Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1078/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 Mərkəzinə və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “hərəkət və hərəkətsizliyin aradan qaldırılması, işsizliyə görə sığortanın, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2-1(112)-12220/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 Mərkəzinə və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, ona 2022-ci ilin aprel ayından işsizliyə görə hər ayına əmək haqqının 70 faizi məbləğində sığortanın və maddi mənəvi ziyana görə 6 min manat ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Quru Qoşunlarında 2011-2022-ci illərdə müqavilə əsasında gizir rütbəsində xidmət etmişdir. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və xidmət etdiyi dövrdə dəfələrlə təltif olunmuşdur. 29 mart 2022-ci il tarixdə müqavilənin vaxtı bitdiyinə görə tərxis olunmuşdur. 5 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 Mərkəzinə sənədlərini təqdim edərək qeydiyyat və işsizliyə görə sığorta ödənişinin alınması üçün müraciət etdikdə onun sistemdə iş stajının olmaması səbəbindən müavinət verilməsinin mümkün olmadığı bildirilmişdir. O, hərbi xidmətdən öncə işləmişdir və ona kart verilmişdir. Yazdığı ərizəyə cavab olaraq Məşğulluq Xidməti tərəfindən bildirilmişdir ki, işsizliyə görə sığorta pulunu Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ödəməlidir. Hazırda ona 80 manat verilir. Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2-1(112)-12220/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2-1(112)- 12220/2022 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkünsüz hesab edərkən qərardadını belə əsaslandırmışdır ki, iddiaçı müxtəlif cavabdehlərə qarşı müxtəlif tələblər irəli sürsə də, hansı cavabdehə qarşı hansı tələbi irəli sürdüyü aydın deyildir, eləcə də, tələbləri aydın olmamaqla bərabər, prosessual həmiştirakçılığın və müxtəlif tələblərə bir icraatda baxılmasının zəruriliyini əsaslandırmamışdır. Müvafiq iddia lazımi qaydada qaldırılmayıb və formal tələblərə cavab vermir. Bununla bağlı məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilməklə müddət təyin olunmuş, lakin iddia həmin tələblərə uyğunlaşdırılmamışdır. Odur ki, iddia mümkün hesab edilməməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə prosessual həmiştirakçılığa yol verilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşsa da, qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarındakı mövqeyə əsasən, məhkəmələr prosessual həmiştirakçılığın yolverilənliyini öz xidməti vəzifələrinə uyğun olaraq yoxlamalı olsalar da, bu yoxlama İPM-in 13-cü maddəsi ilə yardım etmək vəzifəsini istisna etmir. Belə ki, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 Mərkəzinin və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin birgə cavabdeh ola bilməməsi nəticəsinə gəlsə də, iddiaçıya düzgün cavabdehin seçilməsi ilə bağlı lazımi qaydada hüquqi yardım göstərməməklə, inzibati prosessual qanunvericiliyin tələblərini pozmaqla iddia tələbini mümkün saymamışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. AR İnzibati-Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə tərəfindən sonuncu məhkəmə iclasında iddiaçının nümayəndəsinə hüquqi yardım göstərilərək, iddia tələbinin dəqiqləşdirilməsi təklif edilsə də, məhkəmə AR İPM-nin 13-cü maddəsində müəyyən edilmiş hüquqi yardım göstərilməsi ilə bağlı vəzifəni yerinə yetirməmiş, iddianın mümkün sayılmamasına səbəb olan halların aradan qaldırılması üçün lazımi şərait yaratmamış və bunun üçün ağlabatan vaxt təyin etməmiş, iddia ərizəsinə baxan birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunun yuxarıda qeyd edilən imperativ tələblərinə əməl edilməmişdir. Belə ki, hər hansı iddianın ümumi və ya xüsusi mümkünlük şərtlərinə cavab veribverməməsinə qiymət verilməsi üçün ilk növbədə iddianın hansı cavabdehə qarşı qaldırılmalı olduğu məsələsinə aydınlıq gətirilməlidir. Çünki, konkret iş üzrə cavabdehin kim olması aydınlaşdırılmadığı halda cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulub-pozulmamasına və ya cavabdehə ilkin müraciət edilib-edilməməsinə qiymət verilməsi mümkün deyil. Lakin birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan hallara qiymət vermədən qərar qəbul etməklə, İPM-in 12.1-ci maddəsində təsbit olunmuş işin hallarının araşdırılması prinsipini pozmuşdur. Belə olan halda məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyası prosessual hüquq pozuntusu kimi qiymətləndirir və hesab edir ki, göstərilən qaydaların pozulması son nəticədə məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2-1(112)-12220/2022 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-1(103)-1078/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1078/2023
02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver