Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1077/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı “artıq ödəmənin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1386/2023 nömrəli 04 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 24.698 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə ödənilməsi barədə rəyin verilməsi və artıq ödəmənin geri qaytarılması barədə vəzifənin aidiyyəti üzrə cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin və Maliyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı zamanı iddiaçı tərəfindən təqdim edilmiş ərizəyə əsasən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi ilə əvəz edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, iddiaçı tərəfindən artıq ödənilmiş 24.414,37 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-1386/2023 nömrəli 04 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı tərəfindən artıq ödənilmiş 24.414.37 manat məbləğin və ərizənin verildiyi tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər bir gün üçün vergi ödəyicisinə müvafiq məbləğin 0.1 faizi məbləğində faizin ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin üzərinə qoyulması, iş üzrə 100 manat məhkəmə ekspertizası xərcinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsindən tutularaq dövlət büdcəsinə (X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) ödənilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması” barədə ərizə ilə vergi orqanına müraciət edildiyi müəyyən edilmiş və həmin müraciət vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli məktubla cavablandırılmışdır. Belə ki, inzibati orqan tərəfindən verilən cavabda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsində nəzərdə tutulmuş 5 illik tələbetmə müddətinin ötürülməsi ilə əlaqədar müraciətin icrasının mümkün olmadığı bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin qərarında qeyd olunmuşdur ki, iş materiallarına əsasən vergi ödəyicisi barəsində inzibati orqan tərəfindən 2013-cü il üzrə 20390,28 manat gəlir vergisi və 2014-cü il üzrə 4467,67 manat məbləğində gəlir vergisi hesablanmış və müvafiq olaraq xx.xx.2015-ci il tarixli **********397200 və **********401400 nömrəli “Vergilərin hesablanması barədə” Qərarlar qəbul edilmişdir. Şəxsi hesab vərəqəsindən görünür ki, yaranmış vergi borcu tam məbləğdə ödənilmişdir. Lakin iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə təqdim edilmiş bəyannamələrə əsasən qeyd olunan məbləğlər azaldılmış, cavabdeh isə öz növbəsində xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixdə yenidən hesablama aparmaqla həmin məbləğləri bərpa etmişdir. xx.xx.2017-ci il tarixdə isə vergi orqanı tərəfindən sözügedən hesablamalar tam məbləğdə azaldılmış, həmin tarixə iddiaçının şəxsi hesab vərəqəsində 31558,68 manat, cavabdehə müraciət edilən tarixə - xx.xx.2022-ci il tarixə isə 24414,37 manat artıq ödəməsi olmuşdur. Hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli vacib məqam artıq ödənilmiş məbləğin yaranma əsası və tarixi ilə əlaqədardır. Tələb edilən artıq ödənilmiş vergi məbləğinin yaranma əsası iddiaçı tərəfindən 2013-2014-cü illər ərzində hesablanmış gəlir vergisi üzrə yaranmış borcun ödənilməsi ilə əlaqədardır. İddiaçının şəxsi hesab vərəqəsindən də göründüyü kimi, fəaliyyət növünə uyğun olaraq gəlir vergisi üzrə hesablama aparılarkən vergi ödəyicisinin 2013-2014-cü illər üzrə ödədiyi sadələşdirilmiş vergi məbləğləri nəzərə alınmış və müvafiq düzəlişlərin edilməsi təmin edilmişdir. Sonradan iddiaçı tərəfindən 2013-2014-cü illər üzrə hesablanmış gəlir vergisi üzrə vergi borcu ödənilmiş, xx.xx.2015-ci il tarixə şəxsi hesab vərəqəsi üzrə ödənilməmiş 80 manat vergi borcu mövcud olmuşdur. Artıq ödənilmiş vergi məbləğinin qaytarılması üzrə müəyyən edilmiş 5 illik tələbetmə müddətinin ötürülüb-ötürülməməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli 9/4152 saylı ekspert rəyi tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Ekspert rəyinə əsasən, iddiaçının şəxsi hesab vərəqəsi üzrə xx.xx.2017-ci il yazılış tarixinə 24858,25 manat artıq ödəmə məbləği müəyyən olunaraq işlənilmişdir. Artıq ödəmənin yarandığı xx.xx.2017-ci il tarixindən ekspert qarışısında qoyulmuş sualda göstərilən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərinədək olan dövrlər üzrə müddətlər 5 illik müddəti keçmir. Beləliklə, hazırkı halda iddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsi sübut olunduğundan məhkəmə iddia tələbini əsaslı hesab etmişdir. Cavabdeh isə həmin ödəməni qaytarmaqdan imtina edərək öz vəsifələrinin icrasından yayınmış, bununla da iddiaçının hüquqları pozulmuşdur. Məhkəmə iddia tələbini təmin edərkən ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir. xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, ekspert hər hansı tədqiqat aparmamış, yalnız ona təqdim edilmiş şəxsi hesab vərəqəsində qeyd olunanları təkrarən məhkəmənin diqqətinə çatdırmışdır. Lakin artıq ödənilmiş vergi məbləğinin xx.xx.2017-ci il tarixdə yaranmasını əsaslandıran hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata alınmış, lakin sığorta fəaliyyəti həyata keçirdiyindən vergi qanunvericiliyinin müddəaları nəzərə alınmaqla gəlir vergisi mükəlləfiyyəti daşımalı olduğu müəyyən edilmiş, bununla əlaqədar 2013-2014-cü illər üzrə barəsində 24857,95 manat məbləğində gəlir vergisi hesablanmışdır. İddiaçı borc məbləğini ödədikdən qısa müddət sonra cari bəyannamə təqdim edərək, hazırda mübahisələndirilən artıq ödəmə məbləğini yaratmışdır. Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019cu il tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması” Qaydaları məsələni tənzimləyərkən artıq ödənilmiş məbləğin qaytarılması ilə əlaqədar 5 illik tələbetmə müddətinin başlanğıc anını “vergiyə cəlb edilən hesabat dövrü” anlayışı ilə əlaqələndirir. İddiaçının tələb etdiyi artıq ödəmə məbləği üzrə 5 illik tələbetmə müddətinin axımı 2013-cü il üzrə 2014-cü ilin mart ayının 31-dən, 2014-cü il üzrə isə 2015-ci ilin mart ayının 31-dən başlanır. İddiaçı 2013-cü il üzrə artıq ödənilmiş vergi məbləğini ən gec 31 mart 2019-cu il tarixədək, 2014-cü il üzrə artıq ödənilmiş vergi məbləğini 31 mart 2020-ci il tarixədək tələb edə bilərdi. İddiaçı tərəfindən ilk dəfə xx.xx.2022-ci il tarixdə artıq ödənilmiş məbləğin qaytarılması ilə bağlı müraciət edilmişdir, bu halda tələbetmə müddəti ötürüldüyü aşkar görünür. Məhkəmənin yanaşması isə konkret məsələni tənzimləyən Vergi Məcəlləsinin 85.5-ci maddəsi ilə birbaşa ziddiyət təşkil edir. Halbuki vergi qanunvericiliyinin nəzərə alınmaqla, iddiaçı 3 il ərzində eyni hesabat dövrü üzrə müxtəlif sayda bəyannamə təqdim edə bilər. Belə olan halda iddiaçı hər dəfə bəyannamə verməklə artıq ödəmə yaratmaq imkanına əldə etmiş olur ki, həmin hesabatlara uyğun olaraq vergi orqanı kameral hesablama aparmaq hüququna malikdir. Əgər məhkəmənin mövqeyi əsas götürülərsə, vergi ödəyicisi üçün qeyd olunan tələbetmə müddətin axımı heç vaxt bitməyəcək və bu cür hal qanunvericiliyin tələblərinin kobud pozuntusu kimi qiymətləndiriləcəkdir. Vergi ödəyicisi tərəfindən 2013-2014-cü illər üzrə onun barəsində qəbul edilmiş kameral vergi yoxlamalarına dair Qərarlar məhkəmə qaydasında mübahisələndirildiyi təqdirdə 5 illik tələbetmə müddətinin axımının dayandırılmasından söhbət gedə bilərdi. Lakin iş materiallarından görünür ki, xx.xx.2015-ci il tarixli **********397200 və **********401400 nömrəli “Vergilərin hesablanması barədə” Qərarların ləğvi hər hansı məhkəmə mübahisəsinin predmeti olmamış, iddiaçı tərəfindən bununla əlaqədar məhkəmə araşdırmasına hər hansı sübut təqdim edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış müraciətə baxılması barədə məktubda qeyd edilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının 2-ci bəndində vergi ödəyicisinin düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malik olduğu göstərilmişdir. Qeyd edilənləri nəzərə alaraq bildiririk ki, “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması” bərədə müraciətinizdə qeyd olunmuş 24414,37 manat artıq ödəmə məbləğinin geri qaytarılması ilə əlaqədar müddət axımı bitdiyi üçün müraciətinizin icrası mümkün olmamışdır. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Vergi ödəyicisi İddiaçı artıq ödəmənin yaranma tarixi və borcun yaranma səbəbi barədə məlumatların təqdim edilməsi ilə bağlı məktubunuza baxılmışdır. Aparılmış araşdırma zamanı vergi ödəyicisinin sığorta fəaliyyəti ilə məşğul olduğu və tərəfindən 2013-2014-cü il üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində ümumilikdə 124289,79 manat dövriyyə məbləğinin göstərildiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin müddəalarına əsasən sığorta fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Vergi ödəyicisi tərəfindən 2013-cü və 2014-cü illər üzrə gəlir vergisi bəyannamələri vergi orqanına təqdim etməməklə sığorta fəaliyyətindən əldə edilmiş gəlir məbləğinin bəyan edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma barədə vergi ödəyicisinə vergi orqanı tərəfindən xx.xx.2015-ci il tarixli **********698700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi barədə” məktub göndərilərək 5 gün müddətində gəlir vergisi bəyannamələrini, ətraflı izahat məktubunu və müvafiq təsdiqedici sənədlərini təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə vergi ödəyicisinə 2013-cü və 2014-cü illər üçün gəlir vergisi bəyannamələri üzrə 24857,95 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2015-ci il tarixli **********401400 və **********397200 nömrəli “Vergilərin hesablanması barədə” qərarlar göndərilmişdir. İş materiallarında olan İddiaçı şəxsi hesab vərəqəsindən görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində xx.xx.2015-ci il tarixdə 2013-cü il vergi dövrü üçün 20.390,28 manat və 2014-cü il vergi dövrü üçün 4.467,67 manat məbləğində əlavə gəlir vergisi hesablandığından onun həmin tarixə şəxsi hesab vərəqəsində 24711,31 manat vergi borcu yaranmışdır. İş materiallarında olan İddiaçı şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçı yaranmış bu vergi borcu üzrə müvafiq ödənişləri etmiş, xx.xx.2015-ci il tarixə onun şəxsi hesab vərəqəsində cəmi 80 manat vergi borcu qalmışdır. Şəxsi hesab vərəqəsindən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə təqdim edilmiş bəyannamələrə əsasən cavabdehin xx.xx.2015-ci il tarixdə hesabladığı 20.390,28 manat və 4.467,67 manat əlavə gəlir vergisinin məbləği azaldılmış, cavabdeh həmin bəyannamələrə əsasən yenidən xx.xx.2016-cı il tarixdə iddiaçıya 2013- cü il vergi dövrü üçün 20.390,28 manat və 2014-cü il vergi dövrü üçün 4.467,67 manat məbləğində əlavə gəlir vergisi hesablamışdır. Lakin cavabdeh xx.xx.2017-ci il tarixdə qəbul etdiyi qərarlara əsasən iddiaçıya hesabladığı 2013-cü il vergi dövrü üçün 20.390,28 manat və 2014-cü il vergi dövrü üçün 4.467,67 manat əlavə gəlir vergisini azaltmış, nəticədə həmin tarixə iddiaçının şəxsi hesab vərəqəsində 31558,68 manat, iddiaçının cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixə isə 24414,37 manat artıq ödəməsi yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin “Vergilərin hesablanması barədə” xx.xx.2015-ci il tarixli, **********397200 və **********401400 nömrəli qərarlarından görünür ki, Vergi Məcəlləsinin müddəalarına əsasən iddiaçıya Gəlir vergisi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən 2013-cü il vergi dövrü üçün 20.390,28 manat və 2014-cü il vergi dövrü üçün 4.467,67 manat məbləğində Gəlir vergisi hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 Departamentinin “Vergilərin hesablanması barədə” xx.xx.2017-ci il tarixli, **********646800 və **********647500 nömrəli qərarlarından görünür ki, xx.xx.2017- ci il tarixli **********079200 nömrəli xidməti məktuba əsasən iddiaçıya hesablanmış verginin məbləği 20.390,28 manat və 4.467,67 manat məbləğdə azaldılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 9/4152 nömrəli ekspert rəyində qeyd edilir: Təqdim edilən iş materiallarında İddiaçı şəxsi hesab vərəqəsi (bax cild 1, səh 54) mövcuddur. Təqdim edilən iş materiallarında olan, İddiaçı şəxsi hesab vərəqəsində (cild 1 səh.54) xx.xx.2017-ci il yazılış tarixinə 24.858,25 manat artıq ödəmə məbləği müəyyən olunaraq işlənilmişdir. Yəni fiziki şəxs İddiaçı xx.xx.2017-ci il tarixində 24.858,25 manat artıq ödəməsi yaranmışdır. Göründüyü kimi, İddiaçı məxsus şəxsi hesab vərəqəsinə əsasən onun xx.xx.2022-ci il tarixə və xx.xx.2022-ci il tarixə 5 illik tələbetmə müddəti keçməmiş artıq ödənilmiş verginin məbləği 24.858,25 manat müəyyən olunur. Belə ki, xx.xx.2017-ci il tarixindən (24.858,25 manat artıq ödəmənin yarandığı tarix) ekspert qarşısında qoyulmuş sualda göstərilən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərinədək olan dövrlər üzrə müddətlər 5 illik müddəti keçmir. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək. 24.1. Vergi orqanları: 24.1.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə ... borcludur. 59.3. Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir (xx.xx.2005-ci ilədək olan redaksiya - 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququna malikdir). 87.3. Bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. 87.4. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”: 2.1. Vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (Vergi Məcəlləsinin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. 3.1. Vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. 4.1. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. 4.2. Vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. 4.5. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 günlük və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş 20 günlük müddət vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının bu barədə ərizə verdiyi gündən və bu Qaydaların 4.8-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddət vergi ödəyicisinin bu barədə elektron ərizə verdiyi gündən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların xəzinə hesabından (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə müvafiq olaraq dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun xəzinə hesabından) çıxdığı günədək olan dövrü əhatə edir. 4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. 6.1. Vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. 6.2. Vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir. Göründüyü kimi, iddiaçının vergilər üzrə artıq ödəməsinin xx.xx.2017-ci il tarixdə yaranması, iddiaçının həmin ödəmənin geri qaytarılması üçün xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət etməsi, həmin tarixə şəxsi hesab vərəqəsinə əsasən 24414,37 manat artıq ödəməsinin olması tam təsdiq olunur. İddiaçı hazırda həmin artıq ödəmənin geri qaytarılmasını xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. İddiaçının şəxsi hesab vərəqəsində xx.xx.2017ci il tarixə artıq ödəməsi yarandığından məhkəmə hesab edir ki, onun xx.xx.2022-ci il tarixə həmin artıq ödəmənin qaytarılmasını tələb etmək hüququ mövcud olmuşdur. İş üzrə keçirilmiş ekspert rəyi ilə də müəyyən edilir ki, iddiaçının qeyd olunan məbləğdə artıq ödəməsi xx.xx.2017-ci il tarixində yaranmışdır və iddiaçının həmin ödəmənin geri qaytarılması üçün müraciət tarixinədək olan dövr üzrə müddət 5 illik müddəti keçmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən iddiaçının tələb etmə müddəti olan 5 ildən sonra müraciət etdiyinə istinad etsə də, işin yuxarıda qeyd olunan hallarından müəyyən olunduğu kimi, artıq ödəmə iddiaçının şəxsi hesab vərəqəsində xx.xx.2017-ci il tarixdə yaranmış, iddiaçının həmin məbləği tələb etmə hüququ da məhz həmin tarixdə yaranmış, müddət axımı həmin tarixdən etibarən başlamışdır (ona qədər şəxsi hesab vərəqəsində artıq ödəmə mövcud olmadığından iddiaçının onun tələb edilməsi ilə bağlı belə bir hüququ da olmamışdır). Qanunvericilik artıq ödənilmiş və ya düzgün tutulmayan verginin geri qaytarılmasının gecikdirilməsinə görə vergi orqanına 0,1 faiz məbləğində faiz tətbiq edilməsini nəzərdə tutumuşdur. Belə olan halda, iddiaçının müraciət etdiyi tarixdən gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) artıq ödəmənin 0,1 faizi əlavə olaraq ödənilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1386/2023 nömrəli 04 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1077/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1077/2024
28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver