Məhkəmə qərarları › İş №2-1(103)-1076/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1076/2024

24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1076/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, iddiaçı X8 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X4) “nikahın qeydə alınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5610/2023 nömrəli, 25 avqust 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Ali Hosaini Ghulami cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11 ilə X2 nikahının qeydə alınması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5610/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-5610/2023 nömrəli, 25 avqust 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli qərarı qanunsuz və əsassız hesab edirlər. Məhkəmə belə hesab etmişdir ki, iddiaçı üçüncü şəxslə birlikdə nikaha daxil olmaq üçün ərizə ilə cavabdehə müraciət etsə də, vətəndaşı olduğu ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayışı təqdim etməmişdir. İddia ərizəsində iddiaçı bu halı hazırda ölkəsində olan qeyri-sabit vəziyyətlə izah etsə də, məhkəmə iclasında ölkəsinin Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən bir şəxsə yalnız bir dəfə ailə vəziyyəti haqqında arayış verildiyinin bildirilməsi ilə əsaslandırmış, lakin məhkəməyə nə vətəndaşı olduğu ölkənin səlahiyyətli orqanına etdiyi müraciəti, nə də ona verilən cavabı təqdim etməmiş, bununla da arzu etdiyi aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İddiaçının ölkəni tərk etməməsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, bu hal qanunvericiliklə təqdim edilməsi zəruri olan sənədin verilməməsi üçün əsas kimi çıxış edə bilməz. Çünki qanunverici şəxsin ailə vəziyyətinin müəyyənləşdirilməsi üçün təqdim edilməsi zəruri olan sənədi konkret olaraq təsbit etmiş, bu sənəd qismində səlahiyyətli orqan tərəfindən verilən arayışı müəyyən etmişdir, hansı ki, həmin sənəd həmçinin müəyyən olunmuş qaydada leqallaşdırılmalıdır. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq bildirilir ki, cavabdeh Qeydiyyat şöbəsi iddiaçının Azərbaycan Respublikasında nikahda olmasını, o cümlədən həmin nikaha xitam verildikdən sonra Azərbaycan Respublikasının sərhədlərini tərk etməməsini nəzərə almamışdır. Belə ki, iddiaçı daha öncə Azərbaycan Respublikasında X3 qızı ilə nikaha daxil olmuş və onların dövlət qeydiyyatına alınmış nikahı 08 may 2014-cü il tarixində pozulmuşdur. Bu barədə Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən 27 yanvar 2016-cı il tarixində AZ-İ 222112 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdən hal-hazıradək Azərbaycan Respublikasının ərazisini tərk etməmişdir. Belə olan halda subaylıq haqqında arayışın iddiaçının mənsub olduğu ölkənin səlahiyyətli qurumu tərəfindən verilməsinə zərurət yoxdur. Nəzərə alınmalıdır ki, nikahın müvafiq icra hakimiyyəti orqanında rəsmiləşdirilməsi zamanı şəxsin iştirakı məcburi xarakter daşıyır və iddiaçının 2014-cü ildə Azərbaycan Respublikasında olan nikahına xitam verildikdən sonra onun ölkə ərazisini tərk etməməsi onun başqa bir ölkədə nikaha daxil olmasını mümkünsüz edir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının vəkilinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı doğumu, nikahı, ölümü, soyadının, adının və ata adının dəyişdirilməsi haqqında hər hansı məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X8 xx.xx.2014-cü il tarixdən xx.xx.2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X8 vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində yoxlama aparılmış nikahı aşkar edilməmişdir. İş materiallarında olan Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X13 ilə Rəhimova (Hüseyni-Qulami) Elnarə Elsevər qızının Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.2014-cü il tarixli 90 saylı nikahın pozulması haqqında akt qeydinin surəti məhkəməyə göndərilir. Həmin şəxslər arasındakı nikah Bakı Nikah Evi tərəfindən xx.xx.2009-cu il tarixdə 1333 saylı akt qeydinə əsasən qeydə alınmışdır. Həmin məktuba əlavə edilmiş nikahın pozulması haqqında ********* saylı xx.xx.2024cü il tarixli akt qeydinin surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 128/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərarına əsasən X12 ilə Rəhimova (Hüseyni- Qulami) Elnarə Elsevər qızının nikahları pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Səadət Sarayı (Bakı Nikah Evi) tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 12 fevral 2016-cı il tarixli 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”ın 11-12-ci hissələrinə və həmin Təlimata 15 nömrəli əlavə - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) və “Asan xidmət” mərkəzlərində qeydiyyat şöbələrində, nikah evlərində və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində işlərin nomenklaturası”na əsasən nikaha daxil olmaq haqqında ərizələr və ərizələrə əlavə edilən digər sənədlər qeydiyyat şöbəsinin arxivində 5 il saxlanıldıqdan sonra ekspert komissiyası tərəfindən tərtib olunmuş akt əsasında məhv edilir. Qeyd olunanlar nəzərə alaraq 2009-cu ilin nikah haqqında ərizələri şöbənin arxivində saxlanılmır. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikasının ərazisində əcnəbi şəxs üçün nikahın bağlanma şərtləri onun ölkəsinin qanunvericiliyi ilə və Ailə Məcəlləsinin 12-ci maddəsindəki tələblərə (nikahın bağlanmasına mane olan hallar nəzərə alınmaqla) əməl olunmaqla müəyyən edilir. Ölkəmizdə nikah yaşı 18 yaş müəyyən olunur. Azərbaycanda nikaha daxil olmaq üçün zəruri sənədlər bunlardır: nikaha daxil olmağı arzu edən şəxslərin hər ikisinin yazılı ərizələri, şəxsiyyətlərini təsdiq edən sənədlər, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışlar; əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdə ailə vəziyyəti barədə qeyd olmadıqda, onların vətəndaşı olduğu və ya daimi yaşadığı ölkənin səlahiyyətli orqanlarından verilən və müvafiq qaydada leqallaşdırılmış ailə vəziyyəti haqqında arayış (qeyd olunan arayış verildiyi gündən 6 ay müddətində etibarlıdır); əvvəllər nikahda olmuş şəxslər nikahın pozulması haqqında şəhadətnaməni (surətini) və ya ərinin (arvadının) ölüm şəhadətnaməsini (surətini), yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışı; nikah yaşına çatmayan şəxsin (qızlar və oğlanlar üçün 18 yaş müəyyən olunmuşdur) nikah yaşının azaldılmasına icazə verilməsi barədə rayon (şəhər) icra hakimiyyətinin sərəncamı; dövlət rüsumunun ödənilməsi barədə sənəd. Bildirir ki, vətəndaş nikah üçün müraciət edərkən vətəndaşı olduğu ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayış təqdim etməlidir. Nikah pozulduqdan sonra vətəndandaşın ölkənin tərk etməməsi isə qanunvericilikdə təqdim edilməsi zəruri olan sənədin verilməməsi üçün əsas kimi çıxış edə bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 9.1. Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. 9.5. Müvafiq icra hakimiyyəti orqanı nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər (onlardan biri) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. 11.1. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. 11.2. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. 12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 12.0.3-1. bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər; 12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. 146.2. Azərbaycan Respublikasının ərazisində əcnəbi şəxs üçün nikahın bağlanma şərtləri onun ölkəsinin qanunvericiliyi ilə və bu Məcəllənin 12-ci maddəsindəki tələblərə əməl olunmaqla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”: 1.1. Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. 1.3. Azərbaycan Respublikasının ərazisində əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ailə Məcəlləsinin 146-157-ci maddələrinin tələbləri nəzərə alınmaqla aparılır. 3.1. Nikahın qeydə alınması nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən həyata keçirilir. 3.2. Nikaha daxil olmağı arzu edənlər Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməklə qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və icra hakimiyyətinin nümayəndəliyinə nikaha daxil olmaq barədə şəxsən yazılı ərizə verirlər. 3.3. Ərizədə nikahın bağlanmasına mane olan halların - nikahın yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar) arasında, övladlığa götürənlər və övladlığa götürülənlər arasında, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər arasında, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında bağlanması hallarının olmadığı təsdiq edilməli, habelə hərənin neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu, nikahın bağlanmasından sonra daşımaq istədiyi soyad göstərilməli və ərizə blankında göstərilmiş digər suallara cavab verilməlidir. 3.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmadıqda, evlənmək arzusunda olan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin vəziyyətini təsdiq edən sənədlərində onların ailə vəziyyəti barədə qeydin olmamasına əsaslanaraq, onlardan vətəndaşı olduqları və ya daimi yaşadıqları ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayış tələb edilir. Arayış müəyyən olunmuş qaydada leqallaşdırılmalıdır. Qeyd olunan arayış verildiyi gündən 6 ay müddətində etibarlıdır. 3.5. Ərizəni qəbul etmiş Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi nikaha daxil olanları nikahın qeyd olunması şərtləri və qaydası ilə tanış etməli, bu şəxslərin bir-birinin tibbi müayinəsinin nəticəsi və ailə vəziyyəti haqqında xəbərdar olduqlarını aydınlaşdırmalı, habelə gələcək ər-arvad və ya valideyn kimi onlara hüquqlarını və vəziyyətini izah etməlidir. Ərizənin forması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12.0.3-cü maddəsinin tələblərindən göründüyü kimi, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Nikaha daxil olmaq üçün müraciət edən Azərbaycan Respublikasının vərəndaşlarına münasibətdə onun başqası ilə nikahda olub-olmamasının yoxlanılması nikahı qeydə alan inzibati orqan tərəfindən həyata keçirilir. Çünki nikah həmin orqan tərəfindən qeydə alındığından şəxsin pozulmamış başqa bir nikahının olubolmamasını müəyyən etmək də həmin inzibati orqanın səlahiyətindədir. Lakin əcnəbilərə münasibət bu halı sübut etmək vəzifəsi şəxsin üzərinə qoyulur. Qanunvericiliyin tələbinə əsasən evlənmək arzusunda olan əcnəbilərdən vətəndaşı olduqları ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayış tələb edilir və arayış müəyyən olunmuş qaydada leqallaşdırılmalıdır. Burada məqsəd nikaha daxil olmaq istəyən şəxsə münasibətdə Ailə Məcəlləsinin 12.0.3-cü maddəsində nəzərdə tutulmuş halın mövcudluğunun yoxlanılmasıdır. Lakin iddiaçı üçüncü şəxslə birlikdə nikaha daxil olmaq üçün ərizə ilə cavabdehə müraciət etsə də, vətəndaşı olduğu ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayışı təqdim etməmişdir. İddiaçı apellyasiya şikayətinin dəlili kimi daha əvvəl Azərbaycan Respublikasında nikaha daxil olması və həmin nikahı pozulduqdan sonra ölkə ərazisini tərk etməməsi ilə əsaslandırır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Səadət Sarayı (Bakı Nikah Evi) tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda nikaha daxil olmaq haqqında ərizələr və ərizələrə əlavə edilən digər sənədlərin qeydiyyat şöbəsinin arxivində 5 il saxlanıldıqdan sonra ekspert komissiyası tərəfindən tərtib olunmuş akt əsasında məhv edilməsi, qeyd olunanlar nəzərə alaraq 2009-cu ilin nikah haqqında ərizələrinin şöbənin arxivində saxlanılmaması göstərilmişdir. Göründüyü kimi, iddiaçının daha əvvəl nikaha daxil olarkən ailə vəziyyəti haqqında arayış təqdim etməsi müəyyən edilmir. Digər tərəfdən, iddiaçının həmin vaxt belə bir arayış təqdim etməsi güman olunsa belə, qanunvericiliyə əsasən onun qüvvədə olma müddəti 6 aydır. Bundan başqa, iddiaçı Azərbaycan Respublikasında daha əvvəl nikahda olması və həmin nikaha xitam verildikdən sonra Azərbaycan Respublikasının sərhədlərini tərk etməməsini, belə olan halda subaylıq haqqında arayışın iddiaçının mənsub olduğu ölkənin səlahiyyətli qurumu tərəfindən verilməsinə zərurət olmadığını qeyd edir. Məhkəmə kollegiyası iddiaçının bu dəlili ilə əlaqədar qeyd edir ki, nikaha daxil olmaq üçün təqdim edilməsi zəruri olan sənədlər qanunvericilikdə sadalanmışdır. Nikah pozulduqdan sonra iddiaçının ölkəni tərk etməməsi qanunvericilikdə təqdim edilməsi zəruri olan sənədin verilməməsi üçün əsas kimi çıxış edə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı Ali Hosaini Ghulami tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5610/2023 nömrəli, 25 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar