Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1081/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və üçüncü şəxslər Azərbaycan Respublikası Vergilər Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhər İdarəsinə qarşı məcburi dövlət sosial sığorta haqları üzrə borcun şəxsi vərəqədən silinməsi tələbinə dair inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-766/2019 saylı, 09 sentyabr 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-766/2019 saylı, 09 sentyabr 2019-cu il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim M.Hacıbəyova). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İK-nın 08.01.2020-ci il tarixli 2-1(103)-88/2020 saylı qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-766/2019 saylı, 09 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır (sədrlik edən və məruzəçi H.Həmidov, hakimlər E.Nağıyeva və V.Baxışova). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın 11.11.2020-ci il tarixli 2-1(102)- 1080/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İK-nın 08.01.2020-ci il tarixli 2-1(103)-88/2020 qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün məhkəməyə göndərilmişdir (sədrlik edən və məruzəçi İ.Şəfiyev, hakimlər Z.Quliyev və R.Nəbizadə). İşin halları: İddiаçı “xxxx” MMC iddia ərizəsi ilə 1 sаylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh DSMF-nin İri Sığortaedənlərlə iş üzrə İdarəsinə qarşı “hesablaşma hesabına qoyulmuş 2018-ci il 15 avqust tarixli 188/**********0 saylı sərəncamın ləğv edilməsi və hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə 29396,09 manat məbləğində borcun şəxsi vərəqədən silinməsi barədə” qərаr qəbul еdilməsini хаhiş еtmişdir. Sonradan iddiaçının vəsatəti əsasında məhkəmənin 08.04.2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası DSMF-nin İri Sığortaedənlərlə iş üzrə İdarəsinin əsl cavabdeh AR VN-yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ilə əvəz edilməsi, məhkəmənin 12 may 2019-cu il tarixli qərardadı ilə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinin 3-cü şəxs qismində işə cəlb edilməsi qərara alınmışdır. Məhkəmənin 13 iyun 2019-cu il tarixli qərardadı ilə iddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı 3-cü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsi cəlb edilməklə “məcburi dövlət sosial sığorta haqqları üzrə borcun şəxsi vərəqədən silinməsi barədə iddia tələbibarədə” inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmənin 10 iyul 2019-cu il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 766/2019 nömrəli iş üzrə 13 iyun 2019-cu il tarixdə qəbul edilmiş qərarının ləğv edilməsi, iş üzrə icraatın təzələnməsi, inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirak etmək üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinin cəlb edilməsi qərara alınmışıdr. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Cəmiyyətə hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə 22347.74 manat məbləğində borcun şəxsi vərəqədən silinməsi öhdəliyinin cavbdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 yanvar 2011-ci il tarixli, 2-(81)-294/2010 saylı qətnaməsi ilə iddiaçı DSMF-nin İri Sığortaedənlərlə iş üzrə Departamentinin cavabdeh “xxxx” MMC-yə (indiki adı “xxxx” MMC) qarşı 01 yanvar 2009-cu il tarixinə yaranmış 115768,61 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun cavabdehin əmlakı hesabına tutulması barədə iddiası rədd edilmişdir.Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən məcburi DSMF ödəmələri üzrə 86372,52 manat, penya üzrə 2888,11 manat olmaqla cəmi 93420,87 manat silinmişdir, Bakı İnzibati İqtisadi Məhkəməsinin 2(81)-294/2010 saylı, 10.01.2010-cu il tarixli qərarı ilə rədd edilmiş məbləğin 22347,74 manatı borc şəklində qalmışdır.Beləliklə, tələb olunan borc 01.01.2006-ci il tarixə olan qalıq borcu olmuşdur. Qətnamənin qüvvədə olmağına baxmayaraq, Cəmiyyətin hesablaşma hesabına DSMF-nin İri Sığortaedənlərlə İş üzrə İdarəsi tərəfindən 15 avqust 2018-ci il tarixində 188/**********0 saylı sərəncam, sonradan isə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən 2019-cu il 22 aprel tarixində **********5 nömrəli Sərəncam qoyulmuşdur. Halbuku, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci bəndinə əsasən həmin borclar silinməlidir İş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçı verdiyi apellyasiya şikayətində göstərmişdir ki, cavabdeh iddiaçı Cəmiyyətin mdss üzrə borcunun ümumiyyətlə olmadığını bildirmişdir. 3-cü şəxs borcun olduğunu bildirsə də, bu borcun hansı dövr üçün yarandığını izah etməmişdir. Məhkəmə də qərarında borcun olduğunu göstərsə də, bu borcun hansı dövr üçün əmələ gəldiyinə dair qətnamədə bir şey göstərməmişdir. Halbuki Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh “xxxx” MMC-nin iddiaçıya 01.01,2006-cı il tarixə cəmi 119.958.58 manat məcburi dövlət sosial sığorta haqları üzrə borcu yaranmışdır. İdiaçı tərəfindən qoyulmuş sərəncamlar əsasında həmin məbləğdən 4.189.97 manat tutulmuş, iddiaçının qalıq borcu 115.768.61 manat təşkil etmişdir. Məhkəmənin qənaətinə əsasən, iddia müddəti ötürüldüyündən “xxxx”' MMC-nin məcburi dövlət sosial sığorta haqları üzrə 01.01.2009-cu il tarixə olan 115.768.61 manat məbləğində borcun tutulmasına dair iddia rədd edilməlidir. İddiaçı DSMF-nin İri Sığortaedənlərlə İş üzrə Departamenti cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisadi Məhkəməsinə müraciət edərək, cavadehdən 01 yanvar 2009-cu il tarixə yaranmış 115.768.61 manat məbləğində mdss borcun cavabdehin əmlakı hesabına tutularaq iddiaçıya ödənilməsi barədə tələb irəli sürmüşdür. İddiaçı,iddia tələbini onunla əsaslnadırmışdır ki, cavabdehin 01.01.2009-cu il tarixədək DSMF-yə 115.768.61 manat mdss haqları üzrə borcu yaranmışdır. Görülmüş tədbirlərə baxmayaraq, cavadeh borcu ödəmədiyindən məhkəməyə müraciət edərək cavadehdən göstərilən məbləğin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 2(1 )-81-294/2010 saylı 10.01.2011 -ci il tarixli qətnmaəsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti Bakı apellyasiya məhkəməsinin 2-1 (103)-286/2011 saylı 27.04.2011-ci il tarixli qərarı ilə təmin edilməmiş, 1-ci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı DSMF-nin “xxxx” MMC-dən tələb etdiyi 115.768.11 manat borcun ayrı-ayrı vaxtlarda artıq ödəmələr səbəbindən 4.160.24 manatı, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən isə, məcburi DSMF ödəmələri üzrə 86.372.52 manatı, peniya üzrə 2888.11 manatı silinmiş, qalan 22.347.74 manat vəsait isə şəxsi hesab vərəqəsindən silinməmyərək bu günədək borc kimi qalmışdır. Halbuki qanuni qüvvəsini almış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Məhkəmənin 2(1 )-81-294/2010 saylı 10.01.2011 -ci il tarixli Qətnaməsi ilə həmin məbləğin (cəmi 115.768.11 manat) bizdən tutulması rədd edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti göstərilən 22347.74 manat məbləğində borcun olmasını ümumiyyətlə, qəbul etmir. İddiaçı isə, bildirmişdir ki, həmin məbləğdə borc 01.01.2009-cu il tarixə yaranmış cəmi 115.768.61 manat məbləğində borcun içində olmuşdur və bu məbləğin də hamısının bizdən tutulması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə rədd edilmişdir. Cavabdeh bunun əksini idda edərsə, 22.347.74 manat məbləğində borcun 01.01.2009- cu il tarixindən sonrakı müddət ərzində yarandığına dair məhkəməyə sübut təqdim etməlidir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhər İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” MMC və üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarına əlavə edilmiş: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-(81)-294/2010 saylı iş üzrə qəbul edilmiş 10 yanvar 2011-ci il tarixli qətnaməsinə əsasən DSMF-nin İri Sığortaedənlərlə iş üzrə Departamentinin cavabdeh “xxxx”MMC-yə (indiki adı “xxxx” MMC) qarşı 01 yanvar 2009-cu il tarixinə yaranmış 115768,61 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun cavabdehin əmlakı hesabına tutulması barədə iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-286/2011 nömrəli iş üzrə qəbul edilmiş 27 aprel 2011-ci il tarixli qətnaməsinə əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- (81)- 294/2010 saylı iş üzrə qəbul edilmiş 10 yanvar 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçının vergi orqanında olan şəxsi hesab vərəqəsinə əsasən iddiaçının 01.10.2018-ci il tarixinə 22347,74 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olmuşdur. “Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş borcun silinməsi barədə Üzləşmə aktı” na əsasən 01.01.2006-ci il tarixinədək sığortaedənin təqdim etdiyi ən son hesabata (31.12.2005-ci il) görə hesabatla əhatə olunan dövrün sonuna məcburi dövlət sosial sığorta haqları (əsas məbləğ) üzrə sığortaedənin borcu 86372.52 manat, 2018-ci ilin birinci rübü üçün təqdim edilən hesabata görə (31.03.2018-ci il) 108720,26 manat təşkil etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı “xxxx” MMC-nin 01.01.2006-ci il tarixə 86372,52 manat borcu olmuş və həmin borc DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi tərəfindən silinmişdir.Hazırda iddiaçı daha 22347.74 manat məbləğində borcun 2006-ci il tarixinə olmasını göstərərək həmin borcun da cavabdeh tərəfindən silinməli olmasına istinad edərək borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, publik hüquqi münasibətlər bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər ümumi maraqlar naminə və dövlətin adından fəaliyyət göstərən bir tərəfin – publik orqanın hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin – fərdin (fiziki və hüquqi şəxslərin) isə tabeçiliyinə əsaslanmaqla tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, publik orqanın tələbləri və şəxslərin vəzifələri müqavilədən deyil, qanundan irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 12 yanvar tarixli Qərarı). “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunuin 1-ci maddəsinə əsasən sosial sığorta — bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Həmin Qanunun 3-cü maddəsinə əsasən sosial sığortanın prinsipləri aşağıdakılardır: sosial sığortanın müntəzəmliyinə dövlət təminatı; sosial sığortanın ümumiliyi; sosial sığortanın işçilərə əmək qabiliyyətinin itirildiyi hər bir halda təminat verməsi; sosial sığorta subyektlərinin hüquq bərabərliyi; dövlət sosial sığortasının məcburiliyi; məcburi dövlət sosial sığortasının idarə edilməsində ictimai təşkilatların iştirakının təmin olunması. Həmin Qanunun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 2-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 3.0-cı maddəsinə əsasən bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: Həmin Qanunun 3.0.1-ci maddəsinə əsasən sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; Həmin Qanunun 3.0.2-ci maddəsinə əsasən sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; Həmin Qanunun 3.0.3-cü maddəsinə əsasən sığortaedənlər tərəfindən 2018-ci ilin aprelsentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir. İşin faktiki hallarına əsasən iddiaçının özünün imzaladığı “Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş borcun silinməsi barədə” üzləşmə aktına əsasən 31.03.2018-ci il tarixinə qədər hesabatla əhatə olunan dövrün sonuna məcburi dövlət sosial sığorta haqları (əsas məbləğ) üzrə sığortaedənin borcu 108720,26 manat, 31.12.2005-ci il tarixə isə 86372,52 manat təşkil etmişdir, göründüyü kimi iddiaçı tərəfindən hazırda silinməsi tələb edilən borcun 01.01.2006-cı ilə qədər Cəmiyyətə hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə 22347.74 manat borcun olması həmin üzləşmə aktı tərtib edilən zaman göstərilməmişdir. Təqdim edilmiş məhkəmə aktlarında tutulması rədd edilən məbləğlərin tərkibinə iddiaçının hazırda silinməsini tələb etdiyi 22347.74 manat məbləğin də daxil olması inzibati icraat materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarında göstərişlərini nəzərə alaraq aşağıdakıları qeyd edir. İşdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.01.2011-ci il tarixli, 2-(81)- 294/2010 saylı qətnaməsinə əsasən DSMF-nin İri Sığortaedənlərlə iş üzrə Departamentinin cavabdeh “xxxx”MMC-yə (indiki adı “xxxx” MMC) qarşı 01 yanvar 2009cu il tarixinə yaranmış 115768,61 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun cavabdehin əmlakı hesabına tutulması barədə iddiası rədd edilmişdir. İşdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.03.2014-cü il tarixli 2inz(81)-1600/2014 saylı qərarından görünür ki, “xxxx” MMC-nin cavabdeh DSMF-nin İri Sığorta Edənlərlə İş üzrə Departamentinə qarşı 274.989,30 manat sosial sığorta borcunun silinməsi tələbinə dair iddiası da təmin olunmuş, 2010-cu ildə məcburi dövlət sığorta haqları üzrə hesablanmış 274.989,30 manat sosial sığorta borcunun silinməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. İş materiallarında olan sığortaedənin ( DSMF-dəki uşot nömrəsi **********9, VÖEN **********) AR DSMF orqanlarında 2016-cı il üzrə məcburi dövlət sosial sığortası rüblük (illik) hesabatından ( hesabatın təqdim etdiyi tarix 01.02.2017-ci ildir) görünür ki, sığortaedənin DSMF-yə m.d.s.s. haqqı üzrə əsas borcu 383709,56 manat, maliyyə sanksiyası (o cümlədən penya) və inzibati cərimələr üzrə borc -2888,11 manat, cəmi borc 386597,67 manat təşkil edirdi. Hesabatın 2.10-cu bəndinin 2.10.1-ci yarımbəndinə əsasən hesabat dövründə qanunvericiliklə m.d.s.s. haqqı üzrə 274989,30 manat məbləğində əsas borc silinmişdir. Hesabatın 2.13-cü bəndinə əsasən hesabat dövrünün sonuna sığortaedənin DSMF-yə borc cəmi 111608,37 manat, o cümlədən m.d.s.s. haqqı üzrə əsas borc 108720,26 manat, maliyyə sanksiyası (o cümlədən penya) və inzibati cərimələr 2888,11 manat təşkil etmişdir. Hesabatdan göründüyü kimi, məhkəmə qətnaməsi ilə iddiaçıya 2010-cu ildə məcburi dövlət sığorta haqları üzrə hesablanmış 274989,30 manat sosial sığorta borcu silinmişdir. Yuxarıda qeyd edildiyi kimi, üzləşmə aktına əsasən 01.01.2006-cı il tarixinədək sığortaedənin təqdim etdiyi ən son hesabata (31.12.2005-ci il ) görə hesabatla əhatə olunan dövrün sonuna məcburi dövlət sosial sığorta haqları (əsas məbləğ) üzrə sığortaedənin borcu 86372,52 manat ; 2018-ci ilin birinci rübü üçün təqdim edilən hesabata görə (31.03.2018-ci il) borc 108720,26 manat təşkil etmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçının 01.01.2006-cı il tarixə olan 86372,52 manat əsas borc, 2888,11 manat maliyyə sanksiyası, cəmi 93420,87 manat DSMF-nun İri Sığortaedənlərlə iş idarəsi tərəfindən silinmişdir. İddiaçının dəlillərinə görə Bakı İnzibati-İqtisadı məhkəməsinin 10.01.2010-cu il tarixli, 2(81)-284/2010 salı qərarı ilə rədd edilmiş məbləğin 22347,74 manat borcu qalmış və tələb olunan borcun 01.01.2009-il tarixə olan qalıq borcun olmasıdır. Beləliklə, işin araşdırılmış halları ilə iddiaçının 01.04.2018-ci il tarixə 108720,26 manat məbləğində borcun olduğu, iddiaçının təqdim etdiyi hesabatına görə onun 01.01.2006-cı il tarixinə mövcud olmuş 86372,52 manat məbləgində borcun silindiyi, iddiaçının şəxsi hesab vərəqəsinə əsasən onun 01.10.2018-ci il tarixinə 22347,74 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olduğu müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən 22347,74 manat borc məbləğinin həmin tarixdən əvvəl yaranmasına dair sənəd təqdim edilmədiyindən silinə bilməz. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-766/2019 saylı, 09 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1081/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1081/2021
21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver