Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1076/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(81)-2081/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Dövlət Sosial X2 rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, 01.01.2006-cı ildən həmin vaxt qüvvədə olmuş hesablama qaydası ilə ona pensiya təyinatı aparılması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etməklə ciddi şüalanmaya məruz qalmış və nəticədə əlil olmuşdur. İddiaçıya pensiya təyini zamanı həmin dövrdə alınmış yüksək əmək haqqı yox, müxtəlif dövrlərin orta aylıq əmək haqqı nəzərə alınmışdır 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-859/2018 saylı iş üzrə 16 fevral 2018-ci il tarixli qərarı ilə iddiaçının pensiyasının məbləğinin 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş hesablama qaydasında hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1261/2018 saylı, 07 iyun 2018-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1865/18 saylı, 30 oktyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2018-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-21/2019 saylı 19 fevral 2019-cu il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayətini qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 16.02.2018-cu il tarixli qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli 2-1(81)- 2081/2019 saylı qərardadı ilə cavabdeh Dövlət Sosial X2 rayon şöbəsi əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsi ilə əvəz edilmişdir. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya 24.06.1992-ci il tarixdən İİ dərəcə Çernobıl əlili kimi pensiya təyin edilmiş, 01.03.2013-cü ildən pensiya işi Yasamal rayon Şöbəsinə təhvil verilmişdir. 01.01.2006-cı il tarixdən sonra iddiaçının fərdi hesabının sığorta hissəsindəki pensiya kapitalı az olduğuna görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 01.07.2011-ci il tarixdən onun ümumi iş stajı əmsallaşdırılaraq (hər tam il üçün x 1.94 manat) pensiyası yenidən hesablanmışdır. 01.10.2019-cu ildən iddiaçının pensiyasının məbləği artırılaraq 200 manata çatdırılmışdır. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(81)- 2081/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı oğluna 01.01.2006-cı ildən həmin vaxt qüvvədə olmuş hesablama qaydası ilə ona pensiya təyinatı aparılması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-985/2020 saylı, 10 iyun 2020-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1862/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-985/2020 saylı, 10 iyun 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün BakıApellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şöbə tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlandığı 12.12.2019-cu il tarixli, **********0 saylı məktubla bildirilmişdir ki, İddiaçı 24.06.1992-ci il tarixdən İİ dərəcə Çernobıl əlili kimi pensiya təyin edilmişdir. 01.03.2013-cü il tarixdən pensiya işi DSMF-nin Nizami rayon şöbəsindən aidiyyəti üzrə Yasamal rayon şöbəsinə təhvil verilmişdir. 01.01.2006-cı il tarixədək təyin olunmuş pensiya işləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun arxivinə təhvil verildiyinə görə İddiaçı pensiyaya çıxdığı dövrdəki əmək haqqının məbləği barədə şöbədə olan pensiya işində məlumat yoxdur. 01.01.2006-cı il tarixdən sonra İddiaçı fərdi hesabının sığorta hissəsindəki pensiya kapitalı az olduğuna görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 01.07.2011-ci il tarixdən onun ümumi iş stajı əmsallaşdırılaraq (hər tam il üçün x 1.94 manat) pensiyası yenidən hesablanmışdır. Hər il əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən hər bir pensiyaçının pensiyası yenidən hesablanır. Axırıncı sərəncama əsasən 01.10.2019-cu il tarixdən İddiaçı pensiyasının məbləği artırılaraq 200 manata çatdırılmışdır. Eyni zamanda nümayəndə göstərdi ki, məhkəmə qərarında qeyd olunur ki, İddiaçı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.12.1990-cı il tarixli 577 №-li qərarına əsasən Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı ödənilmiş 4 qat məbləğin nəzərə alınmaqla pensiyasının yenidən hesablanması ilə bağlı DSMF-nin Yasamal rayon Şöbəsinə ərizə ilə müraciət etmişdir. DSMF-nin Yasamal rayon Şöbəsi tərəfindən həmin müraciət təmin olunmamışdır (27.12.2019-cu il tarixli 12/10511 nömrəli imtina məktubu). Əvvəla məhkəmə qərarı 26.12.2019-cu ildə çıxarıldığı halda DSMF- nin Yasamal rayon Şöbəsinin 27.12.2019-cu il tarixli, 12/10511 nömrəli imtina məktubu hansı əsasla iddia ərizəsinə əlavə oluna bilərdi. Digər ziddiyyətli məqam bundan ibarətdir ki, DSMF-nin Yasamal və Səbail rayon şöbələri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə ləğv edilərək, 01.11.2019-cu il tarixdən etibarən həmin rayon şöbələrinin hüquqi varisi kimi 1 saylı Bakı Ərazi Şöbəsi fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Elektron sənəd dövriyyəsi” alt sistemində daxil olan və xaric olan sənədlərə 11 rəqəmdən ibarət nömrə verilir. Göründüyü kimi imtina verdiyi, yəni 27.12.2019-cu il tarixdə mövcud olmayan DSMF Yasamal rayon Şöbəsi tərəfindən 12/10511 nömrəli məktubla iddiaçıya cavab verilməsi əsaslı şübhə doğurur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - “01.01.2006-cı ildən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə 13 oktyabr 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, iddiaçıya pensiya təyini zamanı 4 qat məbləğin nəzərə alınıb-alınmaması ilə bağlı cavabdehin mövqeləri hazırkı iş üzrə fərqli olmuşdur. Belə ki, ilk növbədə, cavabdehin imtina məktubunda “Əmək pensiyaları haqqında» Qanuna 01.01.2010-cu il tarixli dəyişikliyə əsasən pensiyaların əmək haqqını nəzərə alınmaqla hesablanması qanunda nəzərdə tutulmadığı qeyd edilmişdir. Digər tərəfdən, DSMF Yasamal rayon şöbəsinin məhkəməyə ünvanlanmış məktubunda qeyd edilmişdir ki, iddiaçının pensiyası hesablanan zaman ÇAES qəzası zamanı aldığı mükafatlar 4 qat mislində orta aylıq əmək haqqı formasında hesablanmış və pensiyasına əlavə edilmişdir. 01.01.2006-cı ildən sonra sosial sığorta kapitalı olmadığından pensiyasına əlavə edilməmişdir. Cavabdeh yenidən kassasiya şikayətində 4 qat məbləğin nəzərə alındığına dair mövqeyini təkrarlamışdır. Göründüyü kimi, cavabdehin müxtəlif məhkəmə icraatlarında təqdim etdiyi məktublarda və şikayətin dəlillərində iddiaçının tələb etdiyi məbləğin nəzərə alınması ilə bağlı qeyd etdikləri arasında ziddiyyət var. Belə ki, bir tərəfdən həmin dövrə aid məlumatların olmadığı qeyd olunsa da, digər tərəfdən əminliklə, həmin məbləğin ödənilməsinə dair dəlilləri irəli sürülmüşdür. İş materiallarında iddiaçıya ödənilmiş məbləğlə bağlı sənədlərdəki məlumatlar arasında da uyğunsuzluq var. Belə ki, İş materiallarında olan arxiv arayışında iddiaçıya həmin dövrdə əmək haqqının (1800 rubl) 4 qat məbləğdə ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan digər bir arayışda iddiaçıya 1784 rubl məbləğində ödəniş edildiyi qeyd edilmişdir. Başqa bir arayışda isə iddiaçıya 4 qat əmək haqqı (4309.50 manat) hesablandığı və ödənildiyi qeyd edilmişdir. 1992-ci ilə aid olan bu sonuncu arayış pensiya işinə aid materiallarda (pensiya işinin tərkibi kimi) olduğu halda, həmin arayışdakı məlumatın pensiya təyin edilərkən həqiqətən də nəzərə alınmadığına dair qənaəti təsdiq edən əsaslar məhkəmə qərarında göstərilməmişdir. Digər tərəfdən, iddiaçı öz tələbinin əsası kimi iddia ərizəsində təsdiq edir ki, o, pensiyaya çıxarkən əmək haqqına dair arayış təqdim etməmiş, yalnız 2017-ci ildə həmin arayışı Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən əldə etmişdir. Lakin iddiaçıya məxsus pensiya işinin materiallarında iddiaçıya hesablanmış və ödənilmiş əmək haqlarına dair (o cümlədən, 4 qat məbləğdə) 1992-ci ilə aid arayışlar vardır. Göründüyü kimi, hazırkı iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün işin halları apellyasiya instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırılmamış, ziddiyyətli hallar aradan qaldırılmamışdır. Cavabdeh pensiya işində olan və iddiaçıya 4 qat əmək haqqının (4309.50 manat) hesablandığına və ödənildiyinə dair məlumatı əks etdirən arayışdakı həmin məbləğin nəzərə alındığını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməlidir. Hazırkı işin hallarından görünür ki, xx.xx.1962-ci il təvəllüdlü iddiaçı 25.08.1986- 21.11.1986-cı il tarixləri arasında Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərək İİ qrup əlil olmuşdur. İddiaçıya 24.06.1992-ci il tarixdə Çernobıl qəzası nəticəsində əlil olmuş şəxs kimi pensiya təyin edilmişdir. 3. İddiaçı Dövlət Sosial X2 rayon Şöbəsinə müraciət edərək ona təyin edilmiş pensiyanın məbləğinin yenidən hesablanmasını xahiş etmişdir. Şöbənin iddiaçıya ünvanladığı 27.12.2017-ci il tarixli, 12/10511 №-li məktubda bildirmişdir ki, «Əmək pensiyaları haqqında» Qanuna 01.01.2010-cu il tarixdə edilmiş dəyişikliyə əsasən pensiyaların əmək haqqını nəzərə alınmaqla hesablanması qanunda nəzərdə tutulmamışdır. İddiaçının Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar əlil olması və ona Çernobıl qəzası nəticəsində əlil olmuş şəxs kimi 24.06.1992-ci il tarixdə pensiya təyin edilməsi işin mübahisəsiz hallarına aiddir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun (2007- ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 80-ci maddəsinin 2-ci abzasına əsasən, iş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar pensiya almaq hüququna malikdirlər; Həmin Qanunun 81-ci maddəsinin 1-ci abzasına əsasən, bu Qanunun 80-ci maddəsində göstərilmiş vətəndaşlara əlilliyə görə pensiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq səhhətinə dəymiş zərər müqabilində təyin edilir; Həmin 83-cü maddəsinə əsasən, pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi də hesablana bilər: 80-ci maddənin beşinci bəndində göstərilmiş şəxslərə — minimum əmək haqqının beşqat məbləğindən; 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə — Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğində, yaxud Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından və ya minimum əmək haqqının beşqat məbləğindən. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 27-ci maddəsinin 01.01.2010-cu il tarixində qüvvədə olan 1-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək (01.01.2006) qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunan bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun bu Qanunun müddəlarına uyğun şərti çevrilmə aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək (01.01.2006) qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1- 18 saylı 10 sentyabr 1993-cü il tarixli “Vətəndaşların bəzi kateqoriyalarına pensiyaların hesablanması Qaydaları”nın 2-ci bəndinə əsasən, Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması üçün çalışanlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 1991-ci il tarixli 577 saylı qərarına əsasən əmək haqqının dördqat məbləğində mükafat ödənilmişdir. Həmin əmək haqqından pensiya hesablanması Qanunun 83-cü maddəsində nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş dördqat məbləğ Çernobıl AES-də olduğu günlərin sayına bölünüb 25,4-ə vurulmalıdır. Alınan məbləğ pensiyaçının orta aylıq əmək haqqını təşkil edir. Dördqat məbləğ özü müasirləşdirilərək ödənildiyi üçün həmin əmək haqqının müasirləşdirilməsinə yol verilmir, yeni dördqat məbləğdən hesablanmış orta aylıq əmək haqqının yuxarıda qeyd edilən səbəblərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 may 1993-cü il tarixli 255 saylı qərarına görə müasirləşdirilməsi qeyri-mümkündür. İşin tərəflər arasında yeganə mübahisələndirilən halı iddiaçıya pensiya təyini zamanı Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar ona ödənilən 4 qat əmək haqqı məbləğinin nəzərə alınıb-alınmaması ilə bağlıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 14 iyun 2021-ci il tarixli **********9 saylı xidməti məktubunda qeyd edilmişdir ki, İddiaçı əlilliyə görə əmək pensiyası təyin olunanda və yenidən hesablama zamanı dördqat əmək haqqı məbləği nəzərə alınmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə 01.01.2010-cu il tarixdən edilmiş dəyişikliklər iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran normativ-hüquqi akt olmadığından həmin akt iddiaçıya münasibətdə geriyə şamil edilə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan maddələrinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. (maddə 31.1, 32.1, 37.7) Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının pensiyanın yenidən hesablanması barədə ərizəsini icra etməkdən imtinası əsassızdır və iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Həmçinin, nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci müddəsinin hazırda qüvvədə olan redaksiyasında əmək pensiyalarının onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilməsi təsbit edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli 03/2020 saylı Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. İşdən göründüyü kimi, iddiaçı ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə 01 iyul 2017-ci il tarixdən sonra – 08 dekabr 2017- ci il tarixdə müraciət etmişdir. Buna görə də “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası iddiaçıya münasibətdə də tətbiq edilməlidir. Bundan başqa, DSMF orqanı üçün keçmiş müddət üçün alınmamış pensiya məbləğinin bidəfəyə ödənilməsi vəzifəsini müəyyən edən norma yoxdur. Əksinə, “Əmək pensiyaları haqqında” qanunun 32.1-1-ci müddəsinin ikinci cümləsində deyilir ki, bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən- “01.01.2006-cı ildən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, İddiaçı pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etdiyi 08 dekabr 2017-ci il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulmalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(81)- 2081/2019 saylı qərarı qismən “01.01.2006-cı ildən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi” hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi qismən təmin edilsin. İddiaçı pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etdiyi 08 dekabr 2017-ci il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1076/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1076/2021
27.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver