Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1080/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X13 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X7 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzil uçotuna götürülmə və mənzil kirayə xərclərinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6760/2022 saylı, 22 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istefada olan hərbi qulluqçu kimi istefaya buraxılmış zabitin mənzil növbəsinə götürülməsinin təmin edilməsi və mənzil və ya fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “İddiaçı iki nəfər ailə üzvü ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi və mənzil sahəsi alınanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay İddiaçı və onun ailə üzvləri X14 və X1 ödənilməsi” şəklində qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddanın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1999-cu il tarixdə Azərbaycan Ali Hərbi Məktəbinə kursant kimi daxil olaraq xx.xx.2003-cü il tarixdə oranı bitirmiş, həmin tarixdən xx.xx.2004-cü il tarixə kimi DSX rəisi-SQ komandanın sərəncamında olmuş, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixə qədər mənəvi psixoloji hazırlıq üzrə müavin işləmiş, xx.xx.2006-cı il tarixə qədər isə tağım komandiri işləmişdir. Xidmət illəri ərzində ciddi bir xəstəliyə tutulmuş və xx.xx.2006-cı il tarixli əmrlə xəstəliklə əlaqədar (İİ qrup əlildir) istefaya buraxılmışdır. Xidmət dövrü ərzində evlə (mənzillə) təmin edilməmişdir və hazırda 3 nəfər ailə üzvü ilə (həyat yoldaşı və 2 nəfər uşaq) birlikdə ünvan 1 ünvanda yerləşən sahəsi 33 kv.m olan 14 nömrəli mənzildə yaşayır. İddiaçının bununla da “Hərbi qulluqçuların statusu haqqında” qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi almaq hüququ yaranmışdır. Lakin bu hüququnun mövcudluğunu yaxın müddətdə öyrəndiyi üçün xx.xx.2021-ci il tarixli ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin 29 iyul 2021-ci il tarixli məktubla həyat yoldaşı X4 Şəki rayonu Kiçik Dəhnə kəndində paylı mülkiyyətdə 0.1198 ha torpaq sahəsi məxsus olduğu üçün müraciətdən imtina edilmişdir. İddiaçı həyat yoldaşı ilə xx.xx.2015-ci il tarixdə nikah bağlamışdır, torpaq sahəsi nikahdan əvvəl verildiyi üçün birgə mülkiyyətdə deyildir. Digər tərəfdən müvafiq aktla həmin torpaq sahəsi qayınatasına verilmiş və nəticədə onun 7 nəfər ailə üzvünün də torpağa paylı mülkiyyət hüququ yaranmışdır, bununla da həyat yoldaşına 0.1198 ha deyil, onun 1/8 hissəsi məxsus olmuşdur. Lakin İcra Hakimiyyəti daha əvvəlki cavab məktublarında hesab etmişdir ki, iddiaçı 3 nəfər ailə üzvü ilə birlikdə 0,01498 ha torpaq sahəsində fərdi yaşayış evi tikib yaşaya bilər. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, İddiaçı həyat yoldaşı X4 ləğv edilmiş DTXK-nın Şəki rayon şöbəsi tərəfindən Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 saylı qərarına əsasən Şəki rayonu, Kiçik Dəhnə kəndində paylı mülkiyyətdə 0.1198 ha həyətyanı torpaq sahəsi məxsus olduğu müəyyən olunmuşdur. Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya göndərilən 03/09-11- 11/K-13/2-068/2-t/1 saylı xx.xx.2021-ci il tarixli məktuba cavab olaraq İddiaçı Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti başçısının Kiçik Dəhnə kəndindəki nümayəndəsinin həyat yoldaşı Nuruyeva (Kərimova) Sevinc Xudaverdi qızının adına olan torpağın mülkiyyət hüququna dair JN:1441 saylı Dövlət Aktına əsasən 0,35 ha pay torpağın kənd təsərrüfatı təyinatlı olmasını bildirən 473 saylı xx.xx.2021-ci il tarixli arayış təqdim etmişdir. Lakin, qeyd olunan məsələnin müsbət həllinin mümkün olmaması səbəbi iddiaçının həyat yoldaşı X3 adına olan digər torpaq sahəsinin, yəni ləğv edilmiş DTXK-nın Şəki rayon şöbəsi tərəfindən Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 saylı qərarına əsasən, Şəki rayonu, Kiçik Dəhnə kəndində paylı mülkiyyətdə olan 0.1198 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Belə ki, həyat yoldaşı X4 ümumbirgə mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsi həyətyanı torpaq sahəsi olduğundan müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır. Bu səbəbdən də iddiaçının mənzil növbəsinə götürülməsini və yaşayış sahəsilə təmin olunanadək kirayə haqqının ödənilməsi qanunvericiliyin tələblərinə uyğun olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6760/2022 saylı, 22 avqust 2022-ci il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçının həyat yoldaşı X4 ümumbirgə mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsi həyətyanı torpaq sahəsi olduğundan müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır. Tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işin araşdırılmış hallarından aydın olur ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Binəqədi Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli 636 nömrəli məktubundan görünür ki, 1982-ci il təvəllüdlü istefada olan baş leytenant İddiaçı həqiqətən xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixədək AR SQ-da kursant, xx.xx.2003-cu il tarixdən xx.xx.2006-cı il tarixədək AR SQ-da zabit qismində həqiqi hərbi xidmət keçmişdir. AR DSX rəisinin SQK-nın xx.xx.2006-cı il tarixli 1302ş/h saylı əmrinə əsasən “HXH” AR Qanununun 19-cu maddəsinin “b” bəndinə (xəstəliyə görə) və N saylı hərbi hissə komandirinin N nömrəli xx.xx.2006-cı il tarixli əmrinə müvafiq olaraq AR SQ-da həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya verilən 572682 nömrəli arayışdan görünür ki, o, ikinci dərəcə əlildir. Əlilliyin səbəbi kimi xəstəliyin hərbi xidmət dövründə alınması göstərilmiş və əlillik müddətsiz olaraq təyin olunmuşdur. Sənəddə şəxsin əmək qabiliyyətinin olmaması göstərilmişdir. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki iş üzrə iddiaçı mənzil növbəsinə götürülməsi və mənzillə təmin olunanadək kirayə xərclərinin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh hazırki iş üzrə cavabdehlik daşıyan inzibati orqandır. İddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən müraciətinə imtina edilmişdir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmçinin «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərar:
1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Həmin Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: - 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - maddə. - 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - 49.4-cü maddəsinə əsasən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra - uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. - 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. - 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. - 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir.
Apellyasiya şikayətinin dəlillərinə münasibət:
Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, qanunvericilik normaların birgə təhlinindən aydın olur ki, müvafiq kateqoriya hərbi qulluqçuların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunubolunmaması (torpaq sahəsi verilib-verilməməsi), əgər təmin olunmuşsa, yaşayış sahəsinin ölçüsünün yaşayış sahəsinin uçot normasına uyğunluğudur. Yuxarıda sadalanan qanunvericilik normalarında mənzillə təmin edilmək hüququna malik olan hərbi qulluqçuların kateqoriyası aşağıdakı kimi təsbit edilmişdir:
1. 15 təqvim ili və daha çox xidmət edən və xidmətini davam etdirən hərbi qulluqçular;
2. 15 təqvim ili və daha çox xidmət etmiş ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular;
3. Xidmət müddətindən asılı olmayaraq yaşa, xəstəliyə, ştatların ixtisarına (5 il xidmət etməsi şərtilə) və ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular. Konstitusiya Məhkəməsinin Plenumu mübahisəli hüquqi məsələyə münasibətdə özünün hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: “ “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi ilə nəzərdə tutulan əsaslarla həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu statusuna malik olan hərbi qulluqçulardır. Lakin qeyd edilməlidir ki, hərbi qulluqçu statusuna malik olma faktı öz-özlüyündə ehtiyata və ya istefaya buraxılmış bütün hərbi qulluqçuların yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) və s. sosial təminatlar əldə etmək şərtlərinin və əsaslarının eyni olması anlamına gəlmir. Bu zaman hərbi qulluqçuların dövlət və ictimai əhəmiyyəti yüksək olan bir xidmətdən - həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasının əsaslarının diqqətə alınması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi üzrə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayırmaq olar. Birinci qrupa hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki, bura xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar aiddir. İkinci qrupa isə hərbi qulluqçununöz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma halları aiddir. Bu isə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət 4 hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin intizam Nizamnaməsi”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir. Beləliklə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.” İşin sadalanan hallarından görünür ki, iddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixədək AR SQ-da kursant, xx.xx.2003-cu il tarixdən xx.xx.2006-cı il tarixədək AR SQda zabit qismində həqiqi hərbi xidmət keçmişdir. AR DSX rəisinin SQK-nın xx.xx.2006-cı il tarixli 1302ş/h saylı əmrinə əsasən “HXH” AR Qanununun 19-cu maddəsinin “b” bəndinə (xəstəliyə görə) və N saylı hərbi hissə komandirinin N nömrəli xx.xx.2006-cı il tarixli əmrinə müvafiq olaraq AR SQ-da həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. Həmçinin, sənədlərdən görünür ki, X16 və X15 iddiaçının azyaşlı uşaqlarıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1saylı Bakı Ərazi İdarəsinin 9.04.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı, onun övladları X17 və X9 adlarına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı adına M.Ə.Rəsulzadə bələdiyyəsinin fəaliyyəti dövründə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamışdır. Binəqədi rayonu X5 xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı adına həqiqətən də, X5 ərazi hüdudları daxilində torpaq sahəsi yoxdur. Biləcəri Bələdiyyəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, onun adına Binəqədi rayon Biləcəri qəsəbəsi inzibati ərazisində Biləcəri bələdiyyəsi tərəfindən hər hansı məqsəd üçün torpaq sahəsi ayrılmamışdır. Binəqədi Rayon Xocasən Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Xocəsən bələdiyyəsi tərəfindən İddiaçı mülkiyyətinə, icarəsinə və istifadəsinə hər hansı təyinatı üzrə torpaq sahəsi ayrılmasına dair sərəncam, qərar, müqavilə qeydə alınmamışdır. Dövlət Sərhəd Xidmətinin xx.xx.2021-ci il tarixli 51/23 saylı arayışından görünür ki, İddiaçı DSX-də xidmət etdiyi müddət ərzində və hal-hazırki dövrədək torpaq sahəsi və mənzillə təmin olunmamışdır. Cavabdeh inzibati orqanın imtinasının və hazırda da apellyasiya şikayətinin yeganə dəlili iddiaçının ailə üzvü olan arvadı X3 adına Şəki rayonu, Kiçik Dəhnə kəndində fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qeydə alınması təşkil edir. Qeyd edilən apellyasiya şikayətinin dəlili üzrə araşdırma aparan məhkəmə kollegiyası aşağıdakıları diqqətə çatdırır: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 1/8 hissəsi xx.xx.2021ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 26 saylı notarita ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-647 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. -045008 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X6 arasında xx.xx.2015-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 196 nömrə ilə qeyd aparılmışdır. Arvada “Kərimova” soyadı verilmişdir. - Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, həmin torpaq sahəsi X20 Komissiyasının xx.xx.1999-cu il tarixli 03 nömrəli qərarı ilə, yəni S.Kərimovanın iddiaçı ilə birgə nikah dövründə olduğu dövrdən əvvəl ayrılmışdır və həmin torpaq sahəsi yalnız S.Kərimovanın mülkiyyətində olmamış, torpaq sahəsi paylı mülkiyyətdə olmaqla 1/8 hissəsi ona məxsus olmuş, habelə torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi digər bir şəxsə məxsus olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyasının qənaəti belədir ki, iddiaçının arvadının birgə nikahdan əvvəl torpaq sahəsinə (paylı mülkiyyətçi kimi) məxsus olması iddiaçının hərbi qulluqçu kimi mənzil uçotuna alınması və mənzil sahəsi alanadək hər ay iddiaçıya və onunla birlikdə yaşayan ailə üzvlərinə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi üçün mane yaratmamalıdır. Beləliklə, Məhkəmə kollegiyası nəzərə çatdırır ki, yuxarıda sadalanan qanunvericilik normalarının məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir. Hazırkı işin hallarından da göründüyü kimi, iddiaçı həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxsdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir, bu səbəbdən, şikayət təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6760/2022 saylı, 22 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6).
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6760/2022 saylı, 22 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov