Məhkəmə qərarları › İş №2-1(103)-1079/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1079/2023

15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1079/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və digərlərinə qarşı “hərəkət və hərəkətsizliyin aradan qaldırılması, əmrlərin ləğv edilməsi, buraxılmış müddətin üzrlü sayılması və stajına daxil edilməsi, maddi və mənəvi ziyanın ödənilməsinin vəzifəli şəxslərin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və digərlərinə qarşı “hərəkət və hərəkətsizliyin aradan qaldırılması, əmrlərin ləğv edilməsi, buraxılmış müddətin üzrlü sayılması və stajına daxil edilməsi, maddi və mənəvi ziyanın ödənilməsinin vəzifəli şəxslərin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-12239/2022 saylı 07 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və digərlərinə qarşı “hərəkət və hərəkətsizliyin aradan qaldırılması, əmrlərin ləğv edilməsi, buraxılmış müddətin üzrlü sayılması və stajına daxil edilməsi, buraxılmış müddətə görə ona əmək haqqının verilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin vəzifəli şəxslərin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ədliyyə Nazirliyinin müvafiq əmrlərinə əsasən işdən azad edilmiş, dəfələrlə bu əmrlərin ləğvi barədə müraciət etmişdir. İddia edir ki, təqib və təzyiqlərə məruz qaldığı üçün insult keçirmişdir və həyat yoldaşı isə qan xəstəsi olmasına baxmayaraq pensiya ala bilmir. Böyük oğlu müharibə veteranıdır və ona əlillik təyin edilməmişdir. Hesab edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin əmrləri (2000-ci il aprel, 2001-ci il yanvar və avqust tarixli) ləğv olunmalı, onun buraxılmış müddət əmək stajına əlavə olunmalı və ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12239/2022 saylı 07 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının və İnzibati Prosessual Məcəllənin müddəaları ilə əsaslandırılmışdır. Tərəflərin izahatları xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və digərlərinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); (2.2.1). - inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); (2.2.2). - inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); (2.2.3). - inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); (2.2.4). - inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; (2.2.7). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3) İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. (16.1) İddia ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. (16.2) Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. (16.3) İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. (16.6) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Hazırki işdə iddiaçı konkret hansı vəzifəli şəxlərin barəsində hansı tədbir görülməsini tələb etdiyini və hansı səbəblərdən və hansı əsaslara tədbir görülməli olmasını, barəsində olan hansı əmrlərin ləğv edilməsi, hansı buraxılmış müddətin üzrlü sayılması və stajına daxil edilməsi və həmin müddətə görə ona əmək haqqının verilməsini tələb etdiyni, həmçinin dəymiş maddi və mənəvi ziyanın məbləğini və tələbini əsaslandıran halları iddia ərizəsində göstərməmişdir. Bundan başqa, iddiaçı müxtəlif cavabdehlərə qarşı müxtəlif tələblər irəli sürsə də, tələbləri aydın olmamaqla bərabər, prosessual həmiştirakçılığın və müxtəlif tələblərə bir icraatda baxılmasının zəruriliyini əsaslandırmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müvafiq iddia lazımi qaydada qaldırılmayıb və formal tələblərə cavab vermir. Bununla bağlı işə baxmış birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilməklə müddət təyin olunmuş, lakin iddia həmin tələblərə uyğunlaşdırılmamışdır. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər iş materialları ilə təkzib olunduğu üçün qəbul edilmir, formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi üçün heç bir əsas yaratmır. Bununla bağlı iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12239/2022 saylı 07 oktyabr 2022-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12239/2022 saylı 07 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar