Məhkəmə qərarları › İş №2-1(103)-1077/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1077/2020

28.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1077/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi , İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (ünvan 1 ünvanda qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı müvafiq illər sığorta stajına daxil edilməklə iddiaçıya əmək pensiyasının təyin edilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3363/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx.xx.2019-cu il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 (bundan sonra – DSMF) Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı “iddiaçının 1974–1978-ci illərdə təhsil müddətinin və əmək kitabçasında göstərilmiş 1993–2005-ci illərin sosial sığorta stajına daxil edilməklə ona 64 yaşı tamam olduğu gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o (iddiaçı), x xxxxxxxx 1974-cü il tarixdə Ü.Hacıbəyov adına X6 Musiqi Məktəbinə daxil olmuş, x xxxx 1975-ci il tarixdən xx xxxx 1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra təhsilini davam etdirərək, xx xxxx 1978-ci il tarixdə həmin məktəbi bitirmişdir. xx xxxxxx 1978-ci il tarixdən Yardımlı rayon 7 illik X4 müəllim kimi əmək fəaliyyətinə başlamışdır. Həmin gündən onun adına əmək kitabçası açılmışdır. Sonradan bir neçə müəssisədə çalışmışdır. x xxxxxx 1993-cü il tarixdən x xxxx 1993-cü il tarixədək “Odlar yurdu birjası” kiçik müəssisəsində, xx xxxx 1993-cü il tarixdən xx xxxxx 1995-ci il tarixədək “Reyhan” şirkətində, x xxx 1995-ci il tarixdən xx xxxxxx 1998-ci il tarixədək “Tərlan-A” firmasında, x xxxxxx 1999-cu il tarixdən xx xxxxxxx 2005-ci il tarixədək “xxxxxxxx” MMC-də işləməklə 29 ildən artıq sosial sığorta stajı toplamışdır. xx xxxxxx 2019-cu il tarixdə 64 yaşı tamam olduğundan, müvafiq sənədləri toplayıb ona əmək pensiyası təyin olunması üçün 5 saylı ASAN Xidmət mərkəzinə müraciət etmişdir. Lakin hazırkı cavabdeh DSMF Bakı şəhəri Xəzər rayon şöbəsinin ona ünvanlanmış xx xxxx 2019-cu il tarixli məktubunda məsələnin həllindən imtina etmişdir. Məktubda bildirilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyasının təyin olunması, pensiya sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 4.2.7-ci bəndində zəruri hesab olunan hallarda sənədlərin yerində yoxlanılması göstərilmişdir. Onun 1993 – 2005-ci illərdəki əmək stajı yerində qarşılıqlı yoxlanıla bilmədiyindən, həmin illərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün deyildir. Tələb olunan əmək stajı olmadığından və fərdi hesabda toplanan pensiya kapitalı minimum əmək pensiyası məbləğindən yüksək pensiya təminatına imkan vermədiyindən onun (ərizəçinin) yaşa görə əmək pensiyası hüququ yoxdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda göstərilir ki, vətəndaşa əmək pensiyası əmək kitabçasına əsasən təyin edilir. Buna baxmayaraq, yuxarıda qeyd edildiyi kimi, onun adına əmək kitabçası açılmış və ümumi sosial sığorta stajı 29 ildən yuxarıdır. Göstərilənlərə əsaslanaraq, 1974 – 1978-ci illərdə təhsil müddəti və 1993 – 2005-ci illərdə iş stajı sosial sığorta stajına daxil edilməklə ona (iddiaçıya) 64 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3363/2019 saylı qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, İddiaçı onun əmək kitabçasında göstərilən 1974 – 1978-ci illərdəki təhsil və hərbi xidmət dövrü və x xxxxxx 1993-cü il tarixdən x xxxx 1993-cü il tarixədək “Odlar yurdu birjası” kiçik müəssisəsində, xx xxxx 1993-cü il tarixdən xx xxxxx 1995-ci il tarixədək “Reyhan” şirkətində, x xxx 1995-ci il tarixdən xx xxxxxx 1998-ci il tarixədək “Tərlan-A” firmasında, x xxxxxx 1999-cu il tarixdən xx xxxxxxx 2005-ci il tarixədək “xxxxxxxx” MMC-də işlədiyi dövr sosial sığorta stajına daxil etməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Bakı şəhəri Xəzər rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə cavabdeh qərardan apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3363/2019 saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 64 yaşına (xx.xx.2018xx.xx.2019-cu illər üçün) çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə, azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Vətəndaşlara pensiya təyin edilərkən həmin qanunun 21-ci maddəsinin tələblərini yerinə yetirən əmək fəaliyyəti sosial sığorta stajı kimi nəzərə alınır. İddiaçının əmək kitabçasında qeyd olunan 1993-2005-ci illərin əmək stajının yerində qarşılıqlı araşdırılması mümkün olmadığından həmin illər sosial sığorta stajına daxil edilməmişdir. Cavabdeh işin apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyinin tabeliyində olan Dövlət X3 Məhkəmə Mübahisələri ilə İş İdarəsi tərəfindən təmsil edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyinin tabeliyində olan Dövlət X3 Məhkəmə Mübahisələri ilə İş İdarəsinin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq məhkəməyə vəsatət təqdim edərək, iddiaçının xx.xx.1995-xx.xx.1998-ci il tarixədək “Tərlan-A” firmasında, xx.xx.1999-xx.xx.2005-ci il tarixədək “xxxxxxxx” MMC-də işlədiyini bildirdiyi həmin müəssisələrin həqiqətən mövcud olub-olmaması, mövcudluğu təsdiqləndiyi təqdirdə iddiaçının həmin dövrlərdə həmin müəssisələrdə işləyibişləməməsinin müəyyən edilməsi və həmin müəssisələrin üçüncü şəxs qismində cəlb edilməsinin təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsini və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3363/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş yenidən mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İş materiallarında olan xx.xx.1978-ci il tarixli, 047019 nömrəli diplomun surətinə əsasən qeyd edilmişdir ki, bu diplom verilir İddiaçı, ondan ötrü ki, o, 1974-cü ildə Ü.Hacıbəyov adına X6 musiqi məktəbinə daxil olmuş və 1978-ci ildə həmin məktəbi tar ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının xx.xx.1978-ci il tarixli qərarı ilə ona 7 illik musiqi məktəbində məllim ixtisası verilmişdir. İş materiallarında olan İT-İ ******* nömrəli, xx.xx.1978-ci il tarixində doldurulmuş əmək kitabçasının surətinə əsasən qeyd olunmuşdur ki, iddiaçı xx.xx.1993-xx.xx.1993-cü il tarixədək “Odlar yurdu birjası” kiçik müəssisəsində, xx.xx.1993-xx.xx.1995-ci il tarixədək “Reyhan” şirkətində, xx.xx.1995-xx.xx.1998-ci il tarixədək “Tərlan-A” firmasında, xx.xx.1999-xx.xx.2005-ci il tarixədək “xxxxxxxx” MMC-də işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Bakı şəhəri Xəzər Rayon Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019cu il tarixli, **********6 nömrəli cavab məktubuna əsasən qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7 bəndinə əsasən, zəruri sayılan hallarda əmək stajının yerində qarşılıqlı araşdırılması və yoxlanılması həyata keçirilir. İddiaçının 1992-2005-ci illərin əmək stajı yerində qarşılıqlı yoxlanıla bilmədiyi üçün həmin illərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün deyildir. Tələb olunan əmək stajı olmadığından və fərdi hesabında toplanan pensiya kapitalı minimum əmək pensiyası məbləğindən yüksək pensiya təminatına imkan vermədiyindən onun yaşa görə əmək pensiyası hüququ yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Bakı şəhəri Xəzər Rayon Şöbəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********1 nömrəli etiraz məktubuna əsasən qeyd edilmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1995-xx.xx.1998-ci illər “Tərlan-Ə” kiçik müəssisəsi və xx.xx.1999-xx.xx.2005-ci illər “xxxxxxxx” MMC-dəki əmək stajının yerində qarşılıqlı araşdırılması mümkün olmadığından həmin illərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün deyil. Lakin cavabdeh apellyasiya şikayətində iddiaçının əmək kitabçasında qeyd olunan 1993-2005-ci illərin əmək stajının yerində qarşılıqlı araşdırılmasının mümkün olmadığından həmin illərin sosial sığorta stajına daxil edilmədiyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İddiaçı 1974 – 1978-ci illərdə təhsil müddəti və 1993 – 2005-ci illərdə iş stajı sosial sığorta stajına daxil edilməklə ona 64 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən qanunvericiliyin tətbiqində səhvə yol verməklə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının x xxxxxx 1993-cü il tarixdən x xxxx 1993-cü il tarixədək “Odlar yurdu birjası” kiçik müəssisəsində, xx xxxx 1993-cü il tarixdən xx xxxxx 1995-ci il tarixədək “Reyhan” şirkətində, x xxx 1995-ci il tarixdən xx xxxxxx 1998-ci il tarixədək “Tərlan-A” firmasında, x xxxxxx 1999-cu il tarixdən xx xxxxxxx 2005-ci il tarixədək “xxxxxxxx” MMC-də həqiqətən işləyib-işləməməsi, həmçinin həmin müəssisələrin ümumiyyətlə mövcud olub-olmaması iş materialları ilə müəyyən olunmur. İş materiallarına əlavə olunmuş əmək kitabçasında göstərilən məlumatların həqiqətə uyğun olub-olmadığı birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Cavabdehin nümayəndəsi İ.Alızadə tərəfindən məhkəməyə təqdim olunmuş vəsatətdə əmək kitabçasında göstərilən müəssisələrin mövcudluğu və iddiaçının həqiqətən orada işləməsi barədə əsaslı şübhələr olduğunu bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan halların sübuta yetirilməməsi və kifayət qədər araşdırılmadığından iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı məhkəməsi İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinin tələblərinə riayət etməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Belə ki, məhkəmə iddiaçının ərizəsində işlədiyini iddia etdiyi müəssisələrin həqiqətən mövcud olub-olmaması, dövlət qeydiyyatından keçib-keçməməsi, həmin müəssisələr tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi araşdırılmamış, bu barədə müvafiq sorğular göndərilməmişdir. Eyni zamanda, iş materiallarından müəyyən edilir ki, cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********6 nömrəli cavab məktubunda və xx.xx.2019-cu il tarixli, **********1 nömrəli etiraz məktubunda iddiaçının müraciətinin təmin edilməməsinin əsasları fərqli olmuşdur. Belə ki, xx.xx.2019-cu il tarixli, **********6 nömrəli cavab məktubunda iddiaçının 1992-2005-ci illərin əmək stajı yerində qarşılıqlı yoxlanıla bilmədiyi, xx.xx.2019-cu il tarixli, **********1 nömrəli etiraz məktubunda isə iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1995-xx.xx.1998-ci illər “Tərlan-Ə” kiçik müəssisəsi və xx.xx.1999-xx.xx.2005-ci illər “xxxxxxxx” MMC-dəki əmək stajının yerində qarşılıqlı araşdırılması mümkün olmadığı, apellyasiya şikayətində isə iddiaçının əmək kitabçasında qeyd olunan 1993-2005-ci illərin əmək stajının yerində qarşılıqlı araşdırılması mümkün olmadığından həmin illər sosial sığorta stajına daxil edilmədiyi qeyd edilmişdir. Yuxarıda qeyd edilən səbəbdən işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən cavabdeh orqanın iddia tələbini hansı müəssisə ilə bağlı mübahisə olubolmadığı dəqiqləşdirilməlidir. İşdən və birinci instansiya məhkəməsinin qərarından görünür ki, həmin məhkəmə iddiaçının əmək kitabçasında əks olunan məlumatların reallığı əks etdirib-etdirməməsini, o cümlədən cavabdehin mübahisə etdiyi dövrləri və iş yerlərini araşdırmadan və bununla bağlı heç bir prosessual hərəkəti yerinə yetirmədən, öz qərarında göstərmişdir ki, “Məhkəmə qeyd edir ki, İddiaçı 1974 – 1978-ci illərdə təhsil və hərbi xidmət dövrünü, eləcə də x xxxxxx 1993-cü il tarixdən x xxxx 1993-cü il tarixədək “Odlar yurdu birjası” kiçik müəssisəsində, xx xxxx 1993-cü il tarixdən xx xxxxx 1995-ci il tarixədək “Reyhan” şirkətində, x xxx 1995-ci il tarixdən xx xxxxxx 1998-ci il tarixədək “Tərlan-A” firmasında, x xxxxxx 1999-cu il tarixdən xx xxxxxxx 2005-ci il tarixədək “xxxxxxxx” MMC-də işləməsini təsdiq edən diplom, hərbi bilet və əmək kitabçası mövcuddur. Həmin sənədlərdə göstərilən məlumatların həqiqətə uyğun olmadığını cavabdeh tərəf sübuta yetirmədiyindən, bu məlumatları daşıyan sənəd kimi həmin arayış mötəbər hesab olunur.” Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında arayış mövcud deyil. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə yuxarı instansiya məhkəmələridir. Azərbaycan Respublikası İPM-in “Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri” adlı 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Eyni Məcəllənin 12.2-ci maddəsinə görə, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Sadalanan normaların təhlili göstərir ki, inzibati mühakimə icraatı qaydasında baxılan mübahisələrdə zəruri sübutları toplamaq birinci instansiya məhkəməsinin tam (istisnasız) borcu olduğu halda, yuxarı instansiya məhkəməsi olan apellyasiya məhkəməsinin bu vəzifəsi əlavə, yəni birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş boşluğu doldurmaq xarakterlidir. Təsadüfi deyil ki, qanunverici İPM-in 82-ci maddəsində sübutların apellyasiya məhkəməsi tərəfindən toplanmasından yox, bu yeni sübutların ona təqdim olunmasından bəhs edir. Bu da özlüyündə o deməkdir ki, apellyasiya məhkəməsi yuxarı instansiya məhkəməsi olmasına istinad edərək ona təqdim olunan sübutları qəbul etməkdən, həmçinin, kassasiya instansiyasında olduğu kimi bu sübutları müzakirə edib, onlara müvafiq hüquqi qiymət verməkdən imtina edə bilməz. İPM-in 82-ci maddəsində bu Məcəllənin 12-ci maddəsinə göndəriş edilməsi də apellyasiya instansiyası məhkəməsini zəruri sübutları toplamaq məsələsində birinci instansiya məhkəməsi ilə bərabərləşdirmir. Əgər belə bir halın mövcudluğu fərz olunsa, onda bu vəziyyət üç pilləli məhkəmə sistemi prinsipi ilə ziddiyyət təşkil edər, apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin yerinə keçərək, onu əvəz etməsi, sonuncunun isə formallığı anlamına gələrdi. Məhz bu yanlış mülahizələrin nəticəsidir ki, bir sıra işlərdə birinci instansiya məhkəmələri “apellyasiya instansiyası məhkəməsi ... işə ... sübutlar ... əsasında mahiyyəti üzrə tam həcmdə baxır” müddəasını səhv təfsir edərək, qanunvericiliklə onların bilavasitə əsas vəzifəsi kimi müəyyən edilmiş zəruri sübutları toplamaq borcunu bəzən görüntü üçün, bəzən tələm-tələsik yerinə yetirmək, bəzən isə hazırkı işdə olduğu kimi heç yerinə yetirməməklə apellyasiya müstəvisinə köçürməyə cəhd edirlər. Bunun nəticəsində də apellyasiya instansiyası məhkəmələri birinci instansiya məhkəmələrinin yerinə onların işini görərək, öz əsl funksiyalarından uzaqlaşmaqla, ədalət mühakiməsinin həyata keçirilməsində qanunla onların üzərinə qoyulmuş əsas vəzifələrin yerinə yetirilməsində çətinliklərlə üzləşirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında mülki işlər üzrə apellyasiya icraatının hədlərinə dair dolğun və müfəssəl şərh verilmişdir. Həmin Qərarda qeyd edilmişdir ki, “Apellyasiya institutu əksər dövlətlərin mülki-prosessual qanunvericiliyində öz əksini tapmış və onun iki növü nəzərdə tutulmuşdur: tam və natamam apellyasiya. Tam apellyasiya zamanı (Fransa, İtaliya) mövcud prosessual hüquqda nəzərdə tutulmuş apellyasiya icraatının əhəmiyyəti işə mahiyyəti üzrə yenidən baxılmasından, məqsədi isə məhkəmə səhvlərinin aradan qaldırılmasından və tərəflərin özlərinin yol verdikləri nöqsanların düzəldilməsindən ibarətdir. Tərəflər birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlarla yanaşı, işi tamamilə dəyişə bilən yeni sübutlar təqdim etmək hüququna malikdirlər. Bu cür yanaşma nəticəsində apellyasiya məhkəməsi birinci instansiya icraatının nə qədər dolğun olmasına baxmayaraq, işi tam həll etməyə borcludur və onu birinci instansiya məhkəməsinə yenidən baxılması üçün qaytarmaq hüququna malik deyil. Apellyasiya instansiyasında işin faktiki halları tam həcmdə tədqiq olunur, birinci instansiya məhkəməsində olduğu kimi sübutların qiymətləndirilməsi üzrə eyni hərəkətlər aparılır. Natamam apellyasiya zamanı (Avstriya, Almaniya) isə sübutetmə prosesi birinci instansiya məhkəməsində cəmlənib, apellyasiya məhkəməsi isə birinci instansiyada tərəflərin təqdim etdiyi faktiki materiallar əsasında işə yenidən baxaraq onun səhvlərini və nöqsanlarını aradan qaldırmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanılmasındakı məhdudiyyətlər ölkəmizdə natamam apellyasiyanın olmasına dəlalət edir. Tam apellyasiyadan fərqli olaraq, natamam apellyasiya zamanı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini əvəz etmir, onun vəzifəsi birinci instansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir.” Azərbaycan Respublikası İPM-in 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, pensiyanın təyin olunması ilə bağlı iş üzrə əhəmiyyətli faktları araşdırmadan yekun məhkəmə aktı qəbul edən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçasının 4-cü və 5-ci qeydlərində iddiaçının işə qəbul edildiyi əmrin tarixi göstərilməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan əmək kitabçasının 14-cü qeydində iddiaçının “xxxxxxxx” firmasında ambardar vəzifəsinə təyin olunması qeyd olunmuşdur. Lakin vəzifəyə təyin olunmasını və işdən azad olunmasını təsdiq edən imzanın kimə məxsus olması (ad, soyad, ata adı) barədə heç bir məlumat yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3480/2019 nömrəli qərarı ləğv edilərək, iş mahiyyəti üzrə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3363/2019 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı “iddiaçının 1974–1978-ci illərdə təhsil müddətinin və əmək kitabçasında göstərilmiş 1993–2005-ci illərin sosial sığorta stajına daxil edilməklə ona 64 yaşı tamam olduğu gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025 Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar