Məhkəmə qərarları › İş №2-1(103)-1080/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1080/2025

15.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1080/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissəsi: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilovadan və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2238/2024 saylı, 02 oktyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 782 nömrəli qərarı əsasında ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon hərbi komissarlığı tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. 01 may 1992-ci il tarixdən 1994-cii ilin yanvar ayına qədər N saylı hərbi hissədə Təminat bölüyünün baş çavuşu vəzifəsində xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixili 782 saylı qərarına əsasən Füzuli rayon hərbi komissarlığı tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ilə kimi MN Mərkəzi Hərbi Hospitalda müyinə və müalicə olunduğu yaralanma zamanı təyin edilmiş yaralanmanın nəticələri diaqnoz: “İkitərəili postkontuzion neyrosensor ağıreşitmə”, xx.xx.1994-cü ildən xx.xx.1994cü ilə kimi Füzuli Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, kəskin nəzərəçarpan asteno-nevrotik sindrom” hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Bu qərarın əsası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 782 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 maddəsinin a) bəndində öz əksini tapmışdır. Həmçinin, cavabdeh tərəfindən iddiaçı haqqında “İkitərəfli postkontuzion neyrosensor ağıreşitmə və qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, kəskin nəzərəçarpan asteno-nevrotik sindrom ilə əlaqədar ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik təyin olunmalı idi. Lakin iddiaçının cavabdehə müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri aşkar olunmadığı, nəticədə iddiaçıya “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbindən təyinat aparmaq mümkün olmaması, müayinə zamanı aşkar olunan digər xəstəliklərin əlamətləri müəyyən edildiyi səbəbindən ikinci dərəcə əlillik təyinatına uyğun müvafiq qərar qəbul edərək imtina etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Başın travmalarının nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travması, Baş-beyin silkələnməsindən sonrakı qalıq əlamətləri. Radikulopatiya, Boyun bel fəqərələrinin yayılmış osteoxondrozu, Kokçük ağrı sindromu ilə.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1961-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-ci il tarixli 782 nömrəli Qərar verilmişdir. Həmin qərarda “İkitərəfli postkontuzion neyrosensor ağıreşitmə. Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, kəskin nəzərə çarpan asteno-nevrotik sindrom (1994)" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı eşitmənin zəifləməsindən, baş ağrılarından, qollarında və ayaqlarında olan keyimədən, gərgin olduqda bədəninin qıcolmasından şikayətlənmiş, ifadə etdiyi məlumatlar epitutmalar üçün xarakterik sayılmamışdır. Nevroloji status və intellektual-anamnestik funksiyalar yaşa uyğun, ətraflarda əzələ gücü ~4,0-4,5 bal, tonusu normal, reflekslər canlı, astenik əlamətlər qeyd olunmuşdur. Cavabdeh qurumda xx.xx.2022-ci il tarixli LOR/ Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaq 45 db-ll dərəcə, sol qulaq 35 db-l dərəcə neyrosensor ağıreşitmə qeyd edilir” kimi müəyyənləşdirilmişdir. Ekspertiza üçün əhəmiyyətli və şikayətlərinə uyğun kranial instrumental müayinə nəticələri təqdim edilməmişdir. Həmçinin, təqdim olunmuş tibbi sənədlərdəki diaqnozlarla şikayətlərin uyğunsuzluğu müəyyən edilmişdir. Hazırda klinik əlamətlərdə və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyən edilməmişdir. Nəticədə diaqnoz Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2238/2024 saylı, 02 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2238/2024 saylı, 02 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlar tam hərtərəfli olaraq araşdırılmamışdır. Nəticədə isə iddiaçı daha da ağır psixoloji duruma düşmüşdür. Belə ki, iddiaçı tərəfindən verilmiş iddia tələbi təmin edilməməklə psixoloji və sağlamlığının pisləşməsi biraz da artmışdır. Bu cür qərarın qəbul edilməsi isə iddiaçı tərəfindən ona qarşı yol verilmiş haqsızlıq kimi qəbul edilmişdir. Ona görə də iddiaçı hesab edir ki, onun maddi durumunun və sağlamlığının ağır olduğu bir vaxtda birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar iddiaçını daha da ağır psixoloji duruma salmışdır. İddiaçı ikitərəfli postkontuzion neyrosensor ağıreşitmə və qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi kəskin nəzərə çarpan asteno-nevrotik sindrom ilə əlaqədar ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Lakin məhkəmə bu reallığa nədənsə göz yumaraq işə birtərəfli mövqedən yanaşaraq əsassız qərar qəbul etmişdir. Məhkəmə tərəfindən iş ətraflı araşdırılmamış, iddiaçı tərəfindən cavabdehin onunla müddətli müqavilə bağlandığını qabaqcadan bildirmədən sənədlərə imza etdirdiyi halda iddiaçının tələbi əsassız olaraq təmin edilməmişdir. İddiaçı tərəf olaraq məhkəmələr vasitəsilə hüquları qorunmalı olduğu halda məhkəmə müdafiəsindən səmərəli istifadə etmək imkanı pozulmuşdur. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2238/2024 saylı, 02 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-in; - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. - 33.3-cü maddəsinə əsasən inzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. - 33.4-cü maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır. Məhkəmə kollegiyası “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Sözügedən Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddianın verilməsi müddətinə riayət olunmasıdır. Birinci instansiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı qeyd etmişdir ki, “iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır”. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı tərəfindən hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edilmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində diaqnozun əlillik əlaməti təyin etmir barədə **********5 saylı, 15 noyabr 2022-ci il tarixli qərar qəbul edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli qərarında inzibati aktın mübahisələndirilməsi müddəti qeyd edilməmişdir. İş materiallarından görünür ki, yuxarıda qeyd olunan qərar barədə məlumat iddiaçıya sms vasitəsilə xx.xx.2022-ci il tarixdə göndərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. - 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. - 73.3-cü maddəsinə əsasən inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Qanunvericiliyin tələbindən göründüyü kimi, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Hazırkı işin hallarından göründüyü kimi, iddiaçının müraciətinə 22 noyabr 2022-ci il tarixli imtina qərarı ilə cavab verilsə də, iddiaçı tərəfindən məcburetmə haqqında iddia ərizəsi ilə qanunvericiliklə müəyyən edilmiş 6 aylıq müddət keçdikdən sonra – 29 avqust 2023-cü il tarixdə məhkəməyə müraciət edilmişdir. Bununla da mübahisələndirilmə müddəti ilə bağlı tələblər pozulmuşdur. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2238/2024 saylı, 02 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Nəticə hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2238/2024 saylı, 02 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Elvin Əliyev Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar