Məhkəmə qərarları › İş №2-1(103)-1078/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1078/2022

25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1078/2022 25.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1979-cu il tarixində Laçın rayonunun Pircahan kəndində anadan olmuş, Laçın rayonu, Qayğı qəsəbə Ərazi dairəsi, Qayğı qəsəbəsi ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan- ünvan 2deh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2-1(112)-9473/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 17.08.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona dəymiş 50 000 (əlli min) manat mənəvi zərərin ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və iddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətinə əsasən 25.06.2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərişi ilə o, əyani müayinəyə göndərilmiş, müayinə olunmuş və onun əlilliyinin səbəb əlaqəsi dəyişdirilmişdir. Sonradan 30.06.2021-ci il tarixdə Laçın Rayon Mərkəzi Xəstəxanası tərəfindən 0280003AAFMA forma 88 yazılıb elektron sistemə daxil edildikdə 09.07.2021-ci ildə iddiaçıya 5 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur. Hətta bu barədə 30.07.2021-ci il tarixə kimi 6 dəfə, 30.07.2021-ci il tarixdə isə axrıncı dəfə onun şəxsi kabinetinə İdarə Heyətinin sədrinin müavinindən cavab məktubu gələrək 0280003AAFMA nömrəli göndəriş əsasında 09.07.2021-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. Eyni zamanda bu barədə iddiaçının şəxsi kabinetində qeydiyyat vardır və sms vasitəsi ilə telefonuna bildiriş gəlmişdir. 05.08.2021-ci ildə ona məlum olmuşdur ki, cavabdeh tərəfindən əsassız olaraq 5 il müddətinə təyin olunan əlilliyi elektron alt sistemdən silinmişdir. Belə ki, 05.08.2021-ci il tarixdə iddiaçı şəxsi kabinetinə baxış keçirən zaman görmüşdür ki, ümumi səhifədə əlillik qiymətləndirilməsi 5 rəqəmindən 4 rəqəminə düşmüş, əlilliyin axrıncı qiymətləndirilməsi sistemdən silinmiş, əlillik müddəti və diaqnoz dəyişdirilmişdir. Bu, iddiaçıya qarşı qərəzli və qanunazidd bir mövqedir, belə ki, qanuna müvafiq olaraq o, 25.06.2021-ci il tarixdə əyani müayinədən keçmiş və əlillik səbəbi dəyişdirilmişdir, sonradan ona məlum olmuşdur ki, ona əlillik qısa müddətli təyin olunmuşdur. Ona Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirilmişdir ki, onun forma 88-i olmadığı üçün belə olub, yeni forma 88 lazımdır, iddiaçı isə Laçın Rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, 0280003AAFMA nömrəli forma 88 sistemə daxil edilmiş və ona 5 il müddətinə əlillik təyin edilmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya külli miqdarda mənəvi zərər vurulmuşdur, yəni o, əlil insanın haqsız olaraq yollarda qalmağı, əsəb-stres keçirməyi, həddindən artıq müalicələrdə olmağı, səhhətinin zəifləməsinə gətirib çıxaran halların olması, daima həkim nəzarətində olmağı və sair digər bu kimi hallara yol verməkləri nəticəsində iddiaçıya 50 000 (əlli min) manat mənəvi zərər vurmuşdurlar. Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2-1(112)-9473/2021 nömrəli qərardadı ilə (hakim A.Əhədova) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2-1(112)-9473/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 izahat verərək, apellyasiya şikayətinə etiraz etdi. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Hazırkı iş üzrə iddiaçı ona dəymiş 50 000 (əlli min) manat mənəvi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.7-ci madəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qanunvericiliyin tələbindən göründüyü kimi kompensasiyanın ödənilməsi haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə iddiaçının qeyd edilən tələblə mənəvi zərərin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdehə müraciət etməsi müəyyən edilmir. Belə ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş Agentliyinə ünvanladığı mənəvi zərərin ödənilməsi ilə bağlı ərizədə cavabdehdən dəymiş 50.000 manat mənəvi zərərin ödənilməsi xahiş edilsə də ərizə İddiaçı (və ya səlahiyyətli nümayəndəsi) tərəfindən imzalanmamış və ərizənin tarixi kimi 11.04.2021-ci il tarixi göstərilmişdir. Təqdim edilmiş poçt qəbzləri isə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmiş məktublar olsa da məktubların göndərilmə tarixləri 04.01.2021-ci il və 24.05.2021-ci il tarixlidir. Göründüyü kimi iddiaçının mənəvi zərərə məruz qalmasına əsas ola biləcək cavabdeh orqanın iddia edilən hərəkətlərinin baş vermə tarixi iyul-avqust 2021-ci ilə uyğun gəldiyi və mənəvi zərərin vurulması ehtimalı da məhz həmin tarixə təsadüf edə biləcəyi halda həmin tarixdən əvvəl, yəni yanvar və aprel 2021-ci il tarixlərdə hələ baş verməmiş iddia edilən qanunsuz hərəkət və onun nəticəsi olaraq mənəvi zərərin ödənilməsini tələb etmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müvafiq tələbi üzrə cavabdeh orqanda müvafiq tələblə bağlı inzibati icraat aparılmadığından iddia tələbi haqlı olaraq birinci instansiya məhkməsi tərəfindən mümkün sayılmamışdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2-1(112)-9473/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar