Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1081/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs İddiaçı) “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4882/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 19-22 aprel 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 27 yanvar 2017-ci il tarixli Q-15-091 saylı sənədə əsasən B-378 saylı 975 kv.m torpaq sahəsini faktiki vəziyyətə uyğun olaraq onun (437 kv.m) və X1 (538 kv.m) adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin torpaq sahəsinə dair texniki pasportların və çıxarışların verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 31 mart 1998-ci il tarixdə X2 Buzovna qəsəbəsində fərdi evin tikilməsi üçün torpaq sahəsinin ayrılması haqqında Bakı şəhəri Xəzər rayon (keçmiş Əzizbəyov rayonu) İcra Hakimiyyəti başçısı 254 saylı sərəncam vermişdir. Həmin sərəncamın icrası ilə əlaqədar Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısına göndərilmiş müraciətə əsasən 27 yanvar 2017-ci il tarixli Q-15-091 saylı cavab məktubundan göründüyü kimi, qeyd edilən sərəncamda göstərilən Buzovna qəsəbəsində fərdi evin tikilməsi üçün ayrılmış B-378 saylı 975 kv.m torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanmış və təsdiq edilmişdir. Həmin torpaq sahəsinin bir hissəsini xx.xx.2020-ci il tarixdə rəsmi qaydada onun tərəfindən 437 kv.m sahəsi alınmışdır və bununla əlaqədar xx.xx.2020-ci il tarixdə cavabdehə qanunvericiliyə uyğun olaraq məktub göndərilmişdir. əfsuslar olsun ki, cavabdeh 2017-ci ildə cavab məktublarını təkrarlayaraq mənasız, heç bir sübutlarla-sənədlərlə təsdiq olunmayan mənbəyi məlum olmayan sənədlərə istinad edərək imtina məktubu ilə kifayətlənmişdir. Məhkəməyə müraciət etməsi tövsif olunmuşdur. Baxmayaraq ki, o, mülkiyyət hüququnun etibarnaməsinə əsasən X3 təmsil etmək hüququna malikdir və təmsil edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 254 nömrəli sərəncamına əsasən X2 ayrılmış Bakı şəhəri, Buzovna qəsəbəsində B- 378 saylı sahədə 975 kv.m torpaq sahəsinə X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı əsl iddiaçı X5 ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2-1(112)-4882/2021 nömrəli qərardadı ilə, İddiaçı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4882/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: P.Hüseynov) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı X1 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, B-378 saylı sahədə yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı İdarəyə müxtəlif tarixlərdə müraciəti daxil olmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş Əzizbəyov rayon İHB-nin xx.xx.1998-ci il tarixli 254 saylı sərəncamının həqiqiliyi ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir kj, təqdim olunan sərəncam Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin bu sərəncam həmin ilin sərəncamlarının qeydiyyatı kitabı ilə uyğunsuzluq təşkil etdiyindən doğruluğu şübhə yaradır. Belə ki, xx.xx.1998-ci il tarixli, 254 saylı sərəncam saxlama vahidində “vət X2 fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” olsa da, sərəncamların qeydiyyatı kitabının 10-cu (onuncu) səhifəsində “Əzizbəyov rayonu ərazisində qanunsuz tikililərə qarşı mübarizə tədbirləri haqqında" məzmunu ilə qeydiyyata alınmışdır. Bundan əlavə təqdim edilmiş yerləşmə sxemi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi vardır. Məlumat üçün bildirilir ki, göstərilən ərazinin 3-7 metr məsafəsindən 377 mm.lik yeraltı qaz xətti keçir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Xəzər Rayon İcra Hakimiyyəti, “Azəriqaz" İB-nin müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməlidir. Azərbaycan Respublikası İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X6 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən Bakı Apelyasiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli qərardadı ilə İddiaçı inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 254 nömrəli sərəncamına əsasən X2 ayrılmış Bakı şəhəri, Buzovna qəsəbəsində B-378 saylı sahədə 975 kv.m torpaq sahəsinə X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 254 nömrəli sərəncamına əsasən X2 Buzovna qəsəbəsində B-378 saylı sahədə fərdi ev tikmək üçün 975 kv.m torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsinin cizgisi və xəritədən çıxarış Əzizbəyov rayonu İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Həmin torpaq sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. Həmin sərəncam ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Belə ki, iş materiallarında olan Bakı şəhər Xəzər RİH tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, 1998-ci il üzrə qəbul olunmuş sərəncamlar Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verildiyindən Əzizbəyov RİH-nin xx.xx.1998-ci il tarixli 254 nömrəli sərəncamının təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış 12 aprel 2021-ci il tarixli BA-01357-2021 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 254 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Ordubadi küçəsi, ev 85-də yaşayan, heç bir yerdə işləməyən X2 Buzovna qəsəbəsində B- 378 saylı sahədə fərdi ev tikmək üçün 975 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan cizgi və xəritədən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 254 nömrəli sərəncamı ilə X2 ayrılmış B-378 saylı torpaq sahəsinin cizgisi və xəritədən çıxarış Əzizbəyov rayonu İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan satıcı X5 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2020-il tarixli ilkin alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin 31 mart 1998-ci il tarixli, 254 nömrəli sərəncamına əsasən satıcı X1 istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən B-378 saylı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 975 kv.m torpaq sahəsinin 437 kv.m hissəsinə dair alıcı İddiaçı ilə ilkin alqı-satqı müqavilənin halhazırda bağlanmasını və gələcəkdə əsas alqı-satqı müqaviləsinin bağlanmasını öhdələrinə götürmüşlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X2 ünvanlanmış xx.xx.2017-ci il tarixli imtina bildirişində qeyd edilir: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, B-378 saylı sahədə yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2017-ci il tarixli ərizənizə baxılmışdır. Aparılan araşdırma zamanı əlavə 225.0 kv.m torpaq sahəsinin istifadə edildiyi və təqdim edilmiş yerləşmə cizgisinə əsasən torpaq sahəsinin perimetrik ölçüləri ilə faktiki vəziyyətin ölçüləri uyğun gəlmədiyi müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, Əzizbəyov rayon İHB-nın xx.xx.1989-ci il tarixli 254 saylı sərəncamının həqiqiliyi ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu göndərilmişdir və bu səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 14.2-ci maddəsinə əsasən qeydiyyat orqanında təqdim edilmiş hər hansı sənədlə bağlı onun həqiqiliyinə dair şübhəsi olduqda müvafiq icra hakimiyyəti orqanlarına sorğu göndərmək hüququna malikdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci bəndinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X2 ünvanlanmış xx.xx.2017-ci il tarixli imtina bildirişindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, B-378 saylı sahədə yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2017-ci il tarixli ərizənizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, B-378 saylı sahədə yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Sizə idarə tərəfindən xx.xx.2017-ci il tarixdə **********77 nömrəli məktubla cavab verilmiş və həmin cavab məktubunda qeyd olunan iradlar tam aradan qaldırılmamışdır. Həmçinin bildirilmişdir ki, təqdim edilmiş Əzizbəyov rayon İHB-nın xx.xx.1998-ci il tarixli 254 saylı sərəncamının həqiqiliyi ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, təqdim etdiyiniz sərəncam Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin bu sərəncam həmin ilin sərəncamlarının qeydiyyatı kitabı ilə uyğunsuzluq təşkil etdiyindən doğruluğu şübhə yaradır. Belə ki, xx.xx.1998-ci il tarixli, 254 saylı sərəncam saxlama vahidində “vət. X2 fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” olsa da, sərəncamların qeydiyyatı kitabının 10-cu (iyirmi yeddinci) səhifəsində “Əzizbəyov rayonu ərazisində qanunsuz tikililərə qarşı mübarizə tədbirləri haqqında“ məzmunu ilə qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X1 etibarnamə üzrə nümayəndəsi İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, B-378 saylı sahədə yerləşən torpaq sahəsinə aid dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2020-ci il tarixli ərizənizə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, sözügedən ünvanda yerləşən torpaq sahəsi ilə bağlı xx.xx.2017-ci il tarixli, **********77 nömrəli məktubla cavab verilmiş və həmin cavab məktubunda qeyd olunan iradlar aradan qaldırılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 11.1-ci ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.23-cü bəndinə görə üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölçüsünün çəkilməsini təmin etmək, 9.24-cü bəndinə görə isə tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur Həmin Qanununun 8.0.8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər hesab olunur. Həmin Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. İşin faktiki hallarına əsasən iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 254 nömrəli sərəncamına əsasən X2 Buzovna qəsəbəsində B-378 saylı sahədə fərdi ev tikmək üçün 975 kv.m torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsinin cizgisi və xəritədən çıxarış Əzizbəyov rayonu İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Hazırda qeyd olunan torpaq sahəsi iddiaçının qanuni istifadəsində və sahibliyindədir. Cavabdehin “xx.xx.1998-ci il tarixli, 254 saylı sərəncam saxlama vahidində “vət X2 fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” olsa da, sərəncamların qeydiyyatı kitabının 10-cu (onuncu) səhifəsində “Əzizbəyov rayonu ərazisində qanunsuz tikililərə qarşı mübarizə tədbirləri haqqında" məzmunu ilə qeydiyyata alınmışdır” barədə apelyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan dəlil torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina üçün əsas ola bilməz. Belə ki, Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 254 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Ordubadi küçəsi, ev 85-də yaşayan, heç bir yerdə işləməyən X2 Buzovna qəsəbəsində B-378 saylı sahədə fərdi ev tikmək üçün 975 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmin sərəncam ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçıya məxsus torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün bütün qanuni əsaslar mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin əsasları «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində sadalanmış, cavabdeh inzibati orqan həmin əsaslardan birinin mövcud olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, həmin əsaslar mövcud olmadığı halda iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından əsassız imtina etmişdir. Hazırkı halda da cavabdeh sözügedən çıxarışın verilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etsə də, belə şərtlərin mövcudluğunu sübut edə bilməmiş, iddiaçı isə daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün qanuni əsasların mövcud olduğunu sübut edə bilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməklə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apelyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4882/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1081/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1081/2022
22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver