Məhkəmə qərarları › İş №2-1(103)-1081/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1081/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1081/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qaraja texniki pasportun verilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9765/2023 №-li xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinə dəqiqləşmə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, 6-cı MKR, İ.Cümşüdov küçəsi 1/7-4 saylı binanın həyətində yerləşən qərar əsasında istifadəsində olan qaraja mülkiyyət hüququna dair texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “Bakı şəhəri X2 Binəqədi RİK-in xx.xx.1992-ci il tarixli N13/292 saylı qərarı ilə qarajların tikintisi və istifadəsi üzrə “Avtomobilist” kooperativinin üzvlərinin siyahısı təsdiq olunmuş, iddiaçı həmin siyahıda 8-ci sırada üzv kimi qeyd olunmuşdur. Həmin qaraja dair mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarını pozur.” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, qeyri-yaşayış binasına (qaraj) texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamış,bu səbəbdən ərizələrin icrası mümkün olmamışdır...” Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9765/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və Bakı şəhəri, Binəqədi rayonu, 6-cı MKR, İ.Cümşüdov küçəsi 1/7-4 saylı binanın həyətində yerləşən qərar əsasında İddiaçı istifadəsində olan qaraja mülkiyyət hüququna dair texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyri-yaşayış binasına (qaraj) texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamış, məhkəmə isə buna münasibət bildirməmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rzazadə apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdeh iddia ərizəsinə etirazında və apellyasiya şikayətində mübahisləndirdirir ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı MKR, İ.Cümşüdov küçəsi 1/7-4 saylı binanın həyətində yerləşən qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlkaın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Lakin, cavabdeh bu dəlilinə istinad edərkən nəzərdən qaçırır ki, «İnzibati icraat haqqında» Qanunun 24-cü maddəsinin aşağıda qeyd olunan tələblərinə riayət etmək vəzifəsi daşııyır: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İş materiallarına əsasən isə müəyyən olunan odur ki, Bakı şəhəri X2 Binəqədi RİKin Rayon şəhər X2 İcraiyyə Komitəsinin 19 iyul 1991-ci il tarixli 13/292 №-li qərarına əsasən “Avtomobilist” qarajlarının tikintisi və istismarı kooperativinin üzvlərinin, o cümlədən, İddiaçı adı qeyd olunan siyahısı təsdiq edilmiş və həmin Siyahı üzrə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı MKR, İ.Cümşüdov küçəsi 1/7-4 saylı binanın həyətində sakinlərə məxsus bir neçə şəxsə məxsus avtomobil qarajlarından biri də iddiaçıya məxsusdur. İşdən həmçinin görünür ki, iddiaçıya məxsus həmin qarajın yerləşdiyi yeri və quruluşunu əks etdirən cizgi-planı da mövcuddur. Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 4.1-ci maddəsindən isə görünür ki, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyat öz hüqüqi qüvvəsini saxlayır. Həmin qanunun 8.0; 8.0.5-cı maddələrinin tələbinə görə 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Həmin Qanunun 10.2; 10.2.3-cü maddələrinə əsasən torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi qeydiyyat orqanına verilən ərizəyə əlavə olunur. Digər tərəfdən, qüvvədə olan “Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-79.1.4-cü maddələrinə əsasən: hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin - tikintisinə icazə tələb olunmur. Qanunvericiliyin qeyd olunan tələblərinə münasibətdə iddiaçıda mübahisəli qaraja dair hüquqmüəyyənedici sənədlər mövcud olduğu halda, cavabdeh tərəfindən iddiaçının hazırkı tələbi üzrə həmin qaraja dair onun adına texniki pasportun tərtib olunub verilməsindən imtina olunması onun fəaliyyət və vəzifə funksiyalarının pozulması kimi qiymətləndirilməlidir. Həm də ona görə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş,“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 2.0-cı maddəsinə əsasən DƏDKR-in fəaliyyət istiqamətlərinə əsasən: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; ...; 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək...; 3.1.16-ci bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən, torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq. ...; Beləliklə də cavabdehin apellyasiya şikayətinin - iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyini və qaraja texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığını mübahisələndirən formal xarakterli dəlillərinin əsassız olduğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının ərizəsinin təmin olunmasından imtina olunması onun qanunla qorunan hüquqlarını pozmuş olur. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını nəticə etibarı ilə işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi hüquq normalarının pozulması ilə qəbul olunduğunu vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9765/2023 №-li xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9765/2023 №-li xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar