Məhkəmə qərarları › İş №2-1(103)-108/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-108/2022

24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-108/2022 24.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2-1(112)-318/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti Aparatının BŞİH Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin 248 saylı kooperativi nəzdində 16 nömrəli order əsasında ona ayrılmış Bakı şəhəri Ləhiş bağlar massivində yerləşən 0.12 hektar 2239 saylı bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Aparatının BŞİH Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin 248 saylı kooperativi nəzdində 16 nömrəli order əsasında Bakı şəhəri Ləhiş bağlar massivində yerləşən 0.12 hektar 2239 saylı bağ sahəsi iddiaçı - İddiaçı istifadəsinə verilmişdir. Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il tarixli 195 nömrəli qərarlarına əsasən Bakı şəhəri, Ləhiş ərazisindəki 248 nömrəli BTK-nın siyahısı təsdiq edilmiş və həmin siyahıda iddiaçının adı təsbit olunmuşdur. Göstərilən sənədlər əsasında iddiaçı bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin ərizənin icrasından 09 iyul 2019-cu il tarixli məktubla imtina olunmuşdur. Məktub onunla əsaslandırılmışdır ki, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, sözügedən bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, bağ sahəsinin 121 kv.metr hissəsi digər fiziki şəxsin adına qeydyyatdan keçmiş əraziyə, qalan hissə isə 2379a saylı bağın ərazisinə düşür. Cavabdehin imtinasını əsassız hesab edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Bakı şəhəri İcra Hakimiyyəti Aparatının BŞİH Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin 248 saylı kooperativi nəzdində 16 nömrəli order əsasında ona ayrılmış Bakı şəhəri Ləhiş bağlar massivində yerləşən 0.12 hektar 2239 saylı bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2-1(112)-318/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin 248 saylı kooperativinin 16 nömrəli orderi əsasında ayrılmış Bakı şəhəri Ləhiş bağlar massivində yerləşən 0.12 hektar 2239 saylı bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi (köçürüləcək hesab: büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabıDövlət xəzinadarlığı agentliyi; kodu: 210005, VÖEN: **********, müxbir hesab AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********, Hesab AZ34CTRE********************) qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müvafiq bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, bağ sahəsinin 121 kv.m hissəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş əraziyə, qalan hissəsi isə “2379a” saylı bağın ərazisinə düşür. Həmçinin, iddiaçı tərəfindən 2239a saylı bağ sahəsi kimi göstərilən sahə ilə sxematik xəritəyə əsasən 2239 saylı bağın ərazisi arasında 127 metr məsafə var. Bundan əlavə, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2239 nömrəli bağ sahəsinin ayrılmasına dair İddiaçı adına sorğuya əlavə edilmiş 16 nömrəli order və 248 nömrəli BTK-ya dair yerləşmə sxemi (bölgü sxemi) arxiv qovluğunda aşkar edilməmişdir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, Bakı İnzibati Məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar nəzərə alınmamış, aidiyyəti dövlət qurumları üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb edilməmiş, müvafiq ünvanda ekspertiza keçirilməmiş, qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və X1 Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və məhkəmə tərəfindən ekspertiza keçirilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 22.06.2016-cı il tarixli, M-495/2-112/2 saylı arxiv arayışından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 16.12.1993-cü il tarixli, 2022 saylı Sərəncamı ilə təsdiq edilmiş Ləhiş ərazisində yerləşən 248 saylı BTK-nın siyahısında İddiaçı adı 16-cı sırada göstərilmişdir. Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 16 saylı orderdən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 16.12.1993-cü il tarixli, 2022 saylı qərarına əsasən Ləhiş bağ sahəsindəki 248 saylı kooperativin nəzdindəki ölçüsü 0.12 ha olan 2239 saylı bağ sahəsi İddiaçı ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X2 Təsərrüfatının İnkişafı və Birliyinin 12.01.2006-cı il tarixli 25 saylı iddiaçıya ünvanlanmış məktubundan görünür ki, ona Bakı şəhər İcra Hakimiyyəti Aparatının 15.10.1986-cı il tarixli 18/924 saylı və 14.06.1988-ci il tarixli 6/333 saylı qərarlarına əsasən icarəsində olan bağ sahəsində hasar tikməyə icazə verilmişdir. DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən İddiaçı ünvanladığı 09.07.2016-cı il tarixli, **********12 nömrəli cavab məktubunda qeyd olunur ki, həmin bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, bağ sahəsinin 121 kv.m hissəsi digər fiziki şəxsin adına qediyyatdan keçmiş əraziyə, qalan hissə isə ”2379a” saylı bağın ərazisinə düşür. Bu səbəblərdən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 22.05.2020-ci il tarixli, **********89 saylı və 06.05.2020-ci il tarixli, **********54 saylı məktublarından müəyyən olunur ki, sorğuda adı qeyd edilən vətəndaşın 2239 nömrəli bağ sahəsi kimi iddia etdiyi ərazi sxematik xəritəyə əsasən 2379a nömrəli bağ sahəsinin ərazisidir. Baza məlumatlarına əsasən 2379a nömrəli bağ sahəsi, həmçinin 2239 nömrəli bağ sahəsinin həqiqi ərazisi qeydiyyatdan keçirilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 07.07.2020-ci il tarixli, **********18 saylı məktubundan müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyətinin 16.12.1993-cü il tarixli, 2022 nömrəli sərəncamı ilə Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 248 nömrəli BTK (bağ tikinti kooperativi) nəzdində İddiaçı bağ sahəsinin ayrılmasına dair məlumat mövcuddur. Lakin, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2239 nömrəli bağ sahəsinin ayrılmasına dair İddiaçı adına sorğuya əlavə edilmiş 16 nömrəli order və 248 nömrəli BTK-ya dair yerləşmə sxemi (bölgü sxemi) arxiv qovluğunda aşkar edilməmişdir. Bağlar Təsərrüfatı İdarəsi tərəfindən tərtib edilmiş Ləhiş ərazisindəki 248 saylı bağtikinti kooperativinin yaradılması haqqında siyahıdan görünür ki, İddiaçı adı 16-cı sıra nömrəsi ilə qeyd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1703/2020 saylı, 03.09.2020-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, aparılmış tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23.12.2020-ci il tarixli, 10/2697 nömrəli ekspert rəyinin nəticəvi hissəsi aşağıdakı kimi göstərilmişdir: Qərardadın birinci və ikinci sualları üzrə: İş materiallarında olan "xxxx" MMC-nin 13 noyabr 2020-ci il tarixli, 105 nömrəli mütəxəssis rəyində aşağıdakılar qeyd olunur: - Bakı şəhər İcra Hakimiyyətinin 16 dekabr 1993-cü il tarixli 2022 nömrəli qərarına əsasən İddiaçı ayrılmış Bakı şəhəri Ləhiş bağlar massivində yerləşən 248 nömrəli BTK nəzdində 0,12 hektar 2239 saylı bağ sahəsi Dövlət mülkiyyətinə aiddir, yeri və koordinatları rəyə əlavə edilmiş sxemdə göstərilir. - Bakı şəhər İcra Hakimiyyətinin 16 dekabr 1993-cü il tarixli 2022 nömrəli qərarına əsasən İddiaçı ayrılmış Bakı şəhəri Ləhiş bağlar massivində yerləşən 248 nömrəli BTK nəzdində 0,12 hektar (0,1152 hektar) 2239 saylı bağ sahəsinin faktiki yeri və koordinatları “2379a” nömrəli bağ sahəsinin faktiki yeri və koordinatları ilə kəsişmir və üst-üstə düşmür, 127 metr kənarda yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunün 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtinar edilə bilər: dövlət qeydiyyatı barədə, müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 16.12.1993-cü il tarixli, 2022 saylı qərarına əsasən Ləhiş bağ sahəsindəki 248 saylı kooperativin nəzdindəki ölçüsü 0.12 ha olan 2239 saylı bağ sahəsi İddiaçı ayrılmış və bu barədə iddiaçıya Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 16 saylı order verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən orderlər belə əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi həmin bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi və bağ sahəsinin 121 kv.m hissəsinin digər fiziki şəxsin adına qediyyatdan keçmiş əraziyə, qalan hissə isə ”2379a” saylı bağın ərazisinə düşməsinə istinad edərək, iddiaçının tələbinin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, iddiaçıya məxsus order sübut kimi mötəbər qiymətləndirilir və həmin bağ sahəsinin iddiaçıya ayrılmasını təsdiq edir. Bununla bağlı olaraq həmçinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Birinci instansiya məhkəməsi tərəfindən iddia olunan bağ sahəsinin 121 kv.m hissəsinin digər fiziki şəxsin adına qediyyatdan keçmiş əraziyə, qalan hissəsinin isə ”2379a” saylı bağın ərazisinə düşməsi barədə cavabdehin dəlillərini araşdırılmış, bu faktın müəyyən olunması üçün ekspertiza təyin edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizası zamanı aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 16 dekabr 1993-cü il tarixli 2022 nömrəli qərarına əsasən İddiaçı ayrılmış Bakı şəhəri Ləhiş bağlar massivində yerləşən 248 nömrəli BTK nəzdində 0,12 hektar 2239 saylı bağ sahəsi dövlət mülkiyyətinə aiddir. Yəni, heç bir fiziki şəxsin adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmamışdır. Həmçinin, həmin bağ sahəsinin faktiki yeri və koordinatları “2379a” nömrəli bağ sahəsinin faktiki yeri və koordinatları ilə kəsişmir və üst-üstə düşmür, 127 metr kənarda yerləşir. Beləliklə, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdi Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Bakı şəhəri Ləhiş bağlar massivində yerləşən 0.12 hektar 2239 saylı bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2-1(112)-318/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar