Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1076/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarın icra edilməsi tələbinə dair ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5043/2017 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın icra edilməsi” tələbinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-5043/2017 nömrəli qərarı ilə iddia təmin edilmiş və İddiaçı əmək kitabçasına əsasən xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-cı il tarixdən xx.xx.1989-cu il tarixədək, 16 06 1997-cı il tarixdən xx.xx.2005-ci il tarixədək, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Neft sənayesində işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2008-ci il tarixdən (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq, 2004- 2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(103)-551/2018 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)- 5043/2017 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(102)-1122/2018 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(103)- 551/2018 nömrəli nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(103)-1927/2018 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-5043/2017 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi xx.xx.2017-ci il tarixli 2-1(82)-5043/2017 nömrəli qərarı qanuni qüvvəsini almış, lakin cavabdeh tərəfindən hazırda icra edilməmişdir. Qərarın icra edilməməsindən narazı qalan iddiaçı qeyd edilən qərarın icrasının təmin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciətlər etsə də, ona əmək pensiyasının ödənilməsi və pensiyanın bərpa edilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Cavabdehin hərəkətləri tam qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5043/2017 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakim E.Əliyev) Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 500 (beş yüz) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və cavabdehin 50 000 manat cərimə edilməsini xahiş etmişdir. Qərardaddan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ərizəyə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, artıq 3 ildən çox müddətdir ki, cavabdeh özbaşınalıq edərək məhkəmə qərarının icrasından boyun qaçırır. Bu səbəbdən cavabdeh 50000 manat cərimə edilməlidir ki, bu kimi hərəkətlərə bir daha yol verməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-5043/2017 saylı qərarında ərizəçiyə əmək haqqı əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması qərara alınmışdır. Həmin qərar qanuni qüvvəsini aldıqdan sonra Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən qərar icra edilərək əmək haqqı əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanmışdır. İşin hallarında görünür ki, qərar artıq icra olunmuşdur. Sonradan pensiyanın dayandırılmasına əsas olan şübhələr yaranması və bunun nəticəsində pensiyanın dayandırılması qərarın icra olunmaması kimi başa düşülməməlidir. Buna görə də məhkəmənin inzibati orqanı 500 manat məbləğində cərimə etməsi qanunsuz və əsassız olmuşdur. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə etdi, təmin olunmasını, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını, qərardadın ləğv edilməsini və ərizənin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı poçt göndərişi vasitəsilə təqdim etdiyi ərizədə məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5043/2017 saylı, 27 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı və şikayətlər təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 116.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası ilk öncə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirir. İşin araşdırılmış hallarından göründüyü kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2017-ci il tarixli 2-1(82)-5043/2017 saylı qərarı əvvəlcə icra edilməsinə baxmayaraq, daha sonra inzibati orqan faktiki xarakterli hərəkətlərlə məhkəmə qərarının icrasını dayandırmış, bunu isə onunla izah etmişdir ki, təyin edilmiş pensiya üzrə əsas şübhələr yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra – qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli Qərarının: - 25-ci bəndinə əsasən inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. - 26-cı bəndinə əsasən İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. - 27-ci bəndinə əsasən İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır. MPM-in 15-ci maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir (maddə 15.1). Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır (maddə 15.2). Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir (maddə 15.3). İnzibati Prosessual Məcəllənin: - 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. - 120.2-ci maddəsinə əsasən bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. - 120.3-cü maddəsinə əsasən cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. - 120.4-cü maddəsinə əsasən cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Məhkəmə kollegiyası həmçinin, diqqətə çatdırır ki, əgər iddiaçıya pensiya təyin edilməsinə dair qanuni qüvvədə olan məhkəmə qərarı mövcuddursa, o halda, pensiyanın dayandırılması məsələsi məhkəmə qərarının icrası qaydasında həll edilməlidir. İnzibati orqanlar qanuni qüvvədə olan məhkəmə qərarları əsasında təyin edilmiş əmək pensiyalarına münasibətdə həmin qərarların qanuni qüvvəsini və məcburi icra edilməli olmasını şübhə altına alacaq şəkildə davrana bilməz, o cümlədən məhkəmə aktı qüvvədə olmağa davam etdiyi halda qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla onun icrasını dayandıra bilməzlər. Bu qaydada yanaşma, faktiki olaraq məhkəmə qərarlarının təftişinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış həmin qərarların məcburi icrasını ortadan qaldırmış olur. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmələr vasitəsilə hüquqların real təmin edilməsinə nail ola bilmək üçün məhkəmələr tərəfindən çıxarılmış qərarların icrasının təmin olunması həlledici əhəmiyyət daşıyır. Mövcud qanunvericilik normaları isə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını məcburi sayır və inzibati mübahisələrlə bağlı belə qərarlarının icra olunmamasını 50000 manatadək cərimə ilə sanksiyalaşdırır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından da aydın olduğu kimi, məhkəmə qərarının icra olunmamasına görə konkret cərimə məbləği müəyyən edilməmişdir. Məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Deməli bir dəfə tətbiq ediləcək cərimə məbləğini müəyyənləşdirmək səlahiyyəti məhkəmədə saxlanılmışdır. Yuxarıda adı çəkilən Plenum Qərarında da tövsiyyə olunmuşdur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunmamasına əsas vermir, həmçinin, iddiaçının dəlilləri daha yüksək cərimə məbləğinin müəyyən edilməsinə əsas vermir. Odur ki, birinci instansiya məhkəməsinin cavabdehə 500 manat məbləğində cərimənin tətbiq edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür. Yuxarıda qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri formal xarakterli olmaqla qərardadın ləğvinə əsas vermir, bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və 76, 80, 85, 116-cı ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5043/2017 saylı, 27 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1076/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1076/2023
02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver