərizələrinə cavab doğru cavab verilmir...” Cavabdeh iddiaçının müvafiq müraciətini xx.xx.2022-ci il tarixli məktubu ilə onunla cavablandırmışdır ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı" haqqında Qanunun 12-ci maddəsinə əsasən ona xx.xx.2001-ci il tarixdə yaşa görə əmək pensiyası təyin olunmuş, xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi tətbiq edilməklə əmək pensiyası ödənişi davam etdirilir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsəsən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği 01.01 2022-ci il tarixdən 304,11 manata çatdırılmışdır. Həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Təqdim olunan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1957-ci il tarixdən xx.xx.1962-ci il tarixədək təhsil aldığı illər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 37 il 11 ay sığorta stajı və Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 111,54 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyasının məbləğində (304,11 manat) dəyişiklik olmamışdır...” Cavabdeh məhkəməyə təqdim etdiyi etirazını iddiaçıya ünvanlanmış imtina məktubuna uyğun əsaslandıraraq iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2915/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Bakı İnzibati Məhkəməsi işi 6 ay uzatdı (mart-sentyabr) ki, cavabdehdən cavab gələnə qədər və ümumiyyətlə cavabdeh ekspert kimi rəy verə bilməz, yəni rəy qəbul edilməməlidir. Çünki cavabdeh öz xeyrinə rəy verəcək və verdi də. Qərar xx.xx.2023-cü il tarixdə yükləndi. Həm də heç biri müsbət rəy vermir. Odur ki, hesab edir ki, iddia tələbi təmin olunmalıdır...” Məhkəmə kollegiyasının iclasları barədə xəbərdar edilmiş İddiaçı məhkəmə iclaslarına gəlməmiş, İPM-in 62-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, iddiaçının əmək pensiyası 409 manat 13 qəpik təşkil edir. Onun əvvəl 35 il 10 ay pensiya stajı olmuş, əvvəl təhsil alması barədə diplom təqdim olunmayıb, 2006-cı ildən həmin stajı artırılaraq pensiyası yenidən hesablanraq ödənilmişdir. 2006-cı ildən sonra bir neçə ay stajına görə pensiya kapitalı 111,54 manat təşkil edib, onun pensiya kapitalı indeksasiya olunub. Odur ki, məhkəmədən birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını xahiş edir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşıdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında» Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. Eyni zamanda, iddiaçının işlədiyi vaxt qüvvədə olan keçmiş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinin 1-ci hissəsi isə nəzərdə tuturdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Konkret halda, iş materiallarına (iddiaçının şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının və diplomun surətinə, və s.) əsasən müəyən olunur ki, xx.xx.1940-cı il təvəllüdlü iddiaçı, 1957-ci ildən 1962-ci il tarixədək Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almış, xx.xx.1962-xx.xx.1963-sü illərdə Bakı Şin zavodunda müxtəlif vəzifələrdə çalışmış, xx.xx.1963-xx.xx.1964-cü və xx.xx.1965-xx.xx.1968-ci illərdə adıçəkilən İnstitutda böyük laborant vəzifəsində işləmiş, xx.xx.1968-xx.xx.1994-cü illərdə Bakı Qida Sənayesi Texnikumunda kimya müəllimi kimi işləmiş, beləliklə də 35 il 10 ay 25 gün sığorta stajı toplamış və xx.xx.2001-ci il tarixdə ona yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı konkret halda, cavabddeh tərəfindən sığorta stajının 37 il 11 ay əvəzinə 35 il 10 ay 21 gün kimi hesablandığını iddia edərək 2016- cı ildə etibarən müxtəlif tarixlərdə cavabdehə müraciət etmiş, sonuncu tərəfindən isə xx.xx.2016-cı il tarixli 14/398 nömrəli məktubu ilə ona bildirilmişdir ki, xx.xx.2006-cı il tarixədək onun 37 il 11 ay 5 gün sığorta stajı nəzərə alınmaqla, baza hissəsi 100 manat, sığorta hissəsi 83,34 manat olmaqla, cəmi, 183,34 manat məbləğində yaşa görə əmək pensiyası hesablanmış və mütəmadi olaraq ödəniş üçün göndərilmişdir. Lakin iddiaçının əmək kitabçasına və diplomuna əsasən 35 il 10 ay 25 gün sığorta stajı müəyyən olunsa da, əslində, cavabdeh tərəfindən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən, işləməyən ana kimi körpə uşaqlara qulluq etdiyi dövr də nəzərə alınmaqla, onun sığorta stajı 37 il 11 ay 5 gün hesablanmış və bu stajına uyğun olaraq ona ödəniləcək pensiya məbləği müəyyənləşdirilmişdir. Onun işdə olan pensiya uçot vərəqində isə ona ödənilən əmək pensiyası aşağıdakı kimi olmuşdur: - 1 yanvar 2006- cı il tarixdən 1 aprel 2006-cı il tarixədək pensiyanın baza hissəsi 25 manat olmaqla pensiyanın məbləği 25 manat; - 1 aprel 2006-cı il tarixdən 1 oktyabr 2006-cı il tarixədək baza hissə 30 manat olmaqla pensiyanın məbləği 30 manat, 1 oktyabr 2006-cı il tarixdən 1 yanvar 2007- ci il tarixədək baza hissə 35 manat olmaqla pensiyanın məbləği 35 manat; - 1 yanvar 2007-ci il tarixdən 1 fevral 2007-ci il tarixədək baza hissə 40 manat olmaqla pensiyanın məbləği 40 manat; - 1 fevral 2007-ci il tarixdən 1 yanvar 2008-ci il tarixədək baza hissə 50 manat olmaqla rensiyanın məbləği 50 manat, 1 yanvar 2008-ci il tarixdən 1 sentyabr 2008-ci il tarixədək baza hissə 60 manat olmaqla pensiyanın məbləği 60 manat; - 1 sentyabr 2008-ci il tarixdən 1 sentyabr 2010-cu il tarixədək baza hissə 75 manat olmaqla pensiyanın məbləği 75 manat; - 1 sentyabr 2010-cu il tarixdən 1 iyul 2011-ci il tarixədək baza hissə 85 manat olmaqla pensiyanın məbləği 85 manat; - 1 iyul 2011-ci il tarixdən 1 yanvar 2012-ci il tarixədək baza hissəsi 85 manat, sığorta hissəsi 73,58 manat olmaqla pensiyanın məbləği 158,58 manat; - 1 yanvar 2012-ci il tarixdən 1 yanvar 2013-cü il tarixədək baza hissəsi 85 manat, sığorta hissəsi 73,39 manat olmaqla pensiyanın məbləği 164,39 manat; - 1 yanvar 2013-cü il tarixdən 1 sentyabr 2013-cü il tarixədək baza hissəsi 85 manat, sığorta hissəsi 80,26 manat olmaqla pensiyanın məbləği 165,26 manat; - 1 sentyabr 2013-cü il tarixdən 1 yanvar 2014-cü il tarixədək baza hissəsi 100 manat, sığorta hissəsi 80,26 manat olmaqla pensiyanın məbləği 180,26 manat; - 1 yanvar 2014-cü il tarixdən 1 yanvar 2015-ci il tarixədək baza hissəsi 100 manat, sığorta hissəsi 82,29 manat olmaqla pensiyanın məbləği 182,19 manat; - 1 yanvar 2015-ci il tarixdən 1 yanvar 2016-cı il tarixədək baza hissəsi 100 manat, sığorta hissəi 83,34 manat olmaqla pensiyanın məbləği 183,34 manat; - 1 yanvar 2016-cı il tarixdən 1 fevral 2016-cı il tarixədək baza hissəsi 100 manat, sığorta hissəsi 86,67 manat olmaqla pensiyanın məbləği 186,67 manat; - 1 fevral 2016-cı il tarixdən 1 yanvar 2017-ci il tarixədək baza hissəsi 110 manat, sığorta hissəsi 86,67 manat olmaqla pensiyanın məbləği 196,67 manat; 1 yanvar 2017-ci il tarixdən baza hissəsi 110 manat, sığorta hissəsi 97,42 manat olmaqla pensiyanın məbləği 207,42 manat. Qeyd olunmalıdır ki, sözügedən hesablama cavabdeh orqanın iddiaçıya təyin edilmiş əmək pensiyasının hesablanmasına dair xx.xx.2023-cüi l tarixli arayışında (məlumat) da aşağıdakı məzmunda ifadə olunmaqla öz təsdiqini tapır (İ.v.112-113): “….iddiaçının yaşa görə əmək pensiyasının sığorta hissəsi xx.xx.2011-ci il tarixindən 37 il 11 ay 5 gün sığorta stajına əsasən aşağıdakı qaydada yenidən hesablanmışdır: (37 il tam iş stajı x 1,94 manat)+(1,94 manat: 12 ay x 11 ay) + (1,94 manat: 12 ay : 30 gün x 20 gün) = 73,58 manat (716528 nömrəli pensiyaçının uçot vərəqi 14-cü sətir) Sözügedən şəxsin pensiyasının məbləği illər üzrə indeksləşərək aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2012- 85 (baza hissə)+(73,58+7,9%)=164,39 xx.xx.2013- 85 (baza hissə)+(79,39+1.1%)=165,26 xx.xx.2013- 100 (baza hissə)+80,26 =180,26 xx.xx.2014- 100 (baza hissə)+(80,26+2,4%)=182,29 xx.xx.2015- 100 (baza hissə)+(82,29+1,4%)=183,34 xx.xx.2016- 100 (baza hissə)+(83,34+4,0%)=186,67 xx.xx.2016-110 (baza hissə)+86,67=196,67 xx.xx.2017-110 (baza hissə)+(97,12+12,4%)=207,42 xx.xx.2018- 207,42+5,7%=219,24 xx.xx.2019- 219,24+3%=225,82 xx.xx.2020- 225,82+16,6%=263,30 xx.xx.2021-234.20+11,4%=293,33 …İddiaçı xx.xx.2022-ci il tarixli müraciətinə əsasən əmək pensiyasının məbləği xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 111,54 manat pensiya sığorta kapitalına əsasən yenidən hesablanmış (111,54: 143 = 0,78 manat; 293,33 manat+0,78 manat=294,11 manat) və xx.xx.2021-ci il tarixdən 294,11 manata çatdırılmışdır. İddiaçının əmək pensiyasının sığorta hissəsi Əmək pensiyaları haqqında” Qanunun 29.1ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixindən 3,4% indeksləşdirilməklə 304,11 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə uyğun olaraq 2022-ci il üzrə əmək pensiyaçılarına münasibətdə müəyyən edilmiş maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Beləliklə, iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 16,66 manat maddi yardım əlavə edilərək və 14,7% indeksləşdirilməklə 367,93 manata çatdırılmışdır .” Tədqiq olunan sübutlarla müəyyən edilən hallardan göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçıya ödənilən yaşa görə əmək pensiyası onun 35 il 10 ay 21 gün sığorta stajına görə deyil, 37 il 11 ay 5 gün sığorta stajına əsasən hesablanmış və ödənilmişdir. Başqa sözlə, əmək pensiyalarının ödənilməsini xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanununa müvafiq olaraq həmin Qanunun qüvvəyə mindiyi tarixdən iddiaçının əmək pensiyası onun sığorta stajına daxil edilməli olan bütün əmək fəaliyyəti, o cümlədən təhsil müddəti nəzərə alınmaqla hesablanmışdır. 2006-cı ildən əvvəlki dövrə münasibətdə isə qüvvədə olan qanunvericilik nəzərdə tutumamışdır. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cəavabdeh tərəfindən iddiaçının «pensiyanın yenidən hesablanması barədə» ərizəsindən imtina olunması əsaslıdır. Belə olan halda isə həmin imtina onun hüquq və azadlıqlarını pozmuş hesab edilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu sübuta yetirilmiş olsun. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin onun stajının düzgün hesablanmadığını bildirməklə dolayısı ilə birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2915/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2915/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1075/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1075/2024
23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver