Məhkəmə qərarları › İş №2-1(103)-1076/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1076/2020

11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1076/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (xx.xx.1961-ci ildə Gürcüstan, Marneuli rayonunda anadan olmuş, ünvan 1 m. 9 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3563/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdehtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı xx xxxxxxxx 2019-cu il tarixində cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 3 x ünvanında yerləşən xüsusi mülkiyyətində olan 181,8 kv.metr olan evi yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayonu, Yusif Səfərov, 76x ünvanda olan fərdi yaşayış evi xüsusi mülkiyyətindədir və ev ********** qeydiyyat nömrəli ilə xx.xx.2017-ci il tarixdə adına dövlət Reyestrində qeydiyyata alınmışdır və Çıxarış verilmişdir. xx.xx.2018-ci il tarixdə AR mənzil Məcəlləsinin 20.2 və 21.1 maddələrinə əsasən xüsusi mülkiyyətində olan evi yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair Sərəncam verilməsi ücün səlahiyyətli orqan olan Xətai Rayon icra Hakimiyyətinə rəsmi məktubla müraciət etmişdir. Müraciətində evi qeyri-yaşayış sahəsinə keçirməkdə məqsədi orada bir qismində mağaza,digərlərindən kosmetik qadın salonu və ofis kimi istifadə edib sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdır.Müraciətinə müvafiq sənədləri əlavə edib bildirmişdir ki ev bir mərtəbəlidir,bütün otaqlarına ayrıca giriş vardır, üzərində də heç bir tikili yoxdur və bu məsələyə dair Qanunvericiliydə nəzərdə tutulan qadağalar ona məxsus evdə olmadıqdan evi qeyri yaşayış sahəsinə keçirilməsinə dair müvafiq qərar qəbul edilməsini xahiş edir. Lakin Xətai RİH orqanı müraciətini uzun müddət ərzində cavabsız və hərəkətsiz saxlamışdır.Dəfələrlə RİH-ə şifahi müraciətlər etsədə nə qərar nə də hər hansı bir cavab ala bilmişdir. Bildirir ki uzun illər ərzində və hal hazırda mənzillər tərəfindən icarəyə verilməklə icarədarlar tərəfindən ofis,qadın geyimləri salonu,uniforma nümayiş salonu kimi istifadə olunur və onlar mənzillərin yararlı olduğundan qeyri-yaşayış sahəsi kimi isifadə edirlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3563/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia tələbinin təmin edilməsi, İddiaçı məxsus olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 181.8 kv.m olan 76x saylı evin qeyriyaşayış sahəsinə keçirilməsi barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3563/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə görə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirildiyinə dair müvafiq İcra Hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilməsinə istinad edərkən mövcud qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, şəxsi mülkiyyət hüququ ilə hüquqi və fiziki şəxslərə məxsus olan binaların 1-ci mərtəbəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin və zirzəmilərdəki qeyri-yaşayış sahələrinin pəncərə oyuqlarının qapı və ya vitrinlə əvəz edilməsi layihələri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırıldıqdan sonra Rayon İcra Hakimiyyəti Başçısının sərəncamları əsasında həyata keçirilir. Sözü gedən sərəncamın mənasından görünür ki, iddiaçı yaşayış sahəsini özbaşına qeyri-yaşayış sahəsinə çevirərək uzun müddət ondan qeyri-yaşayış sahəsi kimi istifadə etməzdən əvvəl mövcud qanunvericiliyin tələblərinə əməl etməli idi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi ümumiyyətlə heç bir məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3563/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: - İddiaçı sözügedən sahənin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı cavabdeh inzibati orqana ərizəsi xx.xx.2018-ci il tarixdə əlbəəl qəbul edilmişdir. -RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri. Xətai rayonu, Yusif Səfərov küçəsi, 76x saylı fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdən İddiaçı adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. -ünvan 5, ev 76x saylı fərdi yaşayış evinə İddiaçı adına texniki pasport tərtib edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. İşin apellyasiya icraatı zamanı xx.xx.2020-ci il tarixində iddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə dair etiraz məhkəməyə daxil olmuşdur. Etirazda bildirilmişdir ki, iddiaçı Yusif Səfərov küçəsi, ev 76 x ünvanında yerləşən birmərtəbəli evini qeyri-yaşayış sahəsinə keçirmək üçün xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixdə cavabdehə müraciət etmişdir. Hər iki halda tələb olunan sənədləri də təqdim etmişdir. İştirakı ilə mütəxəssis tərəfindən baxış keçirilib və akt tərtib olunmuşdur (2018-ci ilin may ayında) İki dəfə baş memar Əhməd Məmmədovun qəbulunda olmuşdur. Ondan əlavə heç bir sənəd tələb olunmayıb. Yaxın zamanda sərəncamın veriləcəyi bildirilib. Müraciətlərində yaşadığı ünvan və əlaqə nömrələri göstərilsə də, ərizələri cavabsız qalmışdır. Bu səbəbdən də xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfə rəsmi bildirişlər göndərilsə də, nümayəndələri prosesə gəlməmişlər və rəsmi münasibət bildirməmişlər. Bu səbəbdən də məhkəmə prosesi 2 aya qədər uzanmışdır. İş materiallarında olan xx.xx.1983-cü il tarixli, İİİ-JQ №355525 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin (bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1983-cü ildə sentyabr ayının 01 günündə №314 nömrəli qeyd ilə Bakı şəhəri 26 Bakı Komissarları rayonunun VVAQ şöbəsində qeyd edilmişdir) surətinə əsasən qeyd edilmişdir ki, X4 ilə X12 xx.xx.1983-cü il tarixində nikahlarını bağlamışlar. İş materiallarında olan AR-İİ №017225 nömrəli xx.xx.2020-ci il tarixli etibarnamənin (etibarnamə 2 il müddətinə verilmişdir, etibarnaməni təsdiq edən-Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu X10, reyestrdə 7E-3555 nömrəsi ilə qeyd edilib, informasiya sisteminə daxil olub) surətinə əsasən qeyd edilmişdir ki, etibar edən İddiaçı, etibar edilən X4. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********508 nömrəli Məmmədov X13 və xx.xx.2020-ci il tarixli, **********509 nömrəli X2 və xx.xx.2020-ci il tarixli, **********511 nömrəli X4 (X3 əvəzinə) tərəfindən verilmiş ərizələrə əsasən qeyd olunmuşdur ki, anası İddiaçı məxsus olan ünvan 5, 76 x ünvanda 181,8 kv.metrdən ibarət evin onun adına qeyri-yaşayış sahəsinə keçirilməsinə etirazı yoxdur, bununla razılığını bildirir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********510 nömrəli X4 tərəfindən verilmiş ərizəyə əsasən qeyd olunmuşdur ki, arvadı İddiaçı məxsus olan ünvan 5, 76 x ünvanda 181,8 kv.metrdən ibarət evin onun adına qeyri-yaşayış sahəsinə keçirilməsinə etirazı yoxdur, bununla razılığını bildirir. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1797/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qərarının surətinə (hakim R.Kərimli) əsasən iddia tələbinin təmin edilməsi, İddiaçı ünvan 5, 24 saylı evin 18, 20 və 30-cu mənzillərinə (ümumi sahə 181,8 kv.m olmaqla) mülkiyyət hüquqlarının qeydiyyatı barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X15 üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (çıxarış Ərazi İdarəsinin rəisi Ş.Şahvələdov və Qeydiyyat icraçısı R.Mirzəyev tərəfindən imzalanmışdır, Daşınmaz əmlakın dövlət reyestrində 376 nömrəli reyestr kitabının 35176 nömrəli vərəqində qeydiyyata alınmışdır) surətinə əsasən qeyd edilmişdir ki, hüququ rəsmiləşdirilən şəxs-İddiaçı; daşınmaz əmlakın növü-fərdi yaşayış evi; daşınmaz əmlakın ünvanı (olduğu yer)-ünvan 3 x; daşınmaz əmlakın mülkiyyət növü-xüsusi; daşınmaz əmlakın üzərində hüququn növü-mülkiyyət; daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə)-181.8; torpaq sahəsinin mülkiyyət növü-xüsusi; torpaq sahəsi üzərində hüququn növü-mülkiyyət; torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı)-yaşayış məntəqələrinin torpaqları; torpaq sahəsinin ölçüsü (hektarla)-0.01818; daşınmaz əmlakın reyestr nömrəsi-**********88-10301 İş materiallarında olan xx.xx.2003-cü il tarixli, JN-5871HJ nömrəli, 01000003 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətinə əsasən qeyd edilmişdir ki, torpaq mülkiyyətçisinin adı və soyadı-5871 İddiaçı, 0,01818 hektar sahə ölçüsü fərdi yaşayış evi tikintisi üçün Xətai rayonu, Barinov küçəsi 24 saylı evin 30, 20, 18 mən. altındakı t/s kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilib. İş materiallarında olan Xətai rayon İcra Hakimiyyəti Başçısının 172№-li, xx.xx.2002ci il tarixli Sərəncamından Çıxarışa əsasən Müəssisələrarası komissiyanın Barinov küçəsi 24 saylı evin, 18,20,30 saylı mənzillərində aparılan əlavə tikintiləri haqqında texniki rəyi təsdiq edilmiş, Barinov küçəsi 24 saylı evin, 18,20,30 saylı mənzillərində göstərilən ölçülərdə (rekonstruksiya işlərinin nəticəsində faktiki olaraq mənzillər birlikdə 3 yaşayış otağından ibarət 104,5 kv.m yaşayış sahəsi, 77,3 kv.m köməkçi sahə, ümumi faydalı sahəsi isə 181,8 kv.m olmuşdur ki, 18,20,30 saylı mənzillərin Z.Ə.Məmmədovaya məxsus mülkiyyət payı vahid tikili təşkil edir) aparılan əlavə tikintilərin X7 adına qanunlaşdırılmasına icazə verilmiş və evin texniki pasportunda lazımi dəyişikliklər edilməsi Tİ və MHQİ-dən xahiş olunmuş, Sərəncamın surəti Tİ və MHQİ-nə, MKTB-nə və vətəndaşa göndərilmişdir. (İ.Mehdiyev, ümumi şöbənin müdiri - G.Məmmədov tərəfindən imzalanmışdır) İş materiallarında olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin surətinə əsasən qeyd olunmuşdur ki, icarəyə verən-İddiaçı ünvan 5, ev 76X ünvanında yerləşən ümumi sahəsi 181,8 kv.m olan fərdi yaşayış evinin birgə mülkiyyət üzrə ona məxsus hissəsindən yalnız 59 kv.m hissəsini icarəçi-X8 icarəyə verir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin surətinə əsasən qeyd olunmuşdur ki, icarəyə verən-İddiaçı ünvan 5, ev 76X ünvanında yerləşən ümumi sahəsi 181,8 kv.m olan fərdi yaşayış evinin birgə mülkiyyət üzrə ona məxsus hissəsindən yalnız 68.9 kv.m hissəsini icarəçi-X11 icarəyə verir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı müvafiq qərar qəbul edilməsi yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olduğundan və iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlər İddiaçı tərəfindən cavabdeh inzibati orqan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə təqdim edilsə də, cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti iddiaçının müraciətinə cavab verməmişdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Həmin Məcəlləsinin 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: (21.2.1) sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir), (21.2.2) keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti), (21.2.3) keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu), (21.2.4) keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. Həmin Məcəllənin 21.4-cü maddəsinə əsasən sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 21.7-ci maddəsinə əsasən əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: (22.1.1) bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə, (22.1.2) bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə, (22.1.3) yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. Həmin Məcəllənin 22.2-ci maddəsinə görə sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 22.3-cü maddəsinə görə sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.9.11-ci bəndinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası sonda belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbi əsaslıdır, iş materiallarında olan sənədlərlə, evə və torpağa dair mülkiyyət haqqında şəhadətnamələrlə, texniki pasportla və apellyasiya icraatı zamanı təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmışdır, iddiaçının həyat yoldaşının və övladlarının iddia tələbinə etiraz etməkdikləri təsdiq olunmuşdur, mənzillərlə bağlı hər hansı bir məhkəmə mübahisəsi yoxdur, heç kimin hüququna toxunmur, cavabdeh tərəf heç bir məhkəmə iclasında iştirak etməmişdir və ya apellyasiya şikayətinə dair hər hansı sübut təqdim etməmişdir. Bununla da məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə doğru nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-3563/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3563/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar