Məhkəmə qərarları › İş №2-1(103)-108/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-108/2021

05.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-108/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X69 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X19, cavabdehin nümayəndəsi X34, 3-cü şəxslər X20, X35, X42, X74 və X6, X15, X8, X11, X12, X21, X16, X36 nümayəndəsi X22 iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxslər X28, X20, X17, X35, X48, X18, X23, X29, X13, X42, X37, X54, X55, X56 və X30) qarşı “22 iyun 2016-cı il tarixli 257 nömrəli sərəncamın ləğv edilməsi və müvafiq hərəkətlərin edilməsindən çəkinmək öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli, 2-1(82)-4035/2019 saylı qərarından 3-cü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Bakı şəhəri X40 torpaq sahəsi ayrılması barədə olan 15.02.1989-cu il tarixli, 1/14 saylı qərarının etibarsız hesab edilməsinə dair” Cavabdeh Başçısının 22.06.2016-cı il tarixli, 257 saylı sərəncamının ləğv edilməsinə və Cavabdeh üzərinə Bakı şəhəri X61 İcraiyyə Komitəsinin 15.02.1989-cu il tarixli, 1/14 saylı qərarının ləğv edilməsinə və ya etibarsız sayılmasına yönələn hər hansı hərəkətlərin edilməsindən və ya qərar (sərəncam) qəbul edilməsindən çəkinmək vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər XDS İK-nın 7 may 1976-cı il tarixli 25/247 nömrəli qərarı ilə keçmiş Azərbaycan SSR Tikinti Nazirliyinə Bakı şəhəri, Bilgəh qəsəbəsində 5 ha torpaq sahəsi ayrılmışdır. Bakı Şəhər XDS İK-nın 15 fevral 1989cu il tarixli 1/14 nömrəli qərarı ilə həmin ərazinin 4 ha hissəsi kooperativ bağların tikintisi üçün ayrılmışdır. Tikinti Nazirliyinin tabeliyindəki “xxxx” müəssisəsinin nəzdində İddiaçı təsis edilmiş və keçmiş Şaumyan rayon XDS İK-nın 27 oktyabr 1989-cu il tarixli 81/58 nömrəli qərarı ilə həmin Kooperativ qeydiyyatdan keçmişdir. Həmin 4 ha torpaq sahəsinə dair Bakı şəhərinin baş memarının müavini tərəfindən 29 may 1989-cu il tarixdə təsdiqlənmiş inşaat pasportu və ayrıc aktı tərtib edilmişdir. Ayrılmış torpaq sahəsinin həqiqətən də İddiaçı istifadəsində olması 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(82)-372/2012 saylı iş üzrə qanuni qüvvəyə minmiş 1 may 2012-ci il tarixli qərarı ilə də təsdiq olunur. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən Kooperativə ayrılmış torpaq sahəsinə dair 30 oktyabr 2012-ci il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. İddiaçı BTK Bilgəh bələdiyyəsinin “fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə” 22 noyabr 2005-ci il tarixli 041 nömrəli qərarının və onun hüquqi nəticələrinin etibarsız sayılması tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İnzibati iş üzrə icraat zamanı məlum olmuşdur ki, Bakı ŞİH-in 22 iyun 2016-cı il tarixli 257 nömrəli sərəncamı ilə Bakı Şəhər XDS İK-nın 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarı və həmin qərar əsasında aparılmış hər hansı sənədləşmə, verilmiş sənədlər etibarsız sayılmışdır. 22 iyun 2016-cı il tarixli 257 nömrəli sərəncamda əsas kimi göstərilmişdir ki, inşaat pasportunun “qeyd” hissəsində torpaq sahəsində 2 ildən artıq müddət istifadə edilmədiyi halda ondan istifadə hüquqlarına xitam verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, Bakı ŞİH 8 aprel 2014-cü il tarixdə 145 nömrəli eyni məzmunlu sərəncam qəbul etmiş və İddiaçı BTK həmin sərəncamın ləğv edilməsi tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin 4 iyun 2014-cü il tarixli qərarı ilə iddia təmin edilərək Bakı ŞİHin 8 aprel 2014-cü il tarixli 257 nömrəli sərəncamı ləğv edilmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2015-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Eləcə də Ali Məhkəmənin 16 fevral 2016-cı il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 15 oktyabr 2015-ci il tarixli qərarı qüvvəsində saxlanılmışdır. Üç məhkəmə instansiyasının qərarlarında həmin torpaq sahəsinin İddiaçı BTK-nın istifadəsində olması öz təsdiqini tapmışdır. Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2015-ci il tarixli qərarında məhkəmə kollegiyası vurğulamışdır ki, 9 may 1989-cu il tarixdə təsdiqlənmiş inşaat pasportunda əks olunan 2 illik müddət 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarda tanınan hüquqla deyil, pasportda nəzərdə tutulan işlərin həyata keçirilmə müddəti ilə bağlıdır. Bundan başqa, ayrılmış torpaq sahəsinin İddiaçı BTK-nın istifadəsində olması 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1 may 2012-ci il tarixli qərarı ilə də təsdiq edilmişdir və qərar icra olunaraq torpaq sahəsinə dair plan və ölçü verilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh yenidən 15.02.1989-cu il tarixli 1/14 saylı qərarın etibarsız sayılaraq, qərar əsasında aparılmış hər hansı sənədləşmələrin və verilmiş sənədlərin etibarsız hesab edilməsinə dair 22.06.2016-cı il tarixli 257 saylı sərəncam qəbul etmişdir. Sərəncamdan göründüyü kimi, qəbul edilən inzibati aktda qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş hallar nəzərə alınmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.09.2016-cı il tarixli 2-1(81)-3398/2016 saylı qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.11.2016-cı il tarixli 2-1(82)-3652/2016 saylı qərardadı ilə iddiaçının nümayəndəsinin “mübahisənin aidiyyətinin müəyyən edilməsinə dair” vəsatəti təmin edilməmiş, həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 01.02.2017-ci il tarixli 2-1(103)-430/2017 saylı qərardadı ilə təmin edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.01.2018-ci il tarixli 2-1(82)-31/2018 saylı qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Bakı Şəhər İcra Hakimiyətinin “Bakı Şəhər XDS İK-nin 15.02.1989-cu il tarixli, 1/14 nömrəli qərarının etibarsız sayılması barədə” 22.06.2016-cı il tarixli 257 nömrəli sərəncamının ləğv edilməsi və Cavabdeh gələcəkdə Bakı Şəhər XDS İK-nin 15.02.1989-cu il tarixli 1/14 nömrəli qərarının eyni əsaslarla etibarsız sayılması ilə bağlı sərəncam qəbul etməsindən və hərəkətlərə yol verməsindən çəkinməsi qərara alınmışdır. X28, X20, X17, X35, X48, X18, X23, X29, X13, X42, X37, X54, X55, X56 və X30 vəsatətlə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iş üzrə 3-cü şəxs qismində cəlb edilmələri haqqında qərardad qəbul edilməsini xahiş etmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.09.2018-ci il tarixli 2-1(82)-31/2018 saylı qərardadı ilə qeyd edilən şəxslərin vəsatəti təmin edilmiş, həmin şəxslər inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 31/2018 saylı iş üzrə 29 yanvar 2018-ci il tarixli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4035/2019 saylı 02.12.2019-cu il tarixli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Bakı ŞİH-in “Bakı Şəhər XDS İK-nin 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarının etibarsız sayılması barədə” 22 iyun 2016-cı il tarixli 257 nömrəli sərəncamının ləğv edilməsi və Cavabdehnə gələcəkdə Bakı Şəhər XDS İK-nin 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarının eyni əsaslarla etibarsız sayılması ilə bağlı sərəncam qəbul edilməsindən və hərəkətlərə yol verilməsindən çəkinməsi qərara alınmışdır. Həmin qərardan 3-cü şəxslər apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən şəxslər üçüncü şəxs qismində işə cəlb edildikdən sonra həmin şəxslərin vəsatətinin əsaslı olması ilə bağlı heç bir araşdırma aparılmamışdır. 3-cü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmiş, məhkəmə bildirişləri məhkəmə iclasının keçirildiyi gün çatdırılmışdır. Məhkəmənin qərarı 29.01.2018-ci il tarixli qərarında qeyd edilən xüsusatların eynisinin yeni qərara köçürülməsindən başqa bir şey deyildir. Məhkəmə tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu ünvanlanmış, sorğuya cavabda iddiaçıya ayrılmış torpaq sahəsi ilə qeydiyyata alınmış çıxarışlara əsasən vətəndaşların mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşdüyü qeyd edilmişdir. Bununla bağlı tərəflər arasında davam edən başqa bir icraatda aparılmış ekspertiza ilə torpaq sahələrinin üst-üstə düşdüyü bilinməkdə idi və həmin rəyin surəti iş materiallarında mövcuddur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ümumilikdə 29.01.2018-ci il tarixdə qəbul edilmiş qərarla eynilik təşkil etməkdədir. Cavabdeh tərəfindən 22.06.2016-cı il tarixdə qəbul edilmiş 257 saylı sərəncam Bakı şəhəri XDS İK-nin 15.02.1989-cu il tarixli 1/14 saylı qərarının etibarsız hesab edilməsi, eyni əsaslarla təkrar qəbul edilmiş kimi tövsif edilə bilməz. Bundan əvvəl mübahisələndirilən və ləğv edilən BŞİH Başçısının 08.04.2014-cü il tarixli 145 saylı qərarı vətəndaş X7 müraciəti əsasında qəbul edilmişdir. Bununla bağlı məhkəmə mübahisəsi davam edərkən formalaşan məhkəmə mövqeyi iddiaçının mübahisəli inzibati icraat barədə cavabdeh tərəfindən lazımi qaydada məlumatlandırılmaması olmuşdur. Yəni iddiaçı bu inzibati icraatla bağlı cavabdeh tərəfindən lazımi qaydada məlumatlandırılsaydı, (ki, bununla bağlı bildirişlərin zamanında göndərildiyinə dair işdə yetəri qədər sübutlar mövcud olduğu halda 08 aprel 2014-cü il tarixli 145 saylı sərəncamla bağlı məhkəmə icraatı zamanı məhkəmələr bunu nəzərə almamışdır) qəbul edilmiş inzibati akt qanuni hesab ediləcəkdi. Ancaq, cavabdeh BŞİH Başçısının 22.06.2016-cı il tarixli 257 saylı sərəncamı qəbul edilərkən hər hansı bir şəxsin müraciəti olmamış, cavabdeh Bakı şəhər XDS İK-nin 15.02.1989-cu il tarixli 1-14 saylı qərarının inzibati icraat haqqında qanunvericiliyin tələblərini rəhbər tutaraq etibarsız hesab etmişdir. İstər işdə olan materiallardan, istərsə də mübahisələndirilən inzibati aktdan da göründüyü kimi torpaqayırma sənədləri əsasında iddiaçıya tikinti üçün 2 illik müddət verildiyi halda 1989-cu ildən inzibati aktın qəbul edildiyi 2016-cı il tarixinə qədər heç bir tikinti işləri aparılmamış, ümumiyyətlə iddiaçı tərəfindən həmin torpaq sahəsi üzrə heç bir tədbir görülməmişdir. Sadəcə iddiaçının yaddaşına 1989-cu il tarixində hüquqi varisi olduğu müəssisəyə torpaq sahəsi verildiyi yadına düşmüş, bununla bağlı torpaq sahəsinə plan və ölçü verilməsinə dair qərar qəbul edilməsinə nail olmuş, üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələrinin kənar xəttindən həmin sahəyə torpaq sahəsinin koordinatlarını çıxartdırmaqla hal-hazırdakı mübahisələrin yaranmasına səbəbiyyət vermişdir. Bu səbəbdən cavabdeh tərəfindən haqlı olaraq inzibati aktın faktiki səbəblər üzündən icrasının mümkün olmaması əsas kimi qəbul edilərək inzibati aktın etibarsız sayılmasına dair hal-hazırda mübahisələndirilən sərəncam qəbul edilmişdir. Sərəncamda da qeyd edildiyi kimi Bakı şəhəri XDS İK-nin 15.02.1989-cu il tarixli qərarı ilə ayrılmış torpaq sahəsi uzun illərdir ki, iddiaçı tərəfindən heç bir tikinti işləri aparılmayaraq təyinatı üzrə istifadə edilməmişdir. Mübahisələndirilən sərəncamda da qeyd edildiyi kimi həmin vaxt qüvvədə olan Azərbaycan SSR Torpaq Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən torpaq sahəsindən iki il müddətinə təyinatı üzrə istifadə edilmədikdə torpaqayırma sənədləri öz hüquqi qüvvəsini itirir. Qərarda bu maddənin tələblərini görmək mümkün olmamışdır. Analoji müddəa hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsində də öz əksini tapmaqdadır. Bu cür tələblərin torpaq qanunvericiliyində hər zaman olmasının əsas səbəbi hər hansı tikinti və ya buna bənzər məqsədlər üçün ayrılmış torpaq sahələrinin təyinatı üzrə istifadə edilmədiyi təqdirdə müvafiq hüquqlara xitam verilməsidir. Birinci instansiya məhkəməsi daha əvvəlcədən BŞİH-nin 145 saylı 08 aprel 2014-cü il tarixli sərəncamı ilə bağlı məhkəmə mübahisələri zamanı inşaat pasportunda qeyd edilən 2 illik müddətin 15 fevral 1989-cu il tarixli 1/14 saylı qərarla tanınan hüquqlara deyil, pasportla nəzərdə tutulan işlərin həyata keçirilməsi müddəti ilə bağlı qeydinə istinad etmişdir. İstənilən inşaat pasporunda qeyd edilən 1 illik və ya 2 illik müddət həmin dövrdə qüvvədə olan Torpaq Məcəlləsinin müddəaları ilə tənzimlənir və bu müddəalar da torpaqların təyinatı üzrə istifadə edilmədiyi hallarda müvafiq hüquqlara xitam verilməyi nəzərdə tutur. Yəni qeyd edilən müddət ərzində torpaq sahəsinin təyinatı üzrə istifadə edilmədiyi təqdirdə qüvvəsini itirən sənədlər torpaqayırma sənədləridir. Torpaqayrıma sənədləri dedikdə buna torpağın ayrılması barədə sərəncam və ya qərar, tikinti ilə bağlı ayrılmış torpaq sahəsinin ayrıc aktı və s. bu kimi sənədlər başa düşülməkdədir. Birinci instansiya məhkəməsi 23 ildən daha çox torpaq sahəsinin yerləşdiyi yeri belə bilməyən hüquqi şəxsin əsassız iddiasını araşdırmadan və torpaq sahəsinin yerləşdiyi yeri belə görmədən iddia tələbini təmin etməkdədir. Torpaqayırma sənədlərinin qanunvericiliklə nəzərdə tutulan müddətdə öz hüquqi qüvəsini itirdiyinə dair qanunvericiliyin tələbini nəzərə almamaqdadır. İddiaçı BTK-nin üzvü olan və hal-hazırda mübahisə predmeti olan torpaq sahəsinin tam qonşuluğunda yaşayan X49, X38, X31 yaranmış olan iddia predmeti ilə bağlı məlumatlı olmadıqlarını, hal-hazırda yaşadıqları bağ evinin ərazisini İddiaçı BTK-nin üzvü olaraq aldıqlarını dəfələrcə şifahi qaydada bizə bildirdiklərini məhkəmənin diqqətinə çatdırardılar. Daha bir çox İddiaçı BTK-nin üzvü olan şəxs bağ tikinti kooperativinin üzvü olaraq torpaq sahəsini almış, müvafiq tikinti işlərini aparılmışdır. Adı qeyd edilən həmin şəxslərin məhkəmə iclasına dəvət edilərək iddiaçı bağ tikinti kooperativinin üzvü olaraq onlara düşən torpaq payını aldıqlarını, aldıqları torpaq payının hal-hazırda mübahisə predmeti olan yerdə deyil, ondan daha yuxarı tərəfdə yerləşdiyi məhkəmənin diqqətinə çatdırılması mümkün olardı, ancaq birinci instansiya məhkəməsi bizləri bu hüquqlardan qərəzli olaraq məhrum etmişdir. Həmçinin, Bakı şəhər X61 İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli qərarı ilə ayrılmış 4 ha torpaq sahəsi “xxxx” Firması nəzdində İddiaçı BTK-nin 49 üzvünə bölündüyü halda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2011-ci il tarixli qətnaməsi ilə İddiaçı BTK-nin təsisçilərinin bərabər, yəni 1/28 paylarla kooperativin 28 üzvündən ibarət olması faktı müəyyən edilmişdir. Qeyd olunan torpaq sahəsi “xxxx” Firması nəzdində İddiaçı BTK-nin üzvlərinin ümumi iclasının 49 nəfər kooperativ üzvləri arasında bölünmüş və iclasın qərarına əsasən hər bir kooperativ üzvünə arayış order verilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi İddiaçı BTK-nin əvvəl 49 üzvü olmuş, daha sonradan 2011-ci il tarixində yenidən təşkil nəticəsində bağ tikinti kooepartivinin üzv sayısı 28 olaraq müəyyən edilmişdir. Bildirmək istəyirik ki, hal- hazırda BTK-nin əvvəlki 49 nəfər üzvlərindən olub, həmin ərazidə torpaq sahəsi əldə edən şəxslər mövcuddur. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən 3-cü şəxslər X6, X15, X8, X11, X12, X21, X16, X36 nümayəndəsi X43 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, Ali Məhkəmənin Plenum qərarında 5 əsas göstərilib ki, nə vaxt akt inzibati akt sayıla bilər. Burada səlahiyyət məsələsi mübahisələndirilə bilməz. Formaya da riayət edilib. Məzmun da düzgündür. Səbəb isə işlərin iki il ərzində görülməməsi səbəbindən bu sərəncam olmuşdur. BŞİH eyni əsasla ləğv etməyib. Məqsəd isə istifadə edilməmiş və 23 il sonra yadlarına düşmüşdür ki, bizim belə bir torpağımız olmuşdur. Bütün ərazi Kübra xanımla aparılmış alqı-satqı nəticəsində alınmış torpaq sahəsidir. Məhkəmə iclasında iştirak edən digər 3-cü şəxslər X20, X35, X42, X74 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X19 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X34 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər 3-cü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən digər 3-cü şəxslərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən 3-cü şəxslərin apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli, 2-1(82)-4035/2019 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. İş materiallarından müəyyən edilir ki, Bakı şəhər X61 İcraiyyə Komitəsinin 07.05.1976-cı il tarixli 25/347 saylı qərarına əsasən Azərbaycan SSR Sənayə Tikintisi Nazirliyinin xahişinin təmin edilməsi və torpaqdan faktiki istifadə üzrə Lenin rayonu, Bilgəh kəndində uşaq baxçasının tikintisi üçün “Çayka” pioner düşərgəsinə 5,0 ha əlavə torpaq sahəsi ayrılması qərara alınmışdır. Bakı şəhər X61 İcraiyyə Komitəsinin 15.02.1989-cu il tarixli 1/14 saylı qərarı ilə Azərbaycan SSR Tikinti Nazirliyinin xahişinin təmin edilməsi və Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin 25/347 saylı 7.05.76-cı il tarixli qərarı ilə Lenin rayonu Bilgəh kəndində yerləşən Avtoekspedisiya trestinə “Çayka” şərqi pioner düşərgəsi üçün ayrılmış torpaq sahəsində kooperativ bağ evlərinin layihələndirilməsinə razılıq verilmişdir. Bakı şəhərinin Baş Memarının müavini tərəfindən 29.05.1989-cu il tarixdə təsdiqlənmiş İnşaat pasportu və Ayrıc aktı verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.06.2014-cü il tarixli 2-1(81)-2804/2014 saylı qərarının surətində qeyd olunur ki, keçmiş Şaumyan rayonu X61 İcraiyyə Komitəsinin 27.10.1989-cu il tarixli 81/58 saylı qərarının surətindən görünür ki, Bakı şəhər X61 İcraiyyə Komitəsinin 15.02.1989-cu il tarixli, 1/14 saylı qərarı ilə Azərbaycan SSR Tikinti Nazirliyinə kooperativ bağların tikintisi üçün torpaq sahəsi ayrılmasını nəzərə alaraq, qeyd olunan nazirliyin struktur bölməsi olmuş “xxxx” müəssisəsinin nəzdində İddiaçı təsis edilmiş və Kooperativ qeydiyyata alınmışdır (İ cild, i.v.10). İddiaçı 04.07.2011-ci il tarixli nizamnaməsinin təsdiq olunmuş surətində qeyd olunur ki, bu Nizamnamə Bakı şəhəri, Şaumyan rayonu, X27 İcraiyyə Komitəsinin 27 oktyabr 1989-cu il tarixli, 81/58 saylı sərəncamı ilə dövlət qeydiyyatına alınmış İddiaçı yeni redaksiyada nizamnaməsidir (1.2-ci bənd), (İ cild i.v.24). Həmçinin, İddiaçı 22.10.2014-cü il tarixli Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 27.10.1989-cu il tarixdə qeydiyyata alınmışdır (İ cild, i.v. 33). İddiaçının iddia tələbinin birinci hissəsini Cavabdeh Başçısının 22.06.2016-cı il tarixli 257 saylı sərəncamının ləğv edilməsi təşkil edir. Ləğv edilməsi xahiş olunan sərəncamla Bakı şəhər X40 “torpaq sahəsi ayrılması barədə” olan 15.02.1989-cu il tarixli 1/14 saylı Qərar 16.02.1991-ci il tarixdən etibarsız hesab edilmiş və həmin qərar əsasında aparılmış hər hansı sənədləşmələr və verilmiş sənədlər hüquqi qüvvəsini itirmiş hesab edilmişdir. İş materiallarından göründüyü kimi cavabdeh tərəfindən inzibati aktın etibarsız hesab edilməsi məsələsinə baxılması cavabdehin 03.06.2016-cı il tarixli 7-232/10q saylı qərarı ilə təyin edilmiş, iddiaçı tərəfindən kollektiv şəkildə etiraz təqdim edilmişdir. Cavabdeh tərəfindən 15.02.1989-cu il tarixli 1/14 saylı Qərarın etibarsız hesab edilməsi əsası kimi əvvəlki Azərbaycan SSR Torpaq Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən iki il müddətində təyinatı üzrə istifadə edilməməsi göstərilmişdir. “İnzibati icraat haqqında” qanunun 65-ci maddəsində inzibati aktın etibarsız sayılmasının əsasları müəyyən edilmişdir. 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan Azərbaycan SSR Torpaq Məcəlləsinin 32-ci maddəsinə əsasən sahəsindən iki il müddətinə təyinatı üzrə istifadə edilmədikdə torpaqayırma sənədləri hüquqi qüvvəsini itirir. Eyni müddəa hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 73-cü maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində istifadə və ya icarə hüququna xitam verilir. İş materiallarında olan Cavabdeh Başçısının 31.08.2000-ci il tarixli 817 saylı Sərəncamının birinci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” 24 dekabr 1999-cu il tarixli Fərmanına əsasən Sabunçu rayonu üzrə Bilgəh qəsəbəsinin 689,46 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Bilgəh qəsəbə Bələdiyyəsinə təhvil verilsin. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən göndərilmiş sənədlərin təsdiq olunmuş surətlərindən görünür ki, X4 yanvar 1998-ci il tarixdə verilmiş texniki pasporta əsasən hazırda mübahisələndirilən torpaq sahəsinin də daxil olduğu 52900 kv.m torpaq sahəsi onun istifadəsində olmuşdur. Bilgəh Bələdiyyəsinin 22.11.2005-ci il tarixli 041 saylı qərarına əsasən qeyd edilən 52900 kv.m torpaq sahəsi Camalova X3, alqı-satqı müqaviləsi bağlanmış və sonuncu tərəfindən eyni tarixdə Bilgəh Bələdiyyəsinə pul ödənilmiş, onun adına qeydiyyat vəsiqəsi verilmişdir. X1 ölümündən sonra isə 12.12.2005ci il tarixli vəsiyyətnaməyə əsasən həmin torpaq sahəsinə dair əvvəlcə X1 adına 02.10.2013-cü il qeydiyyat tarixli ******* saylı dövlət reyestrindən çıxarış və texniki pasport verilmiş, daha sonra isə X9 adına 19.04.2014-cü il qeydiyyat tarixli ******* saylı dövlət reyestrindən çıxarış verilmişdir. Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəliyinin 12.08.2020-ci il tarixli 2/18 saylı məktubunda qeyd olunur ki, İddiaçı uzun illərdir ki, məhkəməyə müraciət edərək əsassız olaraq mübahisəsini etdiyi torpaq sahəsi 35 ildən artıqdır ki, mərhumə X2 mülkiyyətində və sahibliyində olan 5.29 ha torpaq sahəsinin üst tərəfindədir və mərhumə X5 2010-cu il tarixində vəfat etdikdən sonra 5.29 ha torpaq sahəsi Bilgəh qəsəbəsində yaşayan və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən mülkiyyət hüququ əsasında çıxarışlara əsasən X18, X35, X45, X23, X14, X42, X50, sadıqov Mirrəhim Mirbala oğlu, X10, X37, X54, X55, X57, X12 mülkiyyətindədir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına göstərilən torpaq sahəsindən İddiaçı BTK-nin üzvləri tərəfindən istifadə edilməsi, həmin torpaq sahəsində hər hansı tikinti quraşdırma işlərinin həyata keçirilməsinə dair sübutlar əlavə edilməmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.06.2014-cü il tarixli 2-1(81)-2804/2014 saylı qərarına əsasən Bakı şəhər X40 “torpaq sahəsi ayrılması barədə olan 15.02.1989-cu il tarixli 1/14 saylı Qərarının etibarsız hesab edilməsinə dair” Cavabdeh Başçısının 08.04.2014-cü il tarixli 145 saylı sərəncamı ləğv edilmişdir. Həmin qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qərar qəyişdirilmədən saxlanılmışdır. İlkin olaraq cavabdehin qərarının ləğv edilməsinin əsası kimi məhkəmə tərəfindən “İnzibati icraat haqqında” qanuna əsasən İddiaçı BTK-nın inzibati icraat barədə lazımi qaydada məlumatlandırılmaması göstərilmişdir. Bakı şəhər X40 “torpaq sahəsi ayrılması barədə olan 15.02.1989-cu il tarixli 1/14 saylı Qərarının etibarsız hesab edilməsinə dair” Cavabdeh Başçısının 08.04.2014-cü il tarixli 145 saylı sərəncamının ləğv edilməsi tələbinə dair əvvəlki inzibati məhkəmə icraatı çərçivəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.02.2016-cı il tarixli 2-1(102)- 301/2016 saylı qərarında qeyd edilir ki, cavabdeh 08 aprel 2014-cü il tarixli sərəncamında Azərbaycan SSRİ torpaq Məcəlləsinin 32-ci maddəsinə istinad edərək torpaq sahəsindən iki il müddətinə istifadə edilmədiyinə görə torpaqayırma sənədlərinin hüquqi qüvvəsinin itirildiyini qeyd etsə də, bu halla bağlı sərəncamda əsaslandırma verilməmiş, həmçinin bu halı təsdiq edən sübutlar məhkəmələrə təqdim edilməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.11.2013-cü il tarixli 2-2(102)-1100/13 saylı qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin üzərinə iddiaçının 15 fevral 1989-cu il tarixli qərarı ilə ayrılmış 4.0 ha. torpaq sahəsinin daimi istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30.07.2013-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin “iddianın mümkün sayılmaması” barədə DƏDRX-nin vəsatətinin təmin olunmamasına dair 07.05.2013-cü il tarixli, 2in(82)-870/2013 saylı qərardadının ləğv edilməsi, vəsatətin təmin olunması, İddiaçı DƏDRX-nə qarşı iddiasının mümkün sayılmaması qərara alınmış və bu qərar Ali Məhkəmənin 27.11.2013-cü il tarixli 2-2(103)- 1100/13 saylı qərarı ilə qüvvədə saxlanılmışdır. Hazırkı inzibati məhkəmə icraatı çərçivəsində birinci instansiya məhkəməsi tərəfindən Bakı Şəhər XDS İK-nin 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarı ilə Azərbaycan SSR Ticarət Nazirliyinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində, bağların tikintisi üçün ayrılmış 4 ha torpaq sahəsi ilə 3-cü şəxslərin mülkiyyəti kimi qeydiyyata alınmış torpaq sahələrinin üst-üstə düşməsinin müəyyən edilməsi məqsədi ilə mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə göndərilmiş məktuba cavab olaraq təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən mübahisələndirilən torpaq sahəsi, Bakı Şəhər XDS İK-nin 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarı ilə Azərbaycan SSR Ticarət Nazirliyinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində bağların tikintisi üçün ayrılmış 4 ha torpaq sahəsinə İddiaçınə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş AN-420054 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış çıxarışlara (əlavə edilmiş plan-ölçü sənədlərinə) əsasən rəyə əlavə edilən sxem və sxemin əlavəsində çıxarışların verilmə tarixi, reyestr nömrəsi və adları göstərilən vətəndaşların mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. Bundan əlavə, hakim Xəyalə Cəmilovanın icraatında olan və icraatı dayandırılmış İddiaçı BTK-nin cavabdeh Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinə (3-cü şəxslər: X26 və qeyriləri) qarşı “koordinatların hüquqları daxilindəki 4.0 ha torpaq sahəsi hissəsində etibarsızlığının tanınması və qərarın hüquqi nəticələrinin qeyd olunan 4.0 ha torpaq sahəsi hissəsində qanunsuz sayılması” tələbinə dair iş üzrə iş materiallarından götürülmüş 05.12.2016-cı il tarixli 14178 saylı ekspert rəyinin surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2-1(82)-59/2016 saylı iş üzrə ekspertiza təyin edilmiş, ekspert rəyində isə qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən mülki iş materiallarındakı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 07 noyabr 2016-cı il tarixli **********29 saylı mütəxəssis rəyinin məlumatlarını nəzərə alaraq aparılmış tədqiqatla Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən mübahisəli 5,3 ha torpaq sahəsinin əvvəllər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən xüsusi mülkiyyət kimi X1 adına qeydiyyatdan keçdiyi, həmin ünvanda yerləşən yaşayış evi üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsi tərəfindən 01.10.2013-cü il tarixli texniki pasport tərtib edildiyi, faktiki olaraq isə həmin əraziyə mülkiyyət hüquqları (ayrı-ayrı şəxslərin adına) qeydiyyata alınaraq çıxarışlar verildiyi müəyyən olunmuşdur. İddiaçı BTK-nin adına başqasının mülkiyyətində olan torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi isə hüquqi cəhətdən heç bir əhəmiyyət kəsb etmir. Belə ki, torpaq sahəsinin planı və ölçüsü fiziki və ya hüquqi şəxsin qanuni istifadəsində və ya icarəsində olan torpaq sahəsinin tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini əks etdirən xəritədir. Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınması üçün sənədlərdən biri kimi torpaq sahəsinin plan və ölçüsü qeyd edilmişdir. Lakin həmin sənəd hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri ilə birlikdə təqdim edildiyi təqdirdə hüquqi nəticə yaradır. Qeyd edilənlərdən də göründüyü kimi özlüyündə torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi hər hansı bir əhəmiyyət kəsb etmir. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, iddiaçının “Bakı şəhəri X40 torpaq sahəsi ayrılması barədə olan 15.02.1989-cu il tarixli, 1/14 saylı qərarının etibarsız hesab edilməsinə dair” Cavabdeh Başçısının 22.06.2016-cı il tarixli, 257 saylı sərəncamının ləğv edilməsinə dair iddia tələbi əsaslı olmadığı kimi, həmin tələbə törəmə tələblər olan Cavabdeh üzərinə Bakı şəhəri X61 İcraiyyə Komitəsinin 15.02.1989cu il tarixli, 1/14 saylı qərarının ləğv edilməsinə və ya etibarsız sayılmasına yönələn hər hansı hərəkətlərin edilməsindən və ya qərar (sərəncam) qəbul edilməsindən çəkinmək vəzifəsinin qoyulmasına dair tələbləri təmin edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, 3-cü şəxslərin apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli, 2-1(82)-4035/2019 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 3-cü şəxslərin apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli, 2-1(82)- 4035/2019 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar