Məhkəmə qərarları › İş №2-1(103)-1078/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1078/2021

25.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1078/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdehin vəkili Vəkil2 Nizami oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.11.2019-cu il tarixli, 2-1(81)-4250/2019 saylı qərarından cavabdehin vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.11.2019-cu il tarixli, 2-1(81)-4250/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 57 yaşdan, yəni 20.12.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır (hakim A.Abdullayeva). Həmin qərardan narazı qalan cavabdehin vəkili və nümayəndəsi Vəkil2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İK-nın 11.06.2020-ci il tarixli 2-1(103)-956/2020 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.11.2019-cu il tarixli, 2-1(81)-4250/2019 saylı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən və məruzəçi Ü.Mayılov, hakimlər M.Tağızadə və X.Cəmilova). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın 06.10.2020-ci il tarixli 2-1(102)- 1812/2020 qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İK-nın 11.06.2020-ci il tarixli 2-1(103)-956/2020 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün məhkəməyə göndərilmişdir (sədrlik edən və məruzəçi İ.Hüseynov, hakimlər N.Rəsulbəyova və K.Bədəlov). Bakı Apellyasiya Məhkəməsinin İK-nın 15.02.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə müraciət edərək, 1978-1997-ci illərdə işlədiyi illərin güzəştli iş stajına daxil edilməsi və ona güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əsl cavbdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Salyan rayonu, Kərimbəyli kəndində yaşayır. Əmək fəaliyyətinə 1978-ci ildə başlamışdır. 13.09.1978-ci ildə “Salyanneft” NQÇİ-nin Təmir Tikinti Sahəsinə 1-ci dərəcəli fəhlə qəbul olunmuş və uzun illər neft sənayesi sahəsində müxtəlif vəzifələrdə işləmişdir. Belə ki, 1978-1984-cü illərdə həmin təşkilatda müxtəlif dərəcəli fəhlə işləmişdir. 1986-cı ildə SSRİ Energetika Nazirliyinin Əli-Bayramlı şəhərindəki istilik elektrik stansiyasında işə qəbul olunmuş və 1997-ci ilə kimi orada işləmişdir. 1997-ci ildə Köçürmə yolu ilə Təmir Mexanikləşdirmə sexinə çilingər peşəsinə qəbul olunmuşdur. 1998-ci ildə Sumqayıt Mexaniki Yığma və Boruəymə sahəsinə işini dəyişmiş və 1999-cu ilə kimi orada işləmişdir. 2002-ci ildə "xxxx" ASC-nin nəzdindəki MMCyə 6-cı dərəcəli fəhlə işinə qəbul olunmuşdur. Sonrakı illərdə həmin İdarənin adının dəyişməsinə baxmayraq eyni idarənin tərkibində müxtəlif dərəcəli fəhlə peşələrində işləmişdir. 2008-ci ildə "xxxx" MMC-yə iş yeri dəyişilib və sonradan həmin İdarə "xxxx" ASC kimi fəaliyyət göstərmişdir. İdarənin adının və ünvanının dəyişilməsinə baxmayaraq o, bütün müddət ərzində həmin İdarədə işləməkdə davam etmişdir. Hal-hazırda da, yəni 03.06.2019cu il tarixdən hazırki vaxta kimi "xxxx" MMC-nin Quraşdırma və Sazlama İdarəsində çilingər vəzifəsinə təyin olunmaqla işləyir. O, uzun müddət sənayenin ağır sahəsi hesab olunan işlərdə işlədiyindən və güzəştli şərtlərlə pensiyaya çıxmaq mümkün olduğundan, pensiyaya çıxmaq üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Həmin Fondun “Xüsusi Şərtlərlə Təyinat İdarəsindən” 06 avqust 2019-cu il tarixdə ona məktubla cavab verildi ki, “Təqdim etdiyi sənədlərə görə güzəştli şərtlərlə iş stajı 12 il 6 aydan az təşkil etdiyindən onun güzəştli şərtlərlə pensiyaya buraxılması mümkün deyildir. O, "xxxx" ASC-yə müraciət etmiş və ona 10.01.2019-cu il tarixli, 01-zp/18 saylı məktubla güzəştli arayış təqdim etmişlər. Həmin arayışda 1978-1997-ci illərdə işlədiyi illərə dair zəruri olan arayışın ona verilməsi mümkün olmamışdır. Belə ki, aidiyyəti təşkilatlar bildirmişlər ki, guya həmin təşkilatlar ləğv olunduğundan və hüququ fəaliyyətlərinə xitam verildiyindən arayışların verilməsi mümkün deyildir. O, isə faktiki olaraq 1978-c ildən 1997-ci ilə kimi həmin təşkilatlarda işləmiş və bu barədə onun əmək kitabçasında qeydiyyat vardır. Ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edildiyindən əvvəlki illərin güzəştli iş stajı kimi təsdiq olunması üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili Vəkil2 Nizami oğlu apellyasiya şikayətini müdafiə edərək, çıxışında bildirmişdir ki, AZENCO tərəfindən verilmiş 01-7P/18 nömrəli 10.01.2019-cu il tarixli arayışdan görünür ki, iddiaçının güzəştli staj illəri 8 il 8 ay təşkil edir (01.04.1997- 01.01.2006). belə olan halda iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. Göründüyü kimi, iddiaçı 1986-1997-ci il müddəti üçün güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışları təqdim etməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinici instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul ediılməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 və İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının və sığortaolunanın ümumi iş (sığorta stajı) barədə məlumatın surətindən müəyyən edilir ki, iddiaçı 13.09.1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış, hal-hazıradək müxtəlif vəzifələrdə işləmişdir. Həmin müddətin1986-cı il tarixdən 1997-ci il tarixədək olan müddətini SSRİ Energetika Nazirliyinin Əli-Bayramlı şəhərindəki istilik elektrik stansiyasında işləmiş, 01 yanvar 2006-cı il tarixə kimi ümumi iş stajı 25 ildən çox olmuşdur. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş 01-7P/18 nömrəli, 10.01.2019-cu il tarixli güzəştli arayışdan görünür ki, iddiaçı 01.04.1997-ci ildən 28.11.2008-ci ilədək "xxxx" Dövlət Şirkətinin Qazan və Turbin Avadanlıqlarının Təmiri üzrə Əli-Bayramlı Təmir Mexanikləşdirmə sahəsində çilingər, 01.10.2009-cu ildən 29.12.2012-ci ilədək və 02.03.2015-ci ildən halhazırki dövrədək "xxxx" ASC-nin Energetik Avadanlıqlarının Təmiri İdarəsinin və Mexaniki Avadanlıqların Quraşdırılması və Təmiri İdarəsinin Şirvan sahəsinin Mexaniki Emal və Təmir sexində Çilingər işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 № qərarının 24-cü fəslinə əsasən bilavasitə zərərli sahə hesab edilir. Güzəştli pensiya stajı 18 il, 09 ay, 02 gün təşkil edir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş 06 avqust 2019-cu il tarixli, **********0 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətindən cavabdeh tərəfindən onun 01.01.2006-cı il tarixə kimi 12 il 6 aydan az güzəştli stajının olması səbəbindən imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi iş stajı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarının 2 nömrəli siyahısı üzrə, kod 2140000a-18455) olmuşdur. Cavabdeh öz etirazında iddiaçının xüsusi iş stajının olmamasına istinad etsə də, iddiaçının məhkəməyə təqdim etdiyi əmək kitabçasından və arayışdan müəyyən edilir ki, onun 01.01.2006-cı il tarixə kimi iddiaçının güzəştli stajı 12 il 6 aydan çox olmuşdur. İddiaçının 1986-cı ildən SSRİ Energetika Nazirliyinin Əli-Bayramlı şəhərində istilik elektrik stansiyasında güzəştli iş şəraitində işləməsini təsdiq edən arayışın məhkəməyə təqdim edilməsi hazırda müəssisənin fəaliyyət göstərməməsi ilə bağlı mümkün deyildir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin hal iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnu məhdudlaşdırmamalıdır. Bu səbəbdən, cavabdehin etirazdakı bu mövqeyi əsassızdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «b» bəndinə və həmin maddəyə 13.06.1997-ci il tarixli, 321-İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndi ilə (13.06.1997-ci il tarixli 321 İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-ci maddələrində və 90-cı maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il 6 ay artırılır) edilmiş dəyişikliyə əsasən iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 mart 2014-cü il tarixli qərarına əsasən, xidmət illərinə görə pensiyanın məqsədi belə şəxsləri əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar öz əvvəlki işini davam etdirmək zərurətindən azad etməkdir. Xüsusi əmək stajının əldə edilməsi ilə bağlı hüquq münasibətləri, bir qayda olaraq, şəxs pensiya yaşına çatmasından daha əvvəl başa çatır. Xidmət illərinə görə pensiya hüququndan istifadə etmək barədə qərar qəbul edərkən şəxs xüsusi əmək stajının müddətini və zəruri staja malik olmanın hüquqi nəticələrini müəyyən edən həmin dövrdə qüvvədə olan qanunvericilik normalarının tələblərini nəzərə alır. Bu səbəbdən birinci instansiya məhkəməsi belə qənaətə gəlir ki, iddiaçıya münasibətdə onun iş stajı topladığı dövrdə qüvvədə olan norma tətbiq edilməlidir və iddiaçının 01.01.2006-cı il tarixə kimi 25 ildən artıq əmək stajı olduğundan və həmin stajın 12 il 6 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə işlədiyindən, həmçinin 15.08.2018-ci il tarixdə artıq 57 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlillərə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, işdən göründüyü kimi, cavabdeh iddiaçının 01.04.1997-01.01.2006-cı illərə dair güzəştli iş stajını mübahisələndirmir və onun həmin vaxtda işlədiyi müəssisə tərəfindən verilmiş “güzəştli iş stajı barədə” arayışa istinad edərək iddiaçının güzəştli staj illərinin 8 il 8 ay (01.04.1997-01.01.2006) təşkil etdiyini təsdiq edir. Eyni zamanda, cavabdeh etiraz və şikayətinin əsasları kimi iddiaçının 1978-1997-ci il müddəti üçün güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışları təqdim etmədiyinə istinad edir. İddiaçı qeyd edir ki, "xxxx" ASC-yə müraciət etmiş və ona 10.01.2019-cu il tarixli, 01zp/18 saylı məktubla güzəştli arayış təqdim etmişlər. Lakin 1978-1997-ci illərdə işlədiyi illərə dair zəruri olan arayışın ona verilməsi mümkün olmamışdır. Belə ki, aidiyyəti təşkilatlar bildirmişlər ki, həmin təşkilatlar ləğv olunduğundan və hüququ fəaliyyətlərinə xitam verildiyindən arayışların verilməsi mümkün deyildir. Kassasiya instansiya məhkəməsi qərarında bununla bağlı qeyd edir ki, iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilərlər. Bu halda, güzəştli işlə bağlı arayış onun hüquq varisindən, hüquq varisi olmadıqda, müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər. Hazırkı halda, iddiaçıya "xxxx" ASC tərəfindən 1997-2008-ci illərə dair arayış verilmişdir və yuxarıda qeyd edildiyi kimi, cavabdeh həmin arayışdakı məlumatları 01.04.1997- 01.01.2006-cı illərə aid hissədə mübahisələndirmir. Bu halda, "xxxx" ASC oxşar sahədə fəaliyyət göstərən müəssisə kimi ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında iddiaçının əvvəllər işlədiyi oxşar sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər. "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş 14.04.2021-ci il tarixli, 03 saylı arayışdan görünür ki, xx xxxxxx 1960-cı il təvəllüdlü İddiaçı ondan ötrü ki, o həqiqətən 13.09.1978-ci ildə (Əmr №-35/k, 21.09.1978-ci il) “Salyanneft” X3 İdarəsinin Təsərrüfat hesablı Tikinti Quraşdırma sahəsinə 1-ci dərəcəli fəhlə kimi işə qəbul edilmiş və 17.05.1979cu ildə (Əmr №-25/k, 17.05.1979-ci il) Həqiqi hərbi xidmətə çağırışla əlaqədar işdən azad edilib. 10.07.1981-ci ildə (Əmr №-l20/k, 09.07.1981-ci il) “Salyanneft” NQÇ İdarəsinin Mədənlərin və Qazılmış Yeraltı quyularm əsaslı təmiri sexinə 3-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə işə qəbul edilib, 15.10.1981-ci ildə (Əmr №- 50/k, 15.10.1981-ci il ) Tikinti Quraşdırma sahəsinə keçirilib və 2-ci dərəcəli betonçu peşəsinə qəbul edilib və 21.09.1982ci ildə (Əmr №-60/k,21.09.1982-ci il) Azərbaycan Respublikasının Əmək Qanunlar Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilib. 20.04.1983-cü ildə (Əmr №- 47a, 23.04.1983-cü il) V.İ.Lenin adına Toxuculuq Kombinatına 4-cü dərəcəli kəsici peşəsinə qəbul edilib, 15.05.1983-cü ildə (Əmr №-58, 19.05.1983-cü il) Kombinatın Toxuculuq fabrikinə təmirçi- çilingər peşəsinə keçirilib, 16.07.1983-cü ildə ( Əmr №-83, 16.07.1983-cü il) Kombinatın Hazır məhsullar Fabrikinin Hazırlama sexinə maşinist köməkçisi peşəsinə keçirilib, 05.11.1983-cü ildə (Əmr №-133, 15.11.1983-cü il) Həmin sexdə 4-cü dərəcə verilib, 05.09.1984-cü ildə (Əmr №-87, 19.09.1984-cü il) Həmin sexdə 5-ci dərəcəli usta vəzifəsinə keçirilib və 15.05.1986-cı ildə Azərbaycan Respublikasının Əmək Qanunlar Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilib. 02.06.1986-cı ildə (Əmr №-696-ls, 27.06.1986-cı il) SSRİ Energetika Nazirliyinin “Enerjimexanizasiyatəmir” Xüsusiləşdirilmiş müəssisəsinin X1 Stansiyasında yanacaq kimi istifadə edilməsi üçün Daş kömürün toz halına salınması və qazan avadanlığının təmiri üzrə 5-ci dərəcəli çilingər peşəsinə işə qəbul edilib və 29.08.1986-cı ildə ( Əmr №-908-ls, 27.08.1986- cı il) Azərbaycan Respublikasının Əmək Qanunlar Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilib. 04.05.1987-ci ildə (Əmr №-480-ls, 29.05.1987-ci il) “Enerjimexanizasiyatəmir” Xüsusiləşdirilmiş müəssisəsinin X1 Stansiyasında yanacaq kimi istifadə edilməsi üçün Daş kömürün toz halına salınması və qazan avadanlığının təmiri üzrə 5-ci dərəcəli çilingər peşəsinə işə qəbul edilib və 30.09.1992-ci ildə (Əmr №-270-ls, 30.09.1992-ci il) Azərbaycan Respublikasının Əmək Qanunlar Məcəlləsinin 29-cu maddəsinin 5-ci bəndinə əsasən “Enerjimexanizasiyatəmir” Xüsusiləşdirilmiş müəssisəsinin Azərbaycan- Rusiya birgə Filialına keçirilməsi ilə əlaqədar işdən azad edilib. 01.10.1992-ci ildə Əmr №-l-ok, 01.10.1992-ci il) “Enerjimexanizasiyatəmir” Xüsusiləşdirilmiş müəssisəsinin X1 Stansiyasında yanacaq kimi istifadə olunması üçün Daş kömürün toz halına salınması və qazan avadanlığının təmiri üzrə 5-ci dərəcəli çilingər peşəsinə işə qəbul edilib. 15.01.1993-cü ildə (1795 №-li Sərəncam, 30.12.1992-ci il) “Enerjimexanizasiyatəmir” Azərbaycan İstehsal müəssisəsinin adı dəyişdirilərək, “Azenerjimexanizasiyatəmir” adlandırılıb. 01.04.1997-ci ildə (Əmr №-6/k, 01.04.1997-ci il) Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə (İstehsal-Təmir müəssisəsinə keçirilmə ilə əlaqədar) əsasən işdən azad edilib. Yuxarıda qeyd edilmiş, 10.07.1981-21.09.1982-ci il tarixlərində işlədiyi “Salyanneft” NQÇ İdarəsinin Mədənlərin və Qazılmış Yeraltı quyuların əsaslı təmiri sexindəki peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarının 10.2-ci “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” fəsilinin “Quyuların əsaslı təmirinin qazmaçıları “ bəndinə əsasən qazmaçıların işi xüsusi zərərli əmək şəraitində işlədiyinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 01 il, 02 ay, 11 gün təşkil edir. - 02.06.1986-29.08.1986-cı il, 04.05.1987-30.09.1992-ci il və 01.10.1992- 01.04.1997-ci il tarixlərində işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmirində işləyən çilingər xüsusi zərərli əmək şəraitində işlər hesab edildiyinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. - Güzəştli pensiya üçün staj: 10 il, 01 ay, 23 gün təşkil edir. Məhkəmə kollegiyası arayışın məzmunu təqdiq edərək, hesab edir ki, bu arayışda şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin Siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir, iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir. Beləliklə, təqdim arayış üzrə iddiaçının 02.06.1986-29.08.1986-cı il, 04.05.1987- 30.09.1992-ci il və 01.10.1992- 01.04.1997-ci illərdə (10 il,01 ay, 23 gün) xüsusi zərərli əmək şəraitində işlərdə işlədiyi müəyyən edilir. İşdə olan digər 10.01.2019-cu il tarixli, 01-ZP/18 saylı arayışla iddiaçının 01.04.1997-01.01.2006-cı illərdə (08 il 08 ay) zərərli əmək şəraitində işlədiyi və bu arayışla qeyd edilən güzəştli iş stajı cavabdeh tərəfindən mübahisələndirmir. İddiaçının 01.01.2006-cı il tarixə cəmi 18 il, 09 ay, 23 gün güzəştli iş stajının olduğu müəyyən edilir. Birinci instansiya məhkəməsi haqlı olaraq həmin peşələri AR Nazirlər Kabinetinin 21.06.1993-cü ill tarixli, 320 saylı qərarın “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə qüzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının 2140000a-18455 koda aid etmişdir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində 1978-1997-ci illərdə işlədiyi illərin güzəştli iş stajına daxil edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddiaçıya 57 yaşdan, yəni 20.12.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoymuş, lakin tələbin “1978-1997ci illərdə işlədiyi illərin güzəştli iş stajına daxil edilməsi” hissəsinə hansı nəticəyə gəldiyini və bu zaman hansı illəri güzəştli iş stajına aid etdiyini qərarın nəticə hissəsində göstərilməmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş arayışları nəzərə alaraq hesab edir ki, iddiaçının 02.06.1986-29.08.1986-cı, 04.05.1987-30.09.1992-ci və 01.10.1992-01.04.1997-ci illərdə işlədiyi peşələr zərərli hesab olunduğundan və siyahıda əksini tapdığından güzəştli iş stajına daxil edilməli, iddiaçının 13.09.1978-17.05.1979-cu illərdə işlədiyi peşələrin zərərli olmasına dair arayış təqdim edilmədiyinə görə güzəştli iş stajına daxil edilməməlidir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı “İddiaçı 57 yaşdan, yəni 20.12.2017-ci il tarixdən,” sözlərindən sonra “02.06.1986- 29.08.1986-cı, 04.05.1987-30.09.1992-ci və 01.10.1992-01.04.1997-ci işlədiyi illər güzəştli iş stajına daxil edilərək” sözləri əlavə edilərək dəyişdirilmədən qüvvədə saxlanılsın. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.11.2019-cu il tarixli, 2-1(81)-4250/2019 saylı qərarı “İddiaçı 57 yaşdan, yəni 20.12.2017-ci il tarixdən,” sözlərindən sonra “02.06.1986-29.08.1986-cı, 04.05.1987-30.09.1992-ci və 01.10.1992- 01.04.1997-ci işlədiyi illər güzəştli iş stajına daxil edilərək” sözləri əlavə edilərək dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar