Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1079/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X3 publik hüquqi şəxsinin Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyinin nümayəndəsi X1 iştirakı ilə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2932/2020 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixə qədər “Azşərqtrans” şərikli müəssisəsində sürücü vəzifəsində işlədiyi illərin sosial sığorta stajına əlavə edilib, əmək pensiyasının yenidən hesablanaraq, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının əmək kitabçasında “Azşərqtrans” şərikli müəssisəsində sürücü vəzifəsinə işə qəbul tarixi qeyri-dəqiq yazılmış, həmin tarixlə bağlı hər hansı düzəliş edilməmişdir. Bundan əlavə, “Azşərqtrans” şərikli müəssisəsi 1997ci ildə dövlət qeydiyyatına alınsa da, 2009-cu ildə sığortaedən kimi qeydiyyatdan keçmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayətə uyğun izahat vermiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdırıb, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsassızdır. İşdə olan, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinə görə iddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. Cavabdehin iddiaçıya ünvünlanmış xx.xx.2019-cu il tarixli **********4 nömrəli Əmək pensiyasının təyin edilməsi barədə Bildirişində göstərilmişdir ki, onun tələb olunan 25 il sosial sığorta stajı olmadığı üçün ərizəsini təmin etmək mümkün deyil. “Əmək pensiyaları haqqında” AR Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyada 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. xx.xx.2018-ci il tarixdə iddiaçının 63 yaş yarımı tamam deyildi, lakin xx.xx.2019-cu il tarixdə onun 64 yaşı tamam olmuşdu. “Əmək pensiyaları haqqında” Qanunun: 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 21.2-ci maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). İddiaçı qanunla tələb olunan 25 il sığorta stajına da malikdir. Belə ki, əsli məhkəmə kollegiyası tərəfindən tədqiq edilən və işə əlavə olunan xx.xx.1972-ci il tarixdən doldurulmağa başlanmış əmək kitabçasına əsasən iddiaçı xx.xx.1972-ci il tarixdə əmək fəaliyyətinə başlamış, 1973-1975-ci illərdə hərbi xidmət də daxil olmaqla, xx.xx.2002-ci il tarixədək işləmişdir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 3.2.3. mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə); 3.2.4. Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); 3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. “İnzibati icraat haqqında” AR Qanununun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.2). Sadalanan normaların tələblərinə uyğun olaraq, iddiaçının mübahisəli dövrdə əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunur. Əmək kitabçasının yalnız xx.xx.1998-xx.xx.2002-ci il tarixlərə aid məlumatları cavabdeh tərəfindən mübahisə edilsə də, cavabdeh müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görməmiş, həmin məlumatlara şübhə etməklə, habelə hüquqi faktı inkar yolu ilə ərizəyə və iddiaya etiraz etməklə işini bitmiş saymış, İPM-in 14.3-cü maddəsinin tələbinə müvafiq qaydada iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək əvəzinə, qanunsuz olaraq bunu iddiaçıdan və məhkəmədən gözləmiş və tələb etmişdir. Bunun təbii nəticəsi kimi, cavabdehin faktiki cəhətdən heç bir dəlil ehtiva etməyən, xx.xx.2020-ci il tarixdə təqdim olunmuş apellyasiya şikayəti də formal olmuşdur. Cavabdehin iddiaçının əmək kitabçasına etirazının əsaslarını təsdiq etmək üçün müvafiq qurumlara hər hansı sorğu ilə çıxış etməsi iş materilları ilə təsdiq olunmur. Halbuki, “İnzibati icraat haqqında” AR Qanununun 24-cü maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). “İnzibati icraat haqqında” Qanuna xx.xx.2018-ci il tarixli 1383-VQD nömrəli Qanunla əlavə edilmiş 32.2-1-ci maddəyə əsasən, inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Eyni Qanuna xx.xx.2018-ci il tarixli 1446-VQD nömrəli Qanunla əlavə edilmiş 30.5ci maddə ilə də qanunverici oxşar tənzimləməyə üstünlük vermiş, bununla da inzibati orqana müraciət edən fərdin hüquqlarının maksimum təminatına rəvac vermişdir. Adıçəkilən normaya görə, inzibati orqan qanunla ərizəyə əlavə edilməli olan sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edir. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin olunur. Həmin sənədlər bu Qanunun 32.4-cü maddəsinə uyğun olaraq kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər. Həmçinin, İPM-in 12-ci maddəsində əks olunan işin hallarının araşdırılması prinsipi məhkəmənin cavabdeh inzibati orqanın yerinə keçərək, onun əvəzinə sübutların toplanması üçün müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi, eləcə də inzibati prosessual qanunvericiliklə qorunmağa çalışılan balansın (hegemon publik hakimiyyət daşıyıcısı ilə müqayisədə fərdin məhdud imkanlarının ədalət mühakiməsi müstəvisində bərabərliyinin təmin olunmasının) pozulmasına haqq qazandırmaq kimi başa düşülməməlidir. Belə hallarda obyektiv həqiqət prinsipi də mütləq anlamda qəbul edilərək, sırf fərdin əleyhinə işləyən mexanizmə çevrilməməlidir. İPM-in 15.1-ci maddəsinə görə də, inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, cavabdehin mübahisəli saydığı, iddiaçının işlədiyi “Azşərqtrans” şərikli müəssisəsinin 2009-cu ildə sığortaedən kimi qeydiyyatdan keçməsi iddiaçının məsuliyyət dairəsinə aid olmamaqla, daha çox cavabdeh inzibati orqanın fəaliyyət hüdudlarında cərəyan etmişdir. Əmək kitabçasında “Azşərqtrans” şərikli müəssisəsində iddiaçının sürücü vəzifəsinə işə qəbul tarixində cüzi düzəliş isə onun həmin vəzifəyə təyin edilməsi barədə xx.xx.2002-ci il tarixli 132 nömrəli əmrin tarixi ilə uzlaşır. Digər tərəfdən, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” AR Qanununun 1-ci maddəsinə müvafiq qaydada sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmiş, 4-cü maddəsi ilə bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilmiş, Qanun 2018-ci il aprelin 1-dən qüvvəyə minmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının 64 yaş və 25 il sığorta stajı şərtlərini ödəyərək, ona xx.xx.2019-cu il tarixdən, yəni 64 yaşından yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2932/2020 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X3 publik hüquqi şəxsinin Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyinin apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1079/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1079/2020
14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver